Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6435

Digər sorğular

Dağ vüqarlı insan - Rasim Gənzəli 55

17:09  |    18 Fevral 2017  |   E-mail  |  Çapa göndər

Beş il bundan əvvəl sazaqlı, soyuqlu bir fevral günündə vətənpərvərlik mahnıları və hərbi marşların əvəzolunmaz ifaçısı, dostum Şəmistan Əlizamanlı özünəməxsus səsilə:

- Gəlsən, səni qüdrətli insanla tanış edim. İki gündən sonra onun kitabının müzakirəsi və 50 yaşının tamam olması münasibətilə tədbir keçiriləcək.

- Kimdir? – deyə soruşdum.

- Rasim Gənzəli, - dedi və qeyri-adi qələm sahibidir – sözlərini elə qətiyyətli vurğuladı ki, bir anlıq Rasim bəyi xəyalımda canlandırdım.

- İmzasını eşitmişəm, amma əsərləri ilə tanış deyiləm – dedim.

Əl çantasından iki kitab çıxarıb mənə verdi: “Qanlı çay” və “Qurdbəşər”. Hər iki kitabı iki gün ərzində bir nəfəsə oxudum.

İlahi, Rasim Gənzəlinin məfkurəsi, amalı, milli və bəşəri problemə münasibəti nə imiş?! Onun zəkası, düşüncələri insanlıq, bəşərilik fonunda bizlərə nələri aşılayır?!
Bu dəmir iradəli, dağ vüqarlı Rasim Gənzəli kimdir?

“Qaranlıq gündüzlər” kitabında yazır: “İyirminci əsrin ikinci yarısında mən dünyaya gələndə deyirdilər ki, qış axşamı imiş. Qurdlar uca dağların başında ağız-ağıza verib ulayırmışlar...”

“Durnalar qayıtmadı” avtobioqrafik hekayəsində oxuyuruq: “...Durnalar o il yurda qayıtmadılar... Ha boylandım, ha baxdım, durnaları görmədim ki, görmədim...
Yeriyə bilməsəm də, dizlərim üstə sürünüb evimizin qənşərindəki dağın ətəyinə qədər gəldim, əlimi gözlərimin üstünə tutub, mavi ənginliklərdə asılıb qaldım, yenə durnaları görə bilmədim...

...Anam durnalardan tez gəldi. Özü gəlmədi, cənazəsini gətirdilər”.

Əzm, dözüm, dəmir iradə, yüksək amallar sahibi Rasim bəy həmin hekayətinin bir yerində yazır:

“...Qaçmaq dedim, yadıma dizlərim düşdü. Axı mən dizlərim üstə qaçırdım. Və dizlərim üstə qaçmaqdan dizlərimin gözü cadar-cadar olmuşdu. Bir yerdə dayana bilmir, həyat-bacaya, yola izzə, bağ-bağata qaçır, uşaqlardan, yar-yoldaşlarımdan geri qalmamağa çalışırdım...”

Rasim Gənzəli (Rasim Qulu oğlu Məmmədov) 1962-ci il fevral ayının 9-da Ordubad rayonunun Gənzə kəndində anadan olub. Uşaqlıqdan iflic olduğundan yeriyə bilməyib. Fərdi qaydada evdə orta və və ali təhsil alıb. Orta məktəb müəllimlərindən Əbülfəz müəllimi, Əmrah müəllimi, Səkinə müəllimi, Musa müəllimi, Qənbər müəllimi, Məhəmməd müəllimi, İzafə müəllimi, Naxçıvan Dövlət Universitetinin müəllimlərindən Ordubadın Gənzə kəndinə gəlib ondan imtahan götürən Qadir müəllimi, Sevindik müəllimi, Zəhmət müəllimi, Əbülfəz müəllimi, Məhərrəm müəllimi həmişə hörmətlə anır, dünyasını dəyişənlərə rəhmət diləyir.

“Qanlı çay” (1999), “Qara sevda” (2000), “Qurdlar və manqurdlar” (2004), “Qaranlıq gündüzlər” (2005), “Qəlbi asiman kimi” (2007), “Qalib gələn adam” (2007), “Qiyamət qopanda” (2010), “Qurdbəşər” (2011) kimi oxucu rəğbətini qazanan dəyərli kitabları, iyirmidən çox sanballı məqalələri çap olunmuşdur.

Rasim bəy dünyanın gözəlliklərinə heyran olmağı bacaran, əsrarəngiz dünyanın füsunkarlığını, fəlsəfi mahiyyətini oxuculara çatdırmağa qadir olan istedadlı, deyərdim ki, Tanrıdan vergili bir yazardır.

Milli köklərə bağlılığı, bəşəri duyğuların qutsallığında arınmağı, durulmağı yaşadan və yaşayan nasirdir.

Şərlə, pisliklə, fanatizmlə, insanlığa sığmayan bütün neqativ hallarla mübarizə aparmaq onun həyat kredosudur.

Yorulmaz, əqidəsindən, amalından dönməz şəxsiyyətdir.

Sözlə Tanrı arasında körpüdür. Kainatın, kəhkəşanın vurğunudur. Sevgi, məhəbbətlə dolu qəlbinin işığında milyonlar özünə isti yuva qurub. Vətən fədaisidir. Amalı dövlətimizin müstəqilliyi, işğal olunmuş torpaqlarımızın azad olmasıdır. Mətindir, tutduğu yoldan dönməzdir.

Özünəməxsus xarakterə malikdir. Ona bir kimsənin acımasına dözmür.

-Şükür, Tanrıma. Mənə ruhu sağlamlıq, dəyanət, dözümü və duyğularımızı, düşündüklərimizi, cəmiyyətə çatdırmağa ağıl, kamal, bir də Şəhid bacısı Kamilə Dönməz kimi ömür-gün yoldaşı qismət edib, - deyir.

Rasim Gənzəli – “Özüm haqqında simfoniya” adlı yazısında: “Bu illər ərzində bir an da məndən ayrı düşməyən, kədərimi kədəri, sevincimi sevinci bilən, bütün fiziki və mənəvi ağırlığını daşıyan ömür-gün yoldaşımla əl-ələ verib gedirik. Üzü işığa doğru... Günəş çıxan yerə...”

Əziz dostum Rasim bəy, deyirlər insan 33-də bir qərinə, 55-də yarım əsrdən bir az çox, 66-da iki qərinə, 77-də müqəddəs yeddilərin qutsallığında, 88-də ömrün müdrik çağında, 99-da isə əsrin bircə addımlığında yaşayır.

Bir əsrin bircə addımlığına qədər Kamilə xanımla əl-ələ tutub, gecə-gündüz yol gedəsiniz. Ulartıları qulağımızdan getməyən qurdları tapana qədər...

Azərbaycan Müharibəsi Veteranı,
istefada olan zabit,
İsmayıl Həkimli (Padaroğlu)
15.02.2017


QAZİLER.AZ saytı olaraq Rasim Gənzəlini 55 illik yubileyi münasibəti ilə təbrik edirik, ona uzun ömür və can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.08.2019
Sehirli səsi ilə tarixə düşən dünya şöhrətli azərbaycanlı
14.08.2019
Hökümə Qurbanovanın sevdiyi, Adil İsgəndərovun qibtə etdiyi böyük adam – PORTRET
24.07.2019
Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
22.07.2019
Yalçın Rzazadə: "İki gün də geciksəydim, ölə bilərdim"
18.07.2019
"Çölçü" ABŞ-da və İtaliyada ən yaxşı film seçildi