Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6526

Digər sorğular

180 qaçqın ailəsi təhlükədə: hər an yanğın baş verə bilər

14:25  |    08 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

…“Ötən ayın sonunda bir neçə nəfər gəlib vəziyyətimizlə tanış oldu. Dedilər ki, “Neftçilər”də baş verən yanğında bir ailə öldü, burada yanğın və ya partlayış baş verərsə, fəlakət olacaq. Görürsünüz də, qaçmağa yer yoxdur, nə pəncərə var, nə də baca”…

Bunu “Azərsutikinti” trestinin xəstəxanasında məskunlaşan qaçqınlar söyləyirlər.

Metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında, “Azərsutikinti” trestinin xəstəxanasındayıq. Daha doğrusu, xəstəxananın zirzəmisində. Burada Ağdam, Füzuli, Zəngilan və Laçından köçkün düşən 180 ailə yaşayır. Əgər buna yaşayış demək mümkündürsə…



Noyabrın 28-dən 29-na keçən gecə Nizami rayonunda 1 ailənin məhv olması ilə nəticələnən yanğından sonra onları da yada salıblar, zirzəmiyə baxış keçirilib. Deyiblər ki, yaşadığınız yer real təhlükə mənbəyidir, ehtiyatla davranmasanız, hamınız məhv olacaqsınız. Lakin kimsə gələnlərin hansı qurumun əməkdaşları olduğu ilə maraqlanmayıb. “25 ildir ayda, ildə bir dəfə gəlib baxırlar. Hərəsinin əlində bir bloknot olur, yazırlar, pozurlar, gedirlər. Kim olduqlarının nə önəmi var, onsuz da bir nəticəsi olmur”, - yaşlı qadın dillənir.

Virtualaz.org saytının əməkdaşları xəstəxananın zirzəmisində və damında yaşayan qaçqın ailələrinin dəhşətli durumu ilə tanış olub.



Zirzəminin alt qatı

Zirzəminin alt qatında 30-a yaxın qaçqın ailəsi məskunlaşıb. Yəqin təsəvvürünüzə belə gətirməkdə çətinlik çəkirsiniz. Pilləkənin altında taxtadan tikilmiş balaca otağa güclə bir masa yerləşdirilib, 5 nəfərlik ailənin yeməyi burada hazırlanır. Axşam isə masanın ayaqları sökülür, küçəyə çıxarılır və ailənin 2 azyaşlı uşağı üçün yataq hazırlanır. Uşaqların havasızlıqdan boğulmaması üçün qapının üstündən bir neçə deşik açılıb.

Düz liftə qədər taxtadan tikilmiş pəncərəsiz otaqlarda onlarla uşaq böyüyür. Başlarının üstündə xəstəxananın kanalizasiya boruları, elektrik xətləri, ayaqlarının altında siçan-siçovul… Hə, bir də burda yaşayan balacaların rəngi sapsarı, gözlərinin altı şişkindir.

“Siz heç payızda ilan görmüsünüz? Amma biz evimizin içində ilan öldürürük”, - Füzulidən qaçqın düşən Arifə xala danışır. Onun sözlərinə görə, burda böyüyən uşaqların heç biri sağlam deyil, hələ üstəlik, qorxudan da xəstəlik tapıblar.



Dializli xəstələrə verilən dərmanlar, çirkab…

Zirzəminin üst qatındayıq. Rentgen kabineti ilə daha 26 ailənin yaşadığı zirzəmini bir qapı ayırır. Mənzərə eynidir, taxta parçası ilə iki-üç yerə bölünmüş pəncərəsiz otaqlar, kanalizasiya boruları, elektrik xətləri ilə əhatələnmiş dar dəhliz. Otaqlarda nəmişlikdən və üfunətdən nəfəs almaq mümkün deyil. Divarlardan qırmızıya boyanmış çirkab axır.

“Yuxarıda böyrək çatışmazlığı olan xəstələrə dializ edilir. Baxın, çirkab otaqlara axır, buradakı izləri görürsünüz. Uşaqlar iyrəndiklərindən yemək yeyə bilmirlər. Xəstəxanaya nə deyək, onlar öz işlərini görürlər”, - məcburi köçkünlərdən biri otaqdakı izləri göstərir.

Füzuli qaçqını Vaqif Həmzəyevin 9 nəfərdən ibarət ailəsi də zirzəmidə məskunlaşıb. Otaq taxta ilə 3 yerə ayrılıb, iki oğul, gəlinlər, nəvələr sahəsi 10 kvadrat metrdən çox olmayan otaqlarda yaşayır. Həmzəyev deyir ki, uşaqları qapıdan çölə buraxmağa qorxur, çünki hepatitdən tutmuş vərəmli xəstələrədək hər kəsin müalicə aldığı xəstəxanada oynamaları təhlükəlidir. Amma təhlükə təkcə xəstələrdən gəlmir, qapının girəcəyində xəstəxananı elektriklə təmin edən transformatorlardan biri yerləşir. Uşaqların ani ehtiyatsızlığı fəlakətlə nəticələnə bilər. Ümumiyyətlə, zirzəmidə hər iki otaqdan bir transfarmator var.



“Dünən nəvəmin müalicəsinə 250 manat xərcləmişəm, uşaq havasızlıqdan xəstəlik tapıb”, - Füzulidən qaçqın düşmüş Sovet Hüseynov deyir.

Birinci qrup əlil olan Hüseynovun 9 nəfərlik ailəsi taxta ilə ikiyə ayrılmış otaqlarda qalır. Qapının ağzında sökülmüş çarpayı qoyulub. Sovet dayı deyir ki, otaqda yer olmadığından çarpayını dəhlizə qoyurlar. Gecə masa çölə çıxarılır, çarpayı içəri aparılır.



Hamam yoxdur, ayaqyoluna isə çətirlə gedirlər…


Nə zirzəmidə, nə də damda hamam yoxdur. Qaçqınlar dəhlizdə qoyulmuş qızdırıcıda su isidərək otaqlarda çimirlər. “Baxın, bu vannada çimirik, sonra da suyumuz süzülə-süzülə vannanı ayaqyoluna boşaldırıq”, - Səbinə deyir bunları.



Ayaqyolu demiş, zirzəminin girişində döşəməsi, tavanı uçmuş dörd divar nəzərdə tutulur. Pəncərəsiz, çirkab içində olan bu ayaqyolundan 40 ailə istifadə edir. “Səhər saatlarında növbəyə düzülürük, bəzən uşaqlar dərsə gecikirlər. Qadınlar kişilərin işə getməsini gözləyirlər. Su olmayanda vəziyyətimizi təsəvvür edin, iy ta zirzəminin o başına qədər yayılır. Çox acınacaqlı vəziyyətdəyik”, - qadınlardan biri söyləyir.

Yuxarı mərtəbədən şırıltı ilə su damır, içəri keçmək mümkün deyil. Məcburi köçkünlər onun da çarəsini tapıblar, çətir qapının ağzındakı taxtanın üstündədir.

Zirzəmi kimi, çardaqda da vəziyyət dözülməzdir. Ayaqyoludan gələn üfunət iyindən dayanmaq mümkün deyil.

Buradakı qaçqınlar yataqxanada yaşayanlara həsəd aparırlar.



Xəstəxananın təmirinə imkan yoxdur

“Azərsutikinti” trestinin xəstəxanasının bəzi şöbələri təmir olunub, amma əsaslı təmir üçün köçkünlərin köçürülməsi lazımdır. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi qaçqınları qeydiyyata alıb, amma köçürülmə hər il növbəti ilə təxirə salınır. Çoxdandır, təkcə qaçqınlar deyil, xəstəxana əməkdaşları da köçürülməni dörd gözlə gözləyirlər. Çünki rentgen də daxil olmaqla, müayinə otaqlarının yenilənməsi məhz buna bağlıdır. Qaçqınlar xəstəxananın fəaliyyətinə əngəl törədirlər.

…“Özünüzü yormayın, hamı gəlir çəkir, yazır. Onsuz da fikir verən olmayacaq. Harda qırıldı…” - arxamızca səslənən qadına cavab vermirik.

Görəsən, fəlakət baş vermədən qaçqınlar evlə təmin ediləcəklərmi? Allah uşaqları qorusun, düşüncəsi belə ağrılıdır…

Virtualaz.org
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.10.2019
AMEA-nın 86 yaşlı prezidenti istefa ərizəsi yazdı
22.10.2019
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22.10.2019
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır - SƏRƏNCAM
22.10.2019
Qənirə Paşayeva parlamenti qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb
22.10.2019
Milli Məclis deputatlarının əmək haqqı üçün büdcədən ayrılan vəsaitin məbləği məlum olub