Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Mətbuatda “Reket“lərin dövrü sona çatır

04:15  |    08 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti reket jurnalistlərlə bağlı əməliyyat keçirdi. Aparılan əməliyyatların nəticəsində ötən gün Azərbaycan Nəşriyyatının binasında fəaliyyət göstərən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Əliyev və "Bizim dövr" qəzetininn baş redaktoru Surxay Əliyev qandallanaraq aparıldı. Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda hazırda 70-dən çox mətbu orqanın adı "qara siyahı"dadır. Sədr həmçinin bu yöndə araşdırmaların aparıldığını deyib. Şuranın "Reket" jurnalistikaya qarşı mübarizə komitəsi yaradıldığını xatırladan sədr bildirib ki, baş verən hadisələr heç bir vəchlə mətbuat azadlığının məhdudlaşdırılması adlandırıla bilməz. Bu mətbu orqanların fəaliyyəti artıq jurnalistika müstəvisindən çıxıb cinayət müstəvisində araşdırılmalı, hər hansı bir tədbir görülməlidir.

Məsələ ilə bağlı bəzi media qurumlarının Baş redaktorları və millət vəkilləri münasibət bildiriblər. Milli Məclisin deputatı Çingiz Qənizadə son günlər Dövlət Təhlükəsizlik Xidmətinin "reket" jurnalistlərə qarşı apardığı əməliyyatlara münasibət bildirib.

Deputat açıqlamasında "reket" jurnalistikasının xərçəng xəstəliyi kimi yayıldığını deyib: "Xərçəng xəstəliyi kimi yayılan "reket" jurnalistlərə qarşı mübarizə aparılmalıdır. Hüquq-mühafizə orqanlarının bu istiqamətdə gördüyü işlər təqdir olunmalıdır. Qeyri-hökumət təşkilatları, həm də jurnalistika sahəsində reketlərə qarşı ciddi surətdə mübarizə aparmaq lazımdır".
Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu reket jurnalistləri mətbuatın neqativləri adlandırıb:
"Bilirsiniz, mətbuat güclü silahdır, cəmiyyət üçün çox lazımlı vasitədir. Mətbuatın açdığı qapını ən zirehli texnikalar, böyük güclər belə bəzən aça bilmir. Amma neqativlər də çoxdur. Elə mətbuat rəhbərləri var ki, rəhbəri olduqları qurumla öz şəxsi davalarını aparılar, özlərinin hansısa ambissiyalarına görə mübarizəyə qatılırlar. Onlarla razılaşmayan məmurlara, nə bilim, iş adamlarına qarşı kampaniyalara başlayırlar. Bəzən bu açıq şəkildə görünür. "Məni tanı, mənə yardım elə, yoxsa səni şərləyərəm, dəxli oldu-olmadı, adını pisə hallandıraram" tipli şantaj ifadələrindən istifadə edənlər də var. Reket düşüncə jurnalistika məhsulu ola bilməz. Ciddi mətbuat orqanlarının rəhbərləri, yaxud jurnalistləri belə üsul-idarə seçəndə reket kimi tanınan "mətbu orqanlar"la həmrəylik nümayiş etdirmiş olurlar. Çünki hər iki tərəf eyni xislətlidir. Birinin hədəfi MİS müdiri, məktəb direktoru, uzaqbaşı icra bacısı, o birininkisə nazirlər, şirkət direktorları, iş adamlarıdır. Qəsd, şəxsi maraq olan yerdə jurnalistika bitir və reketlik başlayır".
"APA" Holdinqin direktorlar şurasının sədri Vüsalə Mahirqızı mövzu ilə bağlı bildirib ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən bu əməliyyatları dəstəkləyir:
"Keçmiş Milli Təhlükəsizlik Nazirliyi zamanında vətəndaşlardan şantaj yolu ilə pul almaq kimi məsələlər də saxlanılan həmin "reket"lərin fəaliyyətinə daxildir. Bu təkcə hüquq müstəvisində mübarizə ilə yanaşı, həm də medianın peşəkarlaşması, təmizlənməsi üçün yaxşı bir xidmətdir. Həbs olunan şəxslərin jurnalistika ilə bağlılığı yoxdur. Mətbuat Şurası illərdir ki, bununla bağlı kampaniya aparır. Azərbaycan jurnalistlərinin iradəsinin ifadəsi olan Mətbuat Şurası hələ bir neçə il öncədən reket jurnalistika ilə mübarizəyə qarşı bir komissiya yaratmışdı. İndi həbs olunan şəxslərin bir çoxu "qara siyahı"ya salınmışdı. Dəfələrlə onlarla söhbət edilmişdi və məsələ ictimai qınağa çıxarılmışdı. Azərbaycan jurnalistləri təəssüf ki, onların adından sui-istifadə edən belə insanların olduğunu illər əvvəl bəyan etmişdilər.
"Reket"çilik yolu ilə peşədən sui-istifadə edilməsinə hüquq müstəvisində qiymət verilməli idi. Hesab edirəm ki, DTX-nin bu əməliyyatları uğurludur.
Normal, müstəqil jurnalistika ilə məşğul olmaq istəyənlər, peşəni şərəflə daşımaq istəyən, ondan utanmayan insanların hamısı bu cür əməliyyatları dəstəkləməlidir. Nəhayət ki, medianın üzərinə bu adamlar vasitəsilə vurulan qara ləkə aradan götürülməlidir. Biz də bu məsələyə hər cür informasiya dəstəyi verəcəyik".
"525"-ci qəzetin baş redaktoru, Mətbuat Şurasının üzvü Rəşad Məcid də Dövlət Təhlükəsizlik Xidmətinin reket qəzetlərin aşkarlanması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir:
"Mətbuat Şurasında artıq neçə ildir ki, "reket" jurnalistikaya qarşı komissiya var. "Reket" qəzətlərdən ictimaiyyətin şikayətləri bəlli idi. Elə qəzetlər var idi ki, dəfələrlə onlar barəsində ictimai qınaq formasında Mətbuat Şurasında rəy çıxarılmasına baxmayaraq, bunlar öz "fəaliyyətlərini" davam etdirirdilər.
Mən ötən il Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələrdən sonra demişdim ki, bir sıra reket qəzetlər var ki, onların yazdıqları faktlar jurnalist fəaliyyətindən daha çox, hansısa xüsusi xidmət orqanının fəaliyyətinə bənzəyir. Bu kimi halların mövcudluğu da vaxt keçəndən sonra aşkarlanacaq.
Məlum olurdu ki, bu kimi qəzetlərə bir çox hallarda MTN-in o vaxtki xəbər əməkdaşları himayədarlıq edirdi. Onların vasitəsilə məmurları, sadə insanları şantaj edərək pul qazanırdılar. İndi DTX-nın bu cür əməliyyatları aparması və faktların aşkarlanması, "Azərbaycan" nəşriyyatında bu kimi qəzetlərə qarşı xüsusi əməliyyatın keçirilməsi Mətbuat Şurasının neçə illər əvvəl dediyi fikirlərin reallaşmasıdır. Mən bu cür hadisəni yüksək qiymətləndirirəm. Elə bilirəm ki, mətbuat adına xələl gətirən bu tipli insanların gələcəkdə mediaya üz tutmasının qarşısı alınmalıdır. Əlbəttə ki, proses davam etməlidir. Bir neçə qəzet var ki, dəfələrlə Mətbuat Şurası onların haqqında qərarlar çıxardıb. Onlar da yəqin ki, Dövlət Təhlükəsizlik Xidmətinin diqqətində olacaq".
Azadinform informasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev reket jurnalistlərə qarşı aparılan mübarizədə Mətbuat Şurasına deyil, yalnız hüququ-mühafizə orqanlarına etibat edilməli olunduğunu bildirib: "Azərbaycan Mətbuat Şurası "reket jurnalistlərə" qarşı heç zaman səmərəli mübarizə apara bilməyib. Təbii ki, bunu da onunla əsaslandırıblar ki, onların "reket nəşrlar, saytlar və jurnalistlərlə" bağlı qəbul etdiyi qərarları ictimai qınaqdan o tərəfə keçə bilməz. Hardasa bu məsələdə MŞ-na başa düşmək məcburiyyətindəyik. Çünki Şuranın səlahiyyətləri buna imkan vermir, bu səlahiyyətləri də Şuraya biz jurnalistlər vermişik. Düşünürəm ki, MŞ son bir neçə ildə "qara siyahı" tərtib edib ictimailəşdirməklə daha zəif reketləri zərərsizləşdirib. Deyək ki, DTX-ının son günlər ard-arda keçirdiyi əməliyyatlarda həbs etdiyi "akulalar"ı MŞ görmürdü? Ona görə məsələni təkcə MŞ ilə zəncirləməyin əleyhinəyəm. Şuranın bu kimi nəşrlərə qarşı əməli tədbir görməyə nə səlahiyyəti, nə də gücü var. Bu məsələlərin tənzimlənməsində ümidimiz yenə də hüquq-mühafizə orqanlarıdır. Ümid edək ki, mətbuatın nüfuzunu bərpa edə biləcəklər".
Azərbaycan Bilik Fondunun mətbuat xidmətinin katibi Ceyhun Musaoğlu da reket jurnalistlərlə bağlı maraqlı şərh bildirib: "Mətbuat Şurasında "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası fəaliyyət göstərir. Komissiyanın üzvlərindən biriyəm. Şikayətlər üzrə Komissiya tərəfindən daxil olan nəşrlərin qara siyahıya salınması ilə bağlı son rəyi biz veririk. Rəydən öncə həmin nəşrlərin baş redaktorları ilə danışırıq. "Niyə belə edirsiz" sualına cavab almaq istəyirik. Elə gülməli, məntiqsiz, səviyyəsiz cavablar verirlər ki... Belə cavab müəlliflərinin hamısına sonda deyirdim, bu gedişlə üzünüzə yalnız bir qapı açıla bilər. Buyurun, bu da həmin qapı - açıldı. Mətbuat Şurasında monitorinq qrupu fəaliyyət göstərirdi. Həm lehinə, həm də əleyhinə təbliğatı pozuntu kimi qeyd edir. Baş redaktor deyinir: "Tərifləyəndə də pozuntudur, tənqiq edəndə də?" Monitorinqi aparan jurnalist ona belə cavab verir: "Məsələn, mənim oğlum ABU-da təhsil alırdı, özüm də sizin qəzetin oxucusuydum. Yazdız ki, ABU pisdir, inanıb oğlumu çıxartdım, getdi əsgərliyə və düşmən gülləsinə tuş gəldi. Şəhidimi yenicə dəfn edib, qəzeti əlimə almışdım ki, gördüm yazmısız: "ABU Qafqazın ən yaxşı universitetidir". Belə çıxır, məni çaşdırmaqla oğlumu Siz öldürdüz".
Ölkədə reket jurnalistikasına aparılan davamlı tədbirlər effektini verməyə başlayır. Bu barədə mətbuat nümayəndələri də şərhlərində dəstəkyönlü və təqdiredici münasibətləri bildirdilər. Ümid edirik ki, Azərbaycanda mətbautının bu "üzqaraları" tezliklə şəffaf mediadan tamamilə silinəcək.

Rüfət Soltan
Adalet.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək
17.10.2019
Sabahın hava proqnozu
17.10.2019
Nazir Mehman Təhməzovu vəzifədən azad etdi