Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Əlillərə qayğı dövlətin sosial müdafiə strategiyasının prioritetlərindəndir

15:05  |    07 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

Cəmiyyətdə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət və həssaslıq tələb edir. Bunlardan biri daim sosial və eləcə də mənəvi qayğıya ehtiyacı olan əlillərdir. Onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası mühüm sosial vəzifələrdən biridir. Bu mənada respublikamızda əlillərin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.


Tarixə qısa nəzər


Əlillər cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri olduğundan onlara qarşı diqqət mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, əlillərin ehtiyaclarını başa düşmək, onların ləyaqət, hüquq və rifahına ehtiramla yanaşmaq, həmçinin məhdud imkanlı insanları siyasi, sosial və mədəni həyata cəlb edərək, cəmiyyətin həyatında iştirakına nail olmaq məqsədilə dekabrın 3-ü BMT Baş Məclisi tərəfindən Beynəlxalq Əlillər Günü elan edilib. Hər il bu tarixdə BMT-yə üzv ölkələrdə əlil insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər həyata keçirilir.

Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Azərbaycanda əhalinin 6 faizə yaxını, yəni 570 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi ölkə əhalisinin gənc olmasıdır.

Ölkəmizdə əlilliyin artmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin rolu olub. Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 12 minə yaxın vətəndaşımız əlil olub. Həmçinin Azərbaycan ərazisinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş 20 faiz hissəsindən məcburən köçkün düşmüş əhali arasında əlillik 6,5 faizə çatdığı halda, ölkənin digər əhalisi üzrə bu göstərici 5,5 faizdir.

Azərbaycanda əlilliyi olan şəxslərin 500 min nəfəri ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalanı isə 18 yaşına çatmamış fiziki qüsurlu vətəndaşlardır. Qanunvericilikdə nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə əmək pensiyaları verilir. Əmək pensiyası hüququ olmadıqda, onlara sosial müavinətlər ödənilir. Bununla yanaşı, müvafiq kateqoriyadan olan əlillərə Prezident təqaüdləri təyin olunur. Hazırda əmək pensiyası alanların 27 faizi, sosial müavinət alanların 57,2 faizi, Prezident təqaüdü alanların isə 52,2 faizi əlilliyi olan şəxslərdir.

Heydər Əliyev dühası qayğıkeşlik nümunəsi idi


Müstəqil Azərbaycanda əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi işlərinə hələ ötən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıb. Müstəqil dövlətin qurulmasına, möhkəmləndirilməsinə, onun uzunmüddətli inkişafına yönələn zəruri tədbirlərin həyata keçirilməsi ilə yanaşı, ulu öndər eyni zamanda əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan əlillərin yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını, onların sosial rifahının təmin olunmasını dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən etmişdir. 1995-ci il yanvarın 17-də Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə ümummilli lider Heydər Əliyev “İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır” - deyə vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən Beynəlxalq Əlillər Günü 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunur. Məhz bu fakt ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu göstərir. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası gücləndirilib. Heydər Əliyevin əsasını qoyduğu mükəmməl sosial siyasət nəticəsində cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün etibarlı sosial təminatlar sistemi yaradılıb, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi təmin olunub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanıb həyata keçirilib. Proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapıb. Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşırdı, Təsadüfi deyil, 1997-2003-cü illərdə 508 əlil ailəsi mənzillə, 138 ailə isə fərdi evlə təmin olunmuşdu. 1998-2002-ci illərdə 1090 nəfər əlilə minik avtomobili verilib.

Sosial müdafiə sistemi: reallıqlar, perspektivlər


Ümummilli lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara diqqət və qayğının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaradıb. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” - deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
Son 13 ildə dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 15 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir.

Eyni zamanda əlilliyi olan şəxslərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqları var. Nazirlər Kabinetinin qərarı ilə 20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobılda qəza nəticəsində əlil olmuş şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların dərman preparatları ilə pulsuz təmin edilməsi qaydası müəyyənləşdirilib.

Respublikada əlillərin həyata inteqrasiyası, tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bunun müsbət nəticəsi kimi, ölkədə əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi isə 6 faizə qədər yüksəlib. Xüsusən son bir ildə görülən işlərin səmərəli nəticəsi olaraq əlilliyi olan şəxslərin tam reabilitasiyası göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi 0,8 faizdən 2,6 faizə yüksəlib, təkrar əlillik müəyyən olunan şəxslərin və sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı ümumən 5251 nəfər azalıb. Cari ilin yanvar-oktyabr aylarında nazirlik tərəfindən 19 min 500 nəfərdən çox əlilliyi olan şəxsin bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təminatı həyata keçirilib. Belə ki, qeyd olunan dövrdə nazirliyin əlillərin bərpa mərkəzlərində 6900 nəfər əlil şəxs bərpa-müalicə xidmətləri ilə təmin olunub. Kompleks tibbi, sosial və peşə reabilitasiyası tədbirlərinin həyata keçirilməsi yolu ilə onların reabilitasiya potensiallarının reallaşdırılması istiqamətində işlər aparılıb. Həmçinin 128 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın (valideynlərindən biri ilə bərabər) xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Cari ilin 10 ayında ümumilikdə 28687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi
(1108 ədəd əlil arabası, 597 ədəd eşitmə aparatı, 1145 ədəd aşağı və yuxarı ətraf ortezi, 946 ədəd aşağı və yuxarı ətraf protezi, 2231 ədəd dirsəkaltı və qoltuqaltı ağac, 2165 ədəd əsa, 2819 cüt protez ayaqqabı, 7623 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s.) verilib.

Heydər Əliyev Fondunun fəaliyyəti cəmiyyətdə razılıqla qarşılanır

Yarandığı gündən qarşıya ali məqsəd qoyan, ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu 10 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir. Fond ictimai təşkilat kimi fəaliyyət göstərsə də, qarşıya qoyduğu məqsədlərə, miqyasına və sanbalına görə respublikamızda oxşarı olmayan nüfuzlu qurum kimi tanınır.

Azərbaycanda vətəndaş cəmiyyətinin ən nümunəvi elementinə çevrilmiş Heydər Əliyev Fondu ümummilli liderin sosial siyasət kursunun həyata keçirilməsində mühüm işlər görməklə Azərbaycan dövlətinin sosial funksiyasının reallaşdırılmasına əməli kömək göstərir. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara qayğının artırılması fondun geniş spektrli fəaliyyətinin mühüm istiqamətlərindəndir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əlillərin problemlərini daim diqqətdə saxlayır.
Heydər Əliyev Fondu tərəfindən son illər həyata keçirilən sosial islahatlar nəticəsində əlillərin sosial müdafiəsinin hüquqi cəhətdən tənzimlənməsində mühüm irəliləyişlər əldə edilib, bu sahədə yeni istiqamətlər, prioritetlər və məqsədlər müəyyənləşdirilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Bu mənada Mehriban Əliyevanın təşəbbüsü, diqqət və qayğısı nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.

İKT-dən gözdən əlillərin istifadəsi ilə bağlı Gəncə, Naxçıvan və Yevlaxda resurs mərkəzlərinin yaradılması, Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi”nin, Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin inşası, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan 3 saylı və Saray 7 saylı internat evlərinin, Bakının Nizami rayonunda “Qayğı” reabilitasiya mərkəzinin, Mərdəkan qəsəbəsində Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının, Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi internat məktəbinin, Xəzər rayonunun Türkan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin yenidən qurulması Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi misilsiz layihələrdir.

Qarabağ əlillərinin sosial müdafiəsi prioritetdir


Azərbaycanda əlillərin bir qismini ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıq imkanlarını itirmiş şəxslər təşkil edir. Bu gün ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan 12 minə yaxın Qarabağ müharibəsi əlili müavinətlə təmin edilir. Ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb.

Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər cari ildə də uğurla davam etdirilir. Bu il Azərbaycanın 30 rayonunda 134 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə, 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.

Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarına uyğun olaraq ƏƏSMN tərəfindən 2014-2015-ci illərdə 1933 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə avtomobil verilib. Bununla da 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslər, hətta 2014-cü il ərzində növbəyə dayananların da bir hissəsi avtomobillə təmin edilib. Ümumilikdə isə indiyədək ölkəmizdə dövlət tərəfindən 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib.

Müharibə əlillərinin mənzillə təminatı istiqamətində aparılan işlərin davamı olaraq, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğinin artımı ötən dövrdə I qrup əlillər üçün 83,3 faiz, II qrup əlillər üçün 104,3 faiz, III qrup əlillər üçün 120 faiz təşkil edib.

Əlil ictimai birliklərinin rəhbərləri də ölkəmizdə əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində icra olunan sosial proqramlardan razılıqla bəhs edirlər. Onlar bu sahədə görülən işlərin əlillərə dövlət qayğısının əyani təsdiqi olduğunu vurğulayırlar. Bu yaxınlarda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsinin ofisində “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri”, “Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi”, “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” kimi ictimai təşkilatların təmsilçiləri ilə görüşlərdə dövlətin Qarabağ müharibəsi əlillərinə qayğısından söz açıldı. Görüşdə eyni zamanda Qarabağ müharibəsi əlilləri tərəfindən müəyyən təkliflər də səsləndirildi. Artıq bununla əlaqədar Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən ƏƏSMN-ə müraciət edilib. Həmin təkliflərdən bəzilərinə müsbət cavab verilib.

Səbəblə mübarizə

Bu gün qarşıda duran ən əsas vəzifələrdən biri əlillik yaradan səbəblərlə mübarizədir. Sevindirici haldır ki, son illərdə ölkəmizin davamlı inkişafı bu istiqamətdə təsirli tədbirlərin həyata keçirilməsinə yol açıb. Bunlardan biri indiyədək respublikamızın təxminən 30-dək rayonunda sutəmizləyici qurğuların quraşdırılmasıdır. Bu, Azərbaycanda ekoloji islahatların bariz nümunəsi olmaqla, həm də əlilliyə səbəb olan böyrək xəstəliklərinin qarşısını əhəmiyyətli dərəcədə alıb.
Atılan addımlardan biri də “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunudur. Duzun yodlaşdırılması hesabına Azərbaycanda son illərdə yod çatışmazlığı xəstəlikləri dəfələrlə azalıb.

Əldə edilən nailiyyətlərdən biri də talassemiya ilə uğurlu mübarizədir. Talassemiya valideynlərdən uşaqlara gen vasitəsilə keçən ağır irsi qan xəstəliyidir. Son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanunun və digər proqramların həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub.
Ölkəmizdə nikaha girənlərdən rəsmi arayışın tələb olunması da hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalır. Uşaqların anadangəlmə xəstə doğulmalarının əsas səbəblərindən biri də erkən nikahlardır. Çünki erkən nikahların əsas fəsadları ana və uşaqlar arasında ölüm hallarının çoxalması, doğulan uşaqlar arasında xəstə və əlil uşaqların çoxalmasıdır. Buna görə artıq ölkəmizdə qızların nikah yaşı 18-ə qaldırılıb.

Azərbaycanda mövcud qanunvericiliyə görə əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər var. Amma narahatedici məqamlar da var. Bu, ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə hallarının qarşısı alınsın. Hazırda bu istiqamətdə vacib işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır.

Düşündürən məsələlər


Əlillərin maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı var. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluq imkanları dəstəklənir, onların əmək bazarına çıxışı üçün imkanlar yaradılır.

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Həmin mərkəz öz profilinə görə birbaşa olaraq əlilliyi olan şəxslərin peşə hazırlığına xidmət edən ilk mərkəzdir. Burada əlilliyi olan gənclər müxtəlif istiqamətlərdə peşə reabilitasiyası kurslarına cəlb olunurlar.

Əlbəttə, əlilliyi olan şəxsə dövlət tərəfindən qayğı göstərilməsi vacibdir. Bununla belə, hər bir əlilliyi olan şəxsin, ilk növbədə onun məşğulluq imkanlarını reallaşdıran, beləliklə, onun ictimai həyatın fəal iştirakçısına çevrilməsini təmin edən şəraitin yaradılmasına daha çox ehtiyacı var. Belə bir şərait əlilliyi olan şəxsə təkcə maddi tələbatını ödəmək üçün gəlir əldə etmək mənasında deyil, daha çox cəmiyyətdə özünü təsdiq etmək baxımından lazımdır.

Xüsusilə əlilliyi olan qadınlara, sağlamlıq imkanları məhdud uşaqlara qayğı diqqət mərkəzindədir. Ölkəmizdə əlilliyi olan şəxslərin ümumi sayının 44,4 faizini qadınlar təşkil edir. Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əlilliyi olan qadınların hüquq və azadlıqlarının müdafiəsi tədbirləri mühüm yer tutur.

Proqramda əlilliyi olan qadınların məşğulluğunun təmin edilməsi üçün ixtisaslaşdırılmış iş yerlərinin yaradılmasına dair təşəbbüslərin dəstəklənməsi, onların uyğun peşələrə yiyələnmələri üçün müvafiq peşə hazırlığı kurslarının təşkil olunması nəzərdə tutulmuşdur.

Hazırda Azərbaycanda 67 min nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq var. Son illərdə milli qanunvericiliyə dəyişiklik və əlavələr edilərək “16 yaşınadək əlil uşaqlar” anlayışı “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” anlayışı ilə əvəz edilib, həmçinin “uşaqlıqdan əlil” anlayışı qanunvericilikdən çıxarılıb. Bu dəyişiklik beynəlxalq praktikaya uyğun sağlamlıq imkanları məhdud uşaqlara cəmiyyətdə olan digər uşaqlar kimi yanaşılmasına yönəlib.
Əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində görülən işlərin başlıca məqsədi əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsidir. Bütün bunlar göstərir ki, əlillərə yüksək qayğı sosial siyasətin nümunəvi cəhətlərindən biridir. Ən əsası əlil insanlara qayğı dəyişməyən sosial və mənəvi vəzifədir.

Hadi RƏCƏBLİ,
Milli Məclisin komitə sədri, siyasi elmlər doktoru, professor

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elinanın anası Prezidentə müraciət etdi
17.10.2019
DİN və Baş Prokurorluq mitinq təşkilatçılarına xəbərdarlıq edib
17.10.2019
Gələn ildən Azərbaycanın bütün məktəblərində “Ortaq Türk tarixi” tədris ediləcək
17.10.2019
Sabahın hava proqnozu
17.10.2019
Nazir Mehman Təhməzovu vəzifədən azad etdi