Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Azərbaycanın unikal sərvəti: Zeytun bağları

17:52  |    12 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda becərilir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş, meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yanıq, göz xəstəlikləri və s.), həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir. Sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş becərilir.
Həmişəyaşıl bitki olan zeytun Abşerona təbii gözəllik, sərinlik verməklə yanaşı, bu qiymətli nemətdən alınan ərzaq məhsulları (yağ, şoraba, çoxçeşidli konservlər və s.) yüksək keyfiyyətlərə malikdir.

Azərbaycanda 30-40 il bundan əvvəl zeytunun qiymətli bitki olduğunu az adam bilirdi. O, vaxt zeytun ağacının Abşeronda da çox az idi. İndi vəziyyət tamamilə başqadır. Hazırda zeytunu Abşeronun hər guşəsində görmək olar. İndi onu çoxları tanıyır və onun meyvələrinin müalicə əhəmiyyətini bilənlər də az deyildir.
Respublikamızda Son 25-30 ildə zeytun çox geniş becərilir. Abşeronda becərilən zeytun çox gözəl nəticə verir. Zığda salınmış plantasiya buna canlı sübutdur.
Ümumiyyətlə Azərbaycanda, xüsusən də Abşeron yarımadasında zeytunçuluğun inkişafına planlı şəkildə 1900-cü ildə İspaniyadan zeytun sortlarının gətirilməsi ilə başlanılıb.

Yarımadanın təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Təsadüfi deyildir ki, qiymətli ərzaq olan zeytunun bağçılığın inkişafında yüksək səmərəsi nəzərə alınaraq ilk zeytunçuluq təsərrüfatı məhz Abşeronda - Zığ kəndi ərazisində yaradılmış və 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod tikilib işə salınmışdır. Zeytun ağacları həmçinin Bərdə, Ağdam, Ağcabədi və Füzulidə də tarixən zeytun ağacları olub. Bu gün Bərdənin mərkəzində yaşı min illərlə ölçülən zeytun ağacları var. Tarixən yurdumuzda gedən müharibələr nəticəsində bu ağaclar qırılıb, məhv edilib.

İlk vaxtlar zeytun meyvəsindən müxtəlif çeşidli şorabalar hazırlanırdı. Sonralar, xüsusilə yarımadada Abşeron rayonu yaradıldıqdan sonra zeytun bağlarının sahəsi sürətlə genişləndirilmiş, ötən əsrin 70-ci illərinin əvvəllərində daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılmış, həmçinin rayonun Bilgəh, Maştağa subtropik bitkilər, Buzovna tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınmışdır. Zeytun digər ağac və kol bitkiləri ilə birlikdə yaşıllıqların salınmasında da geniş istifadə olunmuş, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin küçə və meydançalarında, park və xiyabanlarında minlərlə zeytun ağacı əkilmişdir.
Zeytun uzunömürlü və quraqlığa davamlığı ilə digər meyvə ağaclarından seçilir. Bu xüsusiyyətini nəzərə alaraq Abşeron yarımadasında ötən əsrin 90-cı illərinin əvvəllərində zeytun bağlarının ümumi sahəsi minlərlə hektara çatdırılmışdı ki, bu bağların da çoxu məhsula düşmüşdü. Belə ki, Azərbaycan hökumətinin 1 aprel 1986-cı il tarixli 120 saylı qərarında Abşeronda zeytun sahələrinin genişləndirilib 1990-cı ilə kimi 4600 hektara çatdırılması, respublikanın Şirvan və Qarabağ düzlərində də yayılması nəzərdə tutulmuşdu.
Zeytun yağı ürək və qan-damar xəstəliklərinə səbəb olan xolesterini azaldaraq damarlarda tıxanmaların qarşısını alır. Zeytun yağının üstün cəhəti ondan ibarətdir ki, digər bitki yağlarından fərqli olaraq yalnız orqanizm üçün zərərli olan aşağı sıxlıqlı xolesterinin miqdarını azaldır, lakin insan orqanizmi üçün lazım olan yüksək sıxlıqlı xolesterinə toxunmur. Mədə turşuluğunu azaldaraq qastritə və mədə yarasına qarşı qoruyucu rol oynayır, öd kisəsi daşının əriməsinə kömək edir, tərkibi antioksidləşdiricilərlə zəngin olduğundan uşaqlarda və yaşlılarda beyin və sinir sisteminin inkişafı və yeniləşməsində mühüm rol oynayır, orqanizmdə 99-100% mənimsənilir. Zeytun yağından soyuq qəlyanaltıların və qızartmaların hazırlanmasında istifadə olunması sağlamlıq üçün əhəmiyyətlidir. Eyni zamanda zeytun yağından unlu şirniyyat məmulatının (keks, yağlı biskvit, peçenye və digər məhsulların) hazırlanmasında istifadə olunması məsləhət görülür. Çünki bu yağ məmulata xüsusi ləzzət verməklə yanaşı, onun qurumasının qarşısını alır. Zeytun yağı həzm, qaraciyər və öd kisəsinin pozğunluğu olan insanlara yaxşı təsir göstərir. Belə xəstələrə səhər acqarına bir qaşıq zeytun yağı içmək məsləhət görülür. Zeytun yağından aterosklerozun profilaktikasında və onun mürəkkəb formalarının qarşısının alınmasında istifadə etmək olar. Zeytun yağı dərinin qoruma funksiyasını gücləndirir, tonusu artırır, qocalmanı ləngidir və orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsini təmin etməklə sümük toxumasının artımına və möhkəmlənməsinə kömək edir.

Azərbaycanda zeytun ağaclarına əhəmiyyət verilməməsi onların qırılması ilə nəticələnir. Təəssüflə qeyd etməliyik ki, hələ 90-cı illərin əvvəlləri respublikamızda, xüsusilə Abşeron yarımadası ərazisində zeytun ağacları qırılmağa başlamışdı.
Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Məhz bunun nəticəsində zeytun bağlarının tutduğu ərazi yarıbayarı azalıb.
Nazirliyin bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdir müavini Rizvan Mustafayevin sözlərinə görə, hazırda 2000 hektara yaxın zeytun bağları var ki, həmin bağların hamısı özəlləşdirilib. Zeytun bağlarının bar verməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan təəssüf ki, bu sahə investorları bir o qədər cəlb etmir. “Abşeronda zeytun bağlarının salınması üçün müəyyən investisiya qoyulmalıdır. Bu işə külli miqdarda sərmayə yatırılmalıdır. Zeytun təkcə yağı, turşuya qoyulmuş halda istifadədən ibarət deyil. Zeytun ağacları həm də, külək eroziyasının qarşısının alınmasında effektlidir”. Məhz bu sahəyə hökumətin diqqəti və qayğısı sayəsində mütəxəssislər zeytun istehsalının artacağını proqnozlaşdırır. Belə ki, ötən il 1335 ton məhsul yığılmışdısa, bu il 1500 ton zeytun istehsal ediləcəyi gözlənilir. Təbii ki, hava şəraiti imkan versə.

Bununla bərabər arxada qoyduğumuz illərdə, xüsusilə də Azərbaycanda 2010-cu il “Ekologiya ili” qeyd olunması ilində, həmçinin Beynəlxalq meşələr ilində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi iməcilikdə 5 hektar sahədə 4 min ədəd zeytun ağacı əkilib. Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min kubmetr torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə zeytun ağacları əkilib.

Rüfət Soltan

Adalet.az


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb