Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

“Türk Hava Yolları” 2016-cı ildə 70 milyon sərnişin daşımağı hədəfləyib

00:09  |    10 İyun 2016  |   E-mail  |  Çapa göndər


“Türk Hava Yolları” (THY) 2016-cı ildə 70 milyon sərnişin daşımağı qarşısında məqsəd qoyub.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu məlumat “Türk Hava Yolları” aviaşirkətinin təşkilatçılığı ilə Azərbaycanın media nümayəndələrinin İstanbula təşkil olunan press-turunda verilib.

Press-tur zamanı jurnalistlər “Türk Hava Yolları”nın baş ofisində, “Türk Hava Yolları” təyyarələrini yeməklərlə təmin edən Do&Co şirkətində, “Türk Hava Yolları” Aviasiya Akademiyasında, İstanbulun tarixi yerlərində və “Turkish Airlines Lounge Istanbul”da olublar.

İlk olaraq jurnalistlər THY-nin baş ofisində şirkətin satış üzrə prezidenti Ziya Taşkent ilə görüşüblər.

Görüş zamanı THY-nin inkişaf tarixi və gələcək fəaliyyəti haqda təqdimat nümayiş olunub. Z.Taşkent bildirib ki, Türkiyədə ÜDM-in 5,9 faizini aviasiyanın iqtisadi gəlirləri təşkil edir. Bu rəqəmin 20 il sonra 7 faizə çatdırılması nəzərdə tutulub. Hava yolu ilə sərnişin daşınması dünya üzrə 2014-cü ildə 3,3 milyard, Türkiyə üzrə isə 123 milyon təşkil edib. Bu rəqəmlərin 2034-cü ildə dünya üzrə 7 milyarda, Türkiyə üzrə isə 381 milyona çatacağı gözlənilir.

Onun sözlərinə görə, 40 mindən çox insanın çalışdığı aviaşirkət bu gün uçuş şəbəkəsinə görə dünya üzrə 4-cü yerdədir. THY hazırda dünyanın 115 ölkəsinə, 292 istiqamətdə uçuşlar həyata keçirir: “THY ötən il ümumilikdə 61,2 milyon sərnişin daşıyıb ki, onlardan 35 milyonu beynəlxalq, 26 milyonu isə yerli sərnişinlər olub. Şirkət bu ilin sonuna qədər sərnişinlərin sayını 70 milyona çatdırmağı qarşısına məqsəd qoyub. Onu da əlavə edim ki, şirkət ötən ili 1,1 milyard dollar gəlirlə başa vurub. Dünyada iqtisadi böhran hökm sürdüyü vaxtda bu çox yüksək məbləğdir”, – deyə Z.Taşkent vurğulayıb.

Şirkətin satış üzrə prezidenti qeyd edib ki, hazırda İstanbulda yeni hava limanı tikilir. Bu şəhərdə üçüncü hava limanının THY üçün çox müsbət təsirləri olacaq. Hazırda “Atatürk Hava Limanı” öz gücündən artıq çalışır. Bu səbəbdən 3-cü hava limanının inşasına ehtiyac yarandı. Yeni hava limanı istifadəyə verildikdən sonra THY öz fəaliyyətini daha da genişləndirəcək. Burada THY-nin təyyarələrinin sayı 450 ədəd olacaq və təbii ki, uçuş istiqamətlərinin də sayı artacaq. Hazırda təyyarələrimizin sayı isə 339 ədəddir və uçuşların əksəriyyəti “Airbus A321” təyyarələri vasitəsilə həyata keçirilir. Yeni hava limanının inşa edilməsində Türkiyə hökumətinin əsas məqsədi ölkəyə təşrif buyuran turistlərin, eyni zamanda hətta keçid olaraq buradan istifadə edənlərin həm təhlükəsizliyini, həm də şəraitinin yaxşılaşdırılmasıdır.

İstanbulda yeni hava limanının 2018-ci ilin fevralında işə düşəcəyini bildirən Z.Taşkent aeroportun 90 milyon sərnişin tutumuna malik olacağını söyləyib. Hava limanının 76,5 kvadratkilometr sahəsi, 6 uçuş-enmə zolağı, 4 terminal və 150 milyon sərnişin tutumu olacaq. Atatürk Hava Limanında təyyarələrin yola salınması zamanı tez-tez yaranan sıxlıq halları artıq burada olmayacaq. Bütün fazalar istifadəyə verildikdən sonra isə Atatürk Hava Limanı sərnişinlər üçün bağlanacaq. Buradan artıq yalnız yük daşımaları üçün istifadə olunacaq.

Şirkət rəsmisinin sözlərinə görə, Böyük Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən tanınmış konsaltinq şirkəti “Skytrax” ötən 4 ildə olduğu kimi 2015-ci ildə də THY-ni ötən ilin “Avropanın ən yaxşı hava yolu şirkəti” elan edib. Bundan başqa, şirkət müxtəlif vaxtlarda “Ən yaxşı biznes klass sərnişin salonu”, “Ən yaxşı biznes klass sərnişin yeməyi” nominasiyalarına da layiq görülüb.

Sonra Azərbaycan jurnalistləri üçün “Turkish Do&Co” şirkətində xüsusi təqdimat keçirilib. Baş ofisi Avstriyanın paytaxtı Vyanada yerləşən şirkət 1981-ci ildə türk iş adamı Atilla Doğudan tərəfindən yaradılıb. 2007-ci ildən etibarən isə THY-nin uçuşları zamanı həm biznes, həm də ekonom klass sərnişinlərə xidmət göstərməyə başlayıb.

Şirkət nümayəndəsi təqdimat zamanı bildirib ki, “Do&Co” nəinki təyyarə, həmçinin qatar, otel, iri şirkətlərin qida ilə təchiz olunmasında da fəaliyyət göstərir. Təyyarələrdə sərnişinlərə təqdim olunan qidaların hazırlanması ilə əyani tanış olan jurnalistlərə yemək çeşidləri, paketlənməsi, təyyarələrə göndərilməsi və sair proseslər göstərilib.

Məlumat verilib ki, şirkət bir sıra yarışlarla bağlı da öz xidmətini təklif edir. Bu yarışlar sırasında “Formula-1” yarışları da var. Bu il Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-prisində “Do&Co” öz sahəsində fəaliyyət göstərəcək.

Daha sonra jurnalistlər “Türk Hava Yolları”nın Aviasiya Akademiyasını ziyarət edib. Bu akademiyada hər il 25 minə yaxın tələbə, distant təhsil vasitəsilə isə 230 min tələbə təhsil alır. Akademiyada təkcə Türkiyənin hava yolları şirkətləri üçün deyil, eyni zamanda dünya üzrə hava yolları şirkətləri, karqo şirkətləri, turizm agentlikləri, universitet nümayəndələri üçün təlimlər keçirilir. Burada real təyyarə simulyatorlarında yeni və professional pilotlar mütəmadi olaraq uçuşa hazırlıq məqsədilə təcrübə keçir. Təcrübə uçuşlarından uğurla keçə bilməyən pilotlara təyyarələri idarə etmək həvalə edilmir. Uçuş heyətinin üzvlüyünə namizəd olanlar mütləq şəkildə akademiyada praktiki təlimlər keçirilir. Hətta artıq THY-nın pilotu vəzifəsində çalışanlar belə hər 6 aydan bir mütləq bu təlimlərdən keçməlidirlər. Əks halda onlar təyyarə sükan arxasına buraxılmır.

Jurnalistlər akademiyada “A320” təyyarə simulyatorunda qısa təlim keçmək imkanı da əldə ediblər.

Press-turun növbəti günü jurnalistlər İstanbulun tarixi yerlərinə səfər ediblər. Səfər zamanı şəhərdə çoxlu turistlər İstanbulun tarixindən zövq almaq, yaşanmış tarixi hiss etmək üçün gəzintiyə çıxdığının şahidi olduq. 24 saat müddətində İstanbulun İstiqlal prospektində, “Taksim” meydanında turist axınının ardı-arası kəsilmir.

Qərblə Şərq mədəniyyətini özündə təcəssüm etdirən İstanbul şəhərində ilk olaraq “Sultan Əhməd” və “Aya-Sofiya” məscidlərinin yaxınlığında yerləşən, tarixin mücəssəməsi olan “Topqapı” sarayı ziyarət olundu. Burada jurnalistlərə Osmanlı imperiyasının silinməz tarixi ənənələri, sultanların yaşam tərzi, imperiya zamanında baş vermiş müharibələrin xronoloji ardıcıllığı, İslam dininin ölkənin gündəlik həyatında oynadığı rol barəsində ətraflı məlumat verilib. Sarayda Osmanlı sultanları üçün göndərilən hədiyyələr, qızıl-zinət əşyaları, həmin dövrün silah-sursatları, sultanların divan otaqları, peyğəmbərlərin əşyaları, geyimləri və sair ziyarətçilərin təəccüb və marağı ilə izlənilirdi.

Növbəti ziyarət yeri Bazilika sisterni oldu. Bura Bizans dövründə ən iri və yaxşı saxlanmış yeraltı su anbarıdır. Sisterndə içməli su ehtiyatı saxlanılır və quraqlıq, yaxud şəhərin mühasirəsi zamanı ondan istifadə edilib. İçməli su buraya su xətti və şəhərdən 19 kilometr şimalda yerləşən Belqrad meşəsi çeşmələrindən akveduklarla çatdırılırdı. Sisternin tağlı tavanını 336 sütun saxlayır, onlardan ikisinin özülündə Meduza Qorqonanın başı əks olunub. Başlardan biri üzü aşağıdır, digəri yana çevrilib. Hazırda Bazilika sisternləri muzey funksiyası daşıyır və onun qaranlıq sularında kök karp balıqları üzür. Məkanın mistik atmosferini dinamiklərdən yayılan uyğun musiqi gücləndirir və burada da turistlər möhtəşəm tarixi məkanın zövqünü yaşamaq üçün toplaşır.

Ziyarətin davamı İstanbulun Avropa ilə Asiya tərəfini özündə birləşdirən Bozfor boğazında gəmi gəzintisi ilə davam edib. Gəminin hərəkət vaxtına qalan müddətdən istifadə edərək həmkarlarımdan ayrılıb “Oxçular Meydanı” istiqamətində hərəkət etdim. Qarşıda yerləşən parkdan gələn musiqi səsləri diqqətimi çəkdi. Həmin istiqamətə gedərək burada böyük bir sərginin keçirildiyini gördüm. Sərgi “Hər kəs həyat boyu öyrənməlidir” devizi altında keçirilirdi. Sərgidə İstanbulun bir çox bölgələrini, kəndlərini əks etdirən stendlər quraşdırılmışdı, böyük səhnədə əqli qüsurlu və sağlam uşaqların təqdimatında Türkiyənin milli rəqsləri nümayiş etdirilirdi. Quraşdırılan stendlərdə rəsm əsərləri, əl işləri, yemək təamları ziyarətçilər tərəfindən maraqla qarşılanırdı. Stendlərdə nümayiş olunan əl işlərinin satılaraq ehtiyacı olan uşaq evlərinə və təhsil imkanından məhrum olan uşaqlara verilməsi nəzərdə tutulurdu. Stendlərin birinə yaxınlaşaraq məlumat aldım ki, hər il keçirilən bu sərgidə ən çox turistlərin iştirakı və satışa qoyulan məhsulların da turistlər tərəfindən daha çox alınması adi hala çevrilib. Sərgidə nümayiş olunan məhsulların çoxu elə buradaca hazırlanır, qonaqlar həm məhsulun hazırlanmasını izləyir, həm də hazırlanmasından zövq aldıqları məhsulu ala bilir.

Çətin də olsa sərgidən ayrılıb gəmiyə geçikməmək üçün həmkarlarımın yanına qayıtdım. Boğaz gəzintisi zamanı da diqqətimi ən çox gəmidə olan insanların əksəriyyətinin turistlər olması çəkdi. Üz-üzə oturduğum sərnişin 65 yaşlı Riçard Kassata ilə qısa söhbətimiz oldu. İtaliyadan gələn turistə özümü təqdim edərək İstanbulla bağlı xatirələrini bölüşməsini istədim. Həmsöhbətim qeyd etdi ki, Türkiyəyə bir daha gəlmək istəyər və bütün bölgələrini görmək onun üçün çox maraqlıdır: “Boş vaxtımı foto çəkməklə məşğul oluram və getdiyim ölkələrdə maraqlı fotolar çəkirəm. Dostum mənə mütləq İstanbula getməyi tövsiyə edib. İlk əvvəl burada baş verən terror hadisələrinə görə azca çəkindim. Ancaq sonra iki nəfər dostumla birlikdə gəlməyi qərara aldıq. İndi düşünürəm ki, yaxşı ki, gəlmişəm. Bura gəlməkdən çəkinməyə heç bir əsas yoxdur. Əksinə buranın mədəniyyəti və insanların qonaqpərvərliyi xoş fikirlər yaradır. Növbəti illərdə yenidən Türkiyəyə gəlib başqa bölgələri ziyarət edəcəm”.

İstanbul səfərinin sonunda Azərbaycana yola düşməzdən əvvəl jurnalistlər biznes sinif sərnişinlər üçün nəzərdə tutulani dünyanın hava yolu şirkətləri arasında ən yaxşısı olan “Turkish Airlines Lounge Istanbul”da oldular. Bu zalın sahəsi 5900 kvadratmetrdir və burada 1030 adama xidmət göstərilir. Hətta dünyanın bəzi hava limanlarının sahəsi “Turkish Airlines Lounge Istanbul”un sahəsindən kiçikdir. Uçuşdan əvvəl istirahət üçün nəzərdə tutulan ikimərtəbəli “Lounge”da kafelər, uşaqlar üçün avtomobil yarışı oyunları, playstation, bilyard masası, kitabxana, dua otağı, telekonfrans zalı, qolf simulyatoru var. “Lounge”da istirahət edən sərnişinlərin əl baqajları burada olan xüsusi şüşə seyflərdə saxlanılır. Burada təklif olunan bütün növ yemekləri “Turkish Do&Co” şirkəti təmin edir, massajistlər sərnişinlərə rahatlayıcı massaj xidməti təklif edir. Bundan əlavə, “Lounge”da 8 özəl “suit” otaqda var. Bu otaqları əvvəlcədən bron edən sərnişinlər uçuşa qədər olan vaxtlarını sərfəli keçirməklə yanaşı, duş qəbul edə və dincələ bilərlər. “Turkish Airlines Lounge Istanbul”da çalışanlar, hətta sərnişinlərin burada olan əyləncə vasitələrinə həddindən çox aludə olduqları üçün təyyarə səfərinə gecikdiklərini də bildiriblər.

Qeyd edək ki, THY Azərbaycanda 1991-ci il martın 25-də fəaliyyətə başlayıb. THY Bakıya gün ərzində 5 dəfə uçuş həyata keçirir. Bunlardan 4-ü “Atatürk”, 1-i isə “Sabiha Gökçen” hava limanından baş tutur. Eyni zamanda şirkət həftədə 2 dəfə Pakistanın paytaxtı İslamabada uçuşları Bakı üzərindən həyata keçirir. Bu aviareyslərdə nəzərə alınmaqla THY-nın təyyarələri həftədə 37 dəfə Bakıya gəlir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM