Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

Cənab polkovnik... əziz ata... sayın “Onur Başkanı”... - ŞƏHİD HEKAYƏTİ

18:07  |    26 Aprel 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissə komandiri, şəhid polkovnik-leytenant Murad Mirzəyevin əziz xatirəsinə...

Mən onu tanıyanda hərbi rütbəsi kapitan idi... Təzəcə bu rütbəyə layiq görülmüşdü. Məndən sonra Kərimovlar ailəsinə pənah gətirmiş, bizimlə qohum olmuşdu. Mənim keçdiyim yollardan o da keçmiş, qayınatası Səlim müəllimin iş yerinə elçiliyə özü getmişdi. Özümə söz vermişəm, onun haqqında heç vaxt keçmiş zamanda danışmayacam. O, bizim qəlbimizdə, xatirələrimizdə yaşayan canlı əfsanə kimi, Murad kimi daim qalacaq. Muradla rəsmiyyətdə bacanaq olsaq da, aramızda qardaşlıq münasibəti var idi. Oxşar yönlərimiz çox idi. Qonşu rayonlarda doğulmuş, hər ikimiz eyni illərdə Türkiyə Respublikasında (mən universitetdə, Murad alı hərbi akademiyada) təhsil almışdıq.


Yas mərasimində Muradın Ankara Quru Qoşunları Hərbi Akademiyasında bərabər təhsil aldığı çoxsaylı yoldaşları iştirak edirdi. Çıxışda onlar mənə yaxınlaşaraq Murad haqqında bildiklərini bizə, ailəsinə, uşaqlarına çatdırmağı özlərində borc bildilər. Dedilər ki, xahiş edirik bunları ailəsinə, uşaqlarına çatdırasınız: Murad bizim təhsil aldığımız dövrdə istər yerli tələbələr, istərsə də əcnəbi tələbələr arasında 600 nəfər arasından birinci seçilmiş, “Onur Başkanı” elan edilmişdi. Göz yaşları içində bunları ailəsinə çatdırmamı istəmişdilər.



Biz Muradı, demək olar ki, yaxşı tanımamışdıq. Çünki onun həyatının üçdə iki hissəsi hərbidə, üçdə bir hissəsi isə mülki həyatda keçirdi. Bizimlə iş mövzusunda danışmaz, biz də işinə hörmət əlaməti olaraq artıq suallar verməzdik. Özünü elə aparırdı ki, sanki hərbi sahə ilə heç bir əlaqəsi yoxdur, hansısa özəl sektorda fəaliyyət göstərir. Halbuki, onun o səssiz baxışlarının altında necə dərin, mənalı bir ömür varmış sən demə... Sadəliyi, böyük-kiçik yeri bilməyi, tərbiyəsi, əxlaqı, Azərbaycan xalqına məxsus milli mənəvi dəyərləri özündə birləşdirməsi onu Murad edən əsas amillərdən idi...



Ailəsinə həddən ziyadə bağlı, çox sadiq bir ailə başçısıydı. Həyat yoldaşı Fizzə, oğlu Nurlan və qızı Dənizlə nəfəs alırdı. Hər dəfə evə gələndə uşaqlarının ona dəqiqələrcə sarılıb, ayaqqabısını çıxarmağa imkan verməməsi illər sonra da xatirələrimizdən silinməyəcək yəqin ki... Ailə içərisində keçirdiyimiz tədbirlərdə, ad günü mərasimlərində Murad işi ilə bağlı ən son təşrif buyuran qonaq olurdu. Süfrənin bir tərəfində ona ayrı yer açılır, çox iştahla yemək yeyər və sonunda hazırlanan yeməkləri mütləq “əllərinizə sağlıq” deyərək qiymətləndirirdi.

Murad Mirzəyev sözün həqiqi mənasında bizim üçün, gənclərimiz üçün, uşaqlarımız üçün bir vətənpərvərlik nümunəsi idi. Həyatda ən ali məqsədi işğal altındakı torpaqlarımızın, doğma Qarabağımızın düşmən işğalından azad edilməsi idi. Geyindiyi o əsgər formasına o qədər önəm, dəyər verirdi ki... Bir gün rayonda yaşayan qohumlardan biri Fizzədən Muradgilin geymədiyi köhnə əsgər forması istəmişdi. Fizzə Murada bunu deyəndə Murad: “O forma bizim uniformamızdır, onun üstündə şəhidlərimizin qanı, Azərbaycanın bayrağı, mənəvi dəyərlərimiz var. O forma adi iş görülərkən geyiləcək, ucuzlaşdırılacaq forma deyildir. Bir daha məndən belə şey istəmə” - demişdi.



Murad gedəndə bizim ailənin qəhrəmanıydı, gələndə bütün Azərbaycan xalqının, millətinin qəhrəmanına çevrilmişdi artıq. Qəhrəmanımızla keçirilən vida mərasimi də, Fəxri Xiyabanda dəfn olunması da Dövlətimizin Murada verdiyi layiqi qiymətin bariz nümunəsi idi. Xalq öz qəhrəmanını qəbul etmiş, onu öz oğlu, qardaşı, balası kimi bağrına basmışdı. Murad artıq bizim olmaqdan çıxmış, xalqın, millətin, vətənin ən layiqli bir övladına çevrilmişdi. Dəfn mərasimində bir daha bunun şahidi olduq. Biz (yoldaşı Fizzə və ailə üzvləri) məzarlığa gələndə onun məzarına yaxınlaşa bilmirdik. Xüsusi təyinatlılardan birinə “Murad Mirzəyevin həyat yoldaşıdı, kömək edin məzara yaxınlaşaq” - dediyimizdə bizi müşayiət edərək məzara qədər gətirdilər. Muradın məzarı başında daha öncə heç tanımadığımız, görmədiyimiz insanlar var idi. Qəhrəman Muradı sahiblənən, onu qəlbində daim yaşatmağa söz vermiş xalqımızın vətənpərvər nümayəndələri. Bizim dərdimizə sahib çıxan bu qardaş və bacılarımızı gördüyümüzdə elə bil ürəyimizə su sərpildi...



Həyat, hər şeyə rəğmən, davam edir... Heç kəs həyatda daimi deyil. Bu gün bizlər bəlkə 20 il, bəlkə 30 il Allahın bizə yazdığı qədər ömür sürüb, bu dünyadan gedəcəyik. Lakin tək təsəllimiz Murad Mirzəyev kimi qəhrəmanlıq salnaməsində öz yerləri olan, vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının Azərbaycan yaşadıqca, var olduqca yaşayacaq olmasıdır...



Ölüm səni seçmədi, ölümü özün seçdin
Şəhidlik şərbətini öz əllərinlə içdin
Sən bu cəsarətinlə ölümsüzlüyə keçdin
Məzarına əyilib daim ucalar başım
Mənim igid qardaşım, mənim Murad qardaşım!

Mənbə: Lent.az
Hazırladı: M.Həsənov
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Fransa qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib
21.11.2019
Atəşkəs yenə pozulub
20.11.2019
Erməni deputat: 158 əsgərin ölüm səbəbi...
20.11.2019
Qarabağ təbliğatı yeni mərhələdə: Bakı informasiya savaşında taktikanı cilalayır
20.11.2019
Cəbhə xəttində son durum: atəşkəs yenə də pozulub