Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Etimad Əsədov: “Qaçqınkom” qarşısında mitinq keçirilməsinə ehtiyac var...”

19:49  |    05 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

“İcra hakimiyyətləri var ki, nə əlil, nə şəhid ailələrini qəbul edir, çox ögey münasibət bəsləyirlər...”

Birinci Qarabağ savaşı torpaqlarımızın işğalı və böyük itkilərimizlə tarixə düşsə də, qarşıda bizi növbəti, bəlkə də həlledici döyüşün gözlədiyini çoxları bilir. Hətta ölkə xaricindəki ekspertlər, diplomatlar və institutlar da Qarabağ müharibəsini qaçılmaz hesab edir. Qarabağ müharibəsi əlilləri və müharibə veteranları da son döyüşün intizarında olan kateqoriyaların sırasında öncül yerdədir. Lakin ürəyi böyük problemlərin həll edilməsi günün intizarı ilə döyünən bu insanlar, çox təəssüf ki, bəzən məişət problemlərinin əlində aciz qalır.

Hansı ki, hər birimiz onların istənilən problemlərinin həllində yardımçı olmağa, ağrıyan yarasına məlhəm sarımağa borcluyuq. Qarabağ Qaziləri Cəmiyyətinin sədri Etimad Əsədovu da incidən təkcə bəzi məmurların deyil, elə cəmiyyətin də laqeyd münasibətidir. Müharibə iştirakçıları üçün görülən işlər də az deyil, onlardan da danışdı. Ancaq illərdir demədikləri acı həqiqətləri də açıqladı, mesajlarını verdi...

- Etimad bəy, parlament seçkilərinə qatılmadınız. Səbəb nə oldu?

- Əvvəlcədən fikrim olmadı. Səbəbinə gəldikdə, açığı, inamsızlıqdan. Yəni seçkilərin demokratik, şəffaf keçiriləcəyinə inamım az idi. Bundan əvvəl iki dəfə seçkiyə qatılmışam, Ağdam və Nizami rayonundan.

- Amma Qarabağ qaziləri arasında namizədlər var...

- Bir nəfər Qazilər Birliyinin üzvü namizəddir. Amma döyüşçülərdən namizədliyini verən çoxdur. Hətta Milli Qəhrəman dostumuz da namizədliyini irəli sürüb. Ən azı 3-4 nəfəri tanıyıram.

- Yəqin ki, keçmiş döyüşçülərin parlamentdə təmsilçisinin olmasını istəyirsiniz...

- Əlbəttə. Çox istərdim ki, Qarabağ müharibəsi iştirakçısı olan bir normal şəxs parlamentə mandat qazansın və Qarabağ müharibəsi veteranlarını, qazilərini, yaxud şəhid ailələrini təmsil etsin, bu insanların problemlərini orda qaldırsın. Müharibə insanları adından danışmaq haqqı olan təmsilçinin parlamentə düşməsi çox yaxşı olardı.

- Bir neçə gün əvvəl Qarabağ qazilərinin aksiyalara başlayacağı xəbəri yayıldı. Məsələ gündəmdədirmi?

- Bizim bir yaxşı dostumuz, ziyalı qardaşımız var - Məğrub Bədəlsoy. O, həmişə müharibə əlilləri, şəhid ailələrinin problemlərinin həllinə öz köməyini göstərir. O müharibə əlillərinin problermləri ilə bağlı mitinq keçirtmək istəyində olub və Bakı şəhər İcra Hakimiyyətinə də müraciət edib. Ancaq o müraciəti edən bizim cəmiyyətimiz deyil. Onun fikirlərinə hörmətlə yanaşıram, lakin seçki ərəfəsində belə bir tələblə mitinqlərin keçirilməsini doğru saymıram. Məğrub bəyin qaldırdığı problemlər mənə tanışdır. Biz o problemləri aidiyyəti qurumların rəhbərləri ilə görüşlərimizdə də qaldırırıq və həllinə çalışırıq. Son zamanlarda da xeyli sayda məsələlərin həllinə nail olmuşuq.

- 2001-ci illə müqayisədə - söhbət o zaman qazilərin davamlı aksiyalar keçirməsindən gedir - keçmiş döyüşçülər indi nələrə, hansı üstünlüklərə nail olub?

- O vaxtdan indiyə kimi xeyli zaman keçib. Düzdür, aksiyaların ardınca Əlillər Cəmiyyətinin fəaliyyətinə son verildi və bir durğunluq yaşandı. Ancaq son bir neçə ildə problemlərin həlli sahəsində xeyli dönüş yaranıb. Minik avtomobillərinin verilməsində çox ciddi dönüş var. Son bir ildə 1700 avtomobil verilib. Hansı ki, qabaqlar 5 ildə də bu qədər maşın verilmirdi.

Mənzil təminatında da xeyli irəliləyişlər var. Cənab prezidentin sərəncamı var ki, 2018-ə qədər bu insanlar tamamilə mənzillə təmin olunmalıdır. Pensiyalardakı artımlar da öz həllini tapıb. Qarabağda könüllü döyüşən insanlarımız var ki, onların pensiyalarında ciddi artımlar baş verib. Bu şəxslər hərbi xidmətdən artıq xidmət edənlərə bərabər tutulurlar və pensiyaları 300 manatdan 450 - 500 manata qədər qaldırılıb. Bütün kateqoriyalı müharibə əlillərinə prezident təqaüdlərində ciddi artım olub.

“Cəmiyyətimizdə müharibə insanlarına ögey münasibət var”


- Son vaxtlara qədər Qarabağ döyüşçülərinin müalicə olunmaq problemi daha çox narahatlıq doğururdu. Hazırda vəziyyət necədir?


- Qazilərin müalicəsi, xəstəxanalarda yerləşdirilməsi, dərman preparatları ilə təmin olunmasında da xeyli işlər görülüb. Bu məsələlər daim nəzarətimizdədir. Belə ki, biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olmuşuq, şəxsən cənab nazir Səlim Müslümovla, Baş nazirin müavini Əli Əhmədovla görüşmüşük. Səhiyyə Nazirliyinin rəhbərliyi ilə kollektiv şəkildə bir neçə təşkilatların təmsilçiləri olaraq dəfələrlə görüşmüşük, əlillərin müalicə məsələlərini qaldırmışıq. Onların ağır cərrahiyyə əməliyyatlarının tam pulsuz həyata keçirilməsinə nail olmuşuq. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində komissiya var və orada müharibə ilə bağlı bütün QHT-lər təmsil olunur, biz maşınların, mənzillərin payanmasında iştirak edirik. 10 gün bundan əvvəl Səlim müəllimlə görüşümüzdə bir məsələ qaldırdıq ki, 1-ci qrup əlil arabasına məhkum olunmuş, yaxud yataq xəstəsi olan insanlara təkrar maşınların verilməsi və onların himayəyə götürülməsi müsbət həllini tapsın. Həyat yoldaşları, yaxud ata-anaları onlara xidmət edir ki, onların da əziyyəti qiymətləndirilməlidir. Yaxın zamanlarda bu məsələ də həll ediləcək. Çünki nazir söz verib və həmin insanların siyahısını bizdən istəyib ki, məsələ həllini tapsın.

- Bəs, sizi eşitməyən, dinləmək istəməyən qurumlar, məmurlar necə, varmı?

- Əlbəttə. İcra hakimiyyətləri var ki, nə əlil, nə şəhid ailələrini qəbul etmirlər, çox ögey münasibət bəsləyirlər. Baxmayaraq ki, 1 il əvvəl biz Bakı meri Hacıbala Abutalıbovla görüşdük və ondan Bakıdakı icra hakimiyyətlərinin bizə qarşı soyuq münasibətinin aradan qaldırılmasını xahiş etmişdik. O da bizim iştirakımızla bütün icra hakimiyyətlərinə məktub hazırladı, tapşırıq verdi ki, həftənin, günün istənilən vaxtı şəhid ailələri, əlillər, müharibə ilə bağlı təşkilatların rəhbərləri ilə görüşlər keçirilsin, onların təkliflərinin əsasında bizə təkliflər verilsin. Amma bütün bunlara baxmayaraq, icra hakimiyyətlərinin soyuq münasibəti davam edir. Ümumiyyətlə, cəmiyyətimizdə müharibə insanlarına ögey münasibət var.

Cənab prezidentin verdiyi sərəncamlar, fərmanlar ortadadır, dövlət səviyyəsində addımlar atılır. Prezidentin hər görüşdə “əlillərə, şəhid ailələrinə qayğı göstərilməlidir, bu, mənim tapşırığımdır” deməsinə rəğmən bir çox nazirliklər, bir çox qurumlar, əsasən də icra hakimiyyətləri ögey münasibətlərini davam etdirirlər. Bizim üçün ən ağır məsələ budur ki, cənab prezident qaçqınlar və əlillərlə görüşlərdə haqqımızda yüksək fikirlər söylədiyi halda, yenə də bəzi problemlər qalmaqda davam edir. Ən ağrılısı odur ki, bir ay bundan öncə baş nazirin müavini, Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət etmişik ki, bizi qəbul etsin, ancaq heç bir cavab almamışıq. Qarabağ əlilləri və şəhid ailələrinin ən ağır problemlərindən biri “Qaçqınkom”la bağlıdır. Onlar bu qurumla bağlı bizə çoxsaylı müraciətlər edirlər. Belə ki, Bakı şəhərində və rayonlarda yaşayan müharibə əlilləri və şəhid ailələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, icra hakimiyyətləri tərəfindən mənzillə növbədənkənar təmin edilir. Yəni məcburi köçkün Qarabağ əlilləri və şəhid ailələri məskunlaşdıqları yaşayış yeri üzrə daimi qeydiyyata alınmırlar deyə, onlar həmin rayonlar üzrə də güzəştli şəxslər kimi mənzil növbəsinə götürülmürlər. Məcburi köçkün Qarabağ əlilləri, şəhid ailələri mənzil növbəsində olmadıqlarına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra hakimiyyətləri tərəfindən müəyyənləşmiş nöbəlilik əsasında verilən mənizllərdən ala bilmirlər. Qaçqın və Məcburi Köçkünərin işi üzrə Dövlət Komitəsi isə bu işdə yaxasını kənara çəkir. Amma nəzərə alsaq ki, bu insanlar arasında müharibə əlilləri və şəhid ailələri də var, məsələn, yataqxanalarda, uşaq bağçalarında iki ayağını itirmiş, əlil arabasına möhtac qalan adamlar da var, indiyəcən mənzil almayıb. Ailələr tanıyıram ki, iki qardaş hərəsi bir ayağını itirib, yataqxanalarda bir otaqda yaşayırlar, övladları böyüyüb, çox ağır durumdadırlar. Şəhid ailələri var ki, övladları ailə qurmaq yaşına çatıb, normal mənzilləri yoxdur.

“Azərbaycan Bayrağı” ordeni almış, Azərbaycanın Milli Qəhrəmanı adına təqdim olunmuş Arif Əliyev bir otaqda 3 qız övladı böyüdüb. Özünün də dizdən yuxarı iki ayağı yoxdur, protezlərlə yatıb-durur. Dəfələrlə müraciət etmişik ki, növbədənkənar mənzillə təmin olunsun, lakin “Qaçqınkom” buna heç bir məhəl qoymur. On minlərlə evlər tikilib, qaçqınlara paylanıb. Bu qəbildən olan insanlar başqa qaçqın həmvətənlərimizdən fərqlənməlidirlər. Çünki onların hərəkət məhdudiyyəti var, özləri üçün iş qura, şərait yarada bilmirlər. Açığı, etiraf edək ki, bizim çoxlu qaçqınımız var ki, yaxşı iş qurub, evlər tikib, şərait qurublar. Amma əlsiz-ayaqsız müharibə əlilləri var ki, onlar növbədənkənar mənzillərlə təmin olunmalı olduğu halda “Qaçqınkom”, başda Əli müəllim olmaqla bu məsələyə dırnaqarası yanaşır, təəssüflər olsun ki, müraciətlərimizə də məhəl qoyulmur. Bu, çox böyük haqsızlıq, ədalətsizlikdir!

- Sözlərinizdən belə çıxmırmı ki, Qarabağ qazilərinin aksiya ünvanı “Qaçqınkom”un qarşısı ola bilər?

“Ola bilsin, seçkidən sonra bir araya gəlib ordumuza “hücum” əmrinin verilməsi xahişi ilə prezidentə müraciət etdik”



- Allaha and olsun ki, “Qaçqınkom”un qarşısında bir mitinqin keçirilməsinə ehtiyac var. Ağır durumda yaşayan əlillərimizin və şəhid ailələrimizin problemlərinin həlli zəruri olduğu halda, nədənsə bu qurum məsələyə soyuq yanaşır, on illərdir ki, məsələlərin həllini yubadırlar. Nəzərə alsaq ki, başqa müharibə əlilləri başqa ünvanda yaşadıqları halda prezident sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra hakimiyyətləri tərəfindən çox sürətlə mənzillə təmin olunurlar, amma yataqxanalarda məskunlaşan qaçqın əlillərimiz və şəhid ailələrimizin mənzillə təminatında çox ciddi problemlər var. Bu insanlar həm qaçqın, həm əlil, həm də şəhid ailələridir, onlar başqa qaçqın həmvətənlərimizdən fərqləndirilməlidirlər. Onlar növbədənkənar, özü də ürəyi istədikləri, yaxşı yerlərdə mənzillə təmin olunmalıdırlar! Düşünürəm ki, Əli müəllim bu məsələyə diqqət yetirsə, fərqinə varsa, bizimlə razılaşar ki, necə olur əli, ayağı salamat olan qaçqın, özünə normal şərait yarada bilən qaçqınla iki ayağını itirmiş “Azərbaycan bayrağı” olan döyüşçümüzə fərq qoyulmur, ikisi də mənzil növbəsini gözləyir? Bu, böyük haqsızlıqdır və bu məsələni həll etmək lazımdır.

Məsələ belədir: Məcburi köçkün Qarabağ əlilləri və şəhid ailələri məskunlaşdıqları yaşayış yeri üzrə daimi qeydiyyata alınmırlar deyə, onlar həmin rayonlar üzrə də güzəştli şəxslər kimi mənzil növbəsinə götürülmürlər. Məcburi köçkün Qarabağ əlilləri, şəhid ailələri mənzil növbəsində olmadıqlarına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra hakimiyyətləri tərəfindən müəyyənləşmiş nöbəlilik əsasında verilən mənizllərdən ala bilmirlər. Qaçqın və Məcburi Köçkünərin işi üzrə Dövlət Komitəsi isə bu işdə yaxasını kənara çəkir.

- Etimad bəy, siz Avropa Oyunlarından qabaq bir neçə təşkilatla birgə bəyan etmişdiniz ki, yarışlar başa çatandan sonra Ali Baş Komandana Qarabağın azad edilməsi üçün əmr verməklə bağlı müraciət edəcəksiniz. Məsələ gündəmdədir, yoxsa hansısa səbəblərdən məsələnin üstündən keçildi?

- Yox, bu məsələ yenə gündəmdədir. Əslində “atəşkəs” adı altında müharibə davam edir, övladlarımız şəhid olur, itkilərimiz göz önündədir. ATƏT həmsədrlərinin uzun illərdir apardığı sülh danışıqlarının heç bir nəticəsi yoxdur və artıq dövlət yetkililəri də bunu etiraf edir. İndiyədək dünya tarixində hansısa ərazilərin sülh yolu ilə azad edilməsi baş verməyib. Nəzərə alsaq ki, ermənilər qarşılarına necə xəbis bir plan qoyublar, onlar tək bizə qarşı yox, qonşu Gürcüstana, qardaş Türkiyəyə qarşı da ərazi iddiaları irəli sürürlər.

Biz nəzərə alsaq ki, hazırda ermənilərin sərgilədiyi mövqe heç vaxt Qarabağın işğaldan azad olunmasına gətirib çıxarmayacaq, o halda Azərbaycan Qarabağın azadlığı üçün konkret addım atmalıdır. Yaxın Şərqdə başda Amerika olmaqla xristian dövlətlərinin yeni xəritələr cızdığı, qardaş Türkiyə terror qarşı əməliyyatlara başladığı bir halda, Azərbaycan da öz əzəli torpaqlarını azad etmək, BMT-nin tanıdığı ərazi bütövlüyünü təmin etmək üçün konkret qərarlarını vereməlidir. Beynəlxalq hüquq bizim tərəfimizdə olduğu halda, heç kim bizə irad tuta bilməz. Sadəcə, Azərbaycan dövləti qəti addımını atmalıdır. Azərbaycan xalqının və ordusunun birliyi ilə torpaqlar işğaldan azad edilməldir.

Torpaqların ancaq və ancaq müharibə yolu ilə azad edilməsi mümkündür. Bir müddət öncə keçirdiyimiz tədbirdə bu bəyanatı bir daha səsləndirdik. Hazırda seçki prosesi gedir. Ola bilsin ki, seçkidən sonra müharibə ilə əlaqədar təşkilatlarla bir araya gəlib ordumuza “hücum” əmrinin verilməsi xahişi ilə cənab prezidentə müraciət etdik...

Elşad PAŞASOY
FOTO: “YM”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
QARABAĞDAN XƏBƏR VAR: Cəbhə jurnalistikasından sərhəd jurnalistikasına
02.09.2019
Bəxtiyar Səxavətoğlu: “Atamın yolunu getmək bir az ağır məsələdir” - MÜSAHİBƏ - FOTOLAR
24.08.2019
Fikrət Qoca: “Elə bilirəm, bir az da yaşasam, öləndə ağlayanım olmayacaq” - VİDEO
20.07.2019
“İnşallah, mən də deputat olaram...” - Elza Seyidcahan
11.07.2019
Ziya Məmmədov: “Allahı sevirəm, əməli-saleh olmağa çalışıram” - MÜSAHİBƏ