Samuxda ərik festivalı keçirilib

Samuxda ərik festivalı keçirilib backend

Samux rayonunda "Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” təşkil olunub.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi ərik növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, eyni zamanda destinasiyanın aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Samux Şəhidləri Abidə Kompleksini ziyarət edən qonaqlar torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarını ehtiramla anıblar.

Daha sonra iştirakçılar Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olub, dahi şəxsiyyətin Samux rayonuna səfərləri və rayon sakinləri ilə keçirdiyi görüşləri əks etdirən fotolara baxıblar.

Festival çərçivəsində qonaqlar Samux rayonunda fəaliyyət göstərən “Casa Aqro” MMC-nin təsərrüfat sahəsində, istehsal olunan məhsullarla tanış olublar.

Samux şəhəri, Heydər Əliyev prospektində yeni salınan parkda təşkil olunan "Ərik Festivalı” və “Aqrar Biznes Festivalında” milli mətbəximizin təamları hazırlanıb, fermerlərin yetişdirdikləri ərik məhsullarının meyvəsi, mürəbbəsi və şirələrinin stendlərlə təqdimatı olub.

Sənətkarların və satıcıların stendləri, ustad dərslərinin təqdimatı, qol güləşi, uşaqlar tərəfindən milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər maraqla izlənilib. Aqrar Biznes Festivalında kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum və dərmanlar nümayiş olunub.

Rəsmi hissədən sonra Samux rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş geniş bayram konserti təşkil olunub. Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

 

 

Diaspora