Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5110

Digər sorğular

Milli mətbuat və din xadimlərimiz

19:09  |    13 İyul 2015  |   E-mail  |  Çapa göndər
Seyid Camal ƏZİMBƏYLİ | Şərqşünas

Bu günlərdə Azərbaycanda Milli Mətbuatın 140 illiyi qeyd ediləcək. Əsası 22 iyul 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə başlayan Azərbaycan Milli Mətbuatı ötən əsr yarımlıq bir müddətdə böyük və keşməkeşli inkişaf yolu keçib.

XIX yüzilin sonlarında və XX yüzilin əvvəllərində məmləkətimizdə ictimai fikir hər şeydən öncə əsas istiqamətlərini məhz milli mətbuatımızda tapmışdır. Milli mətbuatın yaranması və inkişafı prosesində Azərbaycan müsəlman din xadimləri də yaxından iştirak edib. Bütövlükdə Azərbaycanda ictimai-siyasi və fəlsəfi fikrin, mədəniyyətin inkişafında ölkənin görkəmli dindarlarının tarixi rolu danılmazdır. XIX əsrin sonlarında ziyalılarla yanaşı, din xadimləri də milli mətbuatın yaranmasına öz dəstəyini göstərmişdir.

Xüsusilə mövhumat və xurafatdan uzaq olan həqiqi din xadimləri öz mütərəqqi ideyalarını geniş kütləyə mətbuat vasitəsilə çatdırılmasını önəmli hesab edirdilər. Bu səbəbdən də milli mətbuatın yaranmasında bir qrup din xadimləri də bilavasitə iştirakçıya çevrilmişdilər.

Təsadüfi deyil ki, “Əkinçi”dən sonra nəşr olunan “Ziya” (1878-1880), “Ziyayi-Qafqaziyyə” (1880-1884), “Kəşkül” (1883-1891) və onlardan sonrakı bir çox qəzetlərin işıq üzü görməsində rəsmi və qeyri-rəsmi şəkildə din xadimlərinin həlledici rolu olmuşdur. Tarixə nəzər saldıqda görərik ki, milli mətbuatın inkişafına Həsən bəy Zərdabidən sonra böyük dəstək dövrünün görkəmli din xadimi olan Hacı Seyid Əfəndi Əbdürrəhman Ünüzadə tərəfindən olmuşdur.

Belə ki, Azərbaycanda “Əkinçi”dən sonra mətbu orqan olan “Ziya” qəzetini o təsis etmişdir. Hacı Seyid Əfəndi o dövrdə digər müsəlman ölkələrində nəşr olunan qəzetlərdə İslam və Türk dünyasının birliyi üçün işıq üzü görən yazıları naşiri olduğu mətbu orqanda dərc edirdi. Bununlada Hacı Seyid Əfəndi Azərbaycan türklərinin milli özünüdərk prosesini sürətləndirməyə çalışırdı.

XX əsrin əvvələrində Azərbaycan ruhanilərini mətbu orqan təsis etmək istəsələr də, həmin dövrdə çar Rusiyası buna icazə vermirdi. O dövrdə çar hökuməti hətta ona sədaqətlə qulluq edən ruhanilərə də etibar etmirdi və mətbuatda ana dilində dini məsələlərin qaldırılmasından ehtiyat edirdi. Lakin bir müddət sonra özlərinin mətbuat orqanını açmaqda çətinlik çəkən, həm şiə, həm də sünni Ruhani İdarələri “Şərqi-Rus” qəzetinə ruhani işlərinə xüsusi səhifə ayrılması təklifi ilə müraciət etdilər. Qəzetin redaktoru Məhəmməd Ağa Şahtaxtinski bu təklifi müsbət qarşıladı.

Sonrakı dönəmdə din xadimlərinin bilavasitə özlərinin nəşrləri olmasa da, bütövlükdə onların yaxından iştirak etdiyi və mövqelərini əks etdirən bir çox mətbuat orqanları meydana çıxdı. “Təzə Həyat” (1907-1908), “İttifaq” (1908-1909), “Sədayi-Vətən” (1911-1912) və digərləri bu qəbildən olan nəşr və məcmuələrdir. Ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra Azərbaycan milli mətbuatı dövrün ictimai-siyasi həyatında öz sözünü deməyə başladı.

XIX əsrin sonları, XX əsrin əvvəllərində olduğu kimi din xadimləri Vətənin bütövlüyü, milli özünüdərk, o cümlədən milli kimliklə bərabər dini kimliyin formalaşmasında yaxından iştirak etdilər. Lakin bu gün təəssüflə qeyd etməliyik ki, həqiqi din xadimləri özlərindən asılı olmayan səbəblərdən cəmiyyətin maariflənməsində kənarda qalıblar. Bu boşluqdan istifadə edən fürsətçi “din adamları” mətbuatda özlərinin İslamdan, milli mənəvi dəyərlərdən uzaq fikirləri ilə şüurları “zəhərləyirlər”.

Azərbaycan Milli Mətbuatı 140 illiyi ərəfəsində tarixin vacib və çətin bir sınağı ilə üzə-üzədir. Belə ki, Qarabağın azadlığı yolunda idealoji mübarizənin əsasının milli mətbuatımız təşkil etməlidir. Riyakar xarici qüvvələrin, eləcə də onların ölkədəki əlaltılarının televiziya və yazılı mətbuat orqanlarına nüfuz edərək mənasız və zərərli proqramları yaymaları dayandırılmalıdır. Bu şəraitdə mətbuat orqanlarında həqiqi mənəviyyat adamlarının, vətənpərvər ziyalıların çıxış etməsinə daha çox ehtiyac var.
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları