Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4698

Digər sorğular

76 il əvvəl bitən nağıl…

22:20  |    05 İyun 2015  |   E-mail  |  Çapa göndər
Arzu SƏLİM |

Bu gün Mikayıl Müşfiqin doğum günüdür…

Bütün bitən ömürlər nağıllar kimidir. Hamısı “biri vardı, biri yox”la başlanır. Nağıllarla onlar arasındakı ən böyük fərq isə, nağılların xoşbəxt sonluqla bitməsidir. Amma ömürlər elə deyil: nakamı var, bədbəxti var, həyata baxmaq üçün gələni var, həyatda heç nə qazanmadan yalnız itirəni var…

Həyata gəldikləri ilk gündən ömürlərinə bir “nakam” damğası vurulan da var. Neyləsə də, nə qədər ağıllı, istedadlı olsa da, taleyin qədərindən qaça bilməz bu insanlar…

Onlardan biri bu gün doğum günü olan Müşfiqdir. Nakam şair Mikayıl Müşfiq. Bilmirəm, niyə bu nakamlığı onun şairliyinə yazırlar? O, insan kimi nakam idi: körpəlikdən ata-ana məhəbbətindən məhrum insanlar qəlbisınıq, həyata küskün olurlar. O da elə böyümüşdü…

Amma şeirlərində həyat vardı, sevgi vardı, yaşamağa təşnəlik vardı:

Yazıq o insana qaraqabaqdı,

Nə gözəl yaraşır insana gülmək…

Sevilirdi şeirləri. Ona görə də bədxahları çox idi. Gənc yaşlarında gələcəyin böyük şairi olacağı ümidi vardı hamıda. Qəlbə işləyən şeirləri bir udum su kimi içilirdi. Elə ona görə də güllələnəndən sonra onun şeirlərini oğurlayıb öz adına çıxanlar oldu. Yiyəsiz gördülər. Axı kimi vardı ki…

Qara qış üstümə tökər qarını,

Nərgiz gözlərindən məni ayırsan.

Mənim ümidimin qapılarını,

Neçin gah açırsan, gah qapayırsan?!

Və yaxud:

Yenə o bağ olaydı,

Yenə yığışaraq siz, o bağa köçəydiniz…

Kimə yazılmasından asılı olmayaraq, bu şeirləri neçə ürəksiz oxumaq olar?! Bu iyirmi yaşını təzə adlamış bir gəncin saf, ülvi hislərini necə layeyidliklə gözdən keçirmək olar?!

Bu gün ad günüdür Mikayıl Müşfiqin. Ad günün mübarək, nakam insan! Bu gün 107 yaşın “oldu”, “gənc” şair!

76 il bundan əvvəl bitən nağıl yenə bitdi. Göydən üç alma da düşmədi… Çünki qızıl almaları bədheybət divlər yeyir həmişə…

a24az
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
07.01.2017 Əl çəkin Nuraydan! - SİZ ONU ANLAMAZSINIZ
01.11.2016 Dalınca qara daş...