Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Atasının ad günündə tabutu gətirilən ŞƏHİD - FOTOLAR

11:33  |    18 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Vətəni qibləgah edən şəhidlər

Modern.az saytı "Aprel şəhidləri" silsiləsindən növbəti yazını təqdim edir...


“...Gülnarə ətrafa boylanıb gördü ki, oğlu Adil həyətdədir. Hava soyuq olsa da gödəkçəsinin yaxasını düymələməyib, başı açıq halda var- gəl edir, elə bil, kimdənsə kömək istəyirdi. O da tez balasının qabağına qaçdı, onun əlindən tutmağa çalışdı. Barmaqları üstə dikəldi, oğlunun boynunu öpə bildi. Yenə də boynundan cənnət qoxusu gəlirdi, ətrini ciyərlərinə çəkdi. Evə keçəndə gördü ki, qıraqda hərbi mundirdə bir komandir oturub, əllərini başının arasına alıb, çox fikirlidir, sanki Gülnarənin üzünə baxmağa utanır. O komandirin yanına gəlib yalvardı ki, Adilə kömək etsin...”.
Qadın gördüyü yuxunun təsirindən ayıldı. Oğlunun qoxusunu həqiqətən hiss eləmişdi. Böyür-başına baxıb yenə yatdı. Yuxu onu yaman aparmışdı. Belə yuxulara el içində “qəm yuxusu” deyirlər. Elə gözü təzəcə yuxuya getmişdi ki, bu dəfə dünyadan köçmüş qayınanası ilə qaynını həyətində şadyanalıq edən gördü. İkisinin də əynində qırmızı paltar, qol götürüb oynayırdılar...


Səhər o başdan ayılanda yuxuda gördüklərini unutmuşdu. Həmişə olduğu kimi həyət- bacadakı, evdəki işlərin qulpundan yapışdı. Sonra hasar qonşusu ondan hal-əhval tutdu, uşaqlarını soruşdu. Bir az ordan-burdan söhbət edib, ayrıldılar. Günortadan xeyli keçəndən sonra işlərini qurtardı və keçib televizorun qabağında oturdu. Cəbhə xəttində şəhidlərin olması xəbərini eşidəndə, ürəyi sıxıldı, nəfəsi daraldı. Tez ayağa qalxıb qonşuluqdakı baldızı Təranəni hasarın bu üzündən səslədi, eşitdiklərindən onu xəbərdar etdi. Sonra əri Kamrana zəng vurdu. Dedi ki, Adildən xəbər bilsin. Kamran da onunla rahat danışdı, dedi ki, bilmirsən onun işini, yəqin tapşırığa gedib, həmişəki kimi telefonunu götürməyib... Gülnarənin ürəyi rahatlıq tapmadı, “oğlum” - deyib dad elədi.


Sonra Kamran gəldi işdən. Adilin dostları da arada gəlib Kamran dayıdan xəbər bildilər. Kamran axırıncı dəfə aprelin 1-də danışmışdı oğlu ilə. Həmin günləri belə xatırlayır:


- Aprelin 1-də axşamüstü Adilə zəng vurdum. Adətən hər gün danışardıq onunla. Bu dəfə əhvalını soruşdum. Dedi ki, “ata lap yaxşıyam, niyə zəng etmisən? Nə lazımdır?” Sualından təəccübləndim. Anası o tərəfdən dedi ki, “ay bala, niyə hirslənirsən, səndən hal-əhval bilmək istəyirik də”. Adil də tələsik cavab verdi ki, “Vətənə xidmət edirik, ata, vaxtım yoxdur”. Mən də qayıtdım ki, “oğul, sənə də qurban olum, Vətənə də. Allah köməyiniz olsun”. Bu bizim Adillə danışığımız son telefon söhbəti oldu.


Aprelin 2-də səhər o başdan durub işə gedəndə, baxdım ki, tappa-trup top səsləri gəlir. Məəttəl qaldım. İşə çatan kimi Borsuludan olan bir iş yoldaşımdan xahiş etdim ki, orada yaşayan qohumlarından kənddəki vəziyyətlə bağlı xəbər öyrənsin. Bir az keçdi, dedi ki, narahat olma, hər şey normaldır. Evə qayıtdım. Səhərisi günü qohumlarında bərabər getdik Adilin xidmət etdiyi hərbi hissəyə. O tərəflərdə postlar qoyulmuşdu. Nə qədər çalışdımsa, məni Tərtərdən o tərəfə buraxmadılar. Dedilər ki, sərhəddən atılan toplar gəlib əhalinin yaşadığı yerə düşər, tələfat olar. Ona görə də təhlükəsizlik tədbirlərini gücləndirmişdilər. Qaldım o dağlara baxa- baxa... Oradakı hərbçilər telefon nömrəmi alıb söz verdilər ki, xəbər olan kimi məni məlumatlandıracaqlar. Borsuluda da küçələrdə 10-15 kişi ancaq gözə dəyirdi. Hamı qapısını, darvazasını qıfıllayıb, evini tərk etmişdi. Kor-peşiman evə qayıtdıq.
Ayın 7-nə qədər yollarda qaldım, amma qulağım səsdə idi. Aprelin 9-da mənim doğum günüm idi, 50 yaşım tamam olurdu. Yoldaşıma dedim ki, görəcəksən, Adil harada olsa, özünü yetirəcək, mənim doğum günümə gəlib sürpriz edəcək. Aprelin 11-də balamı bayrağa bükülmüş tabutunda, özüm gedib Bərdədən gətirdim. Bu da Adilin mənə doğum günü “sürprizi” oldu....


Kamran oğlunun yarımçıq qalmış həyatından müxtəlif anları xatırladıqca, səsi titrəyir, bəzən də gözlərində qığılcımlar oynaşır. Hiss edirsən ki, həmin günlər kino lenti kimi gəlib keçir gözlərinin önündən. İndi əlacsızlıqdan əllərini bir-birinə sıxıb ovxalayır. Bu zəhmətkeş əlləri ilə nə vaxtsa oğlunun kiçik, toppuş əllərindən tutub onu məktəbə aparmışdı. Futbol, voleybol, basketbol oyunlarında medal, birincilik qazananda isə bu əllərlə oğlunun başını tumarlamışdı, onun uğuruna sevinib bu əllər əl də çalmışdı. İndi də əlləri karma gəlirdi, oğlunudan danışdıqca, əllərini kədərlə üzündə gəzdirib göz yaşlarını silirdi, bəzən də dərdli başını onların arasına alırdı...


Həyətində hamı kimi o da oğlu Adil üçün toy çaldıracaqdı, qızı Könül qardaş xonçasını başına qaldırıb ortalıqda süzəcəkdi...
Bunların heç birini daha görməyəcəkdi Kamran:


- Neyləyim, taleyin, Allahın yazısıdır. Allah hərəyə bir dərd, bir qismət verir. Məni də belə sınağa çəkdi. Əlim nəyə çatır ki... Bir ona sevinirəm ki, oğlum Vətən yolunda şəhid olub, adını tarixə yazıb. 1993-cü il aprelin 17-də Mingəçevirdə doğulmuşdu. Əvvəl 1 saylı, sonra isə 20 saylı orta məktəbdə oxumuşdu. 9-cu sinifdən isə futbol klubuna yazılmışdı. Futbola böyük həvəsi var idi. Bütün yarışlardan evə qalib kimi dönürdü. Arzusu “Qəbələ” idman klubunda oynamaq idi, ora da tanışı olanları götürürdülər. Beləcə, oğlumun ilk arzusu daşa dəydi. Sonra əsgər getdi. Hərbi xidmətinin üç ayını əvvəlcə Beyləqanda keçirdi. Xocavənddə ön cəbhədə son günə kimi qulluq elədi. Ermənilərlə onların üzbəüz dayandığı sərhəddin arasında cəmi 150 metr məsafə var idi. Əsəgərlikdən gələndən sonra da, dilindən “Vətən, torpaq” sözləri düşmədi. Düşmənlə üzbəüz səngərdə olduğundan, torpaq itkisinin ağrısını dərk etmişdi, deyirdi ki, “Ata, o cür cənnət yerləri erməniyə necə vermək olar? Səngərdə dayanıb baxıram, ürəyim sızıldayır. Bu dəqiqə desələr ki, döyüş başlayır, get Vətəni xilas elə, hamıdan qabaqda özüm gedərəm”. Əsgərlikdən gələndən bir neçə ay sonra, gedib yenidən hərbi xidmətdə qulluq etmək üçün imtahan verdi, sınaqdan uğurla keçdi.

Adil "N” saylı hərbi hissədə Müddətdən Artıq Xidmət Edən (MAXE) Artilleriyada motoatıcı kimi xidmətə başladı. Onu manqa başçısı, çavuş təyin etdilər. Öz işini çox sevirdi. Futbol qapısında sona qədər top vura bilməsə də, indi düşmən qapısına top atacaqdı. Özünüz bilirsiniz, dəqiq hesablama qabiliyyəti olmayanı artilleriyaya götürmürlər. Adil elə uşaqlıqdan riyaziyyatı yaxşı bilirdi. O məktəbdən çıxıb, futbol klubuna gedəndə, müəllimləri deyirmişlər ki, “biz böyük bir riyaziyyatçını itirdik”. Oğlum bizə heç vaxt əziyyət vermədi. Ona görə də arzularına qarşı çıxa bilmirdik. Bəlkə də futbola götürsəydilər...Ehhh...


Qulluq etdiyi hərbi hissədən çox razı idi. Ən yaxın dostları tağım komandiri Cavid Dədəkişiyev və baş leytenant Qabil Orucəliyev idi. Onlar bir-birinə çox bağlanmışdılar. Qabillə oxşarlıqları çox idi. Hətta komandirinə bənzəmək üçün son vaxtlar bığ da saxlayırdı.

Həmin aprel gecəsində də oğlum artilleriya diviziyasında öz işinin öhdəsindən layiqincə gəlib, atdığı toplarla, snaryadlarla nə qədər düşməni tələf edib. Talış yüksəkliyində vuruşan, döyüşə gedən hər kəs qəhrəman idi o gecə. Çünki onlar Vətənin müdafiəsinə, haqq savaşına qalxmışdılar.

Aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənistan ordusu yenidən təxribata əl atmışdı. Şəhid Adil Adilzadə də digər döyüşçü yoldaşları kimi düşməni geri oturtmaq üçün hücum əmrini gözləyib. Naxçıvandan olan komandir leytenant Qabil Orucəliyev düşmən tərəfə hücuma keçməyi əmr verib. Adil Adilzadə və baş leytenant Cavid Dədəkişiyev də onunla birgə düşmən üzərinə hücuma keçiblər. Tərtər və Ağdərə istiqamətində gedən qızğın döyüşdə düşmənə ağır itki verərək, 17 erməni əsgərini məhv ediblər.

Kamran Adilzadə:

- Oğlum qolundan güllə yarası almasına baxmayaraq, döyüşü davam etdirib. Bir neçə saat döyüşdən sonra hərbçilərimiz düşmən snayperinin açdığı güllədən şəhid olublar.

Qeyri-bərabər qüvvələrin döyüşündə çoxsaylı ermənini məhv etməyi bacaran bu 3 igidin meyiti düşmənin işğal etdiyi Azərbaycan torpaqlarında qalıb. Döyüşçü yoldaşları onların köməyinə gəlsələr də, meyitlərinin düşmən tərəfindən götürüldüyünü görüblər. Düşmən tərəfi qəhrəman hərbçilərimizin meyitini yalnız 10 aprel tarixində geri qaytarıblar.


Kamran Adilzadə:

- Vətən uğrunda döyüşmək, düşmənə qalib gələcəyimiz günü oğlum o qədər gözləmişdi ki... 1 il üç ay düşmənlə üzbəüz səngərlərdə keşik çəkəndə də bu arzularla yaşamışdı...


Şəhidin anası Gülnarə Adilzadə nağıl edir ki, Adili çox çətinliklə dünyaya gətirib. Uşaq dünyaya gələn ərəfədə, 1993-cü ilin aprel ayında onun 28 faiz qanı var imiş. Həkimlər və ana bir gecə əziyyət çəkiblər. Hətta Gülnarə uşağı dünyaya gətirə bilmədiyi üçün özünü xəstəxananın pəncərəsindən atmaq istəyib, qoynunda 9 ay bəslədiyi övladı ilə birlikdə ölməyi üstün tutub. O vaxtkı həkimlərin səyi nəticəsində uşaq doğulub... Adil böyüdükcə, ana bütün ağrı-acılarını unudub, oğlu ilə qürrələnməyə başlayıb.

Gülnarə Adilzadənin söylədiklərindən:


- Kasıb olsaq da evimizdə tərbiyə, ədəb-ərkan olub. Yaşadığımız məhəllədə balalarım haqqında həmişə xoş söz eşitmişəm, onların adını hamıya nümunə çəkiblər. Adilin yolunu hasardan boylana-boylana gözləyərdim. Evə gələndə, zarafatlaşardı mənimlə, 175 santimetr boyu var idi. Deyirdim ki, bala əyil boyum çatmır, boynundan öpüm. Bir az nazlanıb sonra əyərdi boynunu. Mən də barmaqlarımın ucunda qalxıb sağ boynundakı xalından öpərdim. Balamın boynundan cənnət qoxusu, çiçək qoxusu gəlirdi. Mən onu sadə, səmimi, pak bir mələk kimi böyütmüşdüm. Əməli-saleh, doğru-düzgün bir oğul idi. O gəlib deyəndə ki, hərbiyə gedir, ağladım, dedim ay bala, bir oğulsan, səni hərbiyə necə buraxım? Su idarəsində işləyirdi, sonra gedib hərbiyə yazıldı. Ancaq öz dediyini elədi. Mübariz şəhid olandan sonra, dilində şəhid sözü bitdi. Özü də “Mübariz” postunda xidmət edirdi. Orada xidmətdə olduğu üçün sevinirdi. Tez-tez həmin postun önündə şəkillər çəkdirərdi. Əsəgərlikdən gələndən sonra mənə dedi ki, ana bir mərci şorbası bişir. Bizim evdə də heç vaxt belə şorba bişməmişdi. Sonra atası istədiyi ərzaqları alıb gətirdi, başladı şorbanı özü bişirməyə. Həmin gün hamımız ona gülmüşdük. Birinci dəfə idi ki, Adil qaba-qazana əl uzatmışdı. Özü daha çox kartof qızartmasını xoşlayırdı. Sonuncü dəfə onunla iki gün bərabər qaldıq, mart ayının 19-dan 21-nə kimi bizimlə bir yerdə oldu, Novruzu bərabər keçirdik. Onu darvazadan yola saldım. Dayanıb arxasınca su atanda, elə bil kimsə mənə dedi ki, bu axırıncı dəfə su atmağındır... Tutulub qaldım. Birdən dönüb dedi ki, niyə dayanıb baxırsan, keç içəri... Həyətə keçib hasarın arxasından boylandım dalınca. Getdi... getdi... Qəfildən dayanıb xeyli yenə küçəmizə baxdı, əllərini sallayıb yoluna davam elədi...


Sonra da ki... Qohum-əqrəba evimə axışdı. Balamın tabutunu gətirdilər. Həyətdə stolun üstünə qoydular. Boyum çatmadı ki, onu doyunca oxşayım. Dedim evə aparın ki, heç olmasa, balamı doyunca ağlayım. Əvvəlcə hadisələri sakit- səssiz izlədim. Birdən baxdım ki, Adilin çərçivəyə salınmış şəklini kimsə əlində tutub. Gözlərimə inanmadım. Həmin dəqiqə qışqırdım, nalə çəkdim. “Belə oğulu tabuta qoyarlar? Belə oğulu anasına belə gətirməzlər... Verin mənim balamı...”. Bir də hiss elədim ki, kimsə çiynimdən basır, çönüb arxama baxanda, Adili gördüm... Özü idi... Kim nə deyir desin mənə, yalan deyildi, çiynimdən basan əl də onun əli idi. Hənirtisini, qoxusunu hiss elədim... Ondan sonra susdum... Ancaq dəfni yola vermək üçün, el-obanı qarşılamaq üçün... Dünya tökülüşüb gəldi həyətimizə...


Xatirələri yadıma düşdükcə, içimdən çilik-çilik oluram. Onsuz dünyam dağılıb, baharım gedib... Hər bahar gələndə, mənə dərd gətirir. Bu il aprelin 17-də oğlumun 25 yaşını qeyd edəcəyik. 2016-cı ilin son ayında Yeni il bayramına gələndə, baxdım ki, çəkmələri köhnədir. Dedim ay bala, get özünə fərli əyin-baş al. Dedi ana neynirəm e... Mən onsuz da hərbi paltarda oluram. Amma sözümü yerə salmadı. Dostu Anarla gedib, paltar aldı özünə. Geyinib güzgünün qabağında o baş bu başa fırlandı... Gözlərim yollardadır... Elə bilirəm ki, nə vaxtsa qayıdıb gələcək. Adilin adı çəkiləndə, bütün vücudum alışıb yanır. Onu dünyaya gətirəndə çəkdiyim ağrı bundan asan imiş. Yuxularıma gəlir deyir ki, ana ağlama, yerim elə rahatdır ki...


Adilin canından artıq sevdiyi bacısı Könül ondan 3 yaş kiçikdir. Könül Şəki Dövlət Pedaqoji Universitetinə qəbul olanda, o, çox sevinmişdi, “kaş mən də oxuyaydım”, - demişdi. Qulluq etdiyi hərbi hissədən məzuniyyət götürəndə, mütləq bacısı ilə zəngləşib onunla Mingəçevirdə görüşər, evə birlikdə gələrdilər.

İndi həmin günlərin acısını yaşayır Könül Adilzadə:


- Deyirlər, zaman hər şeyin dərmanıdır, yaraları sağaldır, amma gün keçdikcə, daha çox qanayan yaralar var. Qardaşımın yoxluğu kimi... Ad günümdə, bayramlarda məni ilk olaraq o, təbrik edərdi, indi gözüm telefonda qalıb, mesaj gələr, zəng gələr deyə... Amma istəyimin qarşılığında böyük sükut var. Adilin, “Yaxşı olacaq İnşaallah, narahat olma”, deməyini özləmişəm. Ən xoş anımda sevincimə ortaq olmağını özləmişəm. Axı mənim xoş günümə məndən çox sevinən Adil idi. Məni məndən çox düşünən, hamıdan çox sevən... Zamanı geri qaytarmaq mümkün olsaydı... Hərbi mundiri ilə fəxr edirdim, indi adıyla fəxr edirəm, mən qəhrəmanın bacısıyam. Kədərli anlarımda yanımda olduğunu, başıma sığal çəkdiyini hiss edirəm. Bilsəm ki, məni eşidir, içimdən keçən sualı verərdim ona: “Adil, mənim üzülməyimə dözməzdin, bəs niyə belə sağalmaz yara vurub getdin, niyə tək qoydun məni?”.


Axırıncı dəfə Novruz bayramında görüşmüşdük onunla. Martın 17-si zəng vurub dedi ki, “evə 19-u gələcəyəm, amma gəl, ata-anamıza sürpriz edək, evə ayın 18- i gedək”. Adətən, belə görüşlərimiz çox olurdu. Razılaşdıq, martın 18-i gəldik evə. Atam yatmışdı, anam da bibimgildə idi, getdik bibimgilə. Bibim xəstə idi, onu görüb çox pis olduq. Bayramı bir yerdə keçirdik. Qardaşımla axırıncı şəklimizi Novruz bayramında çəkdirmişdik.


Aprelin 2-si cəbhədə vəziyyətin gərgin olduğunu öyrəndim, qardaşıma nə qədər zəng etdimsə, cavab vermədi. Evlə danışdım, atam, “narahat olma”, dedi. Sən demə, ayın 7-də otaq yoldaşım sosial şəbəkədən qardaşımın ölümü haqqında məlumat öyrənibmiş. Səhər yuxudan ayılanda, yataqxanadakı qızların mənə qəribə baxdığını hiss etdim, onların gözləri ağlamaqdan qızarmışdı. Ancaq mənə heç nə demədilər. Rəfiqəm xeyli vaxt idi ki, bizə, Mingəçevirə gedəcəyinə söz vermişdi. O, qəfildən dedi ki, “sizə getmək istəyirəm”, mən də bu təklifdən çox məmnun oldum, sevincək onunla birlikdə Mingəçevirə yola düşdük. Gördüm evimizdə narahatlıq var. Axşam küçəmizə təcili yardım maşını gəldi. Qaçdım maşının arxasına, qardaşımın dostu Azər tutdu saxladı məni, dedi ki, “Adil şəhid olub, Bərdədədir, onu gətirirlər”. Bütün gecəni yata bilmədim, evdə bu barədə bir kəlmə də danışmadım, çünki anamgil xoş xəbər gözləyirdilər. Ümid edirdilər ki, sağ-salamat gələcək Adil. Qardaşımın cənazəsini gətirəndə donub qaldım, ağlaya bilmədim, onun yoxluğunu dərk etməkdə çox aciz idim...

Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında uyuyan igid oğlanların sırasında qardaşım Adil Adilzadə də özünə məkan seçdi. Onu unutmurlar. Keçən il doğum günündə hərbçi dostlarının hamısı gəlmişdilər, məzarını sevdiyi çiçəklərə bürümüşdülər.

Atamın iş yoldaşı, Mingəçevir Şəhər Dram Teatrının baş rəssamı Rafael Zeynal Adilin çox gözəl portretini yaratdı. Qardaşım elə şirin xatirələr qoyub getdi ki...

Qardaşımı dəfn edəndə bu meydanda tək qalan, yeganə oğlunu itirən atam, Azərbaycan bayrağını öpüb dedi ki, “Təki Vətən sağ olsun”.
Vətəni Adil kimi, Qabil kimi, Teymur kimi oğlanlar Vətən edir, qibləgah edir...


Aida Eyvazlı Göytürkün
“Qalibiyyət: şahidlər və şəhidlər” kitabından
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.05.2019
Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək
20.05.2019
Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib
20.05.2019
Kürdəmirdə "ASAN xidmət" mərkəzinin tikintisinə 20 milyon manat ayırılıb
20.05.2019
İsgəndər Həmidov əməliyyat olunmaq üçün xaricə aparılıb
20.05.2019
“Diqlas”ın nə vaxt söküləcəyi məlum olub