Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Paşinyan Azərbaycana müharibə təklif etdi - istədiyini alacaq

12:03  |    13 Mart 2019  |   E-mail  |  Çapa göndər


Ermənistan rəhbərliyinin danışıqları dayandırmaq istiqamətində növbəti təxribatçı addımı; politoloq: “Azərbaycan Qarabağ məsələsinin hansı yolla həll edilməsi qərarını verə bilər...”

Ötən həftə Avropa İttifaqından və ATƏT-in Minsk Qrupu həmsədrlərindən danışıqların formatının dəyişdirilməsi ilə bağlı iddialarına rədd cavabını alan Ermənistan rəhbərliyi çıxış yolunu növbəti təxribata əl atmaqda gördü. Baş nazir Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə son səfəri və burada şou sərgilməsinə başqa ad vermək mümkün deyil.

Ölkə daxilindəki rəqibləri revanşa hazırlaşan, üstəlik, xalqın gündən-günə artan etirazları ilə üz-üzə qalan Paşinyan Qarabağla bağlı radikallığa üstünlük verməklə kreslosunda möhkəmlənməyi hədəfləyib. Beynəlxalq aləm ondan Qarabağ məsələsi ilə bağlı, nəhayət, konkret addımlar atmasını gözlədiyi halda, erməni baş nazir vəziyyəti gərginləşdirməyə yönəlik kursa üstünlük verməyə başlayıb.

Xəbər verildiyi kimi, erməni baş nazir işğalçı ölkə və separatçı rejim rəhbərlərinin iştirakı ilə ilk dəfə Azərbaycanın işğal altındakı torpaqlarında keçiriləcək Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Xankəndinə gəlib. Həmçinin o, işğal zonasında hərbi xidmətdə olan oğlu ilə şəkillərini də sosial şəbəkələrdə paylaşmaqla açıq şəkildə təxribat yolunu seçdiyini nümayiş etdirib.

Maraqlısı budur ki, Ermənistan prezidenti Armen Sərkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib. Ermənistan KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Prezident Aparatının ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Məlumata görə, A.Sərkisyana tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: “Ancaq texniki səbəblərə görə prezident Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək”. “Report” xatırladır ki, martın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyan da Qarabağa gəliblər.

Təhlilçilər A.Sərkisyanın tədbirə gec dəvət edilməsini baş nazirlə prezident arasında inamsızlıqla əlaqələndirirlər. Ancaq müşahidələr göstərir ki, Qarabağ danışıqlarından kənara sıxışdırılan A.Sərkisyan N.Paşinyandan fərqli mövqe sərgiləməyə üstünlük verir. Ola bilər ki, erməni prezident Paşinyanın taleyinin qaranlıq olduğunu bildiyindən onunla məsuliyyəti bölüşməkdən imtina xəttini yürüdür.

Yuxarıda qeyd etdiyimiz kimi, Minsk Qrupu bu günlərdə bəyanatla çıxış edib. Həmsədrlər İrəvanı fitnəkar ritorikadan çəkinməyə və danışıqların Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması prinsipi əsasında aparılmasına çağırıblar. Ekspertlər hesab edir ki, bu, rəsmi İrəvanın mövqeyini darmadağın edən bəyanatdır və Ermənistanın substantiv danışıqlardan qaçmaq imkanlarını məhdudlaşdırır. Eyni zamanda Brüsseldə Paşinyanın nəzərinə çatdırılıb ki, danışıqlar ilkin şərt qoyulmadan və format dəyişikliyi olmadan davam etdirilməlidir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə həmsədrlərin son bəyanatından sonra yeni plan üzərində fikirləşir. Publika.az xəbər verir ki, bu haqda Ermənistanın “Past” nəşri mənbələrinə istinadən yazıb. “Ölkə hakimiyyətində Qarabağ məsələsi üzrə bir neçə variant var. Ancaq xüsusilə həmsədrlərin son bəyanatından sonra bizim məlumatlarımıza əsasən, Paşinyan yeni plan üzərində düşünməyə başlayıb. O, çox xoş olmayan proseslərin perspektivi halında növbəti ”günah keçisi"ni axtarmağa başlayacaq və məsuliyyəti xarici siyasətə görə cavabdeh şəxs kimi Zoqrab Mnatsakanyanı üzərinə qoyacaq. Bu halda, o sadəcə, bir tərəfdən vaxt udmaq, digər tərəfdən günahın bütün yükünü Zoqrab Mnatsakanyanın üzərinə atmaq üçün onu əvəzləyəcək", - nəşr qeyd edib.

İstənilən halda, Avropa İttifaqından və həmsədr ölkələrdən gələn sərt mövqelər Paşinyana ardıcıl endirilən zərbələr kimi xarakterizə oluna bilər. Azərbaycan prezidenti ilə görüşməyə hazır olduğunu iddia edən N.Paşinyanın sərgilədiyi mövqe danışıqları deyil, hərbi variantı önə çıxarır. Faktiki olaraq Ermənistanın baş naziri Azərbaycana müharibə təklifini etdi və bu gedişlə davam edərsə, istədiyini alacaq. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, işğala son qoyulmasa və İrəvan status-kvonu izatmaqda israrlı olsa, o halda ərazilərin istənilən yolla azad edilməsi variantının alternativi qalmayacaq, çünki rəsmi Bakının səbri sonsuz deyil. N.Paşinyanın həyat yoldaşı və komandası ilə Azərbaycan ərazilərinə gələrək burada Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi beynəlxalq hüququn növbəti dəfə kobud şəkildə pozulmasıdır. Hansı ki, ötən il seçkiöncəsi ağır dövrünü yaşayan N.Paşinyan Azərbaycan prezidenti ilə görüşdə atəşkəsin qorunub-saxlanması ilə bağlı razılıq əldə edəndən sonra danışıqların davam etdirilməsi mövqeyindən çıxış edirdi. Lakin onun son davranışları danışıqlar prosesinin ruhuna zidd olmaqla yanaşı, özünün əvvəlki bəyanatları ilə də ziddiyyət təşkil edir. Məsələ burasındadır ki, N.Paşinyan hakimiyyətə yeni gələn zaman Ermənistanın Dağlıq Qarabağın daxili işlərinə qarışmasını mümkünsüz sayaraq, danışıqlarda “Qarabağ xalqı”nın tərəf kimi iştirakı zərurətindən dəm vururdu. Əgər Paşinyanın iddia etdiyi kimi, Ermənistan Dağlıq Qarabağ separatçılarının “daxili işlərinə” qarışa bilmirsə, onda işğalçı ölkəyə aid qurumun toplantısının bu bölgədə keçirilməsinin özü də məntiqsizdir, həm də prosesi savaşa sürükləyən təxribatçı addımdır. Bu minvalla Azərbaycan N.Paşinyanı Qarabağa gətirən istənilən nəqliyyat vasitəsini məhv etmək hüququndan istifadə edə bilər, artıq erməni tərəf buna özü zəmin hazırlayır. Xalqların sülhə hazırlanması barədə Paris anlaşmasının ardınca Ermənistanın sərgilədiyi davranışın sülhə qətiyyən aidiyyəti yoxdur.

Bu mənada Azərbaycan tərəfinin genişmiqyaslı hərbi təlimləri davam etdirməsində qeyri-adi heç nə yoxdur. Günün birində təmas xəttində yarana biləcək gərginliyə görə şübhəsiz ki, Ermənistan məsuliyyət daşıyacaq. Aprel dərsinin ildönümünə isə çox qalmayıb...

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında Ermənistanın təxribatlarından bəhs etdi: “Münaqişə tarixində birinci dəfədir ki, Ermənistan Təhlükəsizlik Şurasının toplantısı Xankəndində keçirilir. Bunun özü absurd bir məsələdir. Yəni Paşinyanın qeyri-adekvat bəyanatlarından sonra belə bir addım atması da daxili siyasətə hesablanan bir variantdır. Guya ki, Xankəndində keçirilən toplantıda qondarma qurum tərəfindən Paşinyana danışıqlarda təmsilçiliklə bağlı mandat veriləcəkdi. Danışıqlar formatının dəyişdirilməsinə Azərbaycan tərəfi mənfi reaksiya verdikdən sonra Avropa İttifaqı da öz bəyanatını verdi və formatın dəyişməz qalaçağını bildirdi. Paşinyanın səfəri təbii ki, bir planlaşdırılmayan səfər deyil, nə qədər buna rəsmiyyət donu geyindirməyə çalışsalar da, ciddi krizis yaşanır. Bir müddət öncə təhlükəsizlik xidmətinin nümayəndə heyətinin səfəri və s. bununla birbaşa əlaqəlidir”.

Politoloqa görə, Paşinyan mütləq şəkildə ATƏT-in bəyanatını diqqət mərkəzində saxlayacaq və separatçıları sakitləşdirməyə çalışacaq: “Çünki o, parlamentdə verdiyi sözün üstündə dura bilmədi. Hətta separatçılar belə bir şayiə yayırlar ki, guya format dedikdə ATƏT öz formatını nəzərdə tutur. Belə rəy yaratmağa alışır ki, Azərbaycan tərəfi Fransanın Türkiyə ilə əvəzlənməsini istəyir. Təbii ki, bunlar boş sözlərdən başqa bir şey deyil. Yəni Paşinyanın səfərində əsas məqsədi özünə bəraət qazandırmaqdır”.

A.Nağıyevıin sözlərinə görə, gələcək danışıqlarda Ermənistan yenə də öz fikrində qalacaq və çalışacaq ki, qondarma qurum danışıqlarda iştirak etsin: “Bununla belə, Paşinyan dərk edir ki, mütləq şəkildə danışıqlarda iştirak edəcək. Çünki əks halda baş verə biləcək istənilən insidentə görə birbaşa cavabdehlik onun üzərində qalacaq və o da sələflərinin yolunu təkrar edəcək. Danışıqlara gəldikdə, ermənilər çalışacaqlar ki, konkret nəticələr əldə edilməsin və bunlar bir daha formatla bağlı problem qaldırsınlar. Təbii ki, Azərbaycan tərəfi də buna yol verən deyil. İnandırıcı deyil ki, Paşinyan güzəştli bir variantı separatçılara təklif edə bilsin, buna onun nə mənəvi, nə də başqa cür haqqı çatmaz, müharibə və ya hərbi yola gəlmək də inandırıcı görünmür. Çünki bu, Paşinyan tərəfindən həll olunmur və bu qərarı o verə bilməz”.

Politoloq qeyd etdi ki, son vaxtlar Ermənistan rəhbərliyi qeyri-adekvat bəyanatlar verməklə əsas məqsəd kimi danışıqlar formatının dəyişdirilməsini ön plana çəkir: “Burada da bir sıra məqsədlər güdən Paşinyan və onun komandası bununla həm daxili, həm də xarici siyasəti dəyişdirməyə çalışır. Daxildə iqtisadi və siyasi vəziyyət pik nöqtəsinə çatıb. Belə ki, aprel ayında artıq hakimiyyətə gəldiyinin bir ili tamama olan paşinyançılar hesabat verməyə hazır deyillər, çünki Köçəryanın həbsi, Xaçaturova qarşı ittihamlar, Sərkisyanın cinayətə cəlb edilmə cəhdləri daxili gərginliyi azaltmır. Buna görə də ”Qarabağ kartı" yenə işə salınıb. Orada da əsas siyasət ancaq qondarma qurumun danışıqlara cəlb edilməsini qabartmaq ola bilər. Təbii ki, bu məsələ havadarlarla da razılaşdırılıb".

Politoloq hesab edir ki, istər İranda, istərsə də Brüsseldə Paşinyan diasporun rəğbətini qazanmaq üçün populist çıxışlar edib: “O, Azərbaycanın münaqişənin həllində hərbi yola əl atacağını gündəmə gətirir. Lakin Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyini niyə işğal olunan ərazilərə göndərdiyini dilinə də gətirmir, müdafiə nazirinin hücum taktikası seçmə bəyanatından danışmır”.

Ekspert ATƏT-in Minsk Qrupunun mövqeyinin və ATƏT sədrinin regiona səfəri zamanı səsləndirdiyi fikirlərin deklorativ bəyanatlardan o yana keçmədiyini bildirdi: “Əgər danışıqlar iki dövlətin XİN rəhbərliyi səviyyəsində aparılırsa və bu ATƏT-i qane edirsə, onların susması absurd görünür. Əks halda, bu özbaşınalıqlar sanki onlarla razılaşdırılan kimi görünür. İlk növbədə ATƏT-ın Minsk Qrupu öz sözünü deməlidir, bundan sonra Azərbaycan tərəfi Qarabağ məsələsinin hansı yolla həll edilməsi qərarını verə bilər. Çünki ərazilərimizlə bağlı qərar qəbul etmək suveren dövlət kimi bizim müstəsna səlahiyyətimizdə olan məsələdir”.
musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.05.2019
Cəbhədə düşmən təxribatı davam edir
18.05.2019
Şəhid Sənan Rüstəmov anıldı - FOTOLAR
18.05.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozub
18.05.2019
Laçının işğalından 27 il ötür
17.05.2019
Paşinyan: "Biz Azərbaycanla danışıqları tormozlamayacağıq"