Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

Cənab Leytenant...

21:12  |    23 Fevral 2019  |   E-mail  |  Çapa göndər

Təxminən iyirmi il əvvəl qardaşımın bizimlə yaşayan oğlu Cahid əsgər gedəndə böyük qardaşı da Naxçıvanda qulluq edirdi.

Nazlı Ağayeva |

Evdə üç məktəbli uşaq, naxoş valideynlər... Qış qapının ağzını alıb, meşədən odun gətirmək üçün nə fiziki qüvvə var, nə meşəbəyiyə veriləcək pul. Mən də digər əsgərin qospital xəbərinə Naxçıvana uçub qanadı yoluq qayıtmışam. Kəlmə saya-saya qonorar hesablayıb, özümü oda-közə vururam. Anam rayondakı kirayə evimizin istisindən imtina edərək soyuq çəkib xəstələnmək üçün kəndə gedib. Bu, əslində işi təcili yoluna qoymaq barədə mənə verilən son möhlətdi.

Bu ara xanım-xatın ev sahibəmiz Qənirə xala qışlamaq üçün şəhərə gedəcək, gərək ona da iki-üç aylıq kirayə verək. Tərslikdən payız qışdan betər gəlib. Yağış elə soyuqdu ki, adam damcılardan özünü asmaq istəyir. İsti daxmamızda problemin çıxış yollarını axtararkən birdən ağlıma yazmaq gəldi. Əlimdən başqa şey gəlmədiyindən qəribə bir məktub hazırladım... Hayıf, çox hayıf ki, o zamanlar arxiv yığmağa texniki imkanlar yox idi və deyim ki, belə şeylərin heç olmasa qaralamasını saxlamağa qeyrət də olmadı. Səhər tezdən əlimdə məktub təkrar “aidiyyətli” ünvanlara deyil, uşağın hərbi hissəsinə yola düşdüm.

...Ondan yarım il əvvəl uşağın düşəcəyi yeri öyrənmək üçün Biləcəriyə qədər əsgər avtobusunu “izləmişdim”. Çatar-çatmaz qolumdan yapışıb köşkün arxasına çəkərək paytaxtdakı bütün hərbi hissələrin “endirim qiymətlərini” sadaladılar. Hətta fikirləşmək üçün vaxt da verdilər.

Güclə əllərindən qopub uşağın həndəvərində dolaşmağa başlayanda ağlıma gəldi ki, pul tapıb onu yaxın yerə saldırım. Daha əsgərlik ailəvi olduğundan uzaq get-gəllərdən gözüm qorxmuşdu. Bir saata şəhərə dəyib əlimdə pul qayıdanda uşaqları bölüb qurtarmaq üzrə idilər. Bakı ətrafına uşaq seçmək üçün gözləyən hərbiçilərə yaxınlaşıb birbaşa “sövdələşməyə” keçdim. Maraqla dinləyənlərdən biri gülümsəyib başqa övladım olub-olmadığını soruşdu. “Cənab Leytenant” deyə müraciət edilən adama qısaca vəziyyəti danışdım. Bir anlığa fikrə gedib uşağın adını-soyadını yazdı. Hərbi hissənin də yerini izah edib, mənə çıxıb getməyimi məsləhət gördü. “Siz pulu götürməsəniz mən gedə bilmərəm”, – dedim. Adam çiyinlərini çəkib uzaqlaşdı.

O vaxta qədər kimsə məni belə pərt vəziyyətdə qoymamışdı. Nə edəcəyimi bilmirdim. Onun da nə edəcəyini... Uşağı taleyin ümidinə qoyub gedə bilməzdim. Eləcə gözləməyə başladım. Axşam bir yolunu tapıb yemək-içmək çatdırdım. Gecəyarısı uşaqların saxlanıldığı yerin qarşısında hərbi maşın dayandı. Mən də yaxınlaşdım. Bayaqkı köməkçiləri ilə həmin leytenant bizim uşağı götürüb maşına yaxınlaşanda qəfil məni görüb uşağa nəsə dedi. Həyəcanla qaçaraq gələn uşağın ciblərinə hıçqıra-hıçqıra çantamdakı ərzağı, suyu, pulu dürtürdüm. Birdən ucaboylu leytenantı başımızın üstündə görüb harda olduğumuzu xatırlayaraq üzr istədim. O isə heç nə görməyibmiş kimi uşağı təhvil alıb yanındakı hərbiçini harasa göndərdi. O tünd rəngli hərbi maşın tərpənəndə indicə çiynimdəki tərli əllərin doğma qoxusu da gedəcəkdi. Gerisini düşünməyə heyim qalmamışdı.

Birdən peyda olan taksinin sürücüsü arxa qapını açıb səsləndi:

– Komandirin bacısı, əyləş, gedək...

Ağır-ağır tərpənən maşının kabinəsindən leytenant biləyindəki saatı göstərdi. Yəni, gecdir, çıx get. Sürücüdən soruşdum, ikiyə işləyirdi...

***

Uşaqla görüşüb məktubu leytananta çatdırmasını xahiş etdim. Əslində ona yazılmayan məktubun taleyi ondan asılı idi. Və o kağızı ünvana çatdırmaq cəsarət tələb edirdi. O kağızda nələr yox idi: “Evdə əsgər getməyən ikisi qız olan üç məktəbli uşaqla bir qoca nənə qalıb. Onların qışdan salamat çıxması kimsəni maraqlandırmır, təbii ki, sizin də belə bir öhdəliyiniz yoxdur, amma o ailənin bir fərdi sizin əsgərinizdir”...

Bakıdan qayıdandan bir neçə gün sonra rəngi ağarmış Qənirə xala oyatdı ki, a bala, həmişə heç olmasa polis gələrdi dalınca, indi bir topa əsgər gəlib...

Uşağın “çastından” on günlüyə göndərilmiş o bir topa əsgər evdə “əsgər getməyən” nənə və nəvələr üçün məxsusi hədiyyələr daxil böyük bir ərzaq ehtiyatı ilə gəlib evin bütün qış tədarükünü ikiqat yerinə yetirdilər. Rayonun aidiyyətli idarələri hərbi hissənin sərt tonda yazılmış rəsmi məktubu ilə gələn boylu-buxunlu əsgərlərin qabağında kiçilib toza dönmüşdülər.

Əsgər uşaqların dilindən cənab leytenant düşmürdü. Kasıb balaların haqqı naminə rütbəcə çox böyüklərin qarşısına cəsarətlə dikilmək ən adi həyat normasıymış. Rüşvət və korrupsiya məkanında vicdanını təmiz saxlayan döyüşçü zabit tabe olmağa hərbi nizamnamədən başqa qüvvə tanımırmış. Ondan bir əfsanə, meyar kimi danışırdılar, onu sevirdilər, ona güvənirdilər.

Novruz ərəfəsiydi. Əsgərlərə qayıdanda özlərinin yığdıqları mer-meyvədən, evdə hazırlanan bişmiş-düşmüşdən verib yola saldıq. Cənab leytenanta balaca qutuda ayrıca sovqat yığıldı. Qutunun içindən bircə dənə alma götürüb qalanını novruzda payı gəlməyən uşaqlara verdiribmiş.

Barəsində təmənnasız deyilənləri və içində olduğum o Biləcəri gecəsindəki hərəkətləri birləşdirəndə böyük bir insanın təbii cizgiləri yarandı. Əsgər dəllallarının Biləcəri bazarında gecənin bir aləmi dəli kimi dolaşan sadəlövh vətən qızını “komandirin bacısı” qoruması ilə yola salmağa qədər həssas ürək sahibinin... Xoşlamasa da, ona nə qədər minnətdarlıq borcum vardı. Bakıya getmək ərəfəsində çox ağır xəbər aldım. Bizim sevimli leytenantımız faciəli surətdə həlak olubmuş. Cahid o qədər sarsılmışdı ki, təfərrüatı soruşmağa ürək etməyib sadəcə adını soruşdum. Dilqəm imiş. Cəmi bircə dəfə rastlaşdığım bənzərsiz şəxsiyyət-cavan hərbiçi üçün yana-yana ağladım.

– Eh, Dilqəm komandir, gedəndə biləyindəki saata baxmadınmı? Çox tez idi axı, həm də nə qədər vaxtsız. Əsgərlərin artıq erkən qocalmış qırx yaşlı kişilərə çevriliblər. Dəyişməyən yalnız onların qayğılı baxışlarına hopmuş xatirələrdir, Cənab Leytenant. Səndən qalan unudulmaz, işıqlı xatirələr...

Nazlı Ağayeva
meydan.tv
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları