Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6137

Digər sorğular

Mediaya dövlət dəstəyi siyasətinin iflası

21:18  |    06 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Fevralın 1-də Azərbaycan Respublikasının prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişdi.

Tələblərə əsasən, son üç ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİVDF tərəfindən maliyyələşdiriləcək.Tələblərə cavab verməyən və dövlət tərəfindən maliyyələşdirilməyən qəzetlər isə bunlardır: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe”. Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə "Səs”, "Yeni Azərbaycan”, "Yeni Müsavat”, "İki Sahil”, "Kaspi”, "Kaspiy”, "525-ci qəzet”, "Bakı Xəbər” və "Novoye Vremya”nın adları çəkilir. Bu qərardan sonra maliyyələşdirilməsi dayandırılan qəzetlərin bir çoxu fəaliyyətlərini dayandıracaqlarını bildirdilər. Hökumətin bu qəzetləri maliyyələşdirməkdə məqsədi hər kəsə bəllidir. Ən adi vətəndaşın xırda bir şikayətini belə işıqlandırmağa cəsarəti çatmayan həmin nəşrləri Azərbaycan oxucusu almırdı. Bir çoxu abunə vasitəsi ilə dövlət qurumlarına satılırdı. Buna baxmayaraq, hökumət vətəndaşların vergisi hesabına formalaşdırılan büdcədən KİVDF vasitəsi ilə onlara pul ayırırdı. Həmin qəzetlərin maliyyələşdirilməsinin indi sonlandırılması ictimaiyyətdə xeyli suallar və maraq doğurub. ASTNA bu suallara “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdən cavab almağa çalışıb.

***

- Arif bəy, KİVDF 20-yə yaxın qəzetin maliyyələşməsini ləğv etdi. Bundan sonra cəmi 10-a yaxın qəzet KİVDF tərəfindən maliyyələşəcək. Niyə birdən KİVDF qərara gəlir ki, daha bu qəzetlərə ehtiyac yoxdur? Bu, hansısa yeni tendensiyanın başlanğıcıdır? Bu addımı necə qiymətləndirirsiniz?

Arif Aliyev-Buna "addım" yox, sağa-sola vurnuxmaq deyərdim. Ölkədə idarəçilik sistemində dəyişikliklər həyata keçirilməyə başlayıb. Hələlik onları islahat adlandırmaq tezdir, amma çarx hərəkətə gəlib. Bəzi yararsız qurumlar, fondlar artıq onun altında qalıb. KİVDF "çarxın" qabağından qaçmağa çalışır. Ona görə də tələsikdə məntiqsiz qərarlar qəbul edir. Dekabrın 14-də Fondun Müşahidə Şurasında elan edildi ki, "yeni dövrün tələblərindən irəli gələrək" KİV-lərə maliyyə yardımı 6 ay deyil, 3 ay müddətinə ayrılacaq. Sən bir "dövrün tələbinə" bax!!! Yanvarın əvvəlində Fond 32 qəzetə bu "qışı keçirməyə" 612 min 500 manat pul ayırdı. Üçcə həftədən sonra isə məsələnin ilk baxışda göründüyündən daha qəliz olduğunu anlayıb yenidən toplaşdı. Bəyan etdi ki, sən demə, "dövrün tələbləri"nə tam uyğunlaşmaq üçün müddəti qısaltmaq azmış, pul paylanan qəzetlərin sayını da ixtisara salmaq lazımmış! Arada yarım milyondan çox vəsait getdi işinə.

Amma hətta hər məntiqsizlikdə də bir məntiq var. "Oksigen yastığı"na birləşdirilmiş "xəstə"lərin sayının kəskin azaldılması qalanların sağalıb ayağa durmasına kömək edə bilər. Yəni, 32 balaca qəzetə yalandan nəfəs vermək əvəzinə 5-10 qəzeti bəsləyib onları cəmiyyətdə, bəlkə, daha geniş dairədə söz sahibi olan KİV-lərə çevirmək mümkündür. Amma buna da ümid bəsləmək əbəsdir. Cünki Fondun bütün fəaliyyəti yanlış meyar üzərində qurulub. Nədir başlıca meyar? İndiyədək tirajı 2500, yayımı 1000 nüsxə olan qəzetlərə yardım olunurdu, indi tirajı 5000, satış və abunəsi 2000-dən az olmayanlara pul düşəcək! Azərbaycanda qəzet satışı şəbəkəsi darmadağın edilib, abunə sistemi isə tam saxtakarlıq üzərində qurulub: abunə planı məmur kabinetində tutulur, sonra isə idarələrə hansı qəzetə nə qədər yazılmaq barədə göstəriş verilir. Rəqəmlərdən başqa heç nə dəyişmir, prinsiplər həmin prinsiplər olaraq qalır. Sadəcə, indi ictimai qazanın ətrafında əlində çömçə 32 nəfər yox, 10 nəfər əyləşdiriləcək. Nə o 22 qəzetin acından ölməsini, nə bu 10 nəşrin indi daha yaxşı qidalanmasını Azərbaycan jurnalistikası bütövlükdə hiss etməyəcək. Oxucuların da bu prosesə maaşlarından məcburi pul tutulmasından başqa aidiyyatı olmayacaq.

"Bəlkə bu, yeni tendensiyanın başlanğıcıdır?" - soruşursunuz. Əminliklə deyirəm ki, bu qərarı verənlərin beynəlxalq mətbuatda ciddi tendensiyalardan xəbərləri yoxdur. KİVDF indiyədək olan uğursuzluqları və "dəyişiklik" qərarını "Hazırda bütün dünyada... çap mediasının obyektiv səbəblərdən problemlə üzləşməsi ilə", tiraj və gəlirlərin hər yerdə azalması ilə əsaslandırır. Deyəsən, "qəzet böhranı" barədə xəbər bizim Müşahidə Şurasına çox gec gəlib çatıb. Artiq 10 ilə yaxındır ki (elə təxminın KİVDF yaranandan), dünyada əks proses gedir. Ümumdünya Qəzetlər Assosiasiyasının hesabatına görə, təkcə 2010-2015-ci illərdə çap tirajları 21,6% artıb, hətta Böyük Britaniya, Fransa, Almaniya kimi yeni medianın güclü inkişaf etdiyi ölkələrdə də 2016-cı ildən qəzet tirajlarının ildə azı 2-3% artımı qeydə alınıb. Yox, dünya KİVDF gedən istiqamətdə getmir, orda artıq köç geri qayıdır.

- İllərdir hökumət rəsmi, məmur-oliqarxlar isə qeyri rəsmi olaraq mediaya pullar ayırır. Hətta jurnalistlərə hökumət tərəfindən ev verilir və bunu hökumət piar kimi istifadə edir. Amma onu da deyək ki, illərdir ekspertlər mediada durumun bərbad olduğu barədə həyəcan təbili çalır. Bəs onda bu mediaya ayrılan pullar hara gedib? Hansı məqsədlər üçün istifadə olunub?

-Onu düz deyirsiniz: peşəkarlar dəfələrlə xəbərdarlıq ediblər ki, siz bu qəzetləri "əldən yeməyə" öyrəşdirməklə onları və Azərbaycan mediasının böyük, 140 illik ənənəyə malik qolunu ölümə məhkum edirsiniz. Ekspertlər haray çəkiblər ki, "Kütləvi İnformasiya Vasitələrinə dəstək" kimi mühüm ictimai məqsədə ayrılan büdcə vəsaitini pay-püş etməyin, ayrı-ayrı redaktorlara "loyallığa görə haqq" olaraq ödəməyin, axırda onları uçuruma gətirəcəksiniz. Hər dəfə bunu söyləyənlərə qarşı həmin qəzetlərin redaktorlarını, "növbətçi" deputatları hücuma qaldırırdılar. Nə oldu? 10 ildə hər birinə 1 - 1,5 milyon manat xərclənmiş qəzetlər bir günün içində necə çökdülər? Pul da getdi, şanlı tarixə malik neçə nəşr də. Bu idimi mediaya dövlət qayğısının məqsədi? Budurmu günü-gündən çıçəklənən mətbuatımızın inkişafının, gücünün göstəricisi? Yenə də deyirik: bu gedişatla qalan qəzetləri eyni tale gözləyir. KİVDF-nin fəaliyyətində nəyinsə dəyişəcəyinə azacıq işarə yoxdur. Sübut? Fondun Müşahidə Şurasının son iclasının qərarları. 22 qəzeti "süddən kəsəndən" sonra Fond heç nə olmamış kimi işinə davam edib. Qalan 10 qəzet üçün növbəti kvartala eyni prinsiplər üzrə müsabiqə elanını təsdiqləyib və Fondun yaradılmasının 10-cu ildönümü, habelə Novruz bayramı münasibəti ilə köhnə qaydada fərdi jurnalist yazıları müsabiqəsinə start verib. Bir adam bunları çağırıb soruşmur ki, yubileyini qeyd etməyə hazırlaşdığınız təşkilata bu 10 ildə xalqın malından aşağı-yuxarı 50 milyon vəsait ayrılıb (tikintilərdən başqa). Nə yaratmışınız, nə qoymuşunuz ortalığa? Deyəcəklər: dövlətin vəsaitinə qəzetlərə yardım paylamışıq, fərdi müsabiqələr keçirmişik, icra hakimiyyətləri ilə görüşlərdə olmuşuq, xaricə kollektiv səfərlər etmişik, bayram şənlikləri qurmuşuq. Yenə də davam edirik.

- Maliyyəsi dayandırılan 20 qəzet içərisində "Şərq", "Ədalət", "Bizim Yol" kimi cəmiyyət tərəfindən azdan-çoxdan tanınan qəzetlər var. Eyni zamanda maliyyəsi davam etdirilən qəzetlər içərisində reytinqi çox aşağı olan qəzetləri görmək mümkündür. Həmçinin hakim partiyanın rəsmi orqanı olan "Yeni Azərbaycan"ı. Sizcə, bu qəzetlərə maliyyə hansı kriteriyalara uyğun ayrılır? Və ya 700 min üzvü olduğunu söyləyən hakim partiyanın rəsmi orqanına niyə vergiödəyiciləri hesabına formalaşan dövlət büdcəsindən vəsait ayrılmalıdır ki?

- Çünki həyata keçirilən media siyasəti belədir. Nəzərə alın: rəsmən elan olunan yox, gerçəklikdə həyata keçirilən siyasət. Sizin bu suallarınıza heç guya o qərarı qəbul etmiş Müşahidə Şurasının üzvləri də cavab verə bilməzlər. Axı siyahını onlar tərtib etməyiblər. Prezident Aparatından Fondun işinə nəzarət edən qurumdan gələn siyahıdır, təsdiq ediblər. Sizin indi səsləndirdiyiniz suallar da ora yönləndirilməlidir. Amma bir halda ki, soruşursunuz, fikrimi deyim: bəzi ixtisaslaşmış, məsələn, uşaq nəşrlərindən başqa heç kimə büdcədən pul paylanmamalıdır. Xüsusilə də partiya qəzetlərinə. 60 yaşında xəstə müəllimin maaşından tutulan vergi ilə onun ömründə üzünü görmədiyi və görmək istəmədiyi bir şəxsi qəzetin qırmızıyanaq, iki maşında gəzən redaktoruna niyə maaş verilməlidir? Büdcə vəsaiti dövlət və ictimai maraqlara xidmət edən inkişafa, media sahəsində infrastruktur dəyişikliklərinə, yeni resursların yaradılmasına sərf olunmalıdır.

- Belə fikirlər var ki, maliyyəsi dayandırılan 20 qəzetdə çalışanlar vaxtında bu vəziyyətə qarşı çıxıb azad rəqabət, reklam mühiti tələb etsəydilər, bu gün bu duruma düşməzdilər. Həmin jurnalistlər dövlətin medianı dəstəkləməsinə etiraz edib, medianın müstəqilliyinə çalışsaydılar, indi bu vəziyyətə düşməzdilər. İndi həmin jurnalistlər işsizdilər. Hökumətdən gələn maliyyə ilə işləməyə öyrəşmiş jurnalistlər hökumət üçün təhdidə, başağrısına, problemə çevrilə bilməzlərmi? Yoxsa, hökumət onları susdurmaq üçün hansısa başqa vasitələrə əl atacaq?

- Qabaqdangəlmişlik etmək istəmirəm. Həm də verdiyimiz sual maddiyyatdan çox mənəviyyatla bağlı olduğu üçün ona hərə özü cavab verməlidir. Mənə elə gəlir, KİVDF-nin elan etdiyi şərtlərlə oynamağa razı olanlar nəyə getdiklərini başa düşürdülər. Ona görə əksər redaktorlar əvvəlcədən hazırlıqlarını görmüş olarlar. O ki qaldı adi jurnalist həmkarlarıma, işini itirənlərin halına acıyıram, zərbənin ağırı çox vaxt onlara dəyir.

- Azərbaycanda azad media həm də reklam bazarı olmadığına görə sıradan çıxıb. Reklam bazarı olsaydı, bəlkə də bu gün maliyyəsi dayandırılan və dayandırılmayan qəzetlər də bağlanmağa məhkum olmazdı. Azərbaycanda reklam bazarı niyə yoxdur?

- Niyə ki? Azərbaycanda reklam bazarı var. Onun buğünkü potensial ölçülərini təsəvvür etmək üçün 1996-1999-cu illərin reklam bumunu yada salmaq kifayətdir. Amma indi bu bazar medianın özü kimi eybəcər hala salınıb. Onu kiçik bir qrupun inhisarından, diktatından xilas etmək lazımdır. İkinci mühüm şərt iqtisadi islahatlardır. Ölkədə sərbəst və ədalətli rəqabətin inkişafına şərait yaratmaq, monopoliyanı aradan qaldırmaq, orta təbəqənin formalaşmasına imkan vermək lazımdır. Dünyada reklamın təqribən 2/3 hissəsi orta və kiçik biznesin, xidmət sahələrinin payına düşür. Bizim təxminən 8 il əvvəl apardığımız son tədqiqat göstərdi ki, Azərbaycanda reklamın 90%-ni iri biznesin (bunun da 60%-ni üç nəhəngin - bank, mobil rabitə və kompleks tikinti sektorlarının) reklamı təşkil edir. Bu, nə deməkdir? Bu o deməkdir ki, orta təbəqə bizdə tamam nazilib, əhali əsasən varlılara və kasıblara bölünür. Bəlkə, indi mənzərə bir az dəyişib, amma düşünmürəm.

- KİVDF və Mətbuat Şurası kimi qurumlar nə işə baxır? Bu kimi qurumlara ehtiyac varmı? Ümumiyyətlə, sizcə, medianı və jurnalistikanı düşdüyü bu ağır durumdan çıxarmaq üçün nə etmək lazımdır?

- Mən sizə KİVDF-nin 10 illik fəaliyyətinin onun yaradılma məqsədlərinə uyğun olmadığını nümayiş etdirən bir sənəddən danışacağam. Bu, mənim apardığım araşdırmanın hesabatı deyil, prezidentin 2008-ci ildə imzaladığı, KİVDF-nin də tez-tez istinad etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" adlanan rəsmi sənəddir. Orada yazılıb: "Maliyyə dəstəyi KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət tərəfindən yardımlar ayrılmasını nəzərdə tutur".

Müsabiqəsiz maliyyə dəstəyinə: bölgə KİV-nə, sosial, mədəni və uşaqlar üçün xüsusi nəşrlərə ünvanlı yardımlar; subvensiyalar (rəsmi sənədlərin nəşrinə görə ayırmalar); subsidiyalar (müəyyən məqsədlər üçün büdcədən verilən vəsait); sosial reklamların mediada yerləşdirilməsi daxildir. Müsabiqəli maliyyə dəstəyi isə KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün uzunmüddətli və güzəştli kreditlərin verilməsi; məqsədli proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar maliyyə yardımının ayrılmasından ibarətdir.

KİVDF bu qədər vəzifənin içərisindən özünə birini - həm də ən sonuncusunu seçib və yardım paylamaqla, mükafat verməklə məşğuldur. İnfrastruktur, modernləşmə, iqtisadi müstəqillik, subvensiya, kredit, sosial reklamlar kimi daha öncül məsələlər onun heç yadına da düşmür. Bu da nəticəsi.

"Nə etmək lazımdır" sualınıza çatanda isə dayanacağam. Dəfələrlə təkliflər səsləndirmişik. Onun formasını götürüb mahiyyətini dəyişiblər və bütünlükdə ideyanı başqa məqsədlərə yönəldiblər. Bir vaxtlar mətbuatın ən təkmil özünüidarə forması kimi Mətbuat Şurasını təklif etdim. İdeyanı götürüb, inzibati resurslarla bizi kənarlaşdırıb, Şura sədrliyini "əbədiləşdirib" onu ləğv olunmuş Mətbuat Nazirliyindən də pis quruma çevirdilər. Elçin Şıxlı ilə Mehman Əliyev qabağa düşüb KİVDF yaratmaq fikri ortaya atdılar, əsasnamə hazırladılar. Əsasnaməni alıb, özlərini prosesdən kənarlaşdırıb, görün, nə yaratdılar. Belə olan halda, hər şey öz axarı ilə məntiqi yekununa yaxınlaşsın.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.02.2019
Prezident İlham Əliyev Real TV-yə müsahibə verib - VİDEO
25.01.2019
Tofiq Zülfüqarov: “Paşinyana demək istəyiblər ki, bu oyun sənlik deyil”
14.01.2019
Qarabağ söhbəti: “Qarabağ əlilini incidən məmurun qanını içmək halaldır, iştahan çəkdi-çəkmədi” - Seyran Səxavət
10.01.2019
Siyavuş Novruzov: “Onda mən də elan edirəm: ABŞ prezidentiyəm”
06.01.2019
Abid Şərifov: “Hansı hökumətdə 23 il eyni vəzifədə işləmək olar?!” - MÜSAHİBƏ