Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6263

Digər sorğular

“Çox yorğunam, məni gözləmə, kapitan…”

19:31  |    30 Yanvar 2019  |   E-mail  |  Çapa göndər

(ağ gəmidən – ağ ata, ağ atdan – ağ gəmiyə)

İbrahimxəlil |

Ümidlərin tükəndiyi bir çağda dirilişin adı olan Ərtoğrula baxıram – “Diriliş: Ərtoğrul” filminə. Film 2014-cü il dekabrın 10-da ekranlara çıxsa da ötən ilin payızından baxıram. Səbəbi arazbarı qarlı-qubarlı tarixçə olduğundan toxunmuram. Sadəcə olaraq burasını deyim ki, aşağıda qələmə aldığım xəzangül xatirəm Əyriqardan Sınıq körpü tərəflərə boylananda bilmirdim ki, can Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlı həmin nəfis filmdə qələm qardaşım Nizami Paşa Saraclının sözlərini oxuyur.

Fevralın 4-də Şəmistan müəllimin 60 yaşı tamam olur. Bir qulac saç sovqatı Bağdaddan gələn Nizami Paşa Saraclının da qulaqları cingildəsin…

***

Bizim Mədəniyyət Mərkəzinə gələn qonaqlar çoxdur: Mədəniyyət nazirindən tutmuş ucqar dağ kəndinin sonuncu mogikan kimi görünən qocaman müəlliminə qədər… hamını yadda saxlamaq olmur. Hamıdan… yazmaq da olmur.

…Mən Şəmistan Əlizamanlını ilk kəz görərkən bilmirdim ki, o, gəmi kapitanı olmaq istəyirmiş.

Şəmistan müəllim gəmi kapitanı olmadı, hərbi diktor oldu. Ona “Azərbaycanın Levitanı” dedilər. Bəstəyib oxuduğu hərbi-vətənpərvərlik mahnıları da, ruhlara, düşüncələrə hüzn və zəriflik daşıyan digər mahnıları da ürəklərdədir.

Macal tapıb doğulub boya-başa çatdığı Aşağı Qullar və orta təhsil aldığı Qırxılı kəndlərinə də gedə bilməmişəm. Sağlıq olsun…

…Şəmistan müəllimlə payız fonunda bir şəkil çəkdirdik. Zənnimcə, o, erkən payızın ömrünə tez çiləndiyi nadir adamlarmızdandır. Arazbarı-arazbarı elədiyi söhbətdə bir həsrət görünməkdədir. Heç nədən – ona atılan daşlardan tutmuş, şöhrət çələnginə qədər – şikayətçi deyil.

Yaradanın yaratdıqları oxşar və eynən olduqları üçün dərd-sər də, sevinc də, düşüncələr də çox vaxt oxşar və eynən olur. Amma çox fərqli və çox çalarlı olmaq da gözəllik və məna gətirmirmi?

Mən də məşhur diktorlarımız Aydın Qaradağlının, Səməndər Rzayevin “dəlisi” olmuşam, mən də gəmi kapitanı olmaq istəmişəm, Şəmistan Əlizamanlı da, indi məşhur yazıçı olan Əlabbas da – “Köhnə kişi” və “Qiyamçı” romanlarının müəllifi – Aslan Quluyev də, şair Vaqif Bayatlı da, şair Rafiq Hümmət də, unudulmaz şair və rəssam qardaşım Adil Mirseyid də…

Məkan fərqinə nə baxırsan?

Şəmistan Əlizamanlının vətənpərvərliyi içdən-ruhdan gələn vətənpərvərlikdir. Süni pafos və ucuz ritorikadan, ucuz effektdən çox-çox uzaqlardadır. Adama zövq verən təkcə onun səsi və mahnıları deyil. Zövq aldığın həm də budur ki, sən Şəmistan müəllim kimi bir şəxsiyyətlə eyni gəminin – Yer kürəsi adlı bir gəminin sərnişinisən.

Şəmistan müəllimin batinində – elə zahirində də – bir hüzn qarışıq təəssüf də gördüm. Bu təəssüf kapitan göyərtəsindən sahili görmək şansının faniliyə qarışdığını qeydə alan təəssüfdür. Yadınızdadırmı, ustad Nazim Hikmətdə ağrılar necə dərində üzür:

Çox yorğunam, məni gözləmə, kapitan,
Səfər dəftərində ayrı əl gəzsin…

Şəmistan müəllimin xidməti təmənnasızdır. Xalqa xidmətini demək istəyirəm. Mən Şəmistan müəllimin əsgər görəndə necə qayğılandığını da gördüm. Əsgərin qarnı tox, ruhu yüksək, əyni-başı yerindədirsə, deməli, Şəmistan Əlizamanlı da yerindədir, deməli, kefinə kilo-kilo soğan doğranmayıb…

Şəmistan Əlizamanlının kənddə keçən ömrünün at belində keçdi­yini də, çayda-çöldə, bir sözlə, təbiət qoynunda keçdiyini də bilirəm.

Hərəmizin uşaqlığımızda, gəncliyimizdə bir ağ at, bir ağ gəmi yoxdumu? Ağ atdan – ağ gəmiyə, yaxud əksinə, ağ gəmidən – ağ ata sıçrayışlarla keçmədimi yağışlı, günəşli, sazlı-sözlü günlərimiz?

Şəmistan müəllimgili Mədəniyyət Mərkəzindən yola salmaq zamanına qədər yaddaşıma həkk olan bir də bunlar oldu ki, insana gecikmiş xeyir-dualar, boğazdan yuxarı sözlər, ucdantutma hamıya deyilən təriflər qətiyyən gərək deyil. Mərhum şairimiz Cabir Novru­zun misralara hopan müəllif niyyəti nəcib deyildimi:

Ay adamlar, bir arzum var, qoyun deyim,
Sağlığında qiymət verin insanlara.
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

…Bu görüş bir göz qırpımı, bir an qədər çəkdi. Dağ daşa qovuşmasa da, insanın insana azından iki dəfə də qovuşmaq – Allahın köməkliyi ilə – şansı olmalıdır. İnşallah! Şəmistan Əlizamanlı “səhifələr”ini sizə daha ətraflı təqdim etmək ümidi ilə…

novator.az
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Müəllifin son yazıları