Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6014

Digər sorğular

Qarabağa dair daha bir lüzumsuz sənəd - birgə bəyanatlar nəyi dəyişəcək?

11:27  |    08 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Atəşkəsin sonu ya böyük sülh, ya da böyük müharibə olacaq; kövrək sülh ümidləri artan müharibə riski ilə birlikdə təzə ilə keçir; Paşinyanın müharibə xofu...

Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan bu il üçün sonuncu dəfə bir araya gəldilər. Bu dəfə İtaliyanın Milan şəhərində. Məlumatlara görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə görüşən XİN rəhbərləri 3 saat müzakirə aparıblar. Qərara alınıb ki, bu formatda danışıqlar davam etdirilsin.

Növbəti belə görüşün gələn ay keçiriləcəyi gözlənilir. Xatırladaq ki, bundam əvvəlki görüş sentyabr ayında, BMT Baş Məclisinin sessiyası çərçivəsində keçirilmiş, o da üç saat çəkmişdi.

*****

Milan görüşünün yekunları ilə bağlı həmsədr ölkələrin, habelə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün işləri davam etdirməyə razılaşıblar. Sənəddə qeyd edilir ki, vasitəçi ölkələr Azərbaycan və Ermənistan liderlərinin sentyabrda Düşənbədə keçirilən MDB sammitinin kluarlarında söhbətindən sonra atəşkəs rejiminin pozulması hallarının azalmasını alqışlayırlar.

Sitat: “Tərəflərə orada əldə olunmuş razılaşmaları davam etdirməyə və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görməyə çağırış edilib. Həmsədr ölkələr yaxın gələcəkdə Azərbaycan və Ermənistanın liderləri səviyyəsində konkret nəticələrə və münaqişənin ədalətli və davamlı sülh yolu ilə həllinə istiqamətlənmiş intensiv dialoqun bərpa ediləcəyinə ümid etdiklərini bildiriblər”.

Həmçinin qeyd edilir ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan münaqişənin sülh yolu ilə həlli üzrə intensiv fəaliyyətə sadiq olduqlarını bir daha bəyan ediblər: “Onlar 2019-cu ilin əvvəlində ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında bu məqsədlə və yüksək səviyyəli danışıqlara hazırlıq məqsədilə görüşməyə razılaşıblar”.

*****

Göründüyü kimi, əvvəlki növbətçi bəyanatlardan ciddi fərqlənməyən bir sənəd qəbul edilib. Ötən illərin təcrübəsi isə göstərir ki, işğalçı ölkəyə konstruktiv mövqe tutmaq üçün təzyiq edilməyincə, vasitəçi dövlətlər nəhayət, işğalçı ilə işğala məruz qalan tərəflər arasında fərq qoymayınca belə sənəd-bəyanatlar sülh prosesini irəli aparmaq üçün yetərli ola bilməz. Bu, yalnız atəşkəsi uzatmağa çalışan düşmən ölkənin maraqlarına cavab verir. Atəşkəs isə sonsuzadək uzanmayacaq. Onun sonu ya böyük sülh anlaşması olacaq, ya da böyük müharibə. Bu barədə siyasi və hərbi ekspertlər zaman-zaman xəbərdarlıq ediblər.

Nəticəsiz danışıqların axırının müharibə ola biləcəyini Ermənistanın yeni rəhbərliyi də əslində yaxşı bilir. Təsadüfi deyil ki, Rusiyada səfərdə olan baş nazir əvəzi Nikol Paşinyan bu ölkədəki erməni icmasının təmsilçiləri ilə görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) üzv ölkələrini “Azərbaycanı Qarabağ məsələsini silahlı yolla həll etməkdən daşındırmağa” çağırıb.

“Sual yaranır: KTMT bu alətdən istifadə edəcəkmi, ya yox? Bizim üçün bu, çox strateji məsələdir. Baş katiblik məsələsi isə ikinci dərəcəlidir, hətta 50-ci məsələdir. Qoy burada həmişə Belarus nümayəndəsi təmsil olunsun, ancaq bütün bunların müqabilində qarşılıqlı öhdəliklər yerinə yetirilsin”, - deyə Paşinyan müharibə xofunu gizlətməyərək bildirib.

Ancaq Dağlıq Qarabağ dəfələrlə, elə KTMT üzvləri rəsmilərinin də bəyan elədikləri kimi, təşkilatın nizamnaməsinə görə, onun məsuliyyət zonasına daxil deyil. Nizamnaməyə əsasən, yalnız üzv ölkələrdən birinin ərazisinə hücum edildiyi halda müttəfiq ölkələrin dəstək verməsi nəzərdə tutulur. Azərbaycan isə təbii ki, Ermənistana hücum etməyə hazırlaşmır. Dağlıq Qarabağ bütün beynəlxalq sənədlərdə Azərbaycan ərazisi kimi göstərilib və burda antiterror əməliyyatları aparılacağı halda bunun başqa, ikinci ölkəyə aidiyyəti yoxdur. KTMT üzvləri də bu məqamı dəfələrlə dilə gətiriblər.

Beləcə, erməni tərəfin yeni başçısı da beynəlxalq sənədlərin tələblərinə əməl edib işğal edilmiş Azərbaycan torpaqlarından öz silahlı qüvvələrini çıxarmaq, sülh prosesində konstruktiv mövqe tutmaq əvəzinə, həyasızcasına KTMT üzvlərindən işğala dəstək istəyir, üstəlik, onlardan beynəlxalq hüquqa görə, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək haqqına sahib olan Azərbaycanı dayandırmağı tələb edir.

*****

Beləliklə, daha bir il Dağlıq Qarabağ üçün itirilmiş sayıla bilər. Ənənəvi olaraq, bütün kövrək ümidlər növbəti ilə - 2019-a qalır. Təzə ildə sülh təşəbbüslərinin, yoxsa hərb variantının gündəmdə olacağı isə xeyli dərəcədə seçkilərdən sonra formalaşacaq Ermənistanın yeni hökumətindən asılı olacaq. Bir neçə dəfə vurğuladığımız kimi, sülh yoxsa müharibə sifarişini məhz İrəvan verəcək.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.12.2018
“Lukaşenkonun açıqladığı variant çoxdan masa üzərində idi” - VİDEO
15.12.2018
Katalonlardan Qarabağ separatçılarına dəstək
15.12.2018
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq?
15.12.2018
Atəşkəs sutka ərzində 21 dəfə pozulub
14.12.2018
Leyla Əliyevanın Qarabağa gedən rusiyalı qadınlara CAVABI