Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5772

Digər sorğular

Çox dəxli var, Şərifov!

21:00  |    24 May 2015  |   E-mail  |  Çapa göndər
Xalid Kazımlı |

Abid Şərifovun bəxti onda gətirdi ki, qarşısındakı təcrübəsiz, nəvəsi yerində gənc jurnalistlər idi.

Vəzifəsi o yana dursun, o gənc jurnalistlər 76 yaşlı ahıl adama kobudluq edə bilməzdilər. Əslində isə o, öz sözləri və hərəkəti ilə ağır cavabı haqq eləmişdi.

Gənc jurnalistlərin yerində bir nəsil əvvəlki jurnalistlər olsaydı, Abid Şərifovun vəzifəsinə də baxmazdılar, yaşına da, deyərdilər, yanan binada iş görəcək şirkətin bizə, ictimaiyyətə çox dəxli var.

Deyərdilər, bu cür altdan-altdan iş görürsünüz ki, o boyda binalar üzdən-üzdən, içdən-içdən yanır, siz də bir kənarda dayanıb faciədən sarsılmış kimi Hollivud pozları verirsiniz.

Deyərdilər, bunlar o tərəfə dursun, jurnalistlə jurnalist kimi davranmağı öyrənin, onlar sizin ofislərinizin mətbuat xidmətlərinin işçiləri və ya muzdla işləyən mirzələr deyil, adi və sadə bir sual veriblər, zəhmət çəkib cavab verməlisiniz.

Deyərdilər, səhərdən axşama qədər söz qoşub, söz oynadan jurnalistin sualına “Alabala şirkətidir” deyə, guya ki, ironik cavab verirsiniz, ancaq bu, əyalət kinayəsindən başqa bir şey deyil, ciddi olun, ciddi cavab verin.

Şərifovun o hərəkətinin qabağında səs-səsə verərək, onun sözünü kəsə, səsini batıra, özünü pərt edə biləcək xeyli jurnalist tanıyıram. Baş nazir müavininin bəxtindən həmin gün onlar orda yox idi.

Nəticədə elə çıxdı ki, bu gün-sabah təqaüdə çıxacaq bir yüksək vəzifəli məmur cəmiyyətdə xüsusi funksiyasi və missiyası olan jurnalistləri aşağılayır, onlara heç kim olduqlarını göstərir.

Amma elə deyil. Son 20 ildə daima sıxıntı içində, basqı altında yaşayıb-işləmiş jurnalistlərimiz nələr görməyiblər.

Onları təhqir edib kabinetindən qovan olub, gün gəlib, ismarış göndərib ki, problemi var, müsahibə vermək istəyir.

“Konkret rədd ol” deyən, müstəqil və müxalifətçi jurnalistləri adam yerinə qoymayan olub, gün gəlib, məhkəmə zalında dəmir barmaqlıqlar arasından jurnalistlər tərəfə boylanaraq soruşub: “Bizim jurnalistlər hələ gəlməyibmi?”.

Jurnalisti kabinetində sıxma-boğmaya saldıran, acılayan, müsahibə verməkdən imtina edən məmur olub, vəzifədən çıxarılandan sonra redaksiyaları qapı-qapı gəzib müsahibə vermək istəyib, bu vəsilə ilə özünü duruya çəkəcəyinə ümid edə-edə redaktorları üzdən-gözdən salıb.

Belə görünür ki, sırasında Şərifov da olmaqla bir sıra azərbaycanlı məmurlar hələ də anlamırlar ki, birincisi, jurnalistlərlə bu cür davranmaq qanun və etika pozuntusudur, ikincisi, çox təhlükəli hərəkətdir.

Demokratik ölkələrdə heç bir özündən deyən dövlət xadimi belə hərəkət edərək arxasında dura bilməz, həmin o aşağıladığı jurnalistlər onun qoparağını elə götürərlər ki, adam özünü istefada, məhkəmələrdə görər.

Nümunələr çoxdur. Neçə-neçə prezidentin, baş nazirin və digər nazirlərin karyerası məhz ağızlarından buraxdıqları “quş”a görə sona çatıb.

Abid Şərifovun (eləcə də digər qaba məmurların) bəxti bir də onda gətirib ki, ölkədə avtoritar rejim mövcuddur və o, hakimiyyət komandasının fəaliyyətinə şəxsi sədaqət prizmasından qiymət verir. Sədaqətli ol, iddialı olma, nə qədər kobudluq edirsən, et, bacardığın qədər korrupsioner ol, problem olmayacaq.

Cəzalandırılan oliqarxlar və məmurlar isə heç də ümümxalq mənafeyinə zidd hərəkətlərinə, dövlət maraqlarına qarşı əməllərinə görə yox, şəxsi sədaqətlərinə şübhə yaratdıqlarına, toxunulmaz hesablardan oğurluğa həddən artıq aludə olduqlarına görə bu aqibəti yaşayıblar.

Nəhayət, hamı anlamalıdır ki, jurnalistlər bu ölkədə hamını sorğu-suala çəkən mühüm işlər üzrə müstəntiqləri belə sual yağışına tuta bilirlər. Onların belə bir eksklüziv hüquqları var.

Əlbəttə, jurnalistlərlə necə davranmaq məsələsi bir az da tərbiyə, mədəniyyət və dünyagörüş məsələsidir. Əgər adam təbiəti etibarı ilə qaba adamdırsa, o, jurnalistlərlə də elə davranacaq, tabeçiliyində olanlarla da, şikayətçilərlər də. Belə adamlar yalnız tabe olduqları adamların qabağında müticəsinə dururlar, quzu kimi olurlar. Rəhbərləri onları ahıl yaşlarında ştanq qaldırmağa vadar eləsə, qaldıracaqlar, itələyib hovuza salsa, üzəcəklər.

Özünü etik çərçivələrə sığdıra bilməyən, mədəni olmayan adamların yüksək vəzifələrdə işi olmamalıdır.

musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
16.02.2018 Əliəyrilərin artırdığı əlillər
25.07.2017 Jurnalisti qladiator və “satqın” sayanların cığallığı