Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Salman Alıoğlu: “ Həmin vertolyotda Tamerlan Qarayev də ola bilərdi, amma...”

14:10  |    20 Noyabr 2018  |   E-mail  |  Çapa göndər

20 noyabr 1991-ci il Azərbaycanın müstəqillik tarixinin ən faciəli səhifələrindən biridir.

İyirmi yeddi il bundan əvvəl Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 hərbi vertolyotunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində heyət üzvləri və sərnişinlər, Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri və Qazaxıstandan olan müşahidəçilər həlak olublar. Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, keçmiş SSRİ xalq deputatları Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, DQMV prokuroru İqor Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik idarəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov beynəlxalq miqyaslı suiqəsdin qurbanına çevriliblər. Əvvəlcə rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması elan olunsada, bir neçə gündən sonra onun yerdən raketlə vurulması faktı öz təsdiqini tapıb. Üstündən 27 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə kimi hələ də aydınlıq gətirilməyib. Bir çox suallara hələ də cavab tapılmayıb. Məsələn, nəyə görə dövlət rəsmiləri, bir vertolyota minib?! Nə üçün döyüş zonasında mühafizə üçün həmin helikopteri hərbi vertolyot müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirdi?



Qarakənd faicəsinin şahidi, tanınmış jurnalist Salman Alıoğlu peşə fəaliyyəti ilə bağlı olaraq Qarabağ münaqişəsinin başlandığı gündən hadisələrin içərisindədir və həmin günlərin birbaşa şahididir. Hadisələrə yenidən, bir az da soyuqqanlı yanaşaraq tarixin o qaranlıq səhifələrinə işıq salmaq üçün bir neçə sualla Salman Alıoğluna müraciət etdik.

- Salman müəllim, Qarakənd faciəsini Qarabağda baş verən münaqişələrin məntiqi nəticəsi kimi qiymətləndirmək olarmı ?

- Faciənin mahiyyətinə varmaq, səbəbləri gün işığına çıxarmaq ücün ilk öncə hadisədən bir neçə gün, bəlkə də bir ay əvvələ nəzər salmaq, münaqişənin qızışması, müharibə həddinə çatması səbəblərini analiz etmək lazımdır. Bildiyiniz kimi Azərbaycan 1991-ci ilin oktyabr ayının 18-də dövlət müstəqilliyini elan etdi. Çökməkdə və dağılmaqda olan keçmiş Sovet, (Rus) imperiyası bu müstəqilliyi və azadlığı çox böyük qısqanclıqla, eyni zamanda qatı düşmən kimi qarşıladı, xalqın azadlıq və müstəqillik istəyini Dağlıq Qarabağda məskunlaşmış erməni separatçılarının əli ilə boğmağa çalışırdı. Baxın, 1991-ci ilin oktyabr ayında keçmiş DQMV-nin azərbaycanlılar yaşayan iki kəndi- İmarət Qərvənd, Tuğ, bir qədər sonra isə Cəmilli, Meşəli və digər kəndlər erməni və rus işğalına məruz qaldı. Həmin kəndlərdən minlərlə insan qovuldu, məcburi köçkünə çevrildi.



Təbii ki, Azərbaycanın o vaxtki rəhbərləri münaqişənin alovlanmasının qarşısını almağa cəhd göstərirdilər. Lakin bu istənilən səviyyədə deyildi. Keçmiş SSSR-nin prezidenti, əlləri dirsəyinə qədər xalqımızın qanına bulaşmış, ermənilərin əlində oyuncağa çevrilən M.Qorbaçov qanunsuz silahların əhalidən yığılması haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən Dağlıq Qarabağdakı Azərbaycanlı kəndlərinin əhalisindən bütün silahlar yığıldı, ermənilərə isə bu barədə heç bir söz deyən tapılmadı. Əksinə həmin dövrdə Dağlıq Qarabağda erməni silahlı dəstələri yaradılır, silah sursatla təmin edilir, azərbaycanlılara qarşı sözün əsil mənasında divan tutulurdu. Dağlıq Qarabağ artıq od-alov içindəydi. Qarabağda yaşayan ermənilər yolları kəsir, azərbaycanlılar yaşayan kəndlərə hücum edir, evləri yandırır, mal-qaranı sürüb aparır, insanları qətlə yetirirdilər. Cəzasız qaldıqları üçün Qarabağda yaşayan ermənilərin qanuna zidd, separatizmə meyilli, düşmənçiliyə, dini ayrılığa qarşı yönələnmiş hücumları, təxribatları hər gün daha da artırırdı. Mən həmin zaman “Qarabağ” qəzetinin cəbhə müxbiri kimi fəaliyyət göstərirdim. Bir daha qeyd edim ki, 1991-ci ilin payız ayları başlayanda Dağlıq Qarabağda onlarla azərbaycanlı kəndi artıq boşaldılmışdı. Belə gərgin və ziddiyətli bir vaxtda, daha doğrusu 1991-ci ilin sentyabr ayının 8-də Azərbaycanda Prezident seçkiləri keçirildi və Ayaz Mütəllibov respublikanın ilk prezidenti seçildi. Əslində bu seçki Azərbaycana heç bir siyasi və iqtisadi divident qazandıra bilmədi. Dağlıq Qarabaqda bundan sonra dəhşətli hadisələr daha da sürətlə cərəyan etməyə başladı. Ermənilərin törətdiyi bütün terrora və vəhşiliyə təsirli tədbirlər görülə bilmirdi. Respublikanın baş prokuroru İsmət Qayıbovun erməni seperatçılarına qarşı əhəmiyyətli tədbirləri və keçmiş OMON-un Dağlıq Qarabağdakı qətiyyətli və gərgin mübarizəsi istisna olmaqla. 1991-ci ilin sentyabr ayının 26-da Rusiyanın preizdenti Boris Yeltsin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan prezidenti Ayaz Mütəllibov Dağlıq Qarabağa gəldilər. Həmin vaxt Xocalı aeroportu ermənilər tərəfindən mühasirəyə alınmış, hər tərəfdə Rusiyanın,Qazaxıstanın və Ermənistanın bayraqları dalğalanırdı. Erməni qızları əllərindəki duz, çörək və şərbətlə Rusiya və Qazaxıstan prezidentini sevinclə qarşıladılar. Bu vaxt Azərbaycan prezidenti kənarda qaldı. Stepanakertin mərkəzində ermənilərin böyük bir mitinqi keçirilirdi. Erməni kütlə Rusiya və Qazaxıstan prezidentlərini sürəkli alqışlarla qarşılayaraq hörmətli qonaqları keçmiş DQMV İcraiyyə Komitəsinin binasına dəvət etdilər. Azərbaycan prezidenti Ayaz Mütəllibov həmin binaya buraxılmadı. O məcbur olub DQMV üzrə təşkilat komitəsinin tikanlı məftillərlə əhatələnmiş binasına getməyə məcbur oldu. Ermənilər buraya gəlmiş azərbaycanlı jurnalistləri söyür, təhqir edir, təpikləyir və iclasın getdiyi binadan uzaqlaşdırmağa çalışırdılar. Həmin vaxt ermənilər Azərbaycanlı jurnalist Nadejda İsmayılovanı qadın olmasına baxmayaraq vurur və binadan çıxmasını tələb edirdilər. Bir türk jurnalistini isə ermənilər girov götürdülər. Bu haqsızlığa və ermənilərin törətdiyi cinayətlərə hüquq mühafizə orqanları tərəfindən heç bir ölçü götürülmədi. Azərbaycan xalq cəbhəsinin nümayəndəsi kimi Tamerlan Qarayev ermənilərin təşkil etdikləri iclasın aparıldığı otaqda olduğu üçün böyük bir qalmaqal yarandı. Ermənilər qışqıra-qışqıra tələb edirdilər ki, Tamerlan Qarayev iclası tərk etməlidi. O isə, ermənilərə bildirdi ki, öz torpağımdayam və məni buradan heç kəs və heç bir qüvvə çıxara bilməz. Sonda emrənilərin tələbi yerinə yetirildi. Tamerlan Qarayev iclasdan uzaqlaşdırıldı. Həmin iclasda Azərbaycan hökümətini təmsil edən nümayəndələr iştirak etmirdi. Qapalı keçirilən görüşdən bir neçə saat sonra, Yeltsin və Nazarbayev mitinq iştirakçılarının qarşısına çıxaraq çıxış etdilər. Həmin çıxışı ermənilər çox böyük sevinc və sürəkli alqışlarla qarşıladılar. Həmin mitinqdən sonra ermənilər beş ay müddətində Dağlıq Qarabağdakı bütün azərbaycanlı kəndlərini və qəsəbələrini boşaltdılar, yüzlərlə ev yandırıldı, Azərbaycanlı əhalinin var-dövləti talan-qarət edildi. Fevralın 25-də isə (1992-ci il) ermənilər tarixdə misli görülməmiş Xocalı soyqırımını törətdilər. Buda Azərbaycan prezidenti Ayaz Mütəllibovun dəvəti ilə münaqişə zonasına gəlmiş sülh misiyasının ermənipərəst, şovinist mövqeyinin ən bariz nümunəsi. Belə bir məqamda sovet İttifaqının rəhbərinin sərəncamı ilə Dağlıq Qarabağda fövqəladə vəziyyət və komendant saatı elan olundu. Vəziyyətə nəzarət isə sovet əsgərlərinə tapşırıldı. Əslində, həmin hərbçilər seyrçi mövqeyində dayanır, ermənilər isə istədiyi özbaşınalığı edirdilər. Açıq-aydın tərəfkeşlik hiss olunurdu.

- Səhv etmirəmsə, həmin vaxtlar Xankəndidə Azərbaycan prezindentinin sərəncamı ilə Dağlıq Qarabağ üzrə xüsusi idarə də yaradılıb. Bu gərgin vəziyyətə təsir edə bilirdimi?

- Yaxşı sualdır. Azərbaycanın Xankəndində yeganə dayaq nöqtəsi həmin təşkilat komitəsi idi. Yaxşı da fəaliyyət göstərirdi. Təşkilat komitəsinin rəhbəri Viktor Polyaniçkonun fəaliyyəti erməniləri çox narazı salırdı, azərbaycanlılar öz kəndlərində yaşaya bilirdilər. Buna görə də ermənilər Moskvanın əli ilə təşkilat komitəsini Xankəndindən qovdular və bundan sonra DQ-ın işğalı çox sürətlə davam etdirildi.



Hər həftənin 5-ci günləri həmin idarənin iclasları keçirilirdı. Belə iclaslarda “Qarabağ” qəzetinin bir neçə əməkdaşı Elcan Hüseynov, Azər Məmmədov (vəfat ediblər), Çingiz İsmayılov və mən iştirak edirdik.Təhlükəli olsa da Stepanakertə gedirdik. Dəfələrlə burada ermənilərin hücumuna məruz qalırdıq. Çətin vaxtlar idi. Hamı həyəcan içində yaşayırdı. 1991-ci ildə artıq Dağlıq Qarabağda Ermənistandan gətirilmiş xüsusi silahlı dəstələr fəaliyyət göstərir, azərbaycanlılara qarşı terror və qətllərin ardı-arası kəsilmirdi. Xocavənd və Qaradağlı kəndlərinə erməni hücumları daha da intensivləşmişdi. Bu kəndlə yanaşı, Dağlıq Qarabağda boşaldılan digər kəndlərin əhalisi ən yaxın məntəqə kimi Ağdam rayonuna üz tuturdular. Ağdam rayonunun özündə də vəziyyət həddən artıq gərgin və çətin idi. Dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi ilə bir qrup dövlət və hökumət nümayəndəsi rayona gələrək burada xüsusi bir iclas keçirdilər. Onların gəlişinin əsas məqsədi Xocavənd rayonunun boşaldılan kəndlərinin əhalisi ilə görüşərək real vəziyyəti öyrənmək idi. Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Prezidentin mətbuat katibi Osman Mirzəyev, eləcə də digər dövlət xadimləri tədbirdə iştirak edirdilər. Müzakirələrin gedişatında məlum oldu ki, ermənilər Qaradağlıya hücum edib, əhaliyə ciddi ziyan vurublar. Fövqaladə vəziyyətə məsul olan rus hərbçiləri isə bu zaman seyrçi mövqedə dayanıblar. Bu informasiya veriləndən sonra Tofiq İsmayılov bərk əsəbiləşdi. DQMV üzrə hərbi komendant Jinkindən baş vermiş hadisələrlə bağlı hesabat tələb etdi. Komendant tutarlı sübut deyə bilmədiyi üçün qərar verildi ki, hökumət və dövlət nümayəndələri həmin əraziyə baxış keçirsinlər. Əslində həmin şəxslərin əvvəlcədən hadisə yerinə getmək fikirləri yox idi. Günorta saat 13 radələrində Osman Mirzəyev zalda elan etdi ki, iclasda iştirak edən jurnalistlər də Ağdam aeroportuna getsinlər. Noyabr ayı soyuq olduğu üçün İsmət Qayıbov və Məhəmməd Əsədovun əyinlərində yüngül kürk və kürklərinin altında silah var idi. Ağdam aeroportuna çatanda hərbi vertolyot artıq uçuşa hazır idi. Hər kəs vertolyotun göyərtəsinə daxil olaraq öz yerlərini aldılar, jurnalistlərə çatanda yer az olduğundan Osman Mirzəyev elan etdi ki, yalnız Azərbaycan Televiziyasının müxbiri və operatoru gedəcək. Bu proses təxminən iki saata yaxın vaxt apardı. Ona görə də hesab edirəm ki, həmin müddətdə vertolyotun hərəkət istiqaməti haqqında ermənilərə məlumat çatdırılıb. Keçmiş Martuni rayonundan həmin yerə gəlmək üçün ermənilərə yarım saat vaxt lazım idi. Bu istiqaməti ermənilərə işarə verən kim ola bilərdi?!. Ruslar, xarici ölkələrin kəşfiyyat orqanlarının nümayəndələri! Başqa bir versiya tutarlı deyil. Nəhayət, vertolyotun qapısı bağlandı və onlar havaya qalxdılar.

- Salman müəllim burda bir nüansa diqqət yetirməyinizi xahiş edirəm. Hazırda bir qrup şəxs o vaxt Azərbaycan Ali Sovetinin sədrinin müavini Tamerlan Qarayevi hədəf alaraq onu bu cinayətdən xəbəri olduğunu iddia edir. Bu iddaya da bir aydınlıq gətirərdiniz...

- Həmin dövürdə Azərbaycanda ictimai-siyasi vəziyyət heç də ürək açan deyildi. AXC və digər qüvvələr respublikada demokratiyanın, azad sözün yaranmasına, mətbuata dövlət nəzarətinin aradan qaldırılmasına çalışsalar da, əslində mənim qənaətimə görə, quruplaşmalar yaranırdı. Bu da istər-istəməz mövcud vəziyyətə ciddi təsir göstərirdi.



Helikopterin vurulmasıilə bağlı da həmin dövrdə saysız-hesabsız fərziyyələr və şaiələr dolaşırdı. Uzun müddət keçməsinə baxmayaraq bəzi adamlar həmin şaiələrin yenidən yayılmasına cəhd göstərirlər. Əslində bu şaiələri bircə dəfə də Qarabağda olmayan, hadisələrin ən qızğın çağında səsini çıxarmayan, dalda- bucaqda gizlənən adamlar yayırlar. Bu yaxınlarda respublikada kifayət qədər tanınan Hacı Əbdül bildirib ki, helikopterin vurulmasında Tamerlan Qarayevin əli olub. Bu absurddur. Hacı Əbdül yaşlı insandır, görünür eşitdiyi şaiələri həqiqət kimi başa düşür. Bu yolverilməzdir. Əslində o iddianın hansı məqsədlə ortaya atıldığı mənə hələ də qaranlıqdı. Hadisə şahidi kimi qəti əminliklə deyirəm ki, bəli, həmin vertolyotda Tamerlan Qarayev də ola bilərdi. Son anda Tofiq İsmayılovun tapşırığı ilə başqa iş dalınca getməsi onu baş verəcək faciədən xilas etdi. T. Qarayevi günahlandıranlara tutarlı cavab verən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının sözlərini təkrarlamaq yerinə düşər:”Tamerlan Qarayev kim idi ki, onun əmri ilə vertolyot vurulsun? Həm də ki Tamerlan o vertolyotda həlak olanların çoxu ilə yaxın dost idi. Bilirsiz, bunlar hamısı birbaşa erməni siyasətinə xidmət edən və Azərbaycan xalqının Qarabağ uğrunda apardığı mübarizəsini gözdən salmaq cəhdidir. İndi belə məsələləri ortaya atmaq xəyanətkarlıqdır. Bunun milli xəyanətkarlıqdan başqa adı yoxdur”.

-Söhbətimizə dönək! Günorta saat 16 radələrində Ağdamda xəbər yayılır ki, dövlət məmurlarını aparan vertolyot qəzaya uğrayıb...

- Ağdamda komendant saatı olduğu üçün jurnalistlərə xüsusi buraxılış vərəqələri verirdilər. Həmin vərəqələrə görə hərbiçilər onları saxlamırdılar. Buraxılış vərəqəmin vaxtı qutardığı üçün günortadan sonra Ağdam internat məktəbində yerləşən hərbi komendantlığa getdim. Baxıb gördüm ki, əsgərlər və zabitlər ora bura qaçışırlar, bir əsgərdən soruşa bildim ki, nə hadisə baş verib. O bildirdi ki, vertolyot qəzaya uğrayıb. “Qarabağ” qəzetinin xidməti maşınına əyləşərək təcili hadisə yerinə getdik. Lakin rus əsgərləri bir neçə kilometr məsafədə yolu bağlayaraq hadisə yerini nəzarətə götürmüşdülər. Oraya heç kəsi buraxmırdılar. Geri qayıtmağa məcbur olduq. Növbəti gün səhər saat 11-dən sonra hadisə yerinə getməyə icazə verdilər. Təsəvvür edin, hadisədən 1 sutkaya yaxın vaxt keçib. Açıq aydın məlum oldu ki, qəza yerində təmizləmə əməliyyatı aparılıb. Ermənilər bütün izləri silmək istəyiblər. Çox dəhşətli mənzərə idi. Vertolyot tamamilə parçalanıb, yandırılmışdı, cəsədlər tanınmaz hala düşmüşdü. Cəsədlərdən bir neçəsi isə vertolyotun düşdüyü yerdən təxminən 500-600 metr kənarda tapıldı. Qurban Namazəliyevlə Osman Mirzəyevin cəsədi. Çox ehtimal ki, onlar sağ olduqları üçün uzağa gedə biliblər. Bu sui-qəsd erməni quldur dəstələrinin törəddiyi cinayətlərin qarşısını almağa çalışan Azərbaycanın yüksək çinli dövlət nümayəndələrinə qarşı törədilmişdi. Azərbaycanda işləyəm DQMV prokuroru, milis rəisi, DTX-nın DQMV üzrə rəisi, pilotlar, Qazaxıstan
nümayəndələri həmin gün şəhid oldular. Bundan 5 ay keçəndən sonra Xocalı qətliamı baş verdi. Daha sonra qısa müddətdə Dağlıq Qarabağ və daha 7 rayon işğal olundu.

- Və təəssüf ki, bu günə qədər bu sui-qəsdin üstü açılmayıb...

- Vertolyotun qara qutusunun hara, necə və kimlər tərəfindən aparıldığı məlum deyil. Bizim hüquq mühafizə orqanlarına Dağlıq Qarabağda istintaq aparmaq qismət olmadı. Çünki bu hadisədən sonra azərbaycanlıları Xankəndinə buraxmadılar. Ermənilərin bu cinayəti törətməkdə əsas məqsədi Dağlıq Qarabağı Azərbaycanın nəzarətindən tam çıxartmaq idi. Hadisələr idarəolunmaz səviyyədə inkişaf edir, ölkəni qarışıqlıq bürüyür, hökumətdə parçalanmalar gedir, ermənilərin törətdiyi terror hadisələri isə günü-gündən sürətlə artırdı. Belə bir məqamda Dağlıq Qarabağda istintaq əməliyyatları həyata kecirmək imkansız idi.

-İstintaq işinin yenidən başlaması, həqiqətin ortaya cıxarılması mümkün ola bilərmi?

- Azərbaycanın dövlət katibi, baş prokuroru, dövlət müşaviri, nazir və nazir müavinlərinin bir vertolyota mindirilməsi və havaya qalxarkən onları heç bir hərbi vertolyotun müşayət etməməsi çox müəmmalı məqamlardan biridir. Bu o deməkdir ki, heç bir təhlükəsizlik tədbiri görülməmişdi. Halbuki, vertolyotun hərəkətdə olduğu hava məkanı münaqişə ocağının tam üstündə idi. Bu ərazilərdə hər gün atışma baş verirdi. Əslində isə bu səfərlə bağlı iclasda qərar qəbul olunanda ruslar vertolyotun uçacağı yeri ermənilərə əvvəlcədən bildirməyə nail olmuşdular. Bu hadisənin baş verməsi təsadüf deyil.



Həmin dövürdə təkcə Ağdam rayonunda altı-yeddi dövlətin xarci kəşfiyyat orqanlarının nümayəndələri olub. Onlar hər vasitə ilə çalışıblar ki, Azərbaycanda ictimai-siyasi sabitlik pozulsun, erməni işğalı daha geniş əraziləri əhatə etsin, Azərbaycanda vətəndaş müharibəsi başlansın. Bütün hadisələrin sonrakı gedişatıda bunun heç də təsadüf olmadığını göstərdi. 1992-ci ildə respublikada hakimiyyət çevrilişi baş verdi, bundan sui istifadə edən yerli və xarici qüvvələr, o cümlədən Ermənistan və onun havadarları DQ-nın ətrafındakı bir neçə rayonun işğal edilməsini reallaşdırdılar. Əslində Qarabağ tamamilə köməksiz və aciz bir duruma düşmüşdü. Ayrı-ayrı vətənpərvər oğulların şücaiəti, qəhramanlığı sayəsində bir neçə rayonda Xocalı faciəsinin təkrarlanmasının qarşısı alındı.
Bir daha qeyd edək ki, ermənilər həmin sui-qəsdi törətmək üçün çox ciddi hazırlıq görmüşdülər. Nəhayət,bu hadisənin yenidən araşdırılaraq əsl həqiqətlərinin üzə çıxarılmasına çox böyük ehtiyac var. Sübut etmək lazımdır ki, ermənilər beynəlxalq əhəmiyyətli sui-qəsd törədiblər. Bu, Azərbaycana qarşı yönəlmiş təzyiqlərin qarşısını almaq üçün tutarlı bir cavab olar. Dağlıq Qarabağda baş verən hadisələrin xronologiyasına baxsaq, 1990-93-cü illər aralığında Dağlıq Qarabağda saysız-hesabsız cinayətlərin törədildiyinin şahidi olarıq. 20 noyabr hadisələrindən başlayaraq 5 ay ərzində ermənilər Dağlıq Qarabağda yüzlərlə kəndi talan ediblər. Bu cinayətlərin hamısı cəzasız qalıb. Bunlar iyirminci əsrin sonlarında baş verib və ədalətiz dünya 27 ildən coxdur ki, Azərbaycan xalqının başına gətirilən müsibətlərə göz yumur. Terrorun,sui qəsdin,işğalın,soyqırımın,xüsusilə, erməni vəhşiliyinin bəşəriyyətin xeyrinə olmadığını beynəlxalq təşkilatlar anlamaq məcburiyyətindədirlər və çox təəssüf ki...

- Salman müəllim, geniş müsahibəyə görə təşəkkür edirik!

Söhbətləşdi: Əntiqə Rəşid
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.11.2018
Erməni əsir: Biz onlar üçün “Qarabağ eşşəkləriyik”
21.11.2018
“Azərbaycanda 50 il bundan sonra futbol ola, ya olmaya” – Yunis Hüseynov
12.11.2018
Vahid Əhmədov: “Manatın məzənnəsi saxlanılacaq” - Müsahibə
09.11.2018
“10 ildir, pulsuz işləyirəm...” - MİA-ın baş redaktoruyla müsahibə
04.11.2018
“Bəziləri bunu xoşlamır, amma mən irqçiyəm, türkçüyəm, türk oğlu türkəm” - Mübariz Məsimov