Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6009

Digər sorğular

Vahid Əhmədov: “Manatın məzənnəsi saxlanılacaq” - Müsahibə

21:49  |    12 Noyabr 2018  |   E-mail  |  Çapa göndər


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

– Vahid müəllim, Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə olunub. Gələn ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirləriniz nədən ibarətdir?

– Ümumiyyətlə, 2017-ci ildən bu yana cənab Prezident tərəfindən Azərbaycanda çox ciddi iqtisadi islahatlara start verilib. Bu islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatında müəyyən dəyişikliklər baş verib. O cümlədən vergi və gömrük, həmçinin digər sahələrdə aparılan islahatlar Azərbaycanda müəyyən qədər iqtisadi inkişafa və ölkənin beynəlxalq reytinqinin yüksəlməsinə səbəb olub. Hazırda 2019-cu ilin dövlət büdcəsi müzakirə edilir və bu müzakirələrdə müəyyən müsbət məqamlar qeyd olunur. Azərbaycanda ümumi daxili məhsulun artımı var. Gələn il də 3,6 faiz artım nəzərdə tutulur. Azərbaycanda gəlirlərin artımı nəzərdə tutulub. Ümumiyyətlə, hər zaman olduğu kimi, sosial layihələrə daha çox diqqət yetirilib. Büdcənin 33-34 faizi faktiki olaraq sosial layihələrin həyata keçirilməsinə sərf ediləcək. İlk dəfə olaraq 6,9 milyard manat əsaslı tikintiyə ayrılacaq ki, bu da gələcəkdə Azərbaycanın ümumi daxili məhsulunun artımı üçün əhəmiyyətli məsələlərdən biridir. Yəni, bu cür müsbət məqamlar çoxdur. Verilən proqnozda inflyasiya aşağı səviyyəyə göstərilir. Manatın məzənnəsi qorunub saxlanılacaq. Baxmayaraq ki, qonşu ölkələrdə – Türkiyədə, İranda, Rusiyada milli valyutanın müəyyən qədər ucuzlaşması gedir. Amma Azərbaycanın milli valyutanı qoruyub saxlamaq üçün imkanları həddən artıq böyükdür. Azərbaycanda müdafiə xərclərinə əlavə vəsait artırılır. Bu da bizim müharibə şəraitində yaşamağımızla bağlıdır. Daha müasir silahlarla ordumuzu təmin etməyə şərait yaradılır. Yəni, bu cür müsbət addımlar həddən artıq çoxdur.

Ancaq müsbət addımlarla yanaşı bizi narahat edən bir sıra məsələlər var. Birincisi, maaş və pensiyaların artırılmasıdır. Mənə elə gəlir ki, bu məsələlərdə müəyyən qədər güzəştə getmək lazımdır. Digər məsələlər də var. Biz həmişə Neft Fondundan yüksək transferlərin əleyhinə olmuşuq. Amma Azərbaycan neft-qaz ixrac edən ölkədir. Biz çalışırıq ki, bu vəsaitin müəyyən hissəsi gələcək nəsillər üçün saxlanılsın. 2019-cu ildə təxminən 11,3 milyard manat Neft Fondundan dövlət büdcəsinə transfer olunacaq. Bu da narahatlıq doğuran məqamlardan biridir.

Bundan başqa dövlət zəmanəti ilə verilən kreditlərin qaytarılması məsələsində dövlət büdcəsindən istifadə etmək yolverilməzdir. Yəni, belə məqamlar var.

Ən ciddi təkliflərdən biri təhsil kreditləri ilə bağlıdır. Düzdür, həmkarım Əli Məsimli ilə bu barədə qanun layihəsi hazırlamışıq. Ancaq bir sıra nazirliklər onun əleyhinə çıxış edirlər. Biz isə bununla razı deyilik. Yəni, belə məsələlər var və yəqin ki, onları müzakirə edəcəyik.

– Gələn il aqrar sektorun inkişafı ilə bağlı nələr nəzərdə tutulub?

– Bildiyiniz kimi, aqrar sektor 5 il müddətinə vergidən azad edilib və cənab Prezident tərəfindən bu sahəyə diqqət böyükdür. Fikir verirsinizsə, ümumiyyətlə, son bir ildə aqrar sahəyə çox böyük diqqət var. Yeni nazir təyin olunub. Müəyyən islahatlar həyata keçirir. Aqrar sahədə bizim imkanlarımız genişdir. Əlbəttə, ixrac imkanlarımız da böyükdür. Bu sahəyə diqqəti daha da artırmaq lazımdır. Geniş fermer təsərrüfatlarının yaradılması, müəyyən sahələrin inkişaf etdirilməsi bizim ixrac potensialımızın artmasına imkan yaradacaq.

– Bank sektorunun inkişafı ilə bağlı gələn il üçün hansı addımların atılacağı proqnozlaşdırılır?

– Bank sektoru ilə bağlı məsələlər çox ciddidir. Mənim gündəliyimdə bu məsələlər var. Yəqin ki, parlamentdə bu məsələlər müzakirə obyektinə çevriləcək.

– Bu məsələnin büdcə ilə hansısa formada bağlılığı varmı?

– Əgər bank faizləri aşağıdırsa, insanlar normal şəkildə kredit ala bilirlərsə, sahibkarlıq normal şəkildə inkişaf edə bilirsə, bu, Azərbaycan iqtisadiyyatının inkişafı deməkdir. Yəni, bank sektorunun normal işləməsi, normal faizlə kredit verməsi Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olan amillərdən birincisidir.

– Son vaxtlar “Əmanətlərin tam sığortalanması” haqqında qanunun qüvvədə olma müddətinin başa çatmasından sonra əmanətlərin təhlükədə ola biləcəyinə dair fikirlər səslənir. Milli Məclisdə bu qanunun müddətinin daha 3 il müddətinə uzadılacağı gözləniləndirmi?

– Bu məsələ gündəlikdədir və onu mən bir neçə dəfə qaldırmışam. Xahiş etmişəm ki, ümumiyyətlə, bu məsələ gündəliyə gətirilsin. 2019-cu ilin martında həmin qanun qüvvədən düşəcək. Hesab edirəm ki, bu qanunun müddəti daha 3 il uzadılmalıdır. Onsuz da bu gün bank sisteminin kapitallaşma və əmanət cəlb etmə ilə bağlı ciddi problemləri mövcuddur. Əgər uzadılmasa, o zaman insanlar əmanətlərini geri çəkə bilərlər. Biz təklif edirik və çalışacağıq ki, bu qanunun qüvvədə olma müddəti uzadılsın. Yəni, bu gündəmdə olan məsələlərdən biridir.

– Sizcə, qanunun qüvvədə olma müddətinin uzadılması ehtimalı nə qədərdir?

– Mən əminəm ki, cənab Prezident bu məsələyə müsbət reaksiya verəcək. Vətəndaşların əmanətlərini banklardan çəkməsinə imkan vermək olmaz. Əmanətlər daha 3 il müddətinə tam sığortalanmalıdır ki, insanlar banka əmanət yerləşdirməyə arxayın olsunlar, hər hansı problem yaranmasın. Banklara etimadı azaltmaq olmaz.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.11.2018
Erməni əsir: Biz onlar üçün “Qarabağ eşşəkləriyik”
21.11.2018
“Azərbaycanda 50 il bundan sonra futbol ola, ya olmaya” – Yunis Hüseynov
20.11.2018
Salman Alıoğlu: “ Həmin vertolyotda Tamerlan Qarayev də ola bilərdi, amma...”
09.11.2018
“10 ildir, pulsuz işləyirəm...” - MİA-ın baş redaktoruyla müsahibə
04.11.2018
“Bəziləri bunu xoşlamır, amma mən irqçiyəm, türkçüyəm, türk oğlu türkəm” - Mübariz Məsimov