Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5949

Digər sorğular

Etimadımızı itirdik

03:45  |    18 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Biz bir az yetim nəsilik.

Səhər Əhməd |

Nə qədər bir- birmizin ətini yeyib, sümüyünü atsaq da, bir-birimizi satsaq da, bir-birimizə yuxarıdan aşağı, yanakı, çəpəki, narazı baxsaq da, hamımız yazığıq, əslində. Atılan da, satılan da, türmədə, azadlıqda, yataqda, küçədə, sarayda olan da. Hamımızın boynu bükükdü bir az, üstümüzdə doxsanıncı illərin hüznü, Qarabağ müharibəsini ağrısı, keçid dövrünün zədələri var. Və nə qədər ayrılsaq, neçə yerə parçalansaq belə, bu ortaq keçmiş bizi həmişə izləyəcək.

Etimad Əsədov bizim hamımıza eyni dərəcədə aid olan ortaq dəyərlərdən idi. Ayağını Qarabağ döyüşlərində itirmiş, müharibədən sonra da meydanda - gözümüzün qabağında olan baş qazimiz. Əslində, qazilərimizin itirilən əli, ayağı, gözü bizim hamımızın əli, ayağı, gözü olmalıydı. Onlar bədənində gəzdirdikləri qəlpəni öz bədənimizdə hiss eləməliydik. Həm də hər zaman. Əslində, biz onların heç olmasa müharibədən sonrakı vuruşlarında yanında olmalıydıq. Əslində...

Əslində, Etimadın müharibədən əvvəl, müharibə vaxtı və müharibədən sonrakı həyatı bizim dövrümüzün süjet xətti idi. Düşmən gülləsindən yayınıb, vuruşlardan salamat çıxıb xərçəngə yenilməsi isə həyatımızın ibrət dərsi.

Onun ölümü unutduğumuz çox şeyləri təzədən xatırlatdı bizə. Təzədən ağrıdıq illər sonra. Ey dadi-bidad, Qarabağ yadigarlarının köçü başlayıb. Bizim nəslin yarpaq tökümü. Müharibəmizin şahidlərini torpağa veririk indi də. Şəhidlərin ölümündən şahidlərin ölümünə qədər olan zaman kəsiyində yaşamaq ağrılıdı.

Biz bir az yetim nəsilik, əslində. “yetim yarımaz, yarısa da qarımaz” deyiblər.

Etimadımızı itirdik, həm Qarabağın, həm özümüzün, həm keçmişimizin qarşısında.

sim-sim.az
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
14.12.2015 Bədəninin 20 faizini itirmiş Qarabağ qazisi