Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6021

Digər sorğular

Avropa ərazi bütövlüyümüzün yanında - siyasi dəstək və... silahlarla

14:26  |    11 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Almaniyadan örnək mövqe, Fransadan mühüm gözlənti; rusiyalı politoloq: “Ermənilər Bakının Parislə silah anlaşmasına mane ola bilməyəcəklər....”

Qarabağ cəbhəsində 24 ildir atəşkəs rejimi hökm sürsə də, təbliğat meydanlarında savaş, informasiya müharibəsi bir an da dayanmayıb, davam edir. Çünki konfliktin yekun həllində beynəlxalq hüquqla yanaşı, beynəlxalq rəy də az rol oynamayacaq. Beynəlxalq rəyi isə ilk növbədə ölkənin xarici siyasətlə məşğul olan strukturları, habelə diaspor qurumları, sadəcə, xaricdəki fəal mühacirlər formalaşdırır.

Erməni diasporunun xüsusən də Avropada, ABŞ-da və Rusiyada güclü olduğunu, üstəgəl, xristian amilini nəzərə alsaq, aydındır ki, Azərbaycan dövlət, millət və diaspora olaraq əsas gücünü məhz həmin məkanlara, ölkələrə yönəltməlidir. Söhbət ilk növbədə Dalıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir imkanları olan böyük xristian dövlətlərindən, o sırada vasitəçi xristian ölkələrindən gedir. Bura ABŞ, Fransa, Rusiya, Almaniya daxildir.

*****

Təqdiredicidir ki, bu yöndə aparılan təbliğat savaşında Azərbaycan adına uğurlar getdikcə artmaqdadır. Məsələn, bu günlərdə Almaniya parlamentinin - Bundestaqın sağçı radikal AFD fraksiyasının AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda göndərdiyi sorğu və aldığı cavab diqqətçəkiciliyi ilə seçilib (axar.az).

Belə ki, Almaniya mediası sorğuda Qarabağla bağlı bəzi sualların yer aldığını yazıb. Almaniya hökumətinin sözügedən sorğuya cavabının girişində xüsusi qeyd olunub ki, AFR “Almaniya-Ermənistan münasibətləri” dedikdə AFR-Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. “AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və 7 ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma ”Dağlıq Qarabağ Respublikasını" tanımır" - cavabda konkret olaraq bildirilib.

Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib. Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

Göründüyü kimi, Almaniya hökuməti ərazi bütövlüyümüz məsələsində bizim yanımızda yer almaqda davam edir. Az öncə Bakıda səfərdə olan bu hökumətin başçısı kansler Angela Merkel eyni mövqeni çılpaq şəkildə dilə gətirməsə də, rəsmi Berlin beynəlxalq hüquqa sadiq dövlətdir. Bunu o, Avropa Birliyinin (AB), NATO-nun mühüm üzvü kimi postsovet məkanında (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova) etnik-ərazi münaqişələrinə dair adı çəkilən qurumların yekun sənədlərinə səs verməklə də təsbit edib - 4 ölkənin ərazi bütövlüyünü və suverenliyini bir daha tanıyıb.

*****

Azərbaycanın AB-nin ikinci aparıcı dövləti olan Fransa ilə də əlaqələri mühüm önəm kəsb edir. Nə yaxşı ki, bu əlaqələr ermənilərin və onların Fransadakı icmasının cəhdlərinə rəğmən, ildən-ilə genişlənir. Bu ilin iyulunda prezident İlham Əliyev Parisdə səfərdə olub və fransalı həmkarı Emmanuel Makronu ölkəmizə dəvət edib.

Lakin səfərin bu həftə baş tutacağı deyilsə də, hələ ki Makronun gəlişinin dəqiq tarixi məlum deyil. Bir şey dəqiqdir ki, Fransa prezidenti Azərbaycana gələcək. Hər halda, AB üzvlərindən yeganə Fransadır ki, onun prezidentləri müntəzəm surətdə Azərbaycana baş çəkiblər. Yada salaq ki, Makronun sələfləri - eks-prezidentlər Nikola Sarkozi və Fransua Olland artıq Bakıda olublar. Heç şübhəsiz, Makron bu ənənəni pozmayacaq. Bu qənaəti gücləndirən daha bir ciddi amil var.

Məsələ ondadır ki, regionda ABŞ kimi Almaniya da fəallaşıb (Amerikanın Gürcüstanda möhkəmləndiyi sirr deyil, Ermənistandakı hakimiyyət dəyişikliyinin arxasında da ABŞ-ın durduğu deyilir). Demək, Fransa onlardan geri qalmaq istəməyəcək. Bölgənin açar ölkəsi isə məlumdur - Azərbaycan. Azərbaycana maraq isə ən əvvəl hərbi sferanı da nəzərdə tutur. Səbəbinə gələcəyik.

Təsadüfi deyil ki, ötən həftə Fransanın “La Tribune” qəzeti yazmışdı ki, Makronun Bakı səfəri zamanı ikitərəfli əməkdaşlıq və Qarabağa məsələləri müzakirə ediləcək və ola bilsin, Fransadan 400-500 milyon avro dəyərində 3 hərbi katerin alınması ilə bağlı müqavilə də imzalansın. Bundan əlavə, TANAP-TAP-ın müzakirəsi də istisna edilmirdi.

*****

“Yeni Müsavat” bu yerdə xatırladır ki, hərbi gəmilərlə bağlı tərəflər arasında ilkin anlaşma artıq əldə edilib. Ötən ay Bakıda keçirilən ADEX-2018 Beynəlxalq Müdafiə Sərgisinə ilk dəfə olaraq, Fransanın iki hərbi şirkəti də öz məhsulları ilə qatılıb və onlardan biri - “Naval Group”la ilkin anlaşma imzalanıb. Önəmlisi həm də odur ki, hərbi gəmilər bütünlüklə Bakıdakı gəmiqayırma zavodunda, Fransa şirkətinin ekspertlərinin iştirakı ilə inşa ediləcək.

“Azərbaycan onsuz da İsraildən katerlər alır. Demək, Bakı Fransa ilə əlaqələri dərinləşdirmək üçün fransız gəmiləri də alacaq. Çünki Bakının siyasəti belədir ki, hamı ilə - Qərblə də, Rusiya ilə də, digər ölkələrlə də yaxşı münasibətlər olsun ”, - deyə rusiyalı hərbi ekspert Konstantin Sivkov “Moskva-Baku” portalına söyləyib.

Digər rusiyalı təhlilçi və politoloq Aleksey Fenenko isə deyib ki, Fransa-Azərbaycan anlaşması baş tutacaq və Bakı müdafiə sferasında öz müstəqilliyini daha da gücləndirəcək. “Bütün yumurtaları eyni zənbilə qoymaq olmaz. Əvvəllər Bakı həqiqətən yalnız İsrail katerləri alırdı. Ancaq bütünlüklə İsraildən, onun ehtiyat hissələrindən və komplektlərindən asılı olmağa dəymir. Həmişə yaxşı alternativ lazımdır”, - deyə ekspert vurğulayıb.

Ekspertlərin açıqlamalarından belə görünür ki, daha Fransanı bölgədə sırf ermənipərəst kurs aparan ölkə adlandırmaq olmaz. Bu gəlişmə, əlbəttə ki, mühüm sayıla bilər - ələlxüsus da Fransanın vasitəçi olduğu Dağlıq Qarabağ məsələsindən dolayı.

“Yəqin ki, yaxın gələcəkdə Bakı ilə Paris arasında əlaqələr daha da yaxşılaşacaq. Fransa hiss edib ki, regionu Almaniya və ABŞ-a uduzur və Güney Qafqaza qayıtmaq qərarı verib. O ayrı məsələ ki, Fransa silahdan başqa Azərbaycana nə təklif edə bilər” - Fenenko bildirib. Onun sözlərinə görə, Bakı-Paris yaxınlaşmasında ikinci amil Qarabağ məsələsində Bakıya psixoloji dəstək xarakterli ola bilər.

“Fransa silahları son zamanlar elə də yüksək rəqabət qabiliyyətli deyil. ABŞ, Rusiya, qismən də Böyük Britaniya və İsrail silah bazarında Fransanı sıxışdırır. Ona görə də Fransa imkanlar arayır ki, öz Hərbi Sənaye Kompleksinin əhəmiyyətli olduğunu nümayiş etdirsin. Odur ki, erməni lobbisi çətin ki, Bakının Fransa ilə silah anlaşmasına mane ola bilsin. Mətbuatda hay-küy qaldıra bilərlər. Lakin bundan o yana keçməyəcək” - sonda politoloq əlavə edib

Bunu da xatırladaq ki, İlham Əliyevin Parisə sonuncu səfərinə 10 gün qalmış mediaya məlum olmuşdu ki, Paris ötən əsrin 90-cı illərindən Azərbaycana tətbiq elədiyi silah embarqosunu götürüb. Bu sensasion xəbər Fransanın dünənə qədər “kiçik bacı” saydığı Ermənistanda o dərəcədə təlaş doğurmuşdu ki, Fransanın işğalçı ölkədəki səfiri ertəsi gün onu təkzib eləməyə tələsdi. Yekunda isə xəbər düz çıxdı: embarqo götürülüb...

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.12.2018
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətini qəbul edib
14.12.2018
“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO
14.12.2018
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
14.12.2018
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO
14.12.2018
Lavrov Bakıda: Bura döyüş meydanına çevrilməməlidir