Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Rey Kərimoğlu: “Bundan sonrakı işimiz qazilər üçün sığorta haqqının ödənməsinə nail olmaqdır”

10:28  |    10 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər

Rey Kərimoğlu: “Bundan sonrakı işimiz qazilər üçün sığorta haqqının ödənməsinə nail olmaqdır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi prosesinə başlanılıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli fərmanının icrası istiqamətində nazirlikdə yaradılmış komissiya tərəfindən bir sıra işlər görülüb. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib. Bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri yekunlaşıb. Fərmana əsasən bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Artıq dünəndən hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilirlər.

Axtarışın nəticəsi olaraq “Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət edir.

Hərbi qulluqçunun vərəsəsi tərəfindən notariat kontoruna bu sənədlər təqim olunur:

- hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;

- hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı;

- birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə. Ərizə forması notariat orqanından əldə edilir;

- bank hesabı nömrəsinə dair arayış. Vərəsənin bank hesabı olmadıqda, o istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair arayış alır.

Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s.

Hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun yarandığı təqdirdə, notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilir.

Vərəsəlik şəhadətnaməsi və vərəsənin təqdim etdiyi sənədlərdəki məlumatlar notarius tərəfindən elektron qaydada 3 iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürülür.

Məlumat sistemə daxil olduqdan sonra müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, onların daxilolma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş vərəsələrin ərizədə qeyd etdiyi əlaqə nömrələrindən birinə göndərilir.

Birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan maliyyə vəsaitinin ayrılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə müraciət olunur.

Tələb olunan maliyyə vəsaiti ayrıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmə vərəsənin bank hesabına köçürülür. Bu barədə vərəsənin ərizədə göstərilən əlaqə nömrələrindən birinə bildiriş göndərilir.

Əgər hərbi qulluqçunun vərəsələri daimi əsaslarla ölkə hüdudlarından kənarda yaşayırlarsa, onlar tələb olunan sənədlərlə birlikdə Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəlik və konsulluğuna müraciət edirlər.

Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev qeyd edib ki, prezidentin fərmanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsini yaxşılaşdırmaqla yanaşı, ölkəmizdə gənclərin vətənpərvərlik hissinin güclənməsinə təkan verir.

Artıq dünəndən etibarən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət etməyə başlayıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblının “Yeni Müsavat”a dediyinə görə, fərmanın ümumilikdə neçə nəfərə şamil ediləcəyi açıqlanmır, çünki hərbi sirr sayılır.

Qeyd edək ki, bu ilin dövlət büdcəsindən şəhid vərəsələrinə birdəfəlik ödəniş olunması üçün 58 milyon manat vəsait ayrılıb.

Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi Rey Kərimoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, onlar prosesi yaxından izləyirlər: “Bu, uzun illərdən bəridir aparılan mübarizənin nəticəsidir. Neçə illərdi, qanunvericilikdəki boşluq, bəzi məmurların özbaşınalığı üzündən məsələ həllini tapmırdı. Nəhayət, ölkə prezidenti, Ali Baş Komandan məsələnin ciddiliyini nəzərə alaraq prezident seçkilərindən sonrakı ilk fərmanını buna həsr etdi. Son vaxtlar, hələ Səlim Müslümovun dövründən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa ciddi əhəmiyyət verilir. Qaldırdığımız bütün məsələlər dərhal müzakirə olunur, həllinə dəstək göstərilir. Yeni nazir Sahil Babayev də QHT-lərə münasibətdə çox açıqdır, vaxtaşırı görüşür, təklifləri dinləyir”.

Qarabağ qazisi deyir ki, bu mərhələyə gələnədək çox ağır işlər görülüb: “Biz yaxından izləmişik bu prosesi. Çox ağır işdir: bütün hərbi qurumlardan, hüquq-mühafizə orqanlarından siyahılar alınıb, dəqiqləşdirilib. Şükürlər olsun ki, gəlib bu günə çatmışıq. İndiyədək proses çox şəffaf gedib. Ümid edirik ki, belə də davam edəcək. Şəhid ailələrinə də müraciət edirəm ki, hər hansı problemlə üzləşsələr, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsinlər”.

R.Kərimoğlunun sözlərinə görə, Şəhid Ailələri İctimai Birliyinin rəhbəri Almaz Zeynalova bu işin reallaşması üçün çox çalışıb: “O xanım bütün bu illər ərzində yorulmadan çalışıb. Bu işdə bizə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də yaxından dəstək verib. Biz əslində iki məsələ qaldırmışdıq: şəhidlər və Qarabağ qaziləri üçün sığorta haqqı. Məsələ müzakirə olunarkən hökumətdəkilər deyirdilər, çox böyük vəsait tələb olunur. Onda biz təklif etdik ki, ödəniş birinci mərhələdə şəhid ailələrinə verilsin. Çox təşəkkür edirik, millət vəkili Qüdrət Həsənquliyev prezident seçkiləri zamanı məsələni platformasına saldı. Ölkə rəhbərinə minnətdarıq ki, ilk fərmanında bu məsələnin həllinə qərar verdi. Bundan sonra işimiz Qarabağ qaziləri üçün sığorta haqqının ödənməsinə nail olmaqdı. Bu, qanunun tələbi və sağlamlığını vətən yolunda itirmiş qazilərin haqqıdır”.


“Yeni Müsavat”
Dünya SAKİT
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Gender əsaslı cinsi seçimin qarşısının alınması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub
19.10.2018
"Azərbaycanda qadınların orta ömrü 78, kişilərin isə 73 yaşdan çoxdur" - NAZİR
19.10.2018
Kişilərin sayının artması mənfi hallara səbəb olur
18.10.2018
"Bu il şəhid ailələrinin 50 faizinə ödəniş ediləcək" - Nazir
17.10.2018
BP ilə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib - NAZİRLİK