Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5685

Digər sorğular

Xınalıqda 2500 il yaşı olan qədim nekropol aşkarlandı

16:59  |    13 İyul 2018  |   E-mail  |  Çapa göndər


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi arxivinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərliyi altında Xınalıq arxeoloji ekspedisiyası Quba rayonunun inzibati ərazisinə daxil olan Xınalıq kəndinin cənub-şərqində e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropolu aşkar ediblər.

Qaziler.az-ın məlumatına görə, Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyevin bildirdiyinə görə, hələ ötən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda aparılmış müzakirələrdə Azərbaycanın arxeoloji xəritəsində hələ də tədqiqata ehtiyacı olan regionlar sırasında Xınalıq kəndinin yerləşdiyi Böyük Qafqaz dağları silsiləsinin Baş Qafqaz və Yan silsilələri arasındakı çökəkliyin daxil olduğu zona da xüsusi qeyd edilmişdi. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi, həmçinin, “Xınalıq” tarixi-memarlıq və etnoqrafik qoruğu ərazisində yerüstü, o cümlədən, memarlıq abidələri qeydə alınmışdı. Amma ərazi arxeoloji cəhətdən faktiki tədqiq olunmayıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın bilavasitə təşəbbüsü ilə 2017-ci ildə Xınalıq ərazisində ilkin arxeoloji kəşfiyyat işləri aparıldı, yerüstü materiallar toplandı, kəşfiyyat xarakterli şurflar qoyuldu və tədqiqatlar üçün münasib sahələr qeyd edildi.

İdris Əliyevin məlumatına görə, onun rəhbərlik etdiyi Xınalıq arxeoloji ekspedisiyası tərəfindən bu ilin tədqiqat mövsümündə Xınalıq kəndinin cənub-şərqindəki ərazidə e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən nekropol aşkar edilib. Coğrafi şəraitdən və relyefdən qaynaqlanan obyektiv çətinliklərə baxmayaraq ekspedisiya əhəmiyyətli nəticələrə imza atıb.

İlkin aşkar edilən və tədqiq olunmuş 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, daş plitə parçaları ilə divarları üzlənmiş və üzəriləri daş plitələrlə örtülüb. Aşkar edilən skeletlər əsasən sağ, həmçinin sol böyürü, həm də beli üzərində uzadılmış vəziyyətdədirlər. Onların kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji və d. çeşidli analizlər üçün götürülüb.Tədqiq edilən qəbirlərdə zəngin dəfn inventarı aşkar edilib. Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar (nizə, ox ucluqları və d., o cümlədən, iskitlərə xas ox ucluğu), tuncdan bəzək əşyaları (qolbaqlar, asmalar, tac formasında dəmir lövhələr — alınlıqlar, saç sancaqları və d.), çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və d. maddi mədəniyyət nümunələri qeyd edilib.

“Nekropolda hələ ki tədqiq edilən 12 qədim qəbirin tarixini təqribən e.ə. I minilliyin ortalarına və ikinci yarısına, ehtimalımıza görə, e.ə. V-III əsrlərə aid etmək olar. Bu ehtimalı qəbirlərin quruluşu, dəfn inventarındakı materiallar əsasında irəli sürə bilərik. Amma gələcəkdə ərazidə daha geniş arxeoloji və arxeometrik araşdırmalar nekropolun sərhədlərini və zaman çərçivəsini dəqiqləşdirəcək. Digər tərəfdən, nekropolun mövcudluğu yaxınlıqda həmdövr qədim məskənlərin də olmasına işarə edir”.

İdris Əliyevin bildirdiyinə görə, Xınalıq nekropolunun aşkar edilməsini, Azərbaycan arxeoloji xəritəsində daha bir “boşluğun” aradan qaldırılması kimi dəyərləndirmək olar. İndiyə qədər özünüməxsus coğrafi mövqeyinə və relyefinə görə bu zonanın qədim dövrdə izolə edilmiş ərazi olması barədə fikirlər mövcud idi. Kəşfin və tədqiqatların böyük elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş materiallara görə, son-tunc — ilk dəmir dövrünün sonu ilə antik dövrün ərəfəsi arasındakı zaman kəsiyində ərazidə və bütövlükdə regionda ciddi məskunlaşmanı, qarşılıqlı mədəni münasibətləri ehtiva edən intensiv proseslərin getdiyi barədə tam yeni bir fikiri irəli sürmək mümkündür.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
12.07.2018
İsrail hücuma keçdi: Əsədin bazaları darmadağın edildi
11.07.2018
Şolom Aleyxemin “Seçilmiş əsərləri”nin onlayn versiyası oxucuların ixtiyarına verildi
09.07.2018
Azərbaycan Rusiya və Çində şərab evləri açır
07.07.2018
Moskvadan Bakıya yaşıl işıq: Qarabağ bu yolla...
05.07.2018
Aşıq Ələsgərin sonuncu nəvəsi vəfat etdi