Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5951

Digər sorğular

“Bu söyüşlərin bir axırı olmalıydı... “ - Millət vəkili

13:33  |    06 İyul 2018  |   E-mail  |  Çapa göndər


Fəzail Ağamalı “Bəzi məmurlar niyə söyüş söyür” sualına cavab verdi

Azərbaycanda bəzi dövlət məmurların leksikonunda qeyri-etik ifadələr işlətməsi hallarına rast gəlirik. Mətbuatda, mediada, sosial şəbəkələrdə, internet resurslarında bununla bağlı vaxtaşırı videolar, səs yazıları paylaşılır. Bəzən də bütün bunların nəticəsi olaraq, sonda həmin məmurların xalqın qəzəbinə tuş gəldiyinin, ölkə rəhbərliyi tərəfindən vəzifəsindən azad edildiyinin, cəzalandırıldığının şahidi oluruq.

Məsələn, Qubanın sabiq icra başçısı Rauf Həbibov qubalıları təhqir etdiyi üçün yerli camaatın qəzəbinə tuş gəlmişdi. Belə ki, 2012-ci il fevralın sonunda icra başçısının internet resuslarında qubalılar, təhqir edən videosu yayılmışdı. Nəticədə qubalılar böyük etiraza qalxdı və bir neçə gün sonra, martın 2-də prezidentin sərəncamı ilə Rauf Həbibov vəzifəsindən azad edildi.

2013-cü il yanvarın 23-də İsmayıllıda icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov və qardaşı, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun “Hummer” markalı maşını ilə “Çıraq” hotelindən çıxarkən taksi sürücüsünün maşınını vurub, özünü isə təhqir etməsi ismayıllıların qəzəbinə səbəb olmuşdu. Bundan əvvəl də bu cür olaylarla qarşılaşan, icra başçısının davranışlarından ”cana doyan" ismayıllılar heç bir güzəştə getməyərək, icra başçısının istefasını tələb etmişdi. Nəticədə Nizami Ələkbərov və nazir Füzuli Ələkbərov prezidentin sərəncamı ilə işindən azad edilmişdi.

Məlum olduğu kimi, iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd oldu. Qeyd edək ki, güllələnən Elmar Vəliyev söyüş söyməkdə xüsusilə fərqlənən məmurlardandır. Onu “Youtube”da ən çox söyüş dolu videoları yayılan məmur da adlandırmaq olar. Əksəriyyət onu təkcə vətəndaşları deyil, eləcə də məmurları ağır təhqir etməkdən çəkinməyən icra başçısı kimi tanıyır.

Xatırladaq ki, ötən ay Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Samir Cəfərov gözlənilmədən vəzifəsindən istefa vermişdi. Yayılan iddialara görə, xalq artisti şəhərin rəhbər şəxsi tərəfindən təhqir olunduğu üçün bu cür addım atıb. Bildirilir ki, xalq artisti şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün həmin məmurla mübahisə edib və gözləmədiyi halda məmurun təhqirinə məruz qalıb. Həmin hadisədən dərhal sonra Samir Cəfərov vəzifəsindən istefa verərək, Bakıya geri dönüb. Xalq artisti bu iddialara əvvəlcə cavab vermək istəmədiyini bildirib, sonrakı açıqlamalarında isə istefasına səbəb kimi yaradıcılığından geri qaldığını, ailəsinin Bakıda yaşadığını əsas gətirib. Qeyd edək ki, S.Cəfərov bir il bundan əvvəl Gəncə Filarmoniyasına rəhbər seçilmişdi.

Beləliklə, iddialara görə, Elmar Vəliyev həm də qeyri-etik davranışlarının qurbanı olub. Bu hadisə bir sualı yenidən gündəmə gətirmiş oldu: bəzi məmurlar niyə vətəndaşları söyür, onları təhqir edir?

Halbuki illər öncə bu problemi aradan qaldırmaq üçün parlamentdə “Dövlət qulluqçularının etik davranışı kodeksi” qanunu qəbul edilib. Həmin qanuna əsasən, vətəndaşlarla qeyri-etik davranan məmurlar hüquqi məsuliyyət daşıyır. Yəni vətəndaşları təhqir edib, etikadan kənar hərəkətlərə yol verən məmur cəzalandırıla, hətta vəzifəsini itirə bilər. Lakin göründüyü kimi, bir çox məmurlar ya bu qanundan xəbərsizdir, ya da ki, xəbərsiz kimi görünməyə çalışır.

Mövzu ilə bağlı millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a danışıb: “İstər dövlət məmurunun, istərsə də istənilən digər peşə sahibinin vətəndaşlara qarşı söyüş leksikonundan istifadə edib davranmasının qəti əleyhinəyəm. Mənə elə gəlir ki, bu, sırf psixoloji çatızmazlıqlar, səviyyənin aşağı olması, təhsilin yoxluğu ilə bağlı məsələdir. Özünə hörmət edən şəxs heç bir halda başqasının təhqir etməz. Əgər özündə hörmət hiss yoxdursa, təbii ki, həmin məmur söyüş də söyər, təhqir də edər, hətta qarşısındakının başına qapaz da vurar və sairə. Çox təəssüf ki, belə hallar mövcuddur. Doğrudur, bunu bütün məmurlara aid etmək olmaz. Çünki böyük əksəriyyəti intellektual, yüksək mədəniyyətə, davranışa malikdir”.

Fəzail Ağamalı Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsinə də münasibət bildirib: “Əlbəttə ki, bu söyüşlərin, təhqirlərin bir axırı olmalıydı. Məmur söyəndə biri dözür, ikisi dözür, xatanı özündən uzaqlaşdırmağa çalışır, sonda 5-ci dözmür, bu cür olay baş verir. Bu da çox təəssüfedici haldır. Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resuslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır. Qubada, İsmayıllıda baş verən hadisələr artıq məmurun güllələnməsinə qədər gəlib çatıb. Səbəb isə məmurun özünü apara bilməməsidir. Bu, əlbəttə ki, ölkə rəhbərinin siyasətinə zidd olan bir vəziyyətdir. Bu cür hadisədən nəticə çıxarılmalıdır və ümidvar olmaq istərdim ki, hadisə tam obyektiv olaraq araşdırılacaq. Əlbəttə ki, cinayətə yol verən şəxs Azərbaycan qanunları əsasında məsuliyyət daşımalı, eyni zamanda icra başçısını hansı səbəbdən güllələyib, bu məsələ tam araşdırılmalıdır”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQ
15.11.2018
Deputat: “Kəndlilər işləmək istəmir…” fikirlərinə aydınlıq gətirdi
15.11.2018
Qazilər Məlahət İbrahimqızının təklifini dəstəkləyir - Komissiya yaradılsın...
15.11.2018
"Qaçqınkom"da yüksək vəzifələrə təyinatlar olub
15.11.2018
Vahid Əhmədov: "Nazir şəhid ailələrini qəbul eləsin, birdəfəlik desin ki...”