Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5689

Digər sorğular

Aydın Canıyev Sevgililər Günündən yazır: “Gülmirə…”

12:36  |    30 İyun 2018  |   E-mail  |  Çapa göndər

Həə… bu gün sevgililər günüdü!


Çox gecdi mənim üçün. Həm sevgililər günündən yazmaq, həm də sevgidən yazmaq. Pərviz Cəbrayıl demişkən, mən kimdən yazdımsa, özümü yazdım – tükənmirəm də, yenə də yazıram, yenə də ayrılarından yazıram və yenə də AYDIN alınır yazdıqlarımdan.

Əslində, ilin bütün günlərində yazsam da, maraqlısı odur ki, deyəsən, 30 iyunda nəsə yazmamışam, yadıma gəlmir! İllah da ki, dostum, qardaşım Süleyman Dəmirəl…, bağışlayın, Əvəz Zeynallı bu günü Sevgililər günü kimi təqvimə pərçim edəndən. Hətta nəinki dəstək vermişəm, lap belə düşməncəsinə əleyhinə çıxmışam. Yazıq Əvəz! Ən böyük dəstəyi məndən almalıykən…

…Bir dəfə “Geopolitika XXI əsr” qəzetində yazı da yazdım. Əliməmməd Nuriyevin yadından çıxmayıbsa, zəng edib təbrikmi, təşəkkürmü etmişdi o möhtəşəm yazıya görə: mən Zərifə Əliyevanın nəşinin Azərbaycana gətirilməsi gününü SEVGİ GÜNÜ kimi təklif etmişdim – faktlara və məntiqə söykənərək!

Mən anlamımızda Valentin gününü – 14 fevralı sevgililər günü kimi qeyd etməyə meylli olmuşam. Bir dəfə də, Vahid Coşqun şahiddi, “Nizami” metrosunun yaxınlığındakı kafedə yüngülvari qeyd edirdik. Ofisiant xanımı da dəm havasına sevgililər günü münasibətiylə qutlamaq istəyəndə, xanımın çıldırması əbədi yadımda qaldı, hətta bir az kin-nifrət də püskürdü! Lap belə həqarət də vardı! Onda Əvəzlə küsülü vaxtlarım idi. Küsülü olmasaydım, anında zəng edib o qızla danışdırardım və təslim olduğumu etiraf edərdim!

Və o məclisdə yeyib-içmək burnumdan gəldi! Day heç vaxt sevgililər günü barədə düşünmədim.

Sonra Əvəzlə barışdım.

Sonra mən tutuldum Əvəzin işçisi kimi!

Sonra Əvəz tutuldu mənim müdafiəçim və baş redaktorum kimi.

Sonra biz çıxdıq!

Sonra mən yenə də yeknəsəq həyatıma davam etməyə başladım, özüm özümü xoşbəxt edəcək nələrisə etmədim, yalnız yazmaqdan zövq aldım! Mənə dostlarım, övladlarım, valideynlərim Allahımın lütfüylə ən yaxşı şeyləri yaşatdılar, amma mən yenə də xoşbəxt olmağın dadını bilmədim!

Maraqlı olanı odur ki, həyatda da, sosial şəbəkədə də məni Əvəzin yanında görənlər dost oldular! Ən maraqlı dostlarım kimlər oldu, deyimmi?

Əvəz Zeynallının Sevgililər Gününün fanatları – onların içində ərli qadın da var, evli kişi də.

Dünyanın düz vaxtlarında, dostluğumuza və həmkarlığımıza görə, Əvəzə bir sevgililər günü yazısı boyun olmuşdum. O ərəfələrdə boşanmışdım. Zarafata salıb deyirdim ki, elə sevgililər günündə evlənəcəm, sizinlə birlikdə qeyd edəcəm və bu olacaq ən böyük töhfə.

Alınmadı! Elə həyatım adına el arasında “məişət pozğunluğu” kimi təsnifləşdirilən “təkərə” düşüb fırlandı!

Zatən də mən ailə adamı deyiləm. Yana-yana yazdığım anamı bəlkə də ildə bir dəfə görürəm! Həyatımdakı qadın yanımda ola-ola, gündə əlli beş dəfə zəng edirəmsə, anama ayda bir dəfə zəng edib beş dəqiqə necəsən soruşmuram!

Dədəmi vəsf edə-edə hamını kövrəltsəm də, onunla da eləcə! Bəhanəm var: ağır eşidir!

Lap elə nəvəm olsun! Şəklini paylaşmağıma baxmayın, hələ də kişilik edib, bilet pulu düzəldib gedib onu görməmişəm. Artıq yeriyir, əməlli-başlı danışır!

Qadın, ailə dünyasından yekə-yekə yazmağım da həmçinin!

Yəni deməyim o ki… mən YAZa bilirəm, YAŞAya yox!

Həəə… dedim axı gecdi. Ancaq bir borc məsələsi var – düzdü, mən dostlarımın, yaxınlarımın, üstümdə haqqı-sayı olanların borclarını da heç qaytara bilən deyiləm, amma yazı borcuna gücüm çatır.

Beləliklə…

Zaman elə zibil zamandı, siyasi-ictimai, sosial-iqtisadi, ədəbi-bədii, day nə bilim, idman, hərbi vətənpərvərlik konuları çox yorucu görünür: çünki bu konularda Azərbaycan insanının dəyərsizliyi adamın gözünə girir, hələ təhdidlər, həbslərlə müşayiət olunan etirazlar! Dəhşətə baxın ki, siyasi diktatorluğa və iqtisadi monoplistliyə görə rejimə etiraz bir yana, bu anlaşılandı, hətta futbolçuya etiraza görə bu ölkədə jurnalist öldürülüb!!! Ədəbiyyat adamı türməyə salınıb!

Adamları başa düşmək lazımdı. Və onlara… dəstək olmaq lazımdı! Və onlara… siyasi sığınacağın ən gözəl məkanını – ailəni qorumağı anlatmaq və yardımçı olmaq lazımdı!

…Keçən il bu vaxtı depressiyadaydım. Dəqiqəbaşı “öldürərəm özümü, yaşamaq əzabdı, hər şey fəlakət” serenadası yapırdım fb-də. Əlim yazıya yatmırdı, yazdıqlarımda da, cavan dostlarımdan biri demişkən, sətirlər arasında Bryüs Li qanı su yerinə axıdırdı!

Və…

Tanıdığım və tanımadığım, dost olduğum və olmadığım insanlar ruhən, mənən dəstək oldular! Şərhlərdə, mesajlarda insanlığın ətri mənə ən ağır psixotrop dərmanlardan da faydalı oldu!

Bu gün o insanlara minnətdarlıq edirəm!

Bu gün SEVGİ GÜNÜDÜ!

Və… mütləq və mütləq bu günü əbədiləşdirmək lazımdı, ilboyu buna köklənmək lazımdı!

Çünki insanları hər şeydən məhrum edib, hər şeyi gözdən salıblar! Yalnız sevgi qalıb! Sevgi hissi – nütfəsində mərhəmət, rəğbət, bağlılıq qalan ali, ümumbəşəri bir yaşantı!

Aqressiya bu hissin yeganə qənimidir!

Və… bu gün üçün boyun olduğum yazını yazıya başlayıram, bu yazını oxumağınız üçün zəruri izahata son qoyaraq!

Gülmirə…

“… Bərq vuran dəhliz, yazı masasının üstünə sərilmiş ağappaq “skatert”, səliqəyə salınmış, süpürülüb-silinmiş ev, əvvəllər varlığını belə unamadığı güzgülərdə inikas olunan işıq zərrələrinin rəqsi, yeri dəyişdirilmiş divanın yeni dizaynı, par-parıldayan əlüzyuyan və unitaz, səliqəsindən bayılan mətbəx, sıraya düzülən qab-qaşıq, hamamdan və mətbəxdən asılan tər-təmiz dəsmallar, tərtəmiz stəkanlarda çay və… (…) yadına düşdü ki, bu evdə bir ildən bir az çox yaşamışdı. Bu evin üzü gülməmişdi heç vaxt. Kirlənə-kirlənə, iylənə-iylənə günlər keçmişdi. Bu evdə yemək-içmək olmuşdu. Bu evdə çox şey olmuşdu. İndi ona çatırdı bu evdə hər şeyi yerbəyer etməyə, qorumağa, əgər sevgiydisə sevgini, ev idisə evi, həyat idisə həyatı yaşamaq istəyini qorumağa lazım olan əl olmamışdı! Nəinki bu evdə, ümumiyyətlə ömründə heç vaxt olmamışdı!”

Və yenə də Gülmirə…

Bəzən heyrət edirsən: qadın minbir əziyyətlə, amma ürəyinin yağıyla, ruhunun sevgisiylə bişirdiyi yeməyi qabağına çəkir, süfrəni hazırlayır oturur və… yemir! Sənin yeməyinə baxıb… doyur!

Bir daha Gülmirə…

Stefan Sveyq deyirdi ki, vicdan min şahidə bərabərdir! Hə, vicdanı olan adamlarda belə bir fikir yarana bilər: İlahi, mən bu qadının sevgisinə layiq deyiləm, bu qadının mənə görə çəkdiyi əzabların, göstərdiyi qayğının qarşılığını necə və nə cür qaytarım?

Hər yerdə, hər zaman… Gülmirə!

Öz canının ağrısını deməz, hərçənd ki, hər bir qadının ağrıyan yerini göstərə bildiyi bir kişi olmalıdı, amma baxışından, yerişindən, nəfəs almağından, cavab verməyindən, səsinin tonundan bilər haran ağrıyır, nədən narahatsan, kim xətrinə dəyib, yeməkmi istəyirsən, çaymı içərsən!

Və… dünyanın faciəsinə bax ki: belə qadının qorxusu… itirmək olar!

Çünki Azərbaycanlı kişisinə inam… Xocalı faciəsindən sonra ölüb!

Çünki… Azərbaycanlı qadını ictimai-siyasi həyatda səsi(nin kişiliyi) gəlməyən, səsinin kişiliyi türmələrə salınan cəmiyyətdə hər şeyə münasibət bildirməklə hərşeyşünas olanların əhatəsində özünü təhlükədə hiss edir!

Onun sevdiyi kişisini ya hökümət alar əlindən, ya da… qadınlar!

Zəifləşməsələr də, zəif salınan kişiləri BELƏ və BELƏ sevməyi bacaran qadının qorxusunu anlamaq özü də dəhşətdi!

Bu dəhşətin çarəsi SEVGİ GÜNÜDÜ!

Qadınlaınızı hər 30 iyun gününə diri və sağlam çatdırın!

Bunun üçün isə, ilk növbədə, xanımlarınızı sevgili kimi sevin. Azərbaycan kişisinin sağalmaz xəstəliyi var: arvadına “can” deyəndə elə bilir, dədəsi-nənəsi əldən gedir, sevgilisini “həyatım, aşkım” çağıranda ölüləri xoşbəxt olur!

Azərbaycan qadınlarının bir zülmü də var: onlar gözəl bilirlər onları haçan “evdəki” – qulluqçu, uşaqların anası, haçan “çöldəki” – sevgili kimi sevirlər!

“Evdəki”ləri “çöldəki” qədər xoşbəxt etməyi bacarmaq lazımdı!

Gününüz, günümüz mübarək!

YAZIYA SÖZARDI: Yazıboyu bəzi mətləbləri anlatdım və təkliflər verdim. Birinci də özüm əməl edirəm: xanımlarınıza hər zaman qayğı və diqqəti əsirgəmədiyinizi açıq-aşkar – evdə, telefonla danışanda, sosil şəbəkələrdə nümayiş etdirməkdən çəkinməyin! Ayıb deyil və saymayın da!

Ayıb odur ki… biz bunu etməyəndə, qadın bu diqqətə və sevgiyə ehtiyac hiss etmiş olacaq və… içində qırıla-qırıla qalacaq!

Mən öz payıma etiraf edirəm: Gülmirə məni noutbuka qısqanır! Çünki mənim üzümdə təbəssümü daha çox özüylə danışıqda yox, mən burda yazı oxuyanda və yaxud da şərh yazanda görür! Onçun da günahımı yudum və yazdım: “Gülü, səni çox sevirəm! Məni qısqanma!”

Xural.com
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
09.07.2018
Cəlil, ya taleyini qəbul elə, ya da get... – Tənqidçi
09.07.2018
Leyla Əliyevanın şeiri öz ifasında - Video
02.07.2018
Leyla Əliyevanın kitabı Londonda nəşr olundu
29.06.2018
“Xəzər” dünya ədəbiyyatı dərgisi dünya universitetləri və kitabxanalarında