Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5698

Digər sorğular

Ölümə tərk edilmiş köçkünlər- “DSK-4“ cəhənnəmi

15:41  |    16 İyun 2018  |   E-mail  |  Çapa göndər

Evə çatar-çatmaz telefonuma gələn ardı-arası kəsilməyən zənglər yeni bir faciənin yaşandığından xəbər verirdi.

Düşüncəmdə doğru idim. Zənglər cəmi 1 saat əvvəl görüşdüyüm, söhbətləşdiyim məcburi köçkünlərdən idi. Həyəcanlı səslə, kədərlə bildirdilər ki, siz gedəndən az sonra bina sakini olan məktəbyaşlı uşağı maşın vurdu.Uşağın vəziyyəti ağır olduğu üçün təcili xəstəxanaya götürüldü:”Xahiş edirik, əlaqədar orqanlara xəbər verin ki, təhlükənin əhatəsindəyik, balalarımız burda qırılır, hər gün bir faciə yaşayırıq”.



Söhbət Binəqədi qəsəbəsi , Mədən 1, 4 saylı Evtikmə Kombinatının yarımcıq tikilisində məskunlaşmış məcburi köçkünlərdən gedir. Sakinlər arasında “DSK-4” adlandırılan bu ərazi ilk baxışdan sanki paytaxt yox, hansısa bir əl-ayaq dəyməyən cəngəlikdir. Üfunət qoxusu, adamboyundan uca qamışlıq ərazilər, çirkli su quyuları, ətrafa pərakəndə atılmış zibil tayaları, binanın həyətinə səliqəsiz şəkildə düzülmüş daxmalar adamı vahiməyə salır. Xüsusən qamışlıqdan gələn qurbağaların qurultusu, sürünənlərin tükürpədici fısıltı səsləri ilk diqqətimizi çəkən qorxulu anlar idi.



Qubadlı rayonunun Ballı Qaya kəndindən didərgin düşmüş Gözəl Fidayeva ilə həyətdə qarşılaşırıq. Təəccübümüzü görüb bizə yaxınlaşır. 20 ildən çoxdur bu binada yaşadığını, belə qorxunc halların artıq onlar üçün adi hala çevrildiyini söyləyir:”Bu bina qorxulu düşmənə dönüb, köçkünləri qismən məhv edir. Burada böyükdən kiçiyə qədər elə bir insan tapa bilməzsiniz ki, o sağlam olsun. Uşaqlar arasında qurd invaziyaları (helmintoz), vərəm, astma-bronxit, nəfəs atışmamazlığı, böyüklərdə baş-beyin, onkoloji, hepatit, qoturluq və göbələk , mədə-bağırsaq xəstəlikləri baş alıb gedir. Mənim özüm ürək xəstəliyinə mübtəla olmuşam. İçi mən qarışıq, heç kimin də imkanı yoxdur ki, getsin müalicə olunsun, xəstəliyinin qarşısını alsın. Digər bir tərəfdən də bu illər ərzində Gigiyena və Epidemiologiya Mərkəzindən burda bir nəfər də görməmişik, insafı ola ömründə 1 dəfə buraları dərmanlaya. Bu müvəqqəti yarımtikilidə 25 ildir yaşayan 35-dən cox məcburi köçkün ailəsinin yaşayış şəraiti ilə bu günə kimi maraqlanan olmayıb. Sakinlərin isə üz tutmadıqları, dil tökmədikləri rəsmi dövlət qurumu qalmayıb. Baxan və maraqlanan yoxdur ki, yoxdur. Elə bil səlahiyyətli orqanların yadından cıxmışıq. Maraqlıdır ki, hara üz tuturuqsa, cavab olaraq deyirlər ki, bina bizim balansımızda deyil və onunla bağlı qərar qəbul etməkdə bizlik deyil. Artıq yorulmuşuq. Buranın sakinləri də göydə Allahın, yerdə isə əlaqədar təşkilatların yadından çıxmış kimi görünür. Taleyini, həyatını bu cəhənnəm əzabında çürüdənlərdə sanki buradan qurtuluş yolunu aramaq üçün nə hey qalıb, nə həvəs“.



Elə söhbətimizin bu yerində Şuşa rayonu Quşçular kəndindən məcburi köçkün Həsrət Əliyeva bizə qoşulur. Antisanitariyadan söz düşmüşkən, binanın zirzəmisinə yığılmış üfunətli kanalizasiya sularında məskən salmış ağcaqanadların, sicovulların, bit-birənin , kərtənkələlərin, iri-yaşıl rəngli milcəklərin və digər həşəratların əlindən bezdiklərini bildirir :” Bir sözlə təsəvvür edin ki, binanın çölü içərisinə nisbətən səliqəlidir. İçəri sözün həqiqi mənasında müharibədən çıxmışa bənzəyir. Binanın divarlarını kif basıb. Qaranlıq dəhlizdə yeridikcə, kəskin kif qoxusu adamı boğur. 35-ə yaxın ailənin iç-içə yaşadığı bu yataqxanada elə otaqlar var ki, illərlə günəş şüası düşmür. Biz bura yığışanda bura yarımçıq tikili idi. Yağışdan-küləkdən, istidən qorunmaq üçün kim hardan dəmir , taxta, kardon parçası tapdısa gətirib ondan divar, qapı, pəncərə düzəltdi. Buna baxmayaraq, yağış yuxarıdan, zirzəmidəki çirkli su aşağıdan binanın nəmləndirir. Rütubətdən divarlar öz-özünə oyulub tökülür. Axşamlar olanda başımızı götürüb qacmağa yer axtarırıq. Dar dəhlizlərdə yemək bişirənlər, paltar, qab-qacaq yuyanların səsi -küyü, digər yandan binanın uşaqlarının hayı-harayı buranı almanların əsir düşərgəsinə bənzədir. Neynəsinlər, eni boyu 5-6 metr olan otağa necə sığsınlar, gün ərzində nə qədər o havasız qapısız-pəncərəsiz otaqda oturmaq olar”.



Ağdam rayonunun Novruzlu kəndindən məcburi köçkün düşmüş Rüstəmovlar ailəsində 2 azyaşlı uşaq var. Hər ikisi də məktəblidi. Bir sözlə 4 nəfər 20 kvadratmetr otaqda yaşamağa məcburdurlar. Ən pisi isə odur ki, bu otaqda pəncərə deyilən bir şey yoxdu. Kicik bir “gözlük” vardı onunda qarşısı çoxdan kəsilib. Ata –Rəşad Rüstəmov bildirir ki, çox çətinliklə balalarını böyudur:”İş yox, dolanışıq yox, vaxtlı-vaxtında muayinə-müalicə almaq qeyri-mümkün... Övladlarımın yanında xəcalətliyəm. Gözlərini bu dünyaya açandan onları normal şəraitdə böyüdə bilmədim. İstədiklərini ala, rahatlıq yaradıb-qura bilmədiyim üçün vicdan əzabı çəkirəm. Təəssüf edirəm ki, nəfəsliksiz dar bir otaqda onları məhvə aparıram”.



Ana- Ceyran Rüstəmova otağa bitişik daha bir otağı göstərib söylədi ki, bura hamam-tualetdı:” Qapısı evimizin içinə açılır. Kanalizasiya sistemi o qədər bərbad vəziyyətdədir ki, iy-qox nəinki hamam –tualetdən heç otağımızdan da cəkilmir.Yemək yeyərkən qəflətən həmin qoxunu külək evlə bir edir. Yediyimizi də qaytarırıq. Vallah xəstəlik tapmışıq hamımız”.



Ballı Qaya kəndindən digər məcburi köçkün Gülüzə Fidayeva diqqətləri bir başqa problemə yönəltdi:” Neçə illərdi burdayıq. Hər dəfə uşağımız bayıra çıxıb geri dönənəcən əlimiz ürəyimizin başında qalır. Təhlükə o qədər çoxdurki bu ərazidə bilmirsən hansını deyəsən. Amma ən qorxulusu o vaxt hərbi tikintikombinatının çirkli suyunu axıtmaq üçün qazılmış, üstü açıq qalmış quyulardı. Ötən illərdə
zəngilanlı bir uşaq həmin su quyusuna düşərək boğulub öldü. Sonra binanın məhəccərsiz eyvanından yıxılaraq elə yerindəcə keçinən digər məktəbyaşlı uşağın ölümü bizi sarsıtdı. Binadan yıxılaraq xəsarət alanlar cox olur. Çünki pilləkanların məhəccərləri də yoxdu. Mənim oğlum Rəhim də 2 il əvvəl 4-cü mərtəbənin pilləkanlarından yıxılaraq axır sınıq-çıxıq xəsarətləri aldı. Uzun müddət Elmi-Tədqiqat, Travmatalogiya və Ortopediya İnstitutunda müalicə alsada, bel-onurğa ağrıları hələdə qalmaqdadır.

Yaşlı bir nənə bildirdi ki, yataqxanada dəfələrlə yanğın baş verib. Çünki buradakı elektrik xətləri nizamsız –naşı şəkildə quraşdırılıb. Xoşbəxtlikdən yanğınlar böyümədən sakinlər tərəfindən söndürülüb. Divarlardakı, tavandakı qapqara hisdən bunu aydın görmək olar.



Füzuli rayonu Seyidəhmədli kəndindən olan Ətiqə Əliyeva 6-cı mərtəbədə məskunlaşıb. Deyir ki, binanın bir tərəfi əməllicə əyilib. Beton pilitələr bir-birindən aralanıb, uçma təhlükəsi reallaşıb:” Çox qorxuram, yeganə oğlumla bir otaqlı mənzildə məskunlaşmışıq. Ordan-burdan köhnə taxta-kardon tapıb “ev”i ev halına salmışıq. Amma kı, qışda ayaz, soyuq külək, yağış, yayda isti aralı qalmış qapı-pəncərənin arasından içəri vurur, həyatımıza zəhər qatır. Artıq xəstə düşmüşəm. Oğlumun da 22 yaşı var , iş tapa bilmir ki, işləsin, evi dolandırsın. Heç olmasa, özünün gündəlik problemlərini həll elesin. Artıq evlənmək yaşına çatıb. Neyniyim, dərdimi kimə deyim bilmirəm.



Zeynalovlar ailəsi də uzun illərdi bu binada məskən salıblar. Evin sahibi Mətləb Zeynalov söyləyirki, 2 otaqlı otağa yığışanda ailəsi 5 nəfərdən ibarət olub:” Taleyimizlə barışmışıq, yüz cür çətinliklərə qatlaşsaqda, necə deyərlər, palaza bürünüb elnən sürünmüşük .Uşaqlarım böyüdü. Oğlumu evləndirdim. Hazırda oğlumun ailəsi 4 nəfərdən ibarətdi. Bu 2 otağa indi sığışa bilmirik. Vallah bir-birimizin üzünə də baxmağa utanırıq. Uşaq ağlayır. Gəlin mənim yanımda onu qucağına almağa utanır. Qızlarım işdən , məktəbdən yorğun dönəndə uzanıb dincəlməyə, yorğunluğunu çıxarmağa yer tapa bilmir.Məcbur olduq oğlumu ailəsi ilə birgə kirayəyə çıxartdım. İndidə boğazımızdan, əynimizdən kəsib onun kirayə haqqını ödəyirik. Həyat yoldaşım Vəfa xanım burada yaşamağa başlayandan günü ancaq iynə-dərmana pul xərcləməklə keçir.Nəfəsində tıxanıqlıq, başında dözülməz ağrılar var. Elə olurki, iynə-dərman almağa imkan olmur, yatağında əzab çəkən xəstəyə əlacsızcasına təsəlli verməkdən başqa bir şey etməyə gücüm çatmır. Əlaqədar təşkilatlardan xahişim odur ki , gəlin bizi asın, kəsin, öldürün- nə edirsiniz edin, yalnızca burdan xilas edin. Öləndədə də həşərat kimi yox, adam kimi ölmək istəyirik!”

Əntiqə Rəşid













Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.07.2018
2019-2023-cü illərdə Azərbaycanda sosial xidmətin inkişafı ilə bağlı konsepsiya hazırlanacaq
19.07.2018
DSMF-nin gəlirləri artıb
18.07.2018
Ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət proseduru sadələşdirilir
18.07.2018
82892 nəfərə fərdi şəxsi hesab açılıb - NAZİRLİK
17.07.2018
Yetkinlik yaşına çatmayan uşaqlar üçün yoqa dərsləri keçirilir