Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5632

Digər sorğular

Daşaltıya gedən cığır- Şəhid Məhərrəm Abbasovun xatirəsinə

21:40  |    14 İyun 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycan tarixinin yaxın keçmişində - son Qarbağ savaşında yaşanmış bir çox hadisələr var ki, onların üzərində bu gün də qalın qara pərdə qalmaqdadır.

1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatan Daşaltı əməliyatının da üzərindən hələ də o qara pərdə götürülməyib. Daşaltı ətrafında baş verən hadisələr ermənilər üçün Qarabağı əldə edəcək ən böyük uğur oldu. Qeyd edək ki, kənd özü Şuşadan 3-4 kilometr məsafədə, Şuşa–Laçın magistral yolu boyunca yerləşir. Bu kənddəki atəş mövqelərindən erməni qoşunları Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyata daim atəş açırdı, bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Deyilənə görə döyüşdə ermənilər də bir o qədər itki verib.



Həmin gün orada erməniylə üz-üzə gəlib son nəfəsinədək döyüşənlərdən biri də Məhərrəm Abbas oğlu Abbasov olub.

Məhərrəm 1961- ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra sovet ordusunda- Moskva vilayetininin Zaqorsk şəhərində hərbi xidmət kecir. 1981-ci ildə geriyə vətəninə döndükdən sonra Bakıda qalır. Bakı Lampa Zavodunda fəhlə kimi işləməyə başlayır. Elə burada da ailə qurur, övlad sahibi olur.

İlkin adlı oğlu, Aydan adlı qızı və xanımı Ilə birgə sakit, sadə, amma xöşbəxt günlər yaşayırlar. Hərdən-yay tətillərində doğma kəndinə dönəndə valideynlərinin, bacı-qardaşlarının problemlərinə yardımcı olur, hec kimi incitmir, əksinə, hər kəsə qayğı ilə yanaşırdı. Elə ona görədə onun evə gəlişi hamını sevindirrdi. Atası Abbas kişi onun hər gəlişinə bir qoc kəsərdi. Anası Hamarın-bacılarının sevincdən, necə deyərlər, əl-ayağı yerə dəyməzdi. Məhərrəmin xətrini elə qonşular da , kənd camaatı da cox istəyirdi.



Cünki bu sadə, nəcib gənc hec vaxt nə etikadan kənar bir söz danışmaz, nə də bir hərəkət eləməzdi. İnsafən , kənddə Abbas babanın (hamı onu belə cağırırdı) övladları tərbiyəsinə, böyük-kicik yolu gözləməsinə görə secilərdi.
Məhərrəm son zamanlar erməni quldurlarının Qarabağda dinc əhaliyə qarşı vəhşiliklər törətdiyini, yaşlıları, körpələri, hamilə qadınları qətlə yetirdiyini televiziyadan eşidib çox narahat olur, əsəb keçirirdi.
Buna görə də, o sonuncu dəfə 1991-ci ilin soyuq qış günündə qəflətən kəndə gələndə çox kədərli və qayğılı görünürdü. Qəfil gəlməyi də təəccüb doğururdu. Amma evdə heç kəs bu xəbərsiz-ətərsiz gəlişin səbəbini də soruşmadı. Məhərrəm bir neçə gün evlərində qaldı, amma dilinin ucuna yığılmış sözü-fikri heç kimə aça bilmədi. Bakıya dönəndə isə hamı ilə bir-bir görüşdü. Anası, atası, qardaşları, bacıları ilə... və yenidən ikinci dəfə anasına sarıldı, çoxdan unutduğu ana qoxusunu ciyərlərinə cəkdi. Ağzını açıb fikrini bildirmək, bura hansı məqsədlə gəldiyini demək istəyirdi ki, gözü anasının yaylığının altından çıxan ağarmış saclarına dikildi. Susdu və tələsik addımlarla evdən uzaqlaşdı.



Həmin günün sabahısı Məhərrəm cəbhəyə könüllü getmək ücün ərizəsini indiki Nizami rayon hərbi komissarlığına təqdim etdi. Evdə xanımına bildirmədən bir başa cəbhə bölgəsinə yollandı.

Həmsöhbətim- Məhərrəmin kicik qardaşı Azad onun haqqında nə qədər qürurla, fəxrlə danışsa da arabir boğazını qəhər tutur, gözləri yol çəkir:” Bizdən xəbərsiz getdi Qarabaga. Daşaltı döyüşündən sonra çox axtardıq onu . Əsgər yoldaşlarını əksəriyyəti itkin düşmüş, şəhid olmuşdu. Çox axtarışdan sonra Məhiş adlı bir silahdaşını tapa bildik. Məhiş bizə söylədi ki, Məhərrəmlə əvvəldən sona qədər bir yerdə olub. O vaxt onları Şuşaya gətirirlər. Şuşanın müdafiəsi zamanı qardaşım ermenilərin helikopterini avtomatla zədələyir və vertolyot qəza enişi edir.
Ermənilərə məxsus helikopterlər bir müddət Şuşa üzərindən uçmağı dayandırır. Sonra Məhərrəmgilin dəstəsi Malibəyli, Quşcular kəndlərinin müdafiəsinə göndərilir. Silahsız-sursatsız kənd camaatını ermənilərin qəfil basqınlarından, əliyalın əhalinin əsir götürülərək oğurlanmasından qoruyurlar.



Günlərin bir günü heç bir səbəb göstərilmədən ordakı əsgərlərə kəndi tərk etmək əmri verilir. Təbii ki, əsgərlərimiz camaatı erməninin qabağında müdafiəsiz qoyub getmək istəmirlər. Amma hərbdə əmr qanundu, əsgər müzakirəsiz əmri yerinə yetirməlidir. Əlacsız qalan əsgərlər öz silah- sursatlarını kənd camaatina verib ordan çıxırlar. Buna görə, onları Agdamda hansısa qüvvələr güllələmək də istəyiblər.

Məhiş danışırdı ki, yanvarın 25- də onlara əmr verildi ki, Nəbilər kəndi istiqamətindən Daşalti kəndinə girərək orda mudafiə mövqeyi qurmalı, Qızılqaya hündürlüyünə qalxmalı və oradan Daşaltıdan Sığnağa aparan yolu kəsməlidirlər. Amma onlara qarşılarına çıxan qara hərbi geyimdə olanlara güllə atmamağı əmr etdilər:” Biz çox çətinliklə Daşaltıya oradanda Qızılqaya çatdiq. Qardan yeriyə bilmirdik. Özumuzlə ancaq silah- sursati apara bilirdik. Gödəkçəni də cixarib atmişdiq. Biz “qarapaltarlılar”ı görəndə sevindik ki, nəhayət özümüzünküləri tapdıq. Onlarda təmiz Azərbaycan dilində bizi yanlarına çağırır, kömək edəcəklərini söyləyirdilər. Yaxınlaşmağımızla atəşə tutulmağımız bir anda oldu. Bizim əsgərlərin “qara paltarlılar” a güllə atmamağının nəticəsi o oldu ki, qəflətən onlar döyüşçüləri mühasirəyə salaraq məhv etdilər. Məhərrəmin sol ayagını pulemyot apardı. Biz onun kəmərini cixardib ayağını diz nahiyyəsindən sıxaraq bağladıq ki, qanaxmadan ölməsin. Onu və digər 6-7 yaralını çətinliklə bir magaraya yıgdıq. Sağ qalanlardan 1-2 nəfərlə kömək çağırmağa getməli olduq. Bu zaman Məhərrəm qol saatını, cibindəki şəkilləri və pulları bizə verdi ki, ogluna çatdıraq. Biz magaradan çıxanda dönüb arxaya baxdım. Məhərrəm avtomatı bogazına sıxdı. Heç mağaradan on addım aralanmamışdıq ki, ard-arda iki güllə səsi gəldi. Anladıq ki, kimsə özünü güllə ilə vurdu. Yəqin ki, Məhərrəm də anlamışdı ki, belə yara ilə sag qalmaq şansı yoxdu. Ayağının biri olmayan əsgəri erməni heç esir də gotürməzdi”.



Ata-anamdan başqa artıq hamımız bilirdik ki, Məhərrəm şəhid olub. Valideynlərimizə bu həqiqəti ona görə bildirmədik ki, yaşlı adamların gözlərindəki, ürəklərindəki son ümidi öldürməyək. Atam da, anam da dünyaların dəyişdiyi ana qədər gözləri qapıda, qulaqları səsdə oldu. Məni ən çox ağrıdan -incidən o oldu ki, hər kəs bayramlarda, əzizlərinin ölüm-doğum günlərində onun qəbri üstünə yığılar, xatirəsini ehtiramla yad edərlər. Bəs biz neynəyək? Ürəyim qardaş istəyəndə, onun xatirəsiylə baş-başa qalmaq istəyəndə hara üz tutum? Daşaltı şəhidlərinə aid nə bir abidə, nə bir xatirə kompleksi var ...Əlacsız qalıb Məhərrəmin də şəklini anamın başdaşına həkk elətdirdik".



Ən böyük arzum odur ki, işğaldakı torpaqlarımız azad olunsun, mən İlkini də götürüm gedim Daşaltıya. Məhərrəmin şəhid düşdüyü, qanı süzüldüyü torpaqdan bir ovuc gətirib ata-anamın məzarı üstünə səpim”.

P.S Bu hadisədən 26 il keçib. Təəssüflə qeyd edirik ki, Daşaltı əməliyyatı ilə bağlı hələ də heç kim məsuliyyətə cəlb olunmayıb. İstər hərbçi olsun, istərsə də mülki şəxs. Bu isə uğursuzluqla və qanlı faciəylə nəticələnmiş Daşaltı əməliyyatına münasibətin acı gerçəyinin necə olduğunu faktiki olaraq ortaya qoyur.

Daşaltı əməliyyatında itkin düşmüş və şəhid olmuş Məhərrəm və onun silahdaşlarının ruhuna dərin hörmətlə

Əntiqə Rəşid
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Ermənistan Günnüt əməliyyatından sonra Azərbaycandan xahiş edib
22.06.2018
Qarabağda müharibə davam edir, sadəcə... – Polkovnik
22.06.2018
Cəbhədə atəşkəs yenidən pozulub
21.06.2018
Cocuq Mərcanlıya daha 50 ailə köçürüldü
21.06.2018
Şahbaz Quliyevin vəziyyəti pisdir