Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

"Onlar hamısı Ağdamda, Laçında qaldı" - Rəşad Məcid - VİDEO

19:50  |    10 İyun 2018  |   E-mail  |  Çapa göndər


3-4 il əvvəlin söhbətidir, Rəşad Məcidlə müsahibəyə getmişdim.

Söhbət əsnasında naringi xoşladığımı öyrənmişdi. Dünən təkrar müsahibə üçün zəng edəndə həmin söhbəti xatırlatdı...

- Maraqlıdır, Rəşad Məcid hər şeyi belə yadında saxlayır?

- Bəzi məsələlər var ki, lap illər keçsə də, beynimdə qalır. Xırda, əhəmiyyətsiz məsələləri unuduram. Görünür, daxili tənzimləmə var - nəyi yadda saxlayım, nəyi yox... Ümumi götürəndə məndə bir az tez unutmaq vərdişi var. Son illərdə Alzheimer xəstəliyi deyilən bir xəstəlik yayılıb, insan yaşlaşanda hər şeyi unudur. Bu xəstəliyə tutulmamağın iki yol var. Ya çoxlu mütaliə etməlisən, ya da uşaqlıqda gördüyün məkanları, xoş xatirələri, real məkanları ziyarət etməlisən. Məsələn, doğulduğun evi, birinci sinfə getdiyin məktəbi, içində xoş xatirələr yaradacaq məkanları görmək... Bədbəxtlikdən nə doğulduğum kəndi görə bilirəm, nə uşaqlıqda yaşadığım evləri, nə də birinci sinfə getdiyim məktəbi... Onlar hamısı Ağdamda, Laçında qaldı. Beynimin o hissələri zədəlidir. Və o illəri, o hadisələri fikirləşəndə elə bil, məni “tok” vurur. Ona görə də o illəri xatirlaya bilmirəm. Məni incidən məqamları tez yaddan çıxardım deyə içimdə bir unutmaq istəyi var. İnsan özünü ən xoşbəxt və rahat hiss edəndə gözünün qabağına hansısa bir səhnə gəlir. Son illərdə hansı məqamda ki, özümü çox xoşbəxt hiss edirəm, gözümü yumanda həmin o Laçının Ağoğlan kəndində nənəmin evində, böyük tut ağaclarının altındakı xalçalar, palazlar, döşək, mütəkkə və uşaq vaxtı orada oynadığım günlər yadıma düşür. Beynimin ən rahat və xoşbəxt, duru vaxtlarında belə məqamlar yadıma düşür.



Avqustun 21-də Laçının Ağoğlan kəndində doğulmuşam. Ana nənəmgildə... 10-15 gün keçməmiş məni ata evimizə - Ağcabədiyə gətiriblər. Əvvəllər xarici ölkələrə daha çox gedirdim. Buna görə də tez-tez deyirdim ki, qırxı çıxmamış uşağı oradan gətiribsiniz deyə gəzməyə öyrənmişəm (gülür). Doğulandan az sonra, yayda daha sərin havadan isti havaya gəlmişəm, indi xarakterimdə olan təzadları məhz onunla bağlayıram. Gah süstlük, sakitlik olur, gah coşqu... Gah enerji səpələyirəm, gah dinməz, sakit dururam. Yaponlar deyir ki, insan xarakterinin 80 faizi 6 yaşınadək formalaşır, sonrakı illərdə yalnız 20 faizi dəyişə bilir.

- Ruhunuz yaşınızdan daha gəncdir. Bu, sizi narahat etmir ki?

- Bir xeyli iş prosesində mənə kömək olur. Uzun illərdir, gənclərlə işləyirəm, gənclərlə pərdəni götürüb, daha yaxından münasibət quranda ona öz potensialını göstərməyə imkan yaradıram. Amma bədbinləşdiyim məqamlar da olur. Hər gənc belə münasibətə axıracan dözə bilmir. Sənin göstərdiyin o səxavətdən başqa cür bəhrələnir və xarakterindəki naqislik tez üzə çıxarır. Eyni zamanda, tanımaq baxımından yaxşıdır. Yaxşıları da görürsən. Şübhəsiz xarakterimdəki təzadlar, coşqu, sözü üzə demək, bəzən heç nəyə güzəştə getməmək xeyli dərəcədə mənə ziyan vurur. İnsan olub, deyir, baş aça bilmirik Rəşaddan, birdən adamla xoş, mehriban görüşür, birdən də elə olur, heç elə bil, adamı tanımır. Deyirəm, fikrim başqa yerdə olur, başqa ovqatda oluram. Gecələr olan hansısa əvvəlki günün ovqatının təsiri olub. Olub ki, bir neçə dəfə səhər televizorda Üzeyir Hacıbəylinin musiqisini eşidib, hönkür-hönkür ağlamışam. Qürur, sevinc göz yaşlarıdır. Bu musiqinin sənin xalqına məxsus olması, bunu sənin millətindən olan adamın yaratması, musiqinin özünün zənginliyi ağladıb məni...



Yaxın adamlarımı itirəndə ağlamışam. Atamı, bu yaxınlarda dayımı, gənc yazar Zərdüşt Şəfizadəni itirəndə ağlamışam. Mən ağlayanda təəccüblənirlər. Zahirimə baxıb, fikirləşirlər, Rəşad Məcid ağlamaz. Amma mən adicə bir məqamdan kövrələ bilirəm. Həssas adamam, həmişə gümrah olmuram, pessimist dəqiqələrim də çox olur. Ruhdan düşürəm. Bir anın içində ovqatım dəyişə bilir. Bəlkə də yaradıcı xarakterdən irəli gəlir. Bir də görürsən, xoş olduğum yerdə kədərlənirəm. Yaxud qəfildən coşa bilirəm. Bəzən beyində elə məqamlar olur ki, heç onun sirrini də tapa bilmirəm ki, bax, bu məqamda mən niyə kədərləndim, niyə pessimist oldum? Eşitdiyim xəbərdənmi, baxışdanmı, yoxsa daha dərin məsələlərmi var? Hətta hava, qoxu, külək də ovqatıma təsir edə bilir. Ona görə də xarakterim çətin və ziqzaqvaridir.

- “525-ci qəzet”, Yazıçılar Birliyi və Əfv Komissiyası... Bu qədər işi necə çatdıra bilirsiniz?

- Üstəgəl digər işlərim də var. Mətbuat Şurasının üzvüyəm, KİVDF-nin Müşahidə Şurasının üzvü idim. Arada jurnalistika fakültəsində dərs deyirdim. Hərdən az qalır, adamı ağlamaq tuta... Bəzi tədbirlərdən imtina etməli oluram, amma çoxunda iştirak edirəm. Bəzən qəzetə vaxt çatmır. Qəzetdən arxayınam, amma öz zövq aldığım işdən kənarda qalmaq da pis təsir edir. Yazıçılar Birliyinin işi mənim üçün rahat olub. Uzun illər gənclərlə işləmişəm. Əfv Komissiyasında hər iclasdan sonra gecə yata bilmirəm. İnsan taleləri, onların müzakirəsi mənə çox təsir edir. Hər dəfə yüzdən artıq insanın taleyi sənin gözünün qabağından keçir. Bəzən pessimist olursan, bəzən insanlara kömək edə bilmirsən, bəzən insanların etdiyi cinayətlərdən çox təsirlənirsən. Dostlar mənə deyir ki, hədsiz çox enerji səpələyirsən, ona görə də yorulursan.

- Əfv Komissiyası demişkən, qərar vermək çətin olmurdu? Tərəddüd elədiyiniz məqamlar olurdu?

- Çox... Məsələn, Muxtar Vəliyev adlı bir nəfər vardı. Memar-dizayner idi. Yaxınları mənə müraciət etmişdi. Onun videolarını göstərdilər, mənə... Adam Heydər Əliyevin 90 illiyi münasibəti ilə layihələr hazırlayıb, həbsxananın içində təqdimat keçirib. Biz heç çöldə elə təqdimat keçirə bilmirik. İclasların birində onun barəsində danışdım. Yəqin mənim bilmədiyim başqa məqamlar da var. Ona kömək edə bilmədim deyə çox acıdım.

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə eyni komissiyanın tərkibində təmsil olunursunuz. R.Mehdiyev sizin təkliflərə necə reaksiya verir?

- Ramiz Mehdiyev komissiyanın iclaslarını çox demokratik ab-havada idarə edir. Təzə gələndə Əfv Komissiyasının keçmiş üzvləri deyirdilər ki, bəzən olur səsverməyə qoyurlar, hansısa məsələyə münasibətdə səsverməyə gedirlər. Mənə təəccüblü gəlirdi. Bu neçə ildə bir neçə dəfə fikir fərqliliyi olub, bəziləri deyib rədd edək, bəziləri deyib, buraxaq. Belə məqamlarda Ramiz müəllim deyir ki, səsvermə ilə münasibətimizi bildirək. Fikir öyrənir. Hansı mövqe səsçoxluğu qazanırsa, ona üstünlük verilir. Bu dəfə komissiya 13 iclas keçirtdi. Ora böyük məktəbdir. Hüquq-mühafizə orqanlarının rəhbərləri oradadır. Ali Məhkəmənin sədri, Baş prokuror bütün iclaslarda iştirak edir. Ramil Usubov, Mədəd Quliyev, Fuad Ələsgərov, Allahşükür Paşazadə kimi adamları müşahidə edirsən, öyrənirsən onlardan... İstər-istəməz təcrübə yığırsan. Mənim fikrimcə, hüquq-mühafizə orqanlarının rəhbərləri dövlətin əsas sütunlarıdır, ictimai asayişi qoruyurlar. Onların məsələyə münasibəti mənim üçün təcrübədir. Komissiyanın üzvü olmaqdan, oradakı prosesi izləməkdən çox məmnunam. Tək məndə yox, komissiyanın bütün üzvlərində iclaslardan sonra bir ağırlıq, yorğunluq, gərginlik olur. Çünki istər-istəməz hər dəfə yüzdən çox insanın taleyi sənin gözünün qarşısına gəlir və onların aurası, acınacaqlı taleləri səni vurmaya bilmir.



- Komissiyanın ən humanist üzvü kimdir?

- Əhliman Əmiraslanov həkimdir və xəstəlik məsələsi önə çıxan kimi deyir ki, bu, çox ağır xəstəlikdir, uzun yaşamaz. Millət vəkilləri də olur ki, daha çox öz seçicilərinə üstünlük verirlər. Masallıdan olan kimi Elmira Axundova daha aktiv olur. Mehdi Mehdiyev, Əliməmməd Nuriyev, Azay Quliyev də hərəsi öz mövqeyini bildirir. Amma əlbəttə ki, hüquq-mühafizə orqanlarının rəhbərlərinin də humanist fikriləri olur. Onların sözləri daha çox təcrübəyə, informasiyaya əsaslanır. Ramil Usubov, Zakir Qaralov, Ramiz Rzayevin sözü ən etibarlı söz sayılır.

- Bu qədər gərgin işin arasında redaksiyaya nə qədər vaxt ayırırsınız?

- 3-4 saat, bəzən daha az... Günün ikinci yarısını redaksiyaya ayırıram. Günün birinci yarısında daha çox Yazıçılar Birliyində, tədbirlərdə oluram. Bəzən günün ikinci yarısında da tədbirlər olur. Redaksiyaya bir saatlıq gəlib, baş çəkirəm. Gün olur, 4-5 tədbirdə iştirak edirəm. Bu cür dinamik həyat mənə xoşdur. Öyrəşmişəm. Sakit olanda darıxıram.

- “525-ci qəzet” niyə belə zəiflədi? Niyə mətbuatda ona istinad edilən xəbərlər getmir?

- Qəzetlər onsuz da operativlikdə uduzublar. “525-ci qəzet” klassik qəzetçilik ənənələrini qoruyur. Biz operativ xəbər dalınca qaçmırıq, daha çox araşdırma, tarixi, ədəbiyyat, sanballı müəllif yazılarına yer ayırırıq. Keçən il “525-ci qəzet”in 25 illiyində akademik İsa Həbibbəyli qəzetimizi “məktəb” adlandırdı. O, Azərbaycanda “525-ci qəzet” məktəbi” terminini gətirdi. Bunlarla qürur duyuruq. Yeni media ilə operativlikdə ayaqlaşmaq çətin məsələdir. Amma biz buna heç cəhd də etmirik.



- Sonuncu dəfə nə vaxt yazı redaktə eləmisiniz?

- Çoxdan... Müavinlərim var, onlardan çox razıyam. Yusif Rzayev, Seyfəddin Hüseynli, Aydın Bağırov peşəkar redaktorlardır. Xatırladım, sonuncu dəfə keçən həftə özüm yazımı redaktə etmişəm. Cümhuriyyət günüylə bağlı Prezidentin rəsmi qəbulunda onun səsləndirdiyi bir fikirlə bağlı yazı yazmışdım. Çox vaxt yazını kağıza çıxarıb, elə redaktə edirəm. Kağızda daha yaxşı görürəm. Yazımı kağızda oxudum, səhvləri düzəltdim. Əsasən səhifələrə çıxandan sonra bəzi yazılar var ki, onları oxuyuram. Xırda redaktə səhvi görəndə düzəldirəm. 5 il “Elm və həyat” jurnalında korrektor işləmişəm. Ona görə də korrektə səhvini də çox tez görürəm.

- Bir zamanlar gənc post-modernist yazıçılarla davalarınız olurdu. Yaradıcı mühitdə bu, lazım idimi?

- Hər halda o müzakirələr, diskussiyalar ədəbiyyatın xeyrinə idi. Ədəbiyyatı gündəmə gətirirdi. Onlar Yazıçılar Birliyinə, birliyin sədrinə qarşı kəskin leksikonla danışanda cavab da verirdim. Son illərdə artıq gəncləri daha çox yaxına çəkə bilmişik. Gənc ədiblər məktəbi yarandı. Bir çoxları gördü ki, ümumiyyətlə, Yazıçılar Birliyi qorxulu yer deyil, heç kimə təlimat vermir. Yazıçı üçün hansısa birliyin üzvü olması əhəmiyyətli deyil. Yazmaq insanın fərd halında zəhməti, istedadı sayəsində ortaya çıxır, onunla uğur qazanır. Yazıçılar Birliyi kimisə yazıçı edə, yaxud da yazıçının istedadını əlindən ala bilməz. Ona görə də o proses zamanla səngidi.

- Bir az da ailənizdən danışaq...

- Üç oğlum var. İkisi evlənib. Üç qız nəvəm var. Mehin, İpək və Nihan... Əvvəl evdə üç oğlan, mən və bir xanım vardı. İndi gəlinlər, qız nəvələr, onların da hərəsinin fərqli xarakteri... Böyük nəvəm Mehinin nazı-qəmzəsi həddindən artıq çoxdur. Bir dəfə öpmək üçün 1-2 saat əziyyət çəkirəm (gülür). Yaşın bir dövründə mehriban olurlar, sonra çəkinirlər. Düşünürəm, 4-5 yaşı keçəndən sonra daha normal münasibətlərimiz olacaq, alışacaqlar. Evdə də xasiyyətimlə bağlı birdən çox yaxın oluram, birdən də soyuq... Hər halda elə də çətin yola gediləsi adam deyiləm.



- Qızın yoxluğunu hiss edirsinizmi?

- Əvvəl zarafatla deyirdim ki, qız axtardıq, tapmadıq. Bir dəfə oğlum Mirhacib təzə nişanlanmışdı. Evə yorğun, dilxor gəlmişdim. Başım da ağrıyırdı. Qapının zəngini çaldım ki, qapını Mirhacibin nişanlısı açdı. Onu görən kimi tamam ayıldım. Başımın ağrısı, əzginliyim keçib, getdi. Evdə qadının, qızın, gəlinlərin olması kişilərdə məsuliyyət hissini artırır.

- Evdə daha çox kimin sözü keçir? Qadınların, yoxsa kişilərin..?

- (Gülür) Elə görünür ki, Azərbaycanda kişilərin sözü keçir. Əslində isə elə deyil. Qadınlar öz sözlərini kişilərə elə təlqin edirlər ki, kişilər elə bilirlər, onların sözü keçir. Həmişə qadınların sözü keçir...

- Sonuncu dəfə nə vaxt aşiq olmuşunuz?

- Az qala hər gün aşiq olmaq istəyirəm. Sevgi insan ruhunu ehtisaza gətirən, ona həddindən artıq enerji verən, onu göylərdə saxlayan böyük təbiət hadisəsidir. Filosoflar deyirlər ki, təəssüf, sevgi keçici, müvəqqətidir. Sevginin başlanğıcını, necə yarandığını alimlər də izah edə bilmirlər. Amma sevgi yaranandan sonra onu qoruyub, saxlamaq olur. Rus yazıçısı deyir ki, sevgi zəhmətdir, əziyyətdir. Həqiqətən də əziyyətsiz, zəhmətsiz sevgi olmur. Sevgi varsa, onu yaşatmaq, uzatmaq üçün əziyyət, zəhmət çəkməlisən. (Musavat.com)

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
01.08.2018
Orxan Camalın analığı: “O, sanki daha görüşməyəcəyimizi hiss etmişdi” - MÜSAHİBƏ
22.06.2018
Nobelli yazar: “Bakı kasıb şəhər idi”
21.06.2018
Fransa Senatının Qafqaz qrupunun rəhbəri: "Azərbaycana qarşı çox ədalətsiz rəftar edirlər" - MÜSAHİBƏ
31.05.2018
Artur Rasizadə: “Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir” - MÜSAHİBƏ
03.05.2018
Milli Qəhrəman: “Düşmən yaxşı döyüş aparsaydı, daha zövqlü olardı” - MÜSAHİBƏ