Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5766

Digər sorğular

“Anardan xoşum gəlmirdi” - Xalq yazıçısının 58 illik həyat yoldaşı - SÖHBƏT

14:16  |    16 May 2018  |   E-mail  |  Çapa göndər


AzEDU.az “Sinif yoldaşı” layihəsi çərçivəsində AMEA-ın “Musiqi tarixi və nəzəriyyəsi” şöbəsinin rəhbəri, akademik Zemfira Səfərovanın Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar haqqında xatirələrini oxuculara təqdim edib.

Anarla eyni sinifdə oxuyan Zemfira xanım həm də yazıçının həyat yoldaşıdır. Modern.az saytı həmin söhbəti təqdim edir.

Anar birinci sinifdən onuncu sinifə qədər gələcək həyat yoldaşı Zemfira Səfərovayla bir yerdə oxuyub.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıb, evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub.

2012-ci il yanvarın 27-də Anarla Zemfira xanımın evliliklərinin 50 ili (“qızıl toy”) tamam olub.

Zemfira xanım əvvəlcə, özü barəsində danışır:

“Pasporta görə, mən 1937-ci ildə anadan olmuşam. Amma bunun doğru olduğuna şübhəm var. Çünki, mənimlə eyni sinifdə oxuyan uşaqların bir qismi 1938-ci ildən idilər. O cümlədən, mənimlə bir sinifdə oxuyan, sonralar həyat yoldaşım olan Anar da. Mənim pasportumda qeyd edildiyi kimi gözəl ab-havası olan Kislovodsk şəhərində yox, Bakının tüstülü Qara şəhərində dünyaya gəlmişəm”.

Bağırovun şərəfinə içmədiyinə görə sürgün olunan alimin qızı

Ziyalı ailədən olan Zemfira Səfərova valideynləri haqqında məlumat verib:

“Atam Səfərov Yusif Əliqulu oğlu görkəmli neft mühəndisi, respublikanın əməkdar mühəndisi, iki dəfə Stalin mükafatı laureatı, texnika elmləri namizədi, Neft Daşlarının qurucularından biri idi. O, NKVD-nin zirzəmisində yatmışdı, Sibirə sürgün edilmişdi, çətin həyatı olmuşdu. Atam “İnturist”də keçən 10-15 nəfərlik qonaqlıqda imtina edib Bağırovun sağlığına qaldırılan badəni içmədiyinə görə Sibirə sürgün edilmişdi. Lakin bunlar heç biri onun iradəsini sındıra bilməmişdi. Hətta o sürgündə olanda ailəmizin yaşadığımız evdən çıxarılması ilə bağlı fərman da gəlmişdi.

Anam Cəvahir Firudinbəyli isə gözəl səsə sahib idi. O, Üzeyir bəyin xorunda oxumuş, sonralar solist konsertlərdə çıxış etmişdi. Atam anamın səhnədə oxumasına razı olmayıb. Mənə elə gəlir ki, anam bu işdə inadkar olsaydı, öz istəyinə çata bilərdi. Amma qismət bu imiş. O, Xarici Dillər İnstitutunda oxudu, ingilis dilini öyrəndi. Onu uşaqları və nəvələrinə də öyrətməyə çalışırdı”.

İlk parta həyəcanı

Zemfira xanım Anarla ilk tanışlığını xatırlayaraq Nigar Rəfibəylinin onu birinci sinfə gətirdiyi gündən söz açıb:

“Bu il toy günümüzün 56 ili tamam olur. Tanışlığımızın tarixi isə 73 ili aşıb, yəni yeddi yaşımızda musiqi məktəbinin birinci sinfinə getdiyimiz gündən bir ömür keçib.

1945-ci ildə oxumaq vaxtım gəldi və böyük bibim Tubu məni imtahan vermək üçün konservatoriyanın nəzdində olan xüsusi musiqi məktəbinə gətirdi. Qəbul oldum. Sentyabrda məktəbə gedərkən məlum oldu ki, məni skripka sinfinə yazıblar.

Sentyabrın 15-ində Anar da bizim sinfə qəbul olundu. O, anası ilə gəlmişdi. Yadımdadır, Anarın qolunda iri bir saat vardı. Anar anasından yapışıb onu buraxmadı. Hündürboy və dolu qadın olan Nigar xala balaca partaya güclə yerləşib, dərsin axırınadək oğlu ilə oturdu. Anarla on il bir sinifdə oxuduq. O vaxtlar məktəb onillik idi”.

Siz hamınız, mən tək

“Sinif qızlarının, o cümlədən, mənim Anardan xoşumuz gəlmirdi. Niyəsə həmişə onunla küsülü olardıq. Buna görə də onu adı ilə yox, “o adam”- deyə çağırardıq. Məktəbdə ən çətin fənlərdən qabaq bizdən soruşardı ki, müəllim hansı dərsi verib? Həmin mövzuları vərəqləyib, çıxıb gözəl cavab verərdi. Qızlar da hirslənib deyərdilər ki, evdə dərsi əzbərləyib gəlib, burda özünü bizə göstərir, guya bu boyda dərsi tənəffüsdə beş dəqiqə ərzində öyrənmək olar?

İdman dərslərində də, xüsusilə basketbol oynayanda deyərdi: “Gəlin belə oynayaq- siz hamınız, mən tək”. Bu sözü heç xoşumuza gəlməzdi”.

Neçə il sonra aşkara çıxan fotonun tarixçəsi

O, əlaçı lövhəsindən qeyb olan, illər sonra aşkara çıxan məktəbli fotosunun tarixçəsini xatırlayıb:

“Mən məktəbdə əlaçı idim, hamıdan yaxşı oxuyurdum. Heç rübdə də “dörd”üm olmazdı. 4-cü sinifdən son 10-cu sinfə qədər əlaçı təqaüdü alırdım. Şəklim bu on il ərzində əlaçıların lövhəsində asılı olub.

Yeddi və ya səkkizinci sinifdə idik. Mənim lövhədə hörüklü və bantlı şəklim asılmışdı. Bir gün bu şəkil taxtadan yox oldu. Heç kim bilmədi ki, onu taxtadan kim çıxarıb. Hətta dərs hissə müdiri Əziz müəllim oğlanları çağırıb onları sorğu-suala tutaraq soruşdu: “Düzünü deyin, şəkli taxtadan hansınız çırpışdırıb?”. Lakin hamı susurdu. Üstündən çox illər keçəndən sonra, artıq həyat yoldaşım olan Anar etiraf etdi ki, həmin şəkli o vaxt özünə xatirə kimi götürübmüş”.

Məktəb illəri ilə bağlı xatirələrə qayıdan Zemfira xanım medalın ona yox, paralel sinfin qızlarına və Anara verilməsini deyib:

“10 il əlaçı olduğuma və son imtahanlarda “beş” aldığıma görə qızıl medala təqdim edilmişdim. Lakin sən saydığını say, gör fələk nə sayır. Daha doğrusu, o dövrün Təhsil Nazirliyi nə sayır...

O vaxt mənimlə paralel sinifdə “KQB”nin sədrinin və təhsil nazirinin qızları oxuyurdular. Birinci qız əlaçı idi, ikincisi isə “dörd”lə oxuyurdu. Nazirlikdən bizim məktəb üçün yalnız üç medal ayrılmışdı. Məni medaldan kəsmək üçün nazirliyə göndərilən yazılı işlərim əla qiymətdən dördə salındı. Müəllimlərimin etirazı nəticəsiz qaldı. Medalı isə həmin qızlar və bizim sinifdən Anar aldı. Məktəbin qabağında, pilləkənlərin üstündə Anar mənə xəbər verdi ki, “sən medal almayacaqsan”. O, bu barədə gedən söz-söhbəti eşitmişdi. Evdə üç gün üzü üstə uzandım, yemədən, içmədən ağladım. Mən medalın özünə görə yox, məni aldatdıqlarına görə ağlayırdım”.



Nazim Hikmətin Rusiyadan teleqram vuraraq təbrik etdiyi toy

Məktəb illəri göz qırpımında ötüb keçdi. Amma tale elə gətirir ki, onların həyat yolu yenidən kəsişir. Zemfira xanım Anarın ilk məktubunu niyəsə rusca yazdığını bildirir:


“İllər çox sürətlə keçdi. 1955-ci ildə, iyunun əvvəllərində artıq biz məktəbi bitirdikdən sonra, konservatoriyanın qabağında Anar məni sevdiyini etiraf etdi. Bu, mənim həyatımı tamam dəyişdi. Sonra o mənə ətraflı məktub yazdı, niyəsə rus dilində. Mən hələ bir müddət ona razılıq verib “hə” demədim, baxmayaraq ki, o da mənim xoşuma gəlirdi. O vaxt mən hələ bilmirdim ki, Anar mənim həyatımda nə cür böyük rol oynayacaq.

Anarla on il bir sinifdə oxuduq, yeddi il görüşdük. Hələ konservatoriyanı bitirməmiş elçilər gəldi və biz nişanlandıq. 1962-ci ildə toyumuz oldu.“Drujba” (“Dostluq“) adlanan restoranda keçirilən bu təmtəraqlı toyun tamadası xalq yazıçısı Süleyman Rəhimov, oxuyan isə Gülağa Məmmədov idi. Yadımdadır, bizim toyumuzu Nazim Hikmət Moskvadan vurduğu teleqramla təbrik etmişdi”.

Poeziya axşamları

Zemfira xanım gənclik dövrünün həyatının ən gözəl illəri olduğunu bildirib. Anarla bağlı ən əziz xatirələrini bölüşüb:

“Toydan az sonra biz Moskvaya oxumağa getdik. Anar ssenari kurslarına, mən isə aspiranturaya girdim. O illər çox gənc idik, həyatımız maraqlı keçirdi. Qaldığımız birotaqlı evə həm Bakıdan, həm də Moskvadan çoxlu ziyalılar qonaq gələrdi. 1964-cü ildə oğlumuz Tural dünyaya gəldi.

Evimizdə tez-tez gənc şairlər, rəssamlar olurdu”.

“Həyatımızdakı bu epizod filmə salınıb”

Anarın dramaturq kimi ilk premyerasından söz açan Zemfira xanım film ssenarisinə salınan həyat hekayələrini danışıb:


“Anarın ilk premyerası Gənc Tamaşaçılar Teatrında keçirilən “Keçən ilin son gecəsi” pyesi idi. Onun “Gün keçdi” filmində yer alan bir neçə epizod bizim həyatımızdan olduğu kimi götürülmüşdü. Xüsusilə də buradakı retro epizodları mənə bizim Anarla məktəb illərimizi xatırladır. Bir neçəsini xatırladım. İndiki “Portofino”nun yerində “Arşın mal alan” mağazası, ondan əvvəl isə “Bakkommuna” kinoteatrı yerləşirdi. Onun yay zalı da vardı. Orada Argentina müğənnisi Lolita Torresin iştirakı ilə “Məhəbbətin yaşı” filmi göstərilirdi. Biz də bu filmə gedərkən ayağım nəyəsə ilişdi və ayaqqabımın dabanı sındı. Əvvəl çəkməçiyə getdik, olmadı. Sonra Anardan yapışa-yapışa evə güclə çatıb, ayaqqabımı dəyişməli oldum..

Biz məktəbi bitirəndə Anargildə böyük qonaqlıq oldu. Mən də sinif yoldaşım Afətlə getmişdim. Qonaqlıq çox şən keçdi. Həmin epizod da filmdə əksini tapıb. Filmdə çəkilmiş yaşıl kurtkalı balaca Tural da bizə o illərdən yadigardır”.



“Ona həmişə minnətdar olacam”

Zemfira xanım bu günəcən yaşadıqları neçə-neçə ziyalıların, rəssamların qonaq olduğu evləri təsvir edib:


“Biz hansı mənzildə yaşasaq, oranı öz zövqümüzə görə müasir dəblə bəzəyirdik. Divarlarda həmişə rəssamların orijinal rəsmləri asılırdı. Bizdə Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Falkın, Əziz Abbasovun, Fərhad Xəlilovun və başqa rəssamların əsərləri vardı. Bir-iki dəfə sərgi ilə əlaqədar bizim rəsmləri də aparmışdılar. Yerləri boş qalmışdı. Mən onlara elə öyrənmişdim ki, özümə yer tapa bilmirdim.

Anarın beyni demək olar ki, günün 24 saatı məşğul olur. Hərdən istəyirəm ona deyəm ki, sinəndən bir lövhə as, bir üzünə “məşğulam”, o birinə də “boşam” yaz. Onu ovqatına görə döndər, evdəkilər də bilsinlər ki, səni nə vaxt dindirmək olar. Hətta bəzən zarafatla deyirəm ki, “sənin qəbul günün nə vaxtdır? Gəlim, bəzi məsələləri işdə həll edək”.

İndi o illərin üstünə bir xeyli il gəlib. Zemfira xanım həm məktəb illərini, həm də Anarla bağlı olan bütün gəncliyini xoş duyğularla xatırlayır. Və... Bütün bunlar üçün Anara öz təşəkkürünü bildirir:

“Anarın 60 illiyi ilə əlaqədar “Yazıçı” qəzetində dediyim kimi – “Anar bu dünyaya sanki hamıya yaxşılıq etmək üçün gəlmişdi. Mənə etdiyi bütün yaxşılıqlara görə isə ona həmişə minnətdar olacam...”

Sonluq üçün qisa dialoq

- Uşaqkən öz gələcəyini necə görürdü? Gələcəyində yazıçı obrazı var idi?

- Şübhəsiz ki, gələcəyində yazıçı obrazı var idi, belə olmasaydı, Anar mənə göndərdiyi məktubda “sənə əsərlərimlə əbədi heykəl ucaldacam”, – yazmazdı.

- Onunla daha hansı yaddaqalan xatirələriniz var?

- Xatirələr çoxdur, əgər hamısını yazsam bir böyük kitab olar.

- Yüksək bədii təxəyyüldən başqa daha hansı xüsusi istedadının şahidi olmusunuz?

- Böyük işgüzarlığının, məsuliyyətliliyinin və hamıya yaxşılıq eləməyinin şahidi olmuşam.

- Son zəngi necə xatırlayırsınız?

- Son zəngi həm sevinc, həm də bir balaca kədər hissi ilə xatırlayıram ki, məktəb illəri bitdi.

P.S. Amma o zaman bitən yalnız sözün kiçik mənasındakı məktəb olub. Hansı ki, orada Anarla Zemfira xanım cəmi 10 il birgə oxuyublar... Hansı ki, sonda Anar müəllim qızıl medal alıb, Zemfira xanım isə yox...

Hansı ki....

Amma sözün böyük mənasındakı MƏKTƏB də var ki, Anar müəllimlə Zemfira xanım artıq 56 ildir, orada “təhsil alırlar”. Və... Zemfira xanım məktəbdə ala bilmədiyi qızıl medalı MƏKTƏBdə çoxdan qazanıb...
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Sabahın hava PROQNOZU
18.08.2018
DSX rəisi: Əsas hədəfimiz işğal altında olan ərazilərdə...
17.08.2018
Bakıda “avtobus manyakı” peyda olub – VİDEO
17.08.2018
Azərbaycan Ordusu Qarabağda əməliyyat keçirməyib – RƏSMİ
17.08.2018
İstirahət günlərinin hava proqnozu