Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5702

Digər sorğular

Ağdamlı “Fidel Kastro”- Nemət İbrahimov: “Ermənilər meyitin yaxınlığındakı ağaca it zəncirlənmişdilər ki...“

15:29  |    28 Aprel 2018  |   E-mail  |  Çapa göndər

Son dövrlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yenə də yetərincədir.

Yenə düşmənə cavab verəcək, onu yerində oturdacaq qüvvədədir. Elə bu günki, müsahibim Nemət İbrahimov da Qarabağ müharibəsində xüsusi igidlik, şücayət göstərən eloğullarımızdandır.

-Nemət bəy, əvvəlcə özünüz haqqında qısa bir məlumat verin ki, oxucularımız sizi tanısınlar...

- Mən 1952-ci ildə Ağdamda anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra 1972-1975-ci illərdə Odessada hərbi xidmət keçdim. Əsgərlikdən qayıtdıqdan sonra 1990-cı ilədək Yevlax şəhərində 4 nömrəli avtobazada yük maşını sürücüsü işlədim. Həmin il avtobaza fəaliyyətini dayandırdıqan sonar Ağdama qayıtdım.

- Və müharibə başladı…

-Azərbaycanlı olan, Qarabağlı, ağdamlı çağrılan heç bir kişi erməni kimi miskin, qorxaq, dilənci bir millətin başından yekə torpaq iddiasına etinasız qala bilməzdi. Biz də qala bilmədik. Qarabağda “Karate Şahbaz” ləqəbi ilə tanınan qardaşım Şahbaz, onun oğlu Ceyhun, bacım oğlanları Tahir və Məzahirlə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun könüllülər dəstəsinə qoşulduq. Ağdamın bir çox kəndlərinin, o cümlədən, Aranzəmin, Pircamal və Naxçıvanik kəndlərinin ermənilərdən təmizlənməsində və müdafiəsində iştirak etmişik. Həmin döyüşlərdə qardaşım Şahbazla mən qəlpə yarası adıq, bacım oğlu Məzahir Bayramov şəhid oldu.



- Müharibə dövründə başınıza elə bir hadisə gəlibmi ki, indi də yadınıza düşəndə həyəcan, qəzəb hissi kecirirsiniz, təəssüflənirsiniz?

-Müharibə müharibədi. Ölümdü, dağıntıdır, itkidir, faciədir. 1992-ci ildə Pircamal kəndi uğrunda gedən döyüşlər zamanı 13 nəfər mühasirəyə düşdük. Həmin döyüşdə 3 nəfər yaralandı, bir döyüşçü yoldaşımız isə şəhid oldu. Qeyri-bərabər qüvvələrlə döyüşmək çox çətin idi. Ona görə də, geri çəkilmək məcburiyyətində qaldıq. Qərara gəldik ki, döyüşçü dostumuzun nəşini sonra gəlib aparaq. Yaralıları düzəltdiyimiz xərəklərə uzadıb və uzun məsafəni taxıl zəmilərinin içərisindən sürünə-sürənə keçməklə, öz mövqelərimizə çatdıq. Həmin vaxtlarda Allahverdi Bağırov şəhid olduğu üçün bizim könüllülər batalyonuna “Baba” ləqəbli Barat Quliyev komandirlik edirdi. Onun əmri ilə 12 nəfər döyüşçü şəhid yoldaşımızı götürmək üçün yenidən Pircamala getdik. Əraziyə bir neçə metr qalmış pusquda durmuş ermənilərlə rastlaşdıq. Amma biz çökəklikdə olduğumuz üçün onlar bizi görə bilmədilər. Lakin şəhid olmuş döyüşçümüzün cəsədinə yaxınlaşa bilmədik. Çünki ermənilər meyitin yaxınlığındakı ağaca it zəncirlənmişdilər ki, biz gələndə it hürsün və ermənilər bizi mühasirəyə alsınlar. Ona görə də geri qayıtdıq. Sonradan şəhidimiz erməni meyiti ilə dəyişdirildi...Hər dəfə bu hadisə yadıma düşəndə özümü günahkar hesab edirəm, təəssüf hissi kecirirəm. Amma təəssüflərim təkcə bununla bitmir ki...



-Daha nələr sizə ağır təsir edib?

-Əslində bizə düşməncilik edən təkcə ermənilər deyildi. 70 il “böyük qardaş” bildiyimiz bir millətin nümayəndələri idi. Qarabağın, Ağdamın ermənilər tərəfindən zəbt edilməsi fikri ilə razılaşmıram. Hamımız bilirik ki, ermənilərin buna cəsarəti çatmazdı. Biz Aranzəmin, Pircamal və Naxçıvannik kəndlərini ermənilərdən təmizlədikdən sonra orada öz mövqelərimizi möhkəmlətdik. Amma sonra bizim postlarımız, səngərlərimiz olan ərazilər tank, PDM və minamyotlarla atəşə tutuldu. Əslində mərmilər bizim postlara və səngərlərə deyil, onların sağ, sol və arxa tərəflərinə atılırdı. Bununla da bizə xəbərdarlıq edirdilər ki, postları tərk edək. Ermənilər heç vaxt bunu etməyiblər. Əllərinə imkan düşəndə səngərlərimizi hədəf alırdılar. Bu erməni üsulu deyildi. Biz onların ruslar olduğunu sonradan anladıq. Mərzili kəndi uğrunda döyüşlərdə bir erməni tankını partlatdıq. Onun içərisində bir rus polkovniki və xarici ölkədən gəlmiş bir erməni cəsədi var idi. Onların üzərilərində tapdığımız sənədlərdə adları, soyadları, yaşadıqları ölkələr və hərbi rütbələri yazılmışdı. Bir dəfə də Mərzilidəki döyüşlərdə 14 nəfər döyüşçünü öldürdük. Onların komandirini isə əsir götürdük. Hərbi məktəb bitirərək, baş leytenant rütbəsi almış bu komandir rus idi. Deyirdi ki, həyat yoldaşı da rusdur və ailəsi İrəvanda yaşayır.

- Maraqlıdır, ölümlə necə deyərlər, göz-gözə dayanmısınızmı?

-Döyüşdə olanlar bilir, ölüm hər an gözləniləndir. Müharibədəsənsə, demək ki,ölümün qucağındasan. Hər şey qalır əzrayilin mərhəmətinə, ya qucağındakını aparır, ya da müvəqqəti buraxır.(gülümsəyir) Mərzili kəndi işğal olunan ərəfədə kənd əhalisini traktorlara mindirərək, dərə boyunca ərazidən uzaqlaşdırmağa çalışırdıq. Bu vaxt təpənin üstündə dayanan PDM lüləsini bizim traktora tuşladı.Düşündüm ki, hər şey bitdi. Amma nədənsə atəş açılmadı. Bir neçə dəqiqədən sonra PDM qəfil dönərək, Mərzili kəndini atəşə tutmağa başladı. Sonra yenə lüləsini bizə sarı tuşladı. Bu hal bir neçə dəfə təkrarlandı. Biz anladıq ki, PDM-nin ekipajındakılar ruslardır və onlar sadəcə, bizi öldürmək yox, kəndi tərk etməyimizi istəyirlər.Əlimdə avtomat olanda ölüm ağlımın ucundan da kecməyib. Amma orda ölümün soyuqluğunu dərindən dərk etdim.

-Ağdamlıların coxu sizi “Fidel Kastro” ləqəbi ilə tanıyır. Bu ləqəb nəylə bağlıdır?

-1992-ci ildə bizim batalyona Bakıdan mədəniyyət işciləri konsertlər verməyə gəlmişdilər. Aralarında rəssamda vardı. Adını unutmuşam. Mən o vaxt saqqalı olduğumdan həmin rəssam məni Fidel Kastroya bənzəti, dedi ki, sən Fidel Kastroya çox oxşayırsan. Elə o vaxtdan döyüşçü yoldaşlarım məni bu adla çağırdılar. Həmin rəssam şəklimi rəhmətlik kinorejissor və aktyor Ceyhun Mirzəyevə göstərib. O da məni filmə dəvət etdi. Goranboy rayonunda çəkilən “Fəryad” filmində erməni rolunu oynadım.



-Nemət bəy, silahdaşlarınızdan biri söylədi ki, döyüş vaxtı ermənilərin bir UAZ-ını ələ keçirmisiiz, doğrudurmu?

-Hə, doğrudur! Döyüş vaxtı ermənilərin bir zabitini məhv etdik və onun xidməti maşını olan UAZ-ını hərbi qənimət kimi ələ keçirdik. Hətta 1 il həmin avtomobili batalyonun xidməti işlərində istifadə edildi. Sonra komandir həmin UAZ-ı mənə bağışladı. Düz 17 il həmin UAZ-I sürdüm. Sonra satıb “QAZel“ aldım və onunla çörək pulu qazanıram.

-Nemət bəy, yaşamağa eviniz, dolanışığınız, bir-birindən nümunəvi 3 övladınız var. Həyata kecməyən arzunuz qalıbmı?

-Əslində bütün şəxsi arzularıma catmışam. Məni xoşbəxt insan adlandırmaq olardı. Lakin torpağı düşmən tapdağında, günahsız soydaşları əsirlikdə, şəhidlərin qisası alınmadığı halda mən özümü xoşbəxt hiss edə bilərəmmi?Ən böyük arzum yenidən əlimə silah almaqdir, itirdiklərimizi – Ağdamı, Şuşanı, Lacını, Kəlbəcəri –külli-Qarabağı yenidən qazanmaqdır! Həmdə sülh yolu ilə deyil, müharibə gücü ilə! Mən inanıram ki, o gün gələcək. Həm də lap tez gəlcək!

- Maraqlı müsahibəyə görə təşəkür edirik!

Əntiqə RƏŞİD
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Nobelli yazar: “Bakı kasıb şəhər idi”
21.06.2018
Fransa Senatının Qafqaz qrupunun rəhbəri: "Azərbaycana qarşı çox ədalətsiz rəftar edirlər" - MÜSAHİBƏ
10.06.2018
"Onlar hamısı Ağdamda, Laçında qaldı" - Rəşad Məcid - VİDEO
31.05.2018
Artur Rasizadə: “Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir” - MÜSAHİBƏ
03.05.2018
Milli Qəhrəman: “Düşmən yaxşı döyüş aparsaydı, daha zövqlü olardı” - MÜSAHİBƏ