Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5564

Digər sorğular

Etimad Əsədov: "Şəhid ailəsi və Qarabağ əlillərinin mənzil təminatına dair prezidentin sərəncamının icrası yubanır"

11:38  |    13 Mart 2018  |   E-mail  |  Çapa göndər

Bu günlərdə şəhid ailələri adından qəzetimizə müraciət daxil olub.

Müraciət müəllifləri bildirirlər ki, uzun illərdir şəhid ailəsi kimi mənzil növbəsinə dayansalar da, hələ də mənzillə təmin olunmayıblar.

Onların sözlərinə görə, prezidentin ev növbəsinə dayanan şəhid ailələrinin 2018-ci ilədək mənzillə təmin olunmasına dair sərəncamı olsa da, ilin 3 ayı arxada qalıb, hələ evlərdən səs-soraq yoxdur.

Onu da qeyd edək ki, müraciət müəlliflərinin bəhs etdikləri prezident sərəncamı 2014-cü il iyunun 20-də imzalanıb. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncama görə, 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb.

Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb ölkə prezidenti ilə razılaşdırmaqla həyata keçirmək tapşırılır.

Nazirlər Kabineti isə həyata keçiriləcək tədbirləri maliyyələşdirmək üçün tələb olunan ilkin vəsaitin 2014-cü il dövlət büdcəsindən ayrılmasını, 2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etməliydi.

Qeyd edək ki, prezidentin sərəncamından sonra onun icrası üçün bir neçə dəfə dövlət başçısının özü tərəfindən vəsaitlər ayrılıb.

Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədovun “Yeni Müsavat”a verdiyi məlumata görə, prezidentin sərəncamının icrası yubanır: “Əslində hazırda Qarabağ əlilləri və şəhid ailələrinin mənzillə təminatı sahəsində iş gedir, dayanmayıb. Hər il növbəlilik əsasında təxminən 300-350 mənzil bu qəbildən olan insanlara paylanır. Bu sərəncamın icrası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur. Nazirlik həm özü yeni binalar tikdirir, həm də hazır tikilmiş binalardan evlər alaraq tam təmir edib paylayır insanlara”.

E.Əsədovun sözlərinə görə, sərəncamın icrasının yubanması neftin dünya bazar qiymətinin aşağı düşməsi nəticəsində yaranmış çətinliklərlə bağlı olub: “Bildiyiniz kimi, ölkədə kəskin devalvasiyalar oldu, maddi vəziyyət pisləşdi. Görünür, bu səbəbdən yetərincə vəsait ayrılmadı. Yəni düşünürəm ki, bu ilin sonunadək bütün növbəyə duranları mənzillə təmin etmək mümkün olmayacaq. Lakin bu il əvvəlki illərdən daha çox sayda - hardasa 400-450-yədək mənzil əlil və şəhid ailələrinə veriləcək. Mənim bildiyim qədəriylə, Nizami rayonunda 82 mənzilli bir bina bu il istifadəyə veriləcək, bundan əlavə, nazirlik yeni tikilən binalardan da xeyli mənzil alıb, rayonlarda da fərdi evlər tikilir”.

Birlik rəhbərinin fikrincə, yaxın gələcəkdə bütün növbəyə duranların mənzillə təminatı istiqamətində daha ciddi işlər ortaya qoyulacaq: “Bizim son vaxtlar həm nazirlikdə, həm də parlamentdə görüşlərimiz olub, düşünürəm ki, tezliklə bu sahədə işlər daha da sürətlənəcək”.

ƏƏSMN-dən prezident sərəncamının icrası vəziyyətinə dair verilən məlumatlarda ilkin mərhələdə ümumilikdə 52 rayonda hər birinin həyətyanı sahəsi olan 353 ədəd fərdi evin inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulduğu, bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində yaşayan və mənzil növbəsində olan müharibə əlilləri və şəhid ailələrinin çoxmənzilli yaşayış binalarında mənzillərlə təmin olunacağı qeyd edilirdi.

Prezident sərəncamının icrası sahəsində görülən işlər barədə məlumat əldə etmək üçün ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət etmişik. Suallarımız cavablandırılan zaman diqqətinizə təqdim edəcəyik.

“Yeni Müsavat”



Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Millət vəkilinin nazirə etirazı - VİDEO
25.05.2018
Ölkədə intiharlar yenidən çoxalıb – səbəblər...
25.05.2018
Əfv sərəncamının icrasına başlanılıb
24.05.2018
FHN Xəzərdə tapılan meyitlər barədə açıqlama yaydı
24.05.2018
NATO generalı kəşfiyyat bölüyünün təlimlərini izlədi - Fotolar