Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5838

Digər sorğular

26 illik 26 fevral faciəsi-Sağalmayan yaralar, həllini tapmayan problemlər...-FOTOLAR

20:41  |    26 Fevral 2018  |   E-mail  |  Çapa göndər

XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının 26 ili tamam olur.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan ediblər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulur, 613 nəfər qətlə yetirilir, meyitlər təhqir olunur, 1275 nəfər girov götürülür. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilir. Əhalinin qalan hissəsi isə respublikanın 58 rayonunda müvəqqəti olaraq məskunlaşır. Xocalıların böyük əksəriyyəti isə Bakı şəhərinə pənah gətirir. Müxtəlif inzibati binalarda, yataqxana və istirahət obyektlərində kompakt şəkildə yaşayan soydaşlarımız zaman keçdikcə, onlar üçün inşa edilmiş müasir standartlara uyğun qəsəbələrdə rahat evlərlə təmin olunub, isti ocağında gündəlik tələbatları ilə məşğul olurlar.
Amma aradan 26 il vaxt keçməsinə baxmayaraq hələdə ağır şəraitdə yaşayan köçkünlərimiz var.



Sabunçu rayonu Pirşağı qəsəbəsinin “Qızıl qum” sanatoriyasının korpuslarında Qarabağın hər güşəsindən perik düşmüş soydaşlarımız var. Amma 3-cü korpusda sırf Xocalı sakinləri məskunlaşıb. Onların dediyinə görə, burda yaşayış yaşamaq yox, göz görə-görə çürüməkdir. Elə binanın girişində bizimlə söhbətə başlayan Rəfiyət Cəfərov da bu sözü ilk təsdiq edənlərdən oldu : ”Bizim bina hələ 1969-cu ildə tikilib. O vaxtdan buradakı binalarda nəinki əsaslı, heç cari təmir işləri aparılmayıb. Ona görədə, 4 mərtəbəli bu binanın bütün kanalizasiya sistemi zirzəmiyə axıdılır.



Dəhşətli üfunət iyi, nəmişlik, antisanitar şərait burada yaşayanların səhhətinə sağalmaz zərbələr vurub. Binada müxtəlif xəstəliklərlə çarpışmayan adama rast gəlmək mümkün deyil. Maddi durumumuzda elə normal deyil ki, müayinə -müalicə etdirək. Beləcə, burada asta-asta, səssiz-səssiz qırılırıq. Elə bilirsiniz rahat ölə bilirik ? Yox! Ötən il həyat yoldaşım ağır xəstəlikdən sonra dünyasını dəyişdi... 23 kvm-lik bir otaqda yas götürmək mümkün olmadı. Günü 1500 manata ola xüsusi yas mağarı və ləvazimatları alıb yası keçirməkdə bir problem olub. Əslində 5 il əvvəl “xeyir-şər”məclisi üçün tikilimiz vardı. Oranı bizdən alıb Şuşa 6 saylı tam orta məktəbi etdilər. Bu sanatoriyada dirilərimiz ölü kimidir, ölülərimizdə urvatsızdı. Heç bilmirik dərdimizi kimə deyək...




Yanımızdan sakitcə ötən, Rəfiyət əminin əsəbi danışdığını görüb ayaq saxlayan bir qadın müsahibimi ərkəyanə danladı: “Ay əmi əsəbləşmə yenə şəkərin, təzyiqin qalxacaq..”

Onu da söhbətimizə qoşuruq. Şamama özünü təqdim edərək bildirdi ki, qardaşı Heydər Eyvazov o məşum gecənin qurbanlarından , milli ordumuzun əsgərlərindən olub. O biri qardaşı Dadaş isə girovluqdan son anda qurtula bilib:” Xocalıların bir qisminin erməni girovluğuna düşməməsində Dadaşın böyük rolu olub. O əsirlikdən canını qurtararaq , xeyli yolu sürünə-sürünə Şelli postuna çatır. Bizim əsgərləri taparaq, camaatın harda gizləndiyini, ermənilərin onları axtarmasını, girov götürmək istəyini xəbər eləyir. Ordumuzun əsgərləri vaxtında həmin əraziyə çatıb, döyüşə girirlər. 30-a yaxın qız-gəlini əsir düşməkdən qurtarırlar. Qardaşlarımın igidliyi haqqında bütün Xocalı camaatı bilir. Hazırda Dadaş həyat yoldaşı və 3 övladı ilə birgə burda 1 otaqlı dar və şəraitsiz bir yerdə yaşayır. Elə Heydər kimi igid bir şəhidin anası, 72 yaşlı Güldanə anamda 1-ci mərtəbədə olur.İstərsinizsə,öz gözünüzlə bizim “ev” dediyimiz o yerə bir baxasınız”.



Güldanə ananın yaşadığı otağın qapısını açıb içəri girəndə kəsif kif iyi beynimizə işlədi. Şamama yerə sərilmiş yaş müşəmbələri,linelyumları bir-bir qaldırıb sement döşəmədən qaynayıb çıxan su sızıntılarını bizə göstərir: ”Zirzəmiyə dolmuş kanalizasıya suyu çıxış yeri olmadığından ordan daşır, daş plitələrin arasından evə dolur. Nəmişliyin kökünü kəsmək üçün yeganə istiliyimiz elektrik enerjisidi. Bu binada heç vaxt qaz olmayıb. Ötən il işıq sayğacları quraşdırmağa gəlmişdilər, etirazımızı bildirdik deyə, tətbiqi dayandırdılar. İndidə tez-tez işıqlarımız sönür. İşıqlar sönən kimi də otaq buzxana olur.”.



Carpayıda-xəstə yatağında uzanmış Güldanə ana evə yad adam gəldiyini hiss etdi. Yerinin içində əyləşib,sorğu-sual etməyə başladı:

-Hardan gəlmisiniz? Jurnalistsiniz?

Başımla təsdiq edirəm.

-26 ildi hər fevral gəlirsiniz, danışdırırsınız, yaramızın qaysağını qoparırsınız, sonrada gedirsiniz! Yorulmadınız? Vallah eyni hekayələri danışmaqdan yoruldum –usandım. Kaş ki, həmin gecə balama dəyən güllə mənə dəyəydi, heç bu günlərə gəlib çıxmayaydım. Diri canım da yükdü balalarıma, ölümümdə. Bir şəhid anası 26 ildi belə evə məhkumdu. Arabir televziyaya baxıram. Şəhid ailələrinə, köçkünlərə ev-mənzil verilir. Presidentimizin Allah canını sağ eləsin, Tikib-qurub, sonrada evsizləri sevindirir. Bilirəm ki, mənim kimi belə yerlərdə məskunlaşmışlardan xəbəri yoxdu, əgər xəbəri olsaydı, bizdə çoxdan rahatlığımıza qovuşardıq. İndi, ay jurnalist qızım, əgər imkanın varsa, mənim vəziyyətimi prezidentimə çatdır. Onsuzda mənim Xocalı dərdimı, köckün zülümümü bütün dünya bilir. Heydərin necə döyüşdüyündən, həyatını qurban verməsindən yox, onun anasının 26 ildi bu dar və nəmişlik yerdə çürüməsindən yaz. Yazacaqsansa, bundan yaz.



Telli xanım hazırda 3 uşaq anasıdır. Xocalı faciəsi günü yeganə qız övladını götürərək erməni əlindən çox çətinliklə qaça bilib. Kənd camaatı ilə birgə ermənidən gizlənmək üçün dərin bir xəndəyə girməli olublar: ”Qızımın hələ 1 yaşı tamam olmamışdı. Aclıqdan və soyuqdan eə hey ağlayırdı. İstədim boğam-öldürəm, əlim gəlmədi. Ermənilər uşağın səsinə görə, gəlib bizi mühasirəyə aldılar. İçlərindən biri nifrətlə körpəyə baxıb qız ya oğlan olduğunu soruşdu. Dedim ki, qızdı. Dedi bəxti gətirdi, oğlan olsaydı süngüyə keçirəcəkdim, böyüyüb bizə güllə atmasın. Bax, elə bu zaman Dadaşın gedib köməyə çağırdığı ordumuzun əsgərləri özlərini yetirdilər. Erməni saqqalıları ilə əsgərlərimiz arasında ölüm-dirim savaşı başladı..



Onlara arxadan kömək gəlmədiyi üçün öldürülən öldürüldü qaçanı qaçdı. Əsgərlərimiz də bizi belə xilas etdi. Sonradan 2 oğul övladımda dünyaya gəldi. Böyüyüblər, əsgəri xidmətlərini başa vurublar. Baxmayaraq ki, belə narahat yerdə əziyyət çəkiblər, amma . döyüşə hazırdılar. Birinin 24, digərinin 25 yaşı var. Evlənmək vaxtları çatıb, amma ev dərdindən hələki gözləyirlər.



Sevda Xanlarova ilə söhbətimiz kədərli notlarla başladı. Xocalı sözü ağzından çıxan anda göz yaşlarına boğuldu:

Xocalı – elim mənim,
Qanadım, qolum mənim.
Qığılcım var içimdə
Yanacaq külüm mənim!

-Xocalı faciəsindən 26 il ötüb. Hamı üçün uzun bir müddətdi, amma mənim üçün elə bil dünəndi, bu gündü. Xankəndi də xana-xana evlərimiz, məhlələrimiz vardı.1988-ci ilin martında ermənilər gözümüzün qarşısında evlərimizə od vurub yandırdı. Bizdə Xocalıya üz tutduq. Orda məskunlaşdıq. Özümüz üçün şərait, dolanışıq yaratdıq. Bağımız-bağatımız, əkin-bicinimiz oldu. Allah erməninin bəlasını versin, oranıda əlimizdən aldı. Sonunda Bakıya üz tutduq.26 ildi bu qəzalı binadayıq. O gün elə bir guppultu qopdu ki, elə bildim binaya top mərmisi düşdü. Hamı 4-cü mərtəbəyə qaçdı. Səs oradan gəlirdi. Gedib gördük ki, tavanı əvəz edən beton plitələr bir-birindən aralandığı üçün köhnə suvaqlar parça-parça olub tökülüb. Nə yaxşı ki, axşam olduğu üçün dəhlizdə heç kim olmayıb, yoxsa bədbəxt hadisə qaçılmaz olardı. FHN-liyi isə belə bir binanı qəzalı kimi qeydiyyatdan keçirmir. Ordan deyilib ki,təmirə ehtiyac var”. Nə təmir başına dönüm, binanın zirzəmisinə illərlə yığılmış çirkab su binanı çökdürür axı...



Fürsət düşmüşkən deyim ki,faciə zamanı ata-anası öldürülmüş, hər iki valideynindən məhrum olmuş uşaqlardan 5-idə mənim qardaşım Vaqif Xanlarovun və onun xanımı Bəsirənin övladlarıdı.O biri qardaşım Muradla, mən yetim qalmış o 5 körpəyə qol-qanad sərdik, onları minbir əziyyətlə böyütdük. Oxutduq. Vaqifin qızı Vəsilənidə oğluma aldım.

İndi Tunar adlı bir övladı da var. Bildiyiniz kimi dövlətimiz ata-ana himayəsindən məhrum olmuş 25 uşağı evlə təmin edib. Mənim qardaşımın 5 övladıda mənzillə təmin olunub. O vaxt 3-4 yaşı olan uşaqların indi 30-35 yaşı var.Evlənmək-ailə qurmaq zamanlarıdı. Həmin evlərin verilməsindən sonra demək olar ki, çoxu ailə qurdu, övlad sahibi oldu. Bunun üçün ölkə başçısına və eləcədə onun xanımı, birinci Vitse Prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk.



Qapı yavaşca açıldı. İçəri 10-11 yaşlı bir uşaq girdi.Sevda xanım uşağı görəndə gözləri gülümsədi: ”Buda bizim Tunar! Qardaşım, rəhmətlik Vaqifin nəvəsi! Həm çalışqandı, əlaçıdı, həm də atası, babası kimi vətənpərvərdi. Tunar, nənə qurban o Xcalı adlı şeir var ha, tez-tez deyirsən, onu bir də de, jurnalist xala da eşitsin”.

Tunar utancaq baxışlarını yerdən qaldırmadan şeiri söyləməyə başladı:

Gülümsə çatlasın düşmənin bağrı,
Bilirəm, dəhşətdir çəkdiyin ağrı.
Az qalıb,gəlirik qoynuna doğru
Ümidlə baxırıq üzü sabaha.
Ağlama Xocalım, ağlama daha.

Ali Baş Komandan bir kəlmə dinə,
Hamımız müntəzir onun əmrinə.
Ana dediyimiz vətən naminə,
Əli qana batan batmaz günaha.
Ağlama Xocalım, ağlama daha.

Çəkilər üstündən qara buludlar,
Sənin Əlifin var,İnqilabın var.
Varsa Mübariztək igid oğullar,
Başqa bir ehtiyac yoxdur izaha.
Ağlama Xocalım, ağlama daha.

Söhbətimizin sonunda Sevda xanım söylədi ki, burda yaşayan hər bir xocalılının arzusu budur ki, deputatlarımız, Dövlət ”Qaçqınkom”un nümayəndələri, bir sözlə səlahiyyətli məmurlarımız arabir yollarını burdan salsınlar, gün-güzaranımızdan xəbərdar olsunlar. İstəmirik ki, yalnız fevral ayında yada düşək, kimlər tərəfindənsə açılan ehsan süfrəsi ilə anılaq. Mən istəyirəm xocalılıların bu şəraitsiz yerdə çürüməyinin qarşısını alsınlar.
Buna baxmayaraq, hələdə gələcəyə olan inamımı itirməmişəm. Bilirəm ki mənim prezidentim tezliklə bütün problemlərimizi həlli edəcək, hər bir məcburi köçkünə öz diqqət və qayğısını göstərəcək. Buna əminəm!






Əntiqə Rəşid





Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.09.2018
Elmar Vəliyev oğlu ilə restoranda
14.09.2018
İmam Hüseyn (ə.s.) məktəbinin sirri, fəlsəfəsi, estetikası və əxlaqı barədə
25.08.2018
"Lotu Quli"dən Afaq Aslanla bağlı paylaşım - FOTO
23.08.2018
Rəsulzadənin məktubları və fotoları sərgilənəcək
21.08.2018
Məhərrəm ayının başlama vaxtı açıqlanıb