Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5769

Digər sorğular

“Hər bir əsgər döyüşə Mübariz kimi, Fərid kimi köklənməlidir”

19:53  |    10 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

“Ordumuz aprel döyüşlərindəki qəhrəmanlığı təkrarlamağa hazırdır”

Cəlil Xəlilov: “Xarici dövlətlərdən hərbi-texniki təchizat baxımından asılılığımız sürətlə azalmaqdadır”

“Müdafiə Sənayesi Nazirliyinin yaradılması strateji uğurlarımızdan biridir”

“SHXÇDX-nin hərbi vətənpərvərliklə bağlı keçirdiyi tədbirlər təqdirlayiqdir”

Ordumuzun güclənməsi, onun döyüş qabiliyyətinin, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Hansı ki, 2016-cı ilin aprel döyüşlərini bu uğurun paraktiki isbatı hesab etmək olar. Lakin torpaqlarımızın hələ də işğal altında qalması, erməni təxribatının bu gün də davam etməsi ordumuzun hazırlıq səviyyəsini artırmaq səylərinin davam etdirilməsini zəruri edir.

Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovla söhbətimizdə ordumuzun mövcud hazırlıq səviyyəsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi, milli hərbi-sənaye kompleksinin durumu və s. kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq.

-Cəlil müəllim, ordumuz 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də cəbhəboyu təşəbbüsü əldə saxladı. Bilmək istərdik ki, bunun qarşıda bizi gözləyən böyük qələbənin ilkin şərtlərindən biri hesab etmək mümkündürmü?


-Təbii ki, bu, qələbə üçün vacib amillərdən biridir. Hazırkı vəziyyət bizə ordunun hər an müahribəyə hazır olmasının vacibliyini diktə edir. Biz torpaqlarımızı erməni separatçlarından azad etməyə hazır olmalıyıq. Ordumuz yüksək döyüş, eləcə də mənəvi-psixoloji hazırlığa malik olmalıdır. Ordu düşmən üzərində qələbəyə nail olmaq üçün xüsusi hazırlığını mütəmadi artırmalıdır.

Təsadüfü deyl ki, Silahlı Qüvvələrimiz həm Ali Baş komandan, həm də ordu rəhbərliyi tərəfindən xüsusi diqqət var. Xarici ölkələrdən ən müasir hərbi texnikanın alınması, mütəmadi hərbi təlimlərin keçirilməsi, peşəkarlığın artırılması, düşmən mövqelərinə dəqiq və ölümcül zərbələrin endirilməsinə hazırlıq bu diqqətin göstəricisidir. Ordu yüksək döyüş hazırlığına malik olmaqla daim düşmən mövqelərini izləməli, onları nəzarətdə saxlamalıdır.

Ordumuzun qonşu dövlətlərlə - Rusiya, Türkiyə, Gürcüstanla da birgə həyata keçirdiyi təlimlər də bu məqsədə xidmət edir. Bütün bunlar döyüş hazırlığının yüksəlməsinə təsir edən amillərdir.

Biz hər an Ali Baş komandanın “hücum” əmrinə hazır olmalıyıq. Bunun üçün isə peşəkarlığın artırılması vacibdir.

-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mütəmadi surətdə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbirlər keçirir. Hansı ki, həmin tədbirlərdə Qarabağ müharibəsi veteranları da iştirak edir, yeniyetmələrə və gənc nəslin nümayəndələrinə öz xatirə və tövsiyyələrini dilə gətirir. Sizcə bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəldilməsi baxımından nə dərəcədə zəruridir?



-Hərbi vətənpərvərlik tərbiyəsi uşaq bağçalarından, orta məktəblərədn başlamalıdır. Mən SHXÇDX-nin keçirdiyi bu cür tədbirləri təqdirlayiq hesab edirəm. Respublika Veteranlar Təşkilatının həm Gənclər və İdman Nazirliyi, həm Hərbi Prokurorluqla birlikdə həyata keçirdiyi Tədbirlər Planı mövcuddur. Təhsil Nazirliyi ilə də birgə tədbirlər keçirmək niyyətindəyik. Bunda əsas məqsəd gənc nəslin nümayəndələrində orduya marağı artırmaq, hərbi-vətənpərvərlik tərbiyəsini yüksəltməkdir. Biz istəyirik ki, gənclərimiz həqiqi hərbi xidmətə, bir məcburiyyət olaraq yanaşmasınlar. Buna sevgi ilə, qəlbən can atsınlar. Gəncləri elə hazırlamaq lazımdır ki, onlar vətən borcunu ləyaqətlə yerinə yetirsinlər. Elə etmək lazımdır ki,mənəvi-psixoloji hazırlıq baxımından bizim əsgəri gücə bərabər güc olmasın. İstəyirik ki, hər bir əsgərimiz döyüşə Mübariz kimi, Fərid kimi köklənsin. Hər bir gənc torpaqları işğaldan azad etməyə hər an hazır olmalıdır.

-Necə hesab edirsiniz, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində milli tariximizə müraciət etməyə, tarixi qəhrəmanlarımızın təbliğinə yer ayırmağa ehtiyac varmı?

-Təbii ki, buna böyük ehtiyac var. Biz gənc nəsildə vətənpərvərlik ruhunu yüksəltmək üçün tarixi faktlardan istifadə etməliyik. Hansı ki, tariximiz bu baxımdan xüsusilə zəngindir. Hazırda 100 illiyini qeyd etməyə hazırlaşdığımız Xalq Cümhuriyyəti dövründə Azərbaycan Ordusu Qarabağda erməni separatçılarını məğlubiyyətə uğratdı. II Dünya Müharibəsində 124 nəfər Azərbaycan döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Minlərlə azərbaycanlı mühribədə göstərdiyi şücaətə görə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Aprel döyüşlərində də əsgər və zabitlərimiz böyük qəhrəmanlıqlar ortaya qoydular. Bu gün ordumuz bu qəhrəmanlıqları təkrarlamağa hazırdır.

-Azərbaycanda hərbi sənayenin inkişafı istiqamətində ciddi addımlar atılır. Necə hesab edirsiniz, müharibə şəraitində olan bir ölkə üçün hərbi sənayenin inkişafı nə dərəcədə vacibdir?

-Prezidentimizin strateji addımlarından biri Müdafiə Sənayesi Nazirliyinin yaradılması oldu. Bu, çox vacib bir məsələdir. Elə dövlətlər var ki, onlar müharibə aparan dövlətlərə silah-surat satışına qadağa qoyub. Bu gün ölkəmiz bu məsələdə digər dövlətlərdən çox da asılı vəziyyətdə deyil. Təbii ki, güclü dövlətlərdən müəyyən silah-sursat alırıq. Ancaq bu gün silahların çoxu ölkəmizin özündə istehsal edilir.

Milli hərbi sənayenin inkişafı ölkəmizə həm hərbi, həm də iqtisadi maraqlar baxımından zəruridir. Bizim istehsal etdiyimiz bir çox silah növləri var ki, bu silahlar beynəlxalq sərgilərdə nümayiş olunur, onlara xarici dövlətlərin marağı böyükdür. Bu baxımdan ölkəmizdə milli hərbi sənayenin inişafı müstəsna önəmə malikdir.

-Bəzən bu cür fikirlər səslənir ki, müharibə başlayacağı təqdirdə I Qarabağ müharibəsinin iştirakçılarının təcrübəsinə ciddi ehtiyac olacaq. Sizcə Qarabağ uğrunda yeni bir müharibə başlayacağı təqdirdə I Qarabağ müharibəsinin iştirakçılarının təcrübəsinə doğrudan da böyük ehtiyac yaranacaqmı?

-Əvvəla, mən bitməmiş Qarabağ müharibəsi deyərdim. Çünki Qarabağ uğrunda 100 ildən çoxdur ki, mübarizə aparılır, həmin mübarizə bu gün də davam edir.

Təbii ki, təcrübəyə hər zaman ehtiyac var. Keçmişin dərslərinə hər zaman müraciət etmək lazımdır. Həm Qarabağ, həm də Əfqanıstan müharibəsinin iştirakçılarının təcrübəsi bu baxımdan önəmlidir. 2016-cı ilin aprel döyüşləri zamanı yüzlərlə müharibə veteranı müraciət edərək ön xətdə getmək istəklərini bildirdilər. Ancaq onlara elə bir ehtiyac olmadı. Bu gün ordumuz düşmənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Ordudakı zabitlərimiz yüksək təhsilli zabitlərdir. Əsgərlərimizin də döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Ancaq şübhəsiz ki, veteranların ordumuzla birliyi də həmişəki kimi məqsədəuyğun olardı. Bunu hər şeydən öncə veteranların özü arzulayır. Unutmayaq ki, bu vətən hamımızındır və onun işğal altında olan ərazilərinin azadlığı üçün hər birimiz əlimizdən gələn fədakarlığı əsirgəməməliyik.

Seymur Əliyev
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
01.08.2018
Orxan Camalın analığı: “O, sanki daha görüşməyəcəyimizi hiss etmişdi” - MÜSAHİBƏ
22.06.2018
Nobelli yazar: “Bakı kasıb şəhər idi”
21.06.2018
Fransa Senatının Qafqaz qrupunun rəhbəri: "Azərbaycana qarşı çox ədalətsiz rəftar edirlər" - MÜSAHİBƏ
10.06.2018
"Onlar hamısı Ağdamda, Laçında qaldı" - Rəşad Məcid - VİDEO
31.05.2018
Artur Rasizadə: “Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir” - MÜSAHİBƏ