Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5555

Digər sorğular

Şəhidin yaralı qızını qoyub qaçanlar...

00:50  |    02 Yanvar 2018  |   E-mail  |  Çapa göndər
Elşad MƏMMƏDLİ |

Elton Əkbərov. Son günlər bu şəhidin adı mətbuatda tez-tez çəkilir. Nədən ki, Elton Əkbərovun qızı Könül Əkbərovanı bir oliqarxın 17 yaşlı oğlu “JEEP”-lə vurub üstündən keçib, yaralını hadisə yerində qoyub qaçıb və şəhidin qızı dünyasını dəyişib...
Çiynində onlarla yaralanmış döyüş yoldaşını düşmən gülləsi altından çıxarıb xilas edən, elə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarmağa çalışarkən həlak olan kişinin – şəhidin qızını isə bir harın uşaq vurduğu yerdə qoyub qaçıb. Bu, əslində bir kitablıq həyat hekayəsidir...

Elton Əkbərov adını hər dəfə mətbuatda gedən məlum olayda oxuyanda göz önümdə birinci avtoqəza canlana bilmir heç cür. Bu ad-soyad mənə 1992-ci ildə Göyçaya ilk şəhid gəlməsini, rayondakı misli görünməmiş izdihamı xatırladır. Elton Əkbərov Göyçayın ilk şəhidi idi! Onadək bizlər - göyçaylılar şəhid nədir, bilmirdik. 7-ci sinifdə oxuyurdum həmin zaman. Məktəbimizin o vaxtkı direktor müavini, hərəkat iştirakçısı Əlirasim Əhmədov bizləri şəhidin dəfn mərasiminə aparmışdı.

İlk dəfə avtomatı, silahlı döyüşçüləri də orada görmüşdüm. Elton Əkbərov dəfn edildikdən sonra sıra ilə düzülmüş hərbçilər havaya xeyli atəş açmışdılar. Barıt qoxusu da ilk dəfə onda dəymişdi burnuma.

Kimdir Elton Əkbərov? 1954-cü ildə Göyçayda doğulan E.Əkbərov 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub. Onun haqqında göyçaylılar ilk dəfə 1990-cı ilin 20 yanvar faciəsi zamanı eşitmişdilər. İşğalçı rus ordusu yanvar qırğınını törədəndə Elton Əkbərov da yaralanmışdı. O, qanlı yanvar gecəsi yaralı halda digər yaralıları xəstəxanaya daşımışdı.

Daha sonra Dağlıq Qarabağda müharibə alovlananda bir neçə nəfər dostu, tanışı ilə birlikdə Göyçay Könüllülər Batalyonu formalaşdırıb cəbhəyə yollanmışdı. Şuşanın müdafiəsinə qoşulmuşdu. Mənim əmim də ona qoşulub yollanmışdı cəbhəyə...

O, növbəti güllə yarasını Daşaltı əməliyyatı zamanı almışdı. Qısa müddətlik müalicədən sonra yenidən döyüşlərə qatılmışdı Əkbərov.

1992-ci il aprelin sonlarında Şuşanın Kosalar kəndində - Hacı Talası adlanan ərazidə gedən şiddətli döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv etdikdən sonra özü də 1992-ci il aprelin 29-da qəhrəmancasına şəhid oldu. 2 gün sonra - mayın 1-də isə Göyçayda dəfn edildi. Həmin gündən bizlərin “Dağın dibindəki park” kimi tanıdığımız məkan Şəhidlər Xiyabanına çevrildi, sonra rayona gələn şəhidlərin çoxu burada torpağa tapşırıldı...

Taleyin işinə bax, çiyinlərdə şəhid kimi gedən, döyüşlər zamanı isə onlarla döyüş yoldaşlarını güllə altında çiyinə alıb xilas edən Elton Əkbərovun qızını bir oliqarxın oğlu vurur, yaralı halda yerdə qoyur və qaçır...

Məncə, Elton Əkbərovun ruhunu çox sızladır bu! Axı ona heç cür çatmazdı yaralını qoyub qaçmaq! Onun yaralı balasını küçədə qoyub qaçıblar!
Hansı ki, Elton Əkbərov vətən uğrunda canını qoyanda, vuruşanda bu gün onun balasını vurub yolda qoyub qaçan, sürücülük hüququ olmayan 17 yaşlı Rəhim Rəhimovun atası Akif Rəhimov Bakıda özünə biznes qururdu. Sağlığına qismət, 20 ildən çoxdur şadlıq evləri, xəz-dəri fabrikləri var. Elton isə şəhid olmağı seçdi. Əmin imiş ki, qoruduğu vətəndə övladlarına haqsızlıq edilməyəcək. Amma nə biləydi ki, qızı Könülü vuran sürücü tutulanda, ürəkli oğlanlar döyüşdəykən, bu günkü 17 yaşlı “qəhrəman”ın həmin müharibə illərində biznes quran atası gəlib istintaqda şəhidin xanımının üstünə bozaracaq. Deyəcək ki, qızın niyə yola çıxırdı ki, oğlum da onu vurub öldürsün?! Hardan biləydi ki, balasını vuran azyaşlı sürücünün vətənə ancaq pul toplamaq yeri kimi baxan atası o puldan basıb qızının - Könül Əkbərovanın qanını batırmağa çalışacaq, oğlunu istintaqdan yayındırmaq üçün müxtəlif yollardan istifadə etmək istəyəcək...


Düz 20 gün istintaqı da aldadıblar ki, guya maşını sürən başqa biri olub. Nəhayət, məsələ ictimailəşəndən sonra gerçək günahkar tutuldu.

Amma bu, yenə də yaraları sağaltmaz. Əlbəttə, heç o uşaq da, onun atası da belə bir hadisənin olmasını qətiyyən arzulamazdılar. Ancaq adamı düşündürən, yandıran təkcə bir məqam var: məhz döyüşdə yaralanan soydaşını çiyinə alıb apararkən, son qanınadək döyüşüb şəhid olan kişinin qızını yaralı halda küçədə qoyub qaçıblar...


“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları