Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5628

Digər sorğular

Atamla görüşmək istəmərəm... - Dilqəmin oğlu

13:39  |    17 Dekabr 2017  |   E-mail  |  Çapa göndər

2014-cü il iyulun 11-də öz doğmalarının qəbrini ziyarətə gedən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev hələ də erməni işğalçılarının əlindədir.

Tək günahı 21 ilin Vətən həsrətini içlərində boğa bilməyən bu azərbaycanlılar öz yurdlarındaykən "casusluqda” ittiham edilərək, qondarma ölkədə qurulan saxta məhkəmənin qərarıyla həbs olunublar. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Azərbaycan ərazisində həbs olunublar, ancaq beynəlxalq ictimaiyyət hələ də susur. İlk vaxtlarda bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılanda, beynəlxalq təşkilatlar məlumatlandırılanda, girovları geri qaytarmaq kimi fikirlər çox səsləndi. Bu istiqamətdə də müvafiq addımlar atıldı. Həm dövlət, həm də ictimaiyyət səviyyəsində. Nəticə isə göz önündədir. Azərbaycan onların azadlığı istiqamətində ciddi addımlar atsa da, onları qaytarmağa gücü çatmadı. Beynəlxalq aləm isə girovları taleyin ümidinə buraxıb.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri isə az qala hər gün mediada onların səhhəti ilə bağlı öz narahatlıqlarını ifadə edirlər.

Qaziler.az girovlarımız və onun ailələrinin yaşadığı çətinliklərlə bağlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun Şərq.az-a müsahibəsini təqdim edir:

- Atanızdan ən son nə zaman xəbər tutmusuz, vəziyyəti necədir?

- Dekabrın 7-də Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əlaqə saxladım, amma konkret bir məlumat ala bilmədim. Atamdan yeni bir məktub və ya xəbər olmadığını dedilər. Hələ ki, gözləyirik...

- Bəs, atanızdan ən son məktubu nə vaxt almısız? Səhhəti ilə bağlı nə yazmışdı?

- Uzun fasilədən sonra oktyabr ayında atamın məktubunu bizə verdilər. Atam heç vaxt səhhəti ilə bağlı dəqiq bir söz yazmır, xüsusən də son zamanlar ancaq yaxşı olduğunu deyir. Ağrılarından, xəstəliyindən isə ümumiyyətlə söz açmır. Yəqin istəmir ki, ailəmiz, qohum-əqrəba onun taleyi ilə bağlı narahatlıq yaşasın. Məktubunda ancaq oradakı vəziyyətlə, haqsızlıqlardan danışır. Özünə gələndə isə yaxşı olduğunu, ona görə narahat olmamağımızı deyir.

- Atanızla görüşmək üçün heç Qızıl Xaç Komitəsinə müraciət etmisizmi, nə deyirlər, görüşmək mümkündürmü?

- Bu barədə heç bir müraciətim olmayıb, bundan sonra da olmayacaq. Hətta görüş imkanı yaratsalar belə qəbul etmərəm. Hər nə qədər atam üçün narahat olsam, onun necə olduğunu görmək istəsəm belə, razılaşmaram. Çünki atamla görüşmək üçün girovlarımızın saxlanıldığı yerə getmək lazımdır. Bu isə birbaşa qondarma respublikanın müstəqilliyini tanımaq deməkdir. Mənsə, heç vaxt belə bir addım atmaram, o adda bir respublikanın varlığını qəbul eləmirəm. Ermənilər faktiki olaraq Azərbaycan torpaqlarını zəbt ediblər və gec-tez biz o torpaqları azad edəcəyik.

- ATƏT səfərinizlə bağlı bir qədər ətraflı danışa bilərsiz?

-Təklif hüquqşünas Əhməd Şahidovdan gəldi. O məndən ATƏT-in tribunasında atam haqqında danışmaq istəyib- istəmədiyimi soruşdu. Mən də razılaşdım ki, əlbəttə, istəyərəm. Sentyabrın 11-dən 20-nə kimi Polşanın paytaxtı Varşavada keçirilən sammitdə iştirak edib, qısa da olsa çıxış etdim. Hətta Əhməd Şahidov atamın Rusiya vətəndaşı olması məsələsinə toxunub, pasportunu sammit iştirakçılarına göstərdi. Hansı ki, həmin konfransda 57 ölkənin diplomatları və Rusiya nümayəndələri də iştirak edirdi. Mənə ayrılan qısa vaxt ərzində də bacardığım qədər atam və Şahbaz Quliyevin girovluğu, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı reallıqları diplomatların diqqətinə çatdırdım. Oradan rusiyalı deputatlara da səsləndik ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və siz hara baxırsınız? Düşünürəm ki, sammitdə iştirakımız və çıxışımızla avropalı diplomatların bu məsələyə diqqətini cəlb edə bildik. Çalışdığım qədər digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə də iştirak edib, atamın azadlığını gündəmə gətirməyə çalışacam.

- Bu biganəlik nəylə bağlıdır?

- Düşünmürəm ki, biganəlik var. Atamın və Şahbaz Quliyevin erməni girovluğundan azad olunması üçün Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi səviyyəsində iş aparılır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov da məsələni daimi olaraq diqqətdə saxlayır.

- Mən beynəlxalq təşkilatların mövqeyini nəzərdə tutmuşdum...

- Onların məsələyə bu qədər laqeyd yanaşmasının səbəbi aydındır. 25 ildən artıqdır ki, bütün dünya ölkələri, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminə göstərdiyi ikili standartları girovlarımıza qarşı da sərgiləyir. Bizim onlardan heç bir gözləntimiz yoxdur. Nədənsə, ATƏT və digər beynəlxalq təşkilatlar Qarabağ problemində olduğu kimi girovların azad olunması prosesində də Azərbaycana qarşı qərəzli yanaşırlar.

- İşğal altında qalan torpaqlara səfər etmək kifayət qədər risklidir. Atanızın da girov düşməzdən əvvəl bir neçə dəfə Kəlbəcərə gedib, anasının qəbrini ziyarət etdiyi qeyd olunur. Ora getməzdən əvvəl sizə deyirdimi?

- Atam hər zaman Vətəninə və torpağına bağlı, Vətən həsrəti ilə yaşayan biri olub. Kəlbəcərin işğalı ilə heç vaxt barışa bilmirdi. Nə vaxt Kəlbəcərdən söz düşsə, ora getmək istədiyini deyirdi. Atamın Kəlbəcərə getdiyini heç kim bilmirdi, geri dönəndən sonra məlumatımız olurdu.

- Bəs, sonuncu dəfə Kəlbəcərə gedəndə xəbəriniz vardımı? Ümumiyyətlə, Kəlbəcərə getmək istədiyini deyəndə onu heç bu fikrindən daşındırmağa çalışırdınızmı? Yoxsa ağlına gəlmirdi ki, belə bir hadisə baş verə bilər?

- Xeyr, xəbərimiz yox idi, amma əvvəllər onun Kəlbəcərə gedib yaxınlarının, doğmalarının qəbrini ziyarət etdiyini biləndə ona bu addımın təhlükəli olduğunu deyirdik. Xüsusən də, qohumlarımız, yaxınlarımız onu bu niyyətindən çəkindirmək istəyirdi ki, ailən var, uşaqların var. Birdən başına bir iş gələr. Amma atamın elə bir xasiyyəti vardı ki, qərar veribsə, heç kim onun fikrini yayındıra bilmirdi. Onun üçün Vətən hər şeydən önəmli idi.

- Ailədə neçənci uşaqsız?

- Biz dörd uşağıq. İki bacım və bir qardaşım var. Bacılarım məndən böyükdür.

- Ailəniz maddi ehtiyaclarını necə qarşılayır?

- Qardaşım da, mən də işləyirəm. Pis-yaxşı sosial ehtiyaclarımızı qarşılayırıq. Bircə problemimiz var, o da atamın azad olunması.

- Ali təhsiliniz varmı?

- Xeyr, orta təhsilliyəm.

- Bir neçə il əvvəl belə bir açıqlamanızı oxumuşdum: "Atam gəlməsə, evlənməyəcəm”. Yenə də evlənməyi düşünmürsən?

- Xeyr, o qədər problemlərimiz, çətinliklərimiz var ki, başımız ona qarışıb. Evlənmək haqqında düşünməyə hələ ki vaxtım yoxdur. Qarşıda bizi çox çətin proseslər gözləyir, hesab edirəm ki, öncə onların öhdəsindən gəlməliyik. Hələ ki evlənmək ağlımın ucundan belə keçmir.

- Tezliklə azad olunacağına inanırsınızmı?

- Əlbəttə, əminəm ki, atam qayıdacaq. Buna şübhəm yoxdur. Artıq 4 ildir ki, atam erməni girovluğundadır. Bu müddət ərzində bir dəfə olsun ümidim ölməyib. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirəcəyi tədbirlər nəticəsində girovlarımız azadlığa qovuşacaq.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Fransa Senatının Qafqaz qrupunun rəhbəri: "Azərbaycana qarşı çox ədalətsiz rəftar edirlər" - MÜSAHİBƏ
10.06.2018
"Onlar hamısı Ağdamda, Laçında qaldı" - Rəşad Məcid - VİDEO
31.05.2018
Artur Rasizadə: “Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir” - MÜSAHİBƏ
03.05.2018
Milli Qəhrəman: “Düşmən yaxşı döyüş aparsaydı, daha zövqlü olardı” - MÜSAHİBƏ
02.05.2018
"Saakaşvilinin yenidən Gürcüstan siyasətinə qayıdışı..." - SABİQ MTN ZABİTİ