Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5769

Digər sorğular

Mixail Zabelin: “Putin hardan bilsin ki, Lavrov ermənipərəstdir”

10:46  |    05 Dekabr 2017  |   E-mail  |  Çapa göndər


“Demişəm ki, Bakıda tutulan ermənini Dilqəmlə Şahbazla dəyişək”

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin geri çağırıldıqdan sonra Kremlin bu posta öz namizədini açıqlaması Bakıda etiraz səbəb oldu. Belə ki, Rusiya Dövlət Dumasının namizədliyini təsdiqlədiyi yeni səfir Georgi Zuyevlə bağlı ziddiyyətli informasiyalar var. Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun üzvü Mixail Zabelin “Yeni Müsavat”a müsahibəsində bildirdi ki, bu məsələnin detallarından xəbərsizdir:

- Sankt-Peterburqda məzuniyyətdəydim, yeni gəlmişəm. Amma detallı məlumatım yoxdur.

- Bəs Rusiyanın Azərbaycandakı səfiri postuna namizədliyini verdiyi diplomatı tanıyırsınızmı?

- Yox. Onun haqqında eşitmişəm, amma tanımıram. Doroxin iki müddəti başa vurdu. Yəni artıq o, getməli idi. Ancaq təzə kim olacaq, gözləyək...Hələ vaxt var.

- Rəsmi Bakı Kremlin namizədinə etiraz etdi.

- Nə olsun? Başqası olacaq. Amma hələ ki namizəd yoxdur. Yaxın 3 ay ərzində namizəd verəcəklər.

- Mixail müəllim, Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı məhkəmə çəkişmələri başa çatdı və qərar müsbət olmadı. Yeni təşkilatın yaradılması istiqamətində işlər başlanıb. Bundan sonra nə gözləyirsiniz?

- Bu, birmənalıdır ki, UAK olmayacaq. Mən Moskvada da olmuşam, Fazil müəllimlə (ÜAK-ın sədri Fazil Qurbanov-E.P.) görüşümüz olub. Biz iki saat danışdıq. İndi o fikirləşir ki, hansı ad olsun. Bir nəfər deyir ki, Rusiyadakı Azərbaycanlıların Konqresi adı olsun. Ancaq RAK yaxşı səslənmir. Ona görə hələ ki müzakirə olunur. Ümumilikdə isə yeni təşkilatın yaradılması ilə bağlı hər şey hazırdır.

- Hansısa qüvvələr bu təşkilatın da işinə mane ola bilərmi?

- Orada çox məsələlər var. Müəyyən qüvvələr belə bir təşkilatı istəmirlər. Ancaq Fazil müəllim yaxşı kişidir, ona inanırıq. Ona görə də gözləmək lazımdır. Təsis qurultayının fevral, yaxud martda olması gözlənilir.

- Siz Rusiyanın Bakıdakı səfirliyinin Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkmək üçün nümayəndə göndərməsini təklif etmişdiniz. Həmin təklifə reaksiya oldumu?

- Təklif eləcə qaldı.

- Yeni səfir bu istiqamətdə hansısa addım ata bilərmi?

- Bilirsiniz, bizdə də Rusiya vətəndaşı olan erməni var. (2016-cı ildə hava limanında narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılan və 8 illik həbs edilən Marat Ueldanovdan söhbət gedir-E.P.) Biz də onu saxlayırıq. Mən ilk gündən demişəm ki, gəlin onu erməni girovluğunda olan şəxslərlə dəyişək. Burdakı erməni də Rusiya vətəndaşıdır, Dilqəm Əsgərov da. Hər ikisi azad olunsun, getsin Rusiyada yaşasınlar.

- Amma çox təəssüf ki, Rusiya hakimiyyəti öz vətəndaşına, xüsusilə də Qarabağda saxlanılan azərbaycanlıya sahib çıxmaq istəmir.

- Rusiya bu təklifə razıdır, erməni razı deyil.

- Amma Sergey Lavrov elə İrəvana sonuncu səfərində bir kəlmə ilə məsələni həll edə bilərdi. Deməli, o, girovların məsələsini, sadəcə, həll etmək istəmir, elə deyilmi?

- Lavrov üçün girovlar məsələsi çox kiçik məsələdir. O, bu barədə heç danışmaz da.

- Rusiya XİN-in başçısı nə səbəbə Ermənistanın mövqeyindən çıxış edir?

- Siz bilmirsiniz? (gülür).

- Siz Rusiyadan yeni gəlmisiniz, cavabınız maraqlıdır.

- Rusiyadan gəlmişəm, ancaq mən Azərbaycan vətəndaşıyam. Mən Lavrovu görməmişəm axı.

- Məgər prezident Putin bilmirmi ki, Lavrov ermənipərəst mövqedən çıxış edir?

- Putin bilmir. Haradan biləcək?

- Qarabağda müharibənin alovlanması dəhşətli fəlakətlərə səbəb ola bilər. Bunu Moskvada bilirlər, elə deyilmi?

- Qarabağ problemi ciddi məsələdir. Mən düşünürəm ki, yaxın vaxtlarda 5 rayonla bağlı məsələ həll olunacaq.

- Ermənilər bu 5 rayonun ərazisində də süni məskunlaşmanı davam etdirirlər. Torpaqlar qaytarılacaqsa, ora niyə pul xərcləsinlər ki?

- Ermənistanı çox şişirdirsiniz. Lazım olan anda ermənilər torpaqlardan çıxacaqlar.

- Bəs Türkiyə Qarabağ məsələsinin həlli prosesində iştirak edə bilərmi?

- Türkiyə bu prosesə necə girəcək? Bunu biz istəyirik. Amma erməni istəmir axı.

- Bəs Rusiya da bunu istəsə...

- Yox. Bu məsələdə ancaq Ermənistan və Azərbaycanın mövqeyi lazımdır.

- Bakıya gələn ermənilər “Qarabağ Azərbaycana qaytarılmalıdır” deyirlər. Bu kimi fikirlər nə dərəcədə təsirlidir?

- Bura gələnlər belə deyir, amma İrəvan erməniləri ayrı söz deyirlər.

- Rusiya Ermənistana işarə etsə ki, Azərbaycan torpaqlarından çıx, erməni ordusu çıxmaz?

- Yox. Rusiya necə işarə edə bilər? Siz başa düşün e... Deyirlər ki, Rusiya Ermənistana təzyiq göstərib istədiyini ala bilər. Amma hansısa addımı atan adamı güllələyə bilərlər. Necə ki, Dəmirçyanı və digərlərini güllələdilər. Rusiyada yeni bir kitab çıxıb, “Bzejinski dedi, Qorbaçov etdi”. Müəllifi rusdur. Orada “Daşnaksütyun”, onun Rusiyada, Türkiyədə necə terror aktları həyata keçirmələri barədə ətraflı yazılıb. Bu kitab sübut edir ki, “Daşnaksütyun” terrorçu təşkilatdır və Ermənistan rəhbərliyinə təsir edir.

- Hətta Rusiyanın siyasətinə də təsir edir?

- Belə çıxır...
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
01.08.2018
Orxan Camalın analığı: “O, sanki daha görüşməyəcəyimizi hiss etmişdi” - MÜSAHİBƏ
22.06.2018
Nobelli yazar: “Bakı kasıb şəhər idi”
21.06.2018
Fransa Senatının Qafqaz qrupunun rəhbəri: "Azərbaycana qarşı çox ədalətsiz rəftar edirlər" - MÜSAHİBƏ
10.06.2018
"Onlar hamısı Ağdamda, Laçında qaldı" - Rəşad Məcid - VİDEO
31.05.2018
Artur Rasizadə: “Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir” - MÜSAHİBƏ