Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5223

Digər sorğular

HƏKİM EŞŞƏK ƏTİ BUYURUB?!- Aqil Abbasdan ateistlərə cavab

11:30  |    28 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Qarabağlıların işlətdikləri maraqlı ifadələrdən biridi. Kimsə bacarmadığı işə girişəndə, bilmədiyi bir məsələ ilə bağlı mübahisə edəndə, özünün və sözünün yerini bilməyəndə deyirlər ki: « Ə, nədi, həkim eşşək əti buyurub?!»

Aqil ABBAS |

Həkim bir xəstənin sağalması üçün ona hansı dərmanı yazsa, nəyi yeməli olduğunu desə, gərək əməl edəsən ki, sağalasan. Yəni əgər eşşək əti də buyurubsa, gərək yeməlisən. İndi bacarmadığın işə girişirsənsə, özünün və sözünün yerini bilmirsənsə, yəni otur yerində də, həkim eşşək əti buyurmayıb ki!

Ateistlər. Yəni Allahın varlığını dananlar. Bunlar sıradan adamlar deyillər. Elmli, savadlı, geniş dünyagörüşünə malik ziyalılardılar. Deyək ki, onlar insanların Allah tərəfindən deyil, meymundan yarandığına inanırlar (amma meymunu da Allah yaradıb). İnansınlar. Eybi yox, kimisi Adəmdən törəyər, kimisi də meymundan. Bu da onların «dinidi».

Universitetdə ateizm dərsi keçirdilər. Amma o boyda professorlar bircə nəfəri də inandıra bilmirdilər ki, Allah yoxdu. Əksinə, bu dərs kitablarını oxuduqca, o professorların mühazirələrinə qulaq asdıqca Allaha daha çox inanırdın.

Şopenhauerin ateistlərlə bağlı belə bir fikri var. Özü Allaha inanmır, amma qəribədir ki, and içəndə üz tutub göylərə and içir. Hər bir uğuru üçün Göylərə minnətdarlıq edir. Bizim ulu babalar da Göylərə and içiblər, bu gün də biz bu andı içirik. Yəni bərk dursaq Şopenhauerin türk kökənli olduğunu sübut edə bilərik.

Gələk Şopenhauerin fikrinə. Deyir ki, yığışıb cild-cild kitablar yazırlar ki, Allah yoxdur. Allah yoxdursa, yoxdur da, bu qədər kitabları niyə yazırsınız? Siz bu kitabları yazmaqla Allahın varlığını sübut edirsiz.

Arkadaş, ateistsən, çox gözəl. Buyur, öz fəlsəfi görüşlərini yaz, oxuyuq xoşbəxt olaq. Amma day inanclı insanları təhqir eləmə, aşağılama, alçatma, onların inanclarına lağ eləmə. Həkim eşşək əti buyurub?

Gələk mətləbə. Savadına, dünyagörüşünə hörmət elədiyim Elşad Miri (özü də ilahiyyatçıdı, yəni ateist deyil) durub durduğu yerdə deyir ki, «Quran» müqəddəs kitab deyil və çünki bu Kitabda onun müqəddəs olmağı haqqında heç nə yazılmır. Arkadaşın sözündən belə çıxır ki, «Quran» adi kitablardan biridi. Yəni «Quran»la onun nəşr etdirdiyi kitablar arasında heç bir fərq yoxdur.

Var, arkadaş, var. Özü də çox böyük fərq var. «Quran»da Allahın kəlamları toplanıb, sənin-mənim kitablarımızda isə bizim düşüncələrimiz. Aradakı fərq heç bir ölçüyə gəlməz. İncil də, Tövrat da müqəddəsdi. Çünki həmin kitablarda da Allah kəlamı yazılıb.

İkincisi, gərək mütləq «Quran»ın içinə yazılmalıydı ki, bu müqəddəs kitabdı? Nə Vətən torpağının üstünə, nə bayrağın, nə çörəyin üstünə, nə də anaların alnına «müqəddəs» sözü yazılmayıb. Amma hamımız onları müqəddəs kimi qəbul edirik. Çünki həm «Quran»ı, həm çörəyi, həm Vətəni, həm bayrağı, həm də ananı müqəddəs edən amillər var.

Hacı Şahin Elşad Miriyə lazımi və layiqli cavabı verib. Hacı Şahin kimi görkəmli bir din xadimindən sonra mənə bu məsələdə daha geniş nə isə yazmaq düşməz.
Mən din xadimi deyiləm, hər halda fanatik dindar da deyiləm. Əgər Elşad Mirinin bu fikri məni hövsələdən çıxardırsa, görün inanclı insanlar bu sözləri eşidəndə hansı hissləri keçiriblər və keçirirlər.

Arkadaşlar, həkim eşşək əti buyurub, nə istəyirsiz bu inanclı insanlardan?
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
10.10.2017 Aqil ABBAS:KÜRÜ DÜŞMƏN DƏYİRMANINA AXIDIRSIZ, SONRA DA…
31.01.2017 Aqil ABBAS: ÖLƏK ÖLDÜYÜMÜZ YERDƏ
18.01.2017 Aqil Abbas: Dəmiryol xəstəxanası başı dumanlı
21.12.2016 Aqil ABBAS: Ermənilərin «nadir tapıntı»sının uzağı 260 yaşı var
15.11.2016 AQİL ABBAS: PƏNAH XAN MƏRKƏZ KİMİ NİYƏ AĞDAMI SEÇMİŞDİ!