Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5898

Digər sorğular

“Burda hər bir sərnişin nəzarətdədir” -rəis ilə MÜSAHİBƏ

18:30  |    04 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Taleh Məmmədov: “Aparılan maarifləndirmə işləri bəhrəsini verir”

Bakı Metropoliteni 50 illik yubileyinə hazırlaşır. 1967-ci il noyabrın 6-da metronun 5 stansiyası- “Bakı Soveti” (indiki “İçərişəhər”, “Sahil”, “28 aprel” (indiki “28 may”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları istismara verilib. Yarım əsr əvvəl baş verən bu hadisə daha bir məqama görə əlamətdardır, paytaxtımız Şərqdə metropoliteni olan ilk şəhər kimi də tarixə düşüb.
50 ildir ki, sakinlərə, paytaxtımızın qonaqlarına xidmət göstərən Bakı Metropolitenindən hər gün minlərlə sərnişin istifadə edir. Şəhərimizin altındakı bu yeraltı şəhərdə iş heç zaman dayanmır. Ona görə də bu çoxminlik kollektivdə çalışmaq heç də asan deyil, fədakarlıq etməyi bacarmayana, nizam-intizama xüsusi fikir verməyənə burada yer yoxdur.
Taleh Məmmədov 20 ildən çoxdur ki, Bakı Metropolitenində çalışır. Əmək fəaliyyətinə gecə növbəsində fəhlə kimi başlayıb, stansiya rəisi vəzifəsinə qədər yüksəlib. Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasının rəisi Taleh Məmmədov deyir ki, burada öyrəndiyi ciddi nizam-intizam orduda xidmət edərkən çox köməyinə çatıb.

Bakı metrosunun 50 illik yubileyi ərəfəsində Modern.az saytının müsahibi Taleh Məmmədovdur.

- Bu kollektivə gəldiyiniz ilk iş günü yəqin ki, yadınızdadır...


- 1995-ci ilin dekabrında Bakı Metropolitenində işə qəbul olundum. Əmək kitabçam yazılanda 18 yaşım təzəcə tamam olmuşdu. Cəmi bir neçə ay idi ki, doğulduğum Şamaxıdan paytaxta gəlmişdim, sözün açığı, sərnişin kimi də metrodan düz-əməlli istifadə etməyə vaxtım olmamışdı. Metropolitendəki işin xüsusiyyətləri barədə də məlumatım yox idi. Bu gün Texniki Universitet adlanan ali təhsil müəssisəsi o vaxtlar Politexnik İnstitutu idi, ora qəbul olunmuşdum, evdəkilərə əziyyət verməmək üçün çalışmaq istəyirdim. Əyani oxuyan tələbə üçün də iş tapmaq asan məsələ deyildi. Öyrəndim ki, Bakı Metropoliteni gecə növbəsində işləmək üçün fəhlə axtarır, sənədlərimi təqdim etdim, cəmi bir neçə gündən sonra işə qəbul olundum və “Nizami”- “Elmlər Akademiyası” xəttində gecələr fəhlə kimi çalışır, gündüzlər isə təhsil alırdım. 22 il keçməsinə baxmayaraq ilk iş günüm indiyə kimi yaxşı yadımdadır. Bir neçə il ötəndən sonra artıq hiss etdim ki, metrodakı işimə vurulmuşam, başqa yerdə çalışa bilmərəm. Zabit kimi hərbi xidmətə də bu kollektivdən getdim və ordudan tərxis olunandan sonra yenidən mənim üçün çox doğma olan metropolitenə qayıtdım.

- Sizi bu kollektivə bağlayan nə idi?

- Məlum məsələdir ki, metropoliten spesifik, 24 saat çalışan bir müəssisədir. Dəmir nizam-intizam olmadan buranı təsəvvür eləmək mümkün deyil. Metropolitendə öyrəndiyim ciddi intizam orduda da köməyimə çatdı, hərbi xidmət dövründə çox qısa zamanda yetərincə böyük vəzifələrə təyin edildim. Batareya komandiri də oldum, qərargah rəisi vəzifəsini də əvəz etdim. Bütün bunlar metroda qazandığım təcrübənin hesabına idi. Ordu sıralarında qalıb peşəkar hərbçi kimi xidmətimi davam etdirməklə bağlı təkliflər olsa da, razılıq vermədim.

- Belə görünür ki, metropolitendəki karyeranız da uğurlu alınıb, fəhlə kimi işə qəbul olunsanız da artıq bir neçə stansiyada rəis vəzifəsində çalışmısınız...

- “Dərnəgül” stansiyası istismara veriləndə ilk rəisi mən olmuşam və 2 il həmin vəzifədə çalışmışam. Sonra rotasiya prinsipinə uyğun olaraq “İçərişəhər” stansiyasının rəisi vəzifəsinə göndərilmişəm və 4 il də orda çalışmışam. Ötən ilin mayından isə “İnşaatçılar” stansiyasının rəisi vəzifəsinə təyin olunmuşam.

- İslam aləmində ilk metro sayılan Bakı Metropoliteninin 50 illik yubileyi bir neçə gündən sonra tamam olur. Bəs “İnsaatçılar” stansiyası nə zaman istifadəyə verilib?

- Əvvəla onu deyim ki, Bakı Metropoliteninin 50 illik yubileyi həqiqətən də böyük bir hadisədir. Qeyd etdiyiniz kimi, Şərqdə ilk metro məhz Azərbaycan paytaxtında fəaliyyətə başlayıb və yarım əsrdir xalqımızın xidmətindədir. Bu gün böyük sürətlə inkişaf edən və müasir Avropa meqapolislərindən birinə çevrilən Bakını metrosuz təsəvvür etmək mümkün deyil.

Dövlətimiz də Bakı Metropoliteninin inkişafına və modernləşməsinə böyük diqqət ayırır. Prezidentimizin “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunan “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” və “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” dövlətin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir.

Sualınızın ikinci hissəsinə gəlincə, Yaşıl xəttə aid olan “İnşaatçılar” stansiyası 1985-ci il dekabrın 31-də istifadəyə verilib. Stansiyanın memarları Z. Quliyeva və O. Şıxəliyevdir.

Yuxarıda qeyd etdiyim Dövlət Proqramına və ölkə başçısının tapşırıqlarına uyğun olaraq metropoliten rəhbərliyinin gündəlik nəzarəti ilə mövcud stansiyalarda yenidənqurma işləri aparılır. “İnşaatçılar”da bu işlər uğurla başa çatıb. Mən stansiya rəisi təyin olunanda artıq birinci vestibülün təmiri yekunlaşmaq üzrə idi, qısa müddət ərzində ikinci vestibülün də təmirini başa çatdıra bildik. Təmir və yenidənqurma işlərindən sonra istismar müddətini başa vuran eskalatorlar Almaniya istehsalı olan ən müasir eskalatorlarla əvəzləndi, stansiyanın döşəmə və divarlarındakı piltələr, işıqlandırma sistemləri dəyişdirildi.

- Təmir və yenidənqurmadan sonra hər gün bu stansiyadan neçə min sərnişin istifadə edə bilir?

- “İnşaatçılar” gündəlik olaraq 27-28 min sərnişinə xidmət edir.


- Dəqiq statistika aparmaq olur?

- Əlbəttə, bu baxımdan metroya daxil olan hər bir sərnişin nəzarətdədir.

- Yəqin ki, sərnişinlərin hamısı metrodan istifadə qaydalarına əməl etmir?

- Təbii. Çeynədiyi saqqızı oturacaqlara, tutacaqlara “hədiyyə” edənlər də var, vaqonun qapılarını saxlayıb qatarı yubadanlar da. Belə hallar demək olar ki, bütün stansiyalarımız üçün xarakterikdir. Amma son illər Metropoliten rəhbərliyinin, medianın apardığı maarifləndirmə işləri bəhrəsini verməkdədir, bayaq sadaladığım hallar xeyli azalıb, sərnişinlər özləri də bu məsələdə metro işçilərinə yaxından kömək edirlər.

- Metro stansiyalarının adları zaman-zaman dəyişikliyə məruz qalıb, bu gün də bəzi adları ictimaiyyət birmənalı qarşılamır. Elə götürək sizin stansiyanın adını, bəziləri “İnşaatçılar”ın da dəyişdirilməsini istəyir. Bəlli məsələdir, bu, stansiya rəisinin səlahiyyətləri çərçivəsində deyil, sadəcə mənim özüm üçün də maraqlıdır, metroda 20 ildən çox çalışan Taleh Məmmədov “İnşaatçılar”ın əvəzinə hansı adı təklif edərdi?

- Müstəqilliyimizi bərpa etdikdən sonra bəzi stansiya adları ideoloji baxımdan günün tələblərinə cavab vermirdi, ona görə də haqlı olaraq dəyişdirildi. Düz buyurdunuz, bu məsələ rəsmi qurumların səlahiyyətindədir. O ki, qaldı “İnşaatçılar”ın adına mənim münasibətimə... İnşaat sahəsində çalışanlar da fədakar, zəhmətkeş insanlardır. Tikib-yaratmağın, Bakımızı gözəlləşdirməyin nəyi pisdir ki? Məncə “İnşaatçılar” adının dəyişdirilməsinə o qədər də ehtiyac yoxdur. Yenə deyirəm, bu, mənim şəxsi fikrimdir. Hər şey səlahiyyətli qurumların qərarından asılı olacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
06.10.2018
Bakını necə tikək?
01.08.2018
Orxan Camalın analığı: “O, sanki daha görüşməyəcəyimizi hiss etmişdi” - MÜSAHİBƏ
22.06.2018
Nobelli yazar: “Bakı kasıb şəhər idi”
21.06.2018
Fransa Senatının Qafqaz qrupunun rəhbəri: "Azərbaycana qarşı çox ədalətsiz rəftar edirlər" - MÜSAHİBƏ
10.06.2018
"Onlar hamısı Ağdamda, Laçında qaldı" - Rəşad Məcid - VİDEO