Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5627

Digər sorğular

Kosta-Rikanın müvəqqəti işlər vəkili: “Bakıda özümü evdəki kimi hiss edirəm“

12:54  |    18 Avqust 2017  |   E-mail  |  Çapa göndər

Kosta-Rikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xayro Fransisko Lopes Bolanyosun "Report"a müsahibəsi:

- Diplomatik fəaliyyətə nə zaman başlamısınız?

- İxtisasca hüquqşünasam. Kosta-Rika Universitetində təhsil almışam. Təhsilimi başa vurduqdan sonra prezident sarayında hüquqşünas işləməyə başladım. On il orada işlədikdən sonra Xarici İşlər Nazirliyinə keçdim. 2004-cü ildə İsrailə təyinat aldım və 6 il orada işlədim və yenidən Kosta-Rikaya qayıtdım. Ardından Dominikan Respublikasına, sonra isə Cənubi Koreyaya göndərildim. Orada dörd il yarım işlədikdən sonra XİN-in İnsan Hüquqları Departamentində işləmək üçün Kosta-Rikaya gəldim. Bundan sonra Azərbaycana təyinat aldım.



- Kosta-Rikanı Azərbaycan vətəndaşlarına necə tanıdardınız?

- Kosta-Rikanın qədim demokratik ənənələri var. Biz Latın Amerikası ölkələri arasında ən qədim demokratik quruluşa malik ölkəyik. Ordusu olmayan dinc ölkə kimi tanınırıq. 1949-cu ilin Konstitusiyasına əsasən, ordunu tamamilə ləğv etmişik. O vaxtdan bəri biz beynəlxalq sistemə etibar edirik və mübahisəli məsələlərin bu prinsip əsasında həllinə inanırıq. Bu mövqeyimizə görə fəxr edirik.
Həmçinin ötən əsrin 70-ci illərində ətraf mühitin mühafizəsi sahəsində sıçrayış etmək qərarına gəldik. O zamanlar meşələrin qırılması baxımından dünyada ilk yerlərdən birini tuturduq. Bu, narahatlıq yaradırdı. Prezidentlərimizdən biri bu məsələnin həll olunması üçün qərar verdi və təbii ehtiyatları qorumağa başladıq. İndi ölkə ərazisinin 26%-i milli parklar və xüsusi qoruqlardır. Bu qərardan 40 il sonra Kosta-Rikada yer üzündəki bütün növ heyvanların 5%-i cəmləşib. Eyni zamanda bu gün Kosta-Rikada enerjinin 99%-i bərpa olunan mənbələrdən əldə olunur. Biz ətraf mühitin qorunmasına çalışan insanları pulla mükafatlandırırıq. Bizdə "yaşıl şəbəkə" adlı əla təşəbbüs var və bu təcrübəni digər ölkələrlə bölüşməyə çalışırıq.



- Bura gəlməmişdən əvvəl Azərbaycan haqqında hər hansı məlumatınız var idi?

- Bəli. Koreyada işləyərkən Azərbaycan diplomatları ilə dostlaşmaq imkanım olmuşdu. Latın Amerikasının bir çox ölkələrindən olan diplomatlar, adətən, öz aralarında bir-birlərinə yaxın olmağa çalışır, amma məndə fərqli idi. Çünki başqa regionlardan olan insanları tanımaq istəyirdim. Azərbaycanlılar çox mehribandırlar və elə həmin vaxt sizin diplomatların sayəsində ölkəniz barədə daha çox öyrənməyə başladım. Azərbaycan və Kosta-Rika səfirlik açmaqla əlaqələri inkişaf etdirməyə qərara verərkən Azərbaycanın Koreyadakı səfiri mənə "bəlkə elə səni Bakıya səfir təyin etdilər" dedi. İndi onun haqlı çıxdığı məlum olur.
Buranın qida məhsulları və insanları xoşuma gəlir. Məncə, Azərbaycan və Kosta-Rika əhalisinin müəyyən oxşar cəhətləri var. Biz qonaqpərvərliyi, qonaqlara qulluq etməyi sevirik. Ötən əsrin 70-ci illərində qapılarımızı əcnəbilərin üzünə açdıq, ölkəyə daha çox turist gəlməyə başladı. İndi eyni prosesi burada hiss edirəm. Çətinliyim olan zaman mənə kömək etməyə çalışanlar da çox olur. Ona görə də Bakıda özümü evdəki kimi hiss edirəm.



- Azərbaycanda səlahiyyətli şəxs kimi hansı planlarınız var?

- Hələ çox iş görmək lazımdır. Bu, böyük və daha yaxşı münasibətlərin başlanğıcıdır. Sevindirici haldır ki, ölkələrimizin xarici işlər nazirləri dostdurlar və sonradan səfirlik açmaq qərarına gəldik. Ölkələr arasında biznes münasibətlərinin daha çox olmasını, əməkdaşlığın möhkəmlənməsin istəyirik. Kosta-Rika haqqında daha çox məlumatınızın olmasını və Kosta-Rikada regiondakı hadisələr haqqında daha çox məlumat əldə etmələrini istəyirik. Hazırda üzərimizə çox yük düşür, icra etməli olduğumuz vəzifələrimiz çoxdur.



- Ölkələr arasındakı siyasi və iqtisadi əlaqələri necə qiymətləndirirsiniz və Kosta-Rika hansı sahələrdə Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır? Ölkəniz Azərbaycan məhsullarının Mərkəzi Amerikada təşviqi üçün mərkəz ola bilərmi?

- Kosta-Rikanın Mərkəzi Amerikadakı coğrafi yerləşməsi həqiqətən mərkəzi mövqeyə malikdir. Azərbaycan Latın Amerikasındakı fəaliyyəti üçün Kosta-Rikanı mərkəz seçməsi əla olardı. Bizdə dünyanın bir çox ölkələri ilə azad ticarət müqavilələri var. Şirkətlərinizin çoxunun bu imkanlardan faydalana biləcəyinə əminəm. Təcrübəmizi bölüşmək və eyni zamanda sizdən də öyrənmək istəyirik. Hesab edirəm ki, bu, qarşılıqlı faydalı əməkdaşlıq olardı.
İki ölkə bir-birindən uzaq məsafədə yerləşən zaman onu, əsasən, iqtisadi tərəfdaş kimi nəzərdən keçirmirlər. Adətən, qonşu ölkələrə diqqət yetirilir. Amma iqtisadi imkanların genişləndirilməsi ölkələrimiz üçün yaxşı olardı. İki ölkə arasında ticarət dövriyyəsi var, amma rəqəmlər çox kiçikdir. Amma detalları bilməyimiz və hansı sahələrdə vəziyyəti düzəltməyin mümkünlüyünü bilməyimiz müsbət məqamdır. Odur ki, növbəti illərdə əlaqələrimizi yaxşılaşdıracağımıza əminəm.



- Ötən il Kosta-Rikanı ziyarət edən turistlərin sayı ilə bağlı məlumat varmı?

- Belə insanlar elə də çox deyil. Ötən il Azərbaycan pasportu olan 7 nəfəri qəbul etmişik, onlar istirahət və ya iş üçün ölkəmizə gəliblər Xarici işlər naziriniz Elmar Məmmədyarovun miqrasiya məsələsində irəliyə doğru hərəkət etməyin zəruriliyi barədə fikirləri tam doğrudur. Bəlkə də, viza məsələsi üzərində işləsək, bu, Azərbaycan vətəndaşlarının Kosta-Rikaya və geri səyahət etmələri üçün imkan yaradar. Əminəm ki, kosta-rikalılar ölkənizdəki gözəllik haqqında öyrənsələr, Azərbaycana gələrlər. Eyni şeyi azərbaycanlılar barədə də deyə bilərəm.
Əslində, Kosta-Rikaya səfər etmək elə də çətin deyil. Sizdə etibarlı ABŞ, Kanada və ya Şengen vizası, eləcə də Qrin-kartiniz varsa, Kosta-Rika vizasına ehtiyac duyulmayacaq. Bizdə tam həzz yaşamaq üçün bir çox şey var.



- Azərbaycanın San Xosedə səfirlik açmaq niyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Xarici işlər naziriniz Kosta-Rikaya səfər edən zaman bu məsələ müzakirə olunub. Amma biz ilk addımı atdıq və indi burada səfirliyimiz var. İlin sonuna qədər Azərbaycanın da San Xosedə səfirlik açacağına ümid edirik.

- Gələcəkdə qarşılıqlı səfərlər gözlənilirmi?

- Xarici işlər nazirimiz Manuel Qonsales Sans Bakıda olan zaman Kosta-Rika prezidenti adından Prezident İlham Əliyevi Kosta-Rikaya dəvət edib. Həmçinin Azərbaycan dövlət başçısı Prezident Luis Gilyermo Solisi Bakıya dəvət edib. Fevral ayında bizdə seçkilər olacaq və cari hakimiyyətin idarəçilik müddəti may ayında başa çatacaq. Başqa sözlə, prezidentimiz Bakıya gələcəksə, bu, 2018-ci ilin may ayına qədər olacaq. Diplomat üçün əsas məqsəd təyin olunduğu ölkəyə prezidentin gəlməsidir. Bu günə qədər XİN başçımız iki dəfə Azərbaycana səfər edib. Yalnız onun deyil, başqa nazirlərin də Azərbaycana səfərə gələcəyinə ümid edirik.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kosta-Rikanın mövqeyi necədir?

- Kosta-Rika qətiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq həllini dəstəkləyir.




Şamil Əlibəyli

Report.az

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
10.06.2018
"Onlar hamısı Ağdamda, Laçında qaldı" - Rəşad Məcid - VİDEO
31.05.2018
Artur Rasizadə: “Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir” - MÜSAHİBƏ
03.05.2018
Milli Qəhrəman: “Düşmən yaxşı döyüş aparsaydı, daha zövqlü olardı” - MÜSAHİBƏ
02.05.2018
"Saakaşvilinin yenidən Gürcüstan siyasətinə qayıdışı..." - SABİQ MTN ZABİTİ
01.05.2018
“Ermənistanın hələ də Türkiyəyə qarşı ərazi iddiası var” - POLİTOLOQ