Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4889

Digər sorğular

Qarabağın açarı

12:17  |    25 İyul 2017  |   E-mail  |  Çapa göndər

Sənə yalan deyiblər, dostum! Səni aldadıb inandırıblar ki, Qarabağın açarı Rusiyanın, Amerikanın, ATƏT-in, beynəlxalq aləmin əlindədi.

Vahid Qazi | [email protected]

Bir-birimizin gözünə kül üfürürük. Hökumət bizim, biz də hökumətin. Özümüz özümüzü aldadırıq, inandırırıq ki, Qarabağın işğalda qalmasına ən başlıca səbəb Ermənistandı, Rusiyadı, xristian dünyasıdı. Uzun illərdi aldadırıq bir-birimizi, bu gedişlə deyəsən hələ çox uzanacaq bu iş.

Əsl həqiqəti görməmək üçün dəvəquşu pozası alırıq. Ən dəhşətlisi də bu müvazinətlə barışmağımızdı.

Gerçək olansa budur ki, Ermənistan Qarabağ kilidində sonuncu açardı.
Rusiya kilidinə düşən açar da taparıq, bundan sonra Amerikanın, Avropanın – bütün dünyanın qapıları özü açılar taybatay.

Müşkülümüz öz qapımıza – Azərbaycan qapısına düşən bu açarı tapmaqdı. Bu qapı açılmadan o birilərini aça bilmərik.

Qarabağ tilsimi bir dəli sevgiyə möhtacdı, sevgi inad deməkdi həm də. O tilsimi inadlı sevginlə sındırar, açarsan. Mübariz İbrahimov həlak olanda yazmışdım ki, Qarabağa zəfər yolumuz vətəni dəli bir eşqlə sevməkdən keçir.

Qarabağın açar kodu Azərbaycan hakimiyyəti və Azərbaycan xalqıdı.

Ali baş komandan gecələr yuxudan qan-tər içində “Qarabağ” bağırıb qəfil ayılanda sınacaq tilsim. Qərargahı Bərdəyə, Quzanlıya köçürüb “Mən burdayam – Qarabağda! Gəlmişəm Qarabağı azad edək” deyəndə sınacaq. Populizm deməyəcəklər buna. Bu, elə həmin dəli sevdadı – vətən sevdası. Bu, elə həmin tilsimin açarıdı. Tilsim bu sevdada sınar. Yerdə qalan diplomatiya, hərb məsələləri bu sevdadan keçər.
Qarabağın ovsunu hakimiyyətin ən yuxarı pilləsindən üzü aşağı məmur ordusu çapovulçu instinktlə yox, vətən eşqi, yurda sahiblik duyğusuyla yaşayanda çəkiləcək.

Hər azərbaycanlı Dilqəm Əsgərov, qarabağlı Şahbaz Quliyev, ağdamlı Həsən Həsənov olanda sınacaq bu tilsim. Dilqəmgil ana qəbrini ziyarətə, yurda baş çəkməyə getmək üçün kimsədən icazə almamışdılar. Biz onları tək qoyduq. Bir Dilqəm yerinə on Əli, yüz Vəli, min Vahid olsaydı erməni də, rus da, dünya da baxıb görərdi. Görüb deyərdi bunlar havalıdılar, dəlidilər, yurd sevdalısı, vətən dəlisidilər.
Ağdamı işğal günündə yada salan nə qədər könlüqırıq yurddaşımın ürək sözünü oxudum. Bunlar pafosdan uzaq, səmimi qəlb sözləridi. Amma Qarabağa bu yetmir! Qarabağa sözün qorxmayan üzü lazımdı.

Qarabağ yolunda hədəf ermənidən qabaq özümüzük.

Qarabağı onu geri qaytarmağa borclu olanlardan soruşacaqsan. Qarabağı onu qaytarmağa borclu olanların yaxasından yapışaraq tələb edəcəksən.

Qarabağı ermənidən qabaq özündən, öz hakimiyyətindən istəyəcəksən!

Hakimiyyət sənə borcludur, sən hakimiyyətə yox. Sən onun qabağında əzilib-büzülüb, əriyib-tökülüb, yaltaqlanıb-pişikləndikcə Qarabağ da, elə vətənin yerdə qalanı da sənin olmayacaq, dostum Azərbaycan vətəndaşı, qardaşım Qarabağ qaçqını.

Qarabağın açarı ermənidə, rusda deyil! Özündədi, qəlbindədi – “cibinə” əməlli bax!

Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
07.09.2017 Vətəni pulla almaq - Vahid Qazi yazır
21.08.2017 Balacaboy hündür adam
06.12.2016 Harda desən varıq, Ağdamdan savayı...
22.05.2015 Vüsalə Məmmədovanın “Cəhənnəm” filmi