Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5056

Digər sorğular

13 ildir ağlamaq üçün bu günü gözləyirdim...

16:44  |    22 İyul 2017  |   E-mail  |  Çapa göndər


2013-cü ildə jurnalistlərin birinci binası paylananda biz də müraciət etmişdik.

Lalə Mehralı |

Nə qəbula getmişdik, nə tanışımız vardı, nə “day-dayı”mız. Ev almadıq. Məlum, jurnalist sayı çox, ev sayı məhdud. Bizdən daha çox haqqı, əməyi, stajı, dövlət qarşısında zəhməti olanlar da vardı, dansam nankorluq etmiş olaram, ev aldılar da. Düzdür, çox pis günlər keçirdim həmin ərəfədə, çünki çətin şəraitdə yaşayırdıq, evimiz damırdı, pulumuza yetən kirayə bizi qane eləmirdi, külək əsəndə də evimiz buz kimi olurdu.

Amma nə bir kəlmə etiraz yazdıq, nə də ev alanların sevincini zəhər elədik. Çünki hamı bir-biri kimi idi, çoxunun haqqı çatırdı, amma dediyim kimi, mənzil az idi. Biz onda tanıdığımız ev alanların hamısını bir-bir təbrik etdik. İkinci binanın həmin gün təməli atıldı, o binaya Cənab Prezident kərpic atıb təməl qoyanda mən də ümidimə təməl qoydum yenidən. 2-ci binaya ümid bağlayıb yaşadım mən bu 4 ili. Hər dəfə çətinlik yaşayanda, ev sahibinə borclananda, köhnə, yararsız mənzilin bitməyən problemlərini bir-bir dəf edəndə, ailə tərkibimiz artanda, ilk övladım rütubətdən revmatizm olanda, özümün miqren problemim bu stressə davam gətirməyib ən az 62-65 saatlıq kriz keçirəndə də yalnız ümidim oldu - bir gün çilə bitəcək deyə.

Ötən il müraciət etdik yenidən, bir məktubla sadəcə. Nə o qapılarda gözləmədik minlərlə jurnalist kimi, nə də “day-day” axtarmadıq. Biz haqqımızı gözlədik. Kriteriyalar elan ediləndə şərtlərə tam cavab verdiyimizi gördük və sənədlərimizi qəbulun bitməsinə 7 gün qalmış təhvil verdik Fonda. İlk ələmə prosesini keçdikmi, sənədlərimiz müvafiq şöbəyə göndərildimi, heç xəbərimiz olmadı. Qapı aşındırmadıq, kəsə yollar axtarmadıq. Nə peşəmizə, nə də şəxsiyyətimizə, nə də iki üzvü jurnalist olan ailəmizə xələl gətirəcək addımlar atdıq. 10 il əvvəl olduğu kimi yenə də dövlətin siyasi kursunu dəstəklədik, əlillərə ev verəndə biz də sevindik, qaçqınlara yuva tikiləndə bizim də içimiz isindi, veteranlar istirahətə göndəriləndə biz də ruhən dincəldik, xəstə uşaqlar, jurnalistlər, yazarlar dövlət dəstəyi ilə xaricdə müalicə etdiriləndə biz də ağrımızı unutduq. Və gözlədik...

İyulun 19-da şöbədən zəng gələnədək hamı kimi biz də ev aldığımızı bilmirdik. Qonşum bizdə idi, təsadüfən gəlmişdi, dedim xəbər gözləyirik, otur sən də dəstək ol. Oldu da. Xəbər gələndə şöbənin əməkdaşı Dilrubə xanımla danışa bilmədim, ağladım. Mən 13 ildir bu günü gözləyirmişəm ağlamaq üçün. Hıçqırıq məni boğdu. Elçinlə danışdılar, yeri, vaxtı bildirdilər. Mən hələ də ağlayırdım...



13 ildir hər gün əlimi qaldığrıb dua etdiyim diləyim real olmuşdu, necə ağlamayım? Hər ay alın tərimizi sıyırıb çöl qapı ağzında ev sahibinə verirdik, necə ağlamayım? Bumbuz mənzilə hər ay 200 manat verəndə övladlarıma ala bilmədiyim nələri alacaqdım daha, necə ağlamayım? Altayın "niyə o kişiyə 200 manat veririk hər ay, niyə başqasının evində qalırıq?" sualları olmayacaq bundan sonra, necə ağlamayım? 13 ildə 10 ev dəyişmişik, balalarımın hər uşaqlıq xatirəsini - ilk addımını, ilk iməkləməyini, ilk ana dediyini - bütün ilklərini fərqli mənzillərdə yaşamışam, necə ağlamayım? Qonşum dedi əl-üzünü yu, sakitləş, yumadım. Dedim sən biləydin mən bu həyəcanı yaşamaq, sevincdən ağlamaq üçün nə qədər çətinliyə dözmüşəm, qoy anın dadını çıxarım, həyəcanımı yaşayım, qoy ağlayım dedim...

Ağladım, özü də hönkür-hönkür, yana-yana, içimi tökə-tökə, ürəyimi soyuda-soyuda, ruhumu dincəldə-dincəldə ağladım. Elə ağalaya-ağlaya zəng etdim qayınanama, anama, əmilərimə, bibilərimə, dayılarıma - bütün nəsilə muştuluq verdim. Hamı həyəcanla gözləyirdi çünki. Məndən nigaran dünyadan köçən atama əlim çatmadığı üçün yenidən ağladım, "hər dəfə yaşadığım çətinliyi görəndə, eşidəndə ev tikə, mənzil ala bilmədiyin üçün qəhərləndiyin, peşman baxışlarla baxdığın balana dövlət ev verdi ay ata" deyib ağladım, "allah böyükdür, yaxşı olar" deyə təsəllidən başqa heç nə verə bilmədiyin qızının sevincdən ağladığını görə bilmədiyi üçün ağladım. Həyat yoldaşımı qucaqlayıb ağladım, balalarımı bağrıma basıb ağladım.

Bir dəfə bir status yazmışdım, diqqətli dostlarım xatırlayar: "Ümid heç sonda da ölmür, yalan deyirlər" demişdim. Mənim ümidim heç ölmədi. Yaxın dostlarım - özləri biləcək oxuyanda kimi deyirəm - inboxda yazırdılar ki, çox ümid bağlama ev alacağınıza, namizəd çoxdur, sonra sarsılacaqsan deyirdilər. Çünki necə həssas insan olduğumu bilirdilər. Hamısına "ədalət varsa bir gün bizim də üzümüz güləcək" deyirdim. 20 iyul o dediyim ədalətin günü idi...

Haqlılıq, haqsızlıq məsələsinə görə bir-birinizi acılamayın, kimin stajı haqqı oldu, kiminin ailə vəziyyəti, kiminin dövlət qarşısında xidmətləri, əziyyətləri haqlı etdi ev alması üçün. Alanların hamısı haqq etdi evini. Hələ son deyil. 3-cü, 4-cü binalar da gəlir dabanbasaraq. Ümid edin, gözləyin və yolunuzdan dönməyin. Haqqınız çatırsa mütləq qiymətləndiriləcəksiniz, əmin olun. Heç kim diqqətdən kənarda qalmayacaq. Cənab Prezidentin ən son evsiz jurnalisti də evləndirmək hədəfi var. Onun diqqəti, qayğısı sizi də evləndirəcək bir gün. Bizi ailə qurduqdan 13 il sonra EVLƏNDİRDİYİ kimi...
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları