Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4762

Digər sorğular

“Zəhmət heç vaxt nəticəsiz qalmır“ - ABŞ-da alimlik dərəcəsi alan ilk azərbaycanlı xanımla MÜSAHİBƏ

10:48  |    11 İyul 2017  |   E-mail  |  Çapa göndər

Çox təvəzökar insandı, Əminə xanım. Xeyli vaxt idi ki, müsahibə götürmək istəsəm də, heç cür razılığını ala bilmirdim. Bu müsahibəni götürməkdən ötrü bir il vaxt lazım oldu. Nəhayət ki, doğum günü ərəfəsində bu istəyimə nail oldum.


Bakıda “Malakan bağı” adı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi, mərhum heykəltaraş Nəcəf Salamovun qızıdır, Əminə xanım. 14 iyul 1977-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 83 nömrəli məktəbdə alıb. 1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsini qırmızı diplomla bitirib.
2000-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Oranı da qırmızı diplomla başa vurub. Elə həmin ildən də BDU-nin üzvü kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Burada işləyərkən ekologiya və ekoloji kimya sahəsinə onda böyük maraq yaranıb və Azərbaycanda bu sahədə tədris proqramı olmadığından qərara gəlib ki, təhsilini xaricdə davam etdirsin. 2002-ci ildə ABŞ-ın İndiana Universitetinə, yenidən magistr proqramına qəbul olunub.
2004-cü ildə ekalogiya ixtisası üzrə - School of Public and Environmental Affairs-də (Master’s of Science in Environmental Science) ikinci dəfə magistr dərəcəsi alıb. Bu proqram ABŞ-da ekologiya üzrə ən mükəmməl proqramlaradan biridir ki, bütün dünyada qəbul olunur. İxtisası yaxşı mənimsədiyindən ABŞ-ın E. S. Muskie Freedom Support Act Graduate Fellowship Dövlət Departamenti onunla maraqlanaraq, ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət edib və magistr təhsilini başa vuran kimi həmin departamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunub.
2011-ci ildə elmi işini uğurla müdafiə edərək ekologiya üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəyə yiyələnib. Və bu sahə üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı xanım olmaq şərəfinə nail olub. Onu bu günlərdə qeyd olunacaq doğum günü münasibəti ilə təbrik etdim.

Beləliklə, Modern.az saytı soydaşımızla söhbəti təqdim edir:

- ABŞ-da ali təhsil almaq çətindirmi? Ümumiyyətlə, buradakı ali təhsil ocaqlarına qəbul olunmaq üçün nə etmək lazımdır?

- Çox çətindir, dünyanın hər tərəfindən gəlmiş iddialılar arasında qəbul uğrunda güclü rəqabət var. Ümumiyyətlə, bütün proseslər bizim uyğunlaşdığımız Azərbaycan metodlarından çox fərqlənir. Anketləri doldurmalısan, məhz bu proqrama niyə qəbul olmaq istədiyini izah edən esse yazmalısan, qəbula layiq olduğunu isbat edən özünün güclü tərəflərini qeyd etməlisən. Bununla yanaşı, öncə keçdiyin GPA adlanan proqramlarda topladığın minimal keçid balın olmalıdır. Sonra GRE üzrə imtahan verirsən. Əgər sən xarici ölkədən gəlmisənsə, bunlardan əlavə ingilis dilindən də imtahan verməli olursan.(ТОЕFL)
Əgər sən təhsilini həmin universitetin hesabına almaq istəyirsənsə, işin bir az da ağırlaşır. Ümumiyyətlə, qəbul prosesi kifayyət qədər intensiv və çox gərgindir. Yəqin ki, ABŞ-da təhsil ödənişli və kifayyət qədər baha olduğunu çoxları bilir…

- Maraqlıdır, İndiana Universitetində təhsil hansı səviyyədədir, necə təşkil olunub və tələbənin universitet divarlarından kənarda istirahətinə vaxt qalırmı?

- ABŞ-ın tədris müəssisələrində təhsil prosesi çox intensivdir və demək olar ki, dərsin birinci dəqiqəsindən başlayır. Tələbələrin müəllimlərlə fəal ünsiyyəti və tələbənin dərs zamanı aparılan fikir mübadilələrində, ümumi layihələrdə fəallığı vacib şərtlərdəndir. Kifayət qədər yüklənmiş ev tapşırıqları və vaxtaşırı(3-4 həfədən bir) test imtahanları olur. Gördüyünüz kimi, universitetdən kənar həyata demək olar ki, tələbənin vaxtı az qalır. Doktoranturada təhsil isə elmi iş üzərində intensiv iş tələb etdiyindən digər proqramlardan tamami ilə seçilir. Çəkinmirəm deməkdən, bu proses dünya səviyyəli bir işə çevrilir. Fərdi araşdırmalar yüksək səviyyədə olmalıdır. Dünya miqyaslı jurnallarda elmi məqalələrin işıq üzü görməlidir. Məsələn, ekoloji kimya sahəsində bir məqaləni çap etdirmək bəzən bir ildən çox vaxt aparır. Nümunə üçün tanınmış dünya miqyaslı ekoloji kimyaya aid jurnallardan “Environmental Science and Technology”ni göstərə bilərəm. Buraya qəbul olunan elmi məqalələrin cəmi 20 faizi işıq üzü görür. İndi siz təsəvvür edin ki, bu jurnalda çap olunmaq nə qədər çətindir.
Amma bütün hallarda amerikalı tələbələr azad vaxtlarında çox fəaldırlar. Universitetdə çoxsaylı, müxtəlif tədbirlər hazırlayır, qrup, dərnək, komanda şəkilində bu tədbirlərə qatılirlar. Ümumiyyətlə buradakı tələbələr boş vaxtlarını səmərəli keçirməyi çox yaxşı bacarırlar və eləcə də dərslərə yüksək səviyyədə hazır olurlar. Bununlarla yanaşı, onlar könüllü xeyriyyə işlərinə, idmana da vaxt tapırlar…



- ABŞ-da təhsil almaq sizin üçün nə qədər çətin oldu və nailiyyətləriniz barədə danımağınızı xahiş edirəm.

- İlk vaxtlar çox çətin idi. Mühazirələrdən tutmuş laboratoriya məşğələlərinə, ingilis dili vərdişlərinə qədər çətinliklərim çox olub. Bunun üstünə proqramın ağırlığını, yeni cəmiyyətə, özgə mədəniyyətə, məişətə uyğunlaşmaq səylərini gələndə izah etmək çox çətindir. Təsəvvür edin ki, amerikalılar üç ilə bitirdikləri proqramı mən iki ilə bitirmişəm. Şükür ki, çətinliklər geridə qalıb, indi hər şey əladır.

- Hazırda harda və hansı işdəçalışırsınız?

-Hazırda İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında, ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktoruyam. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyələşir. Demək olar ki, uzunmüddətli bir proqramdır. Ötən əsrin 90-cı illərindən üzü bəri fəaliyyət göstərir və bu araşdırma bizim laboratoriyaya həvalə edilib. Bu proqramla biz ABŞ-ın böyük göllərinin ətrafında havada və bir neçə monitorinq məntəqələrində 150-dən çox zəhərli maddənin miqdarının vaxtaşırı ölçülməsi ilə məşğuluq. Proqramın nəticələrindən elmi tədqiqat inistitutları və bütün dünya agentlikləri istifadə edir. Bununla yanaşı, elmi tədqiqat işlərimi də davam elətdirirəm. Qlobal konteksdə ətraf mühitin çirklənməsi məni çox maraqlandırır. Hazırda Norveç Artikasında fəaliyyət göstərən Svalbard Universiteti ilə əşyara qatılan yanğınəleyhinə əlavələrin hesabına Artikada ətraf mühitin zəhərli maddələrlə çirklənməsinə qarşı tədqiqatda əməkdaşlıq edirəm. Yanğınəleyhinə əlavələrin əksəriyyətinin necə də zərərli olduğunu təsəvvür etmək çox çətindir. Qlobal bir problemdir. Məsələn, bizim məişətdə istifadə elədiyimiz mebellərin əksəriyyətində istifadə olunan yumşaq süngərlərə istehsal zamanı yanğın əleyhinə əlavə olunan maddələrin insan orqanizminə nə qədər ziyanlı olduğunu bilsəniz dəhşətə gələrsiniz…
Həmçinin, böyük şəhərlərdəki binaların daxilində havanın çirklənməsi məni çox düşündürür. Bu yaxınlarda Portuqaliya Səhiyyə Nazirliyi ilə əməkdaşlığa başlamışam. Biz Portuqaliyanın böyük şəhərlərində uşaq bağçalarının və qocalar evlərindəki havanı araşdırırıq. Araşdırmaların nəticələri elmi məqalələrdə, beynəlxalq konfranslarda ictimaiyyətə çatdırılır…

-Sirr deyilsə, gələcək elmi planlarınız barəsində danışardınız.

-Gələcəkdə ekologiyanın insan sağlamlığına təsiri barədə tədqiqat aparmağı planlaşdırıram. Atmosferdəki zərərli maddələrin müxtəlif xroniki xəstəliklərlə əlaqəsini araşdırmaq istəyirəm. Bu yaxınlarda İndiana Universitetindən bu elm ocağının professorları ilə birlikdə yeni bir tədqiqat aparmaq üçün qrant almışıq. Layihəyə əsasən, biz insan orqanizimindəki zərərli birləşmələri onun dırnağından, tükündən nümunələr götürməklə araşdırmalar aparacağıq. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq olar. İnanıram ki, bu araşdırmamızla ekoloji sağlamlıq sahəsində böyük nəticələr əldə edəcəyik. Məsələn, insanın dırnaq və tukü vasitəsi ilə onun qan qrupunu, xəstəliklərini təyin etmək mümkün olacaq…

-Necə deyərlər, hər bir ölkənin öz qoxusu və öz dadı var. Sizcə Amerikada necədir? Siz özünüzü burada necə hiss edirsiniz?

- Özümü çox yaxşı hiss edirəm. Amerikalılar istiqanlı insanlardır. Karyera sahəsində ünsiyyətə tez gəlirlər. Əgər sən öz məqsədlərinə nail olmaq üçün çox çalışır və çətinliklərdən qorxmursansa, öz imkanlarını realizə etmək üçün Amerika misilsiz ölkədir. Amerika sayağı həyat, iş, iş, yenə də iş deməkdir. Və həyat ritmi çox gərgindir. Məişət zəmnində isə məndən ötrü Amerika özündə super rahatlığı ehtiva edir. Burada hər şey insanın rahatlığı üçün düşünülüb…



- Hər kəs özünə nəsə mənəvi rahatlıq tapa bilər deyə, imkanların geniş olduğu bir ölkə kimi bir çoxları Amerikanı sevir. Siz bununla razısınızmı?

- Tamamilə razıyam. Amerika nəhəng ölkədir və buraya gələn kər kəs geniş imkanlar seçiminə malik olur. Əgər insan tənbəl deyilsə, öz istəklərinə can atırsa mütləq nail olacaq. Sadəcə geci-tezi var…

- Yerli insanların mədəniyyətində, həyat tərzində sizi qane etməyən, barışa bimədiyiniz, uyğunlaşmadığınız hər hansı bir xüsusiyyət varmı?

- Əlbəttə ki, var. Tamami ilə fərqli mədəniyyət, fərqli cəmiyyət. Həyat tərzləri, düşüncələri bizdən çox fərqlidir. Və mən bu fərqli cəmiyyətə, fərqli düşüncəyə uyğunlaşmağa çalışıram. Amerikalılar fərdiyyətçidilər və burada özünəpərəstiş məktəbdə oxuyarkən onlara aşılanır. Nəticədə onu deyə bilərəm ki, bəzi avropa ölkələrini çıxmaq şərti ilə, dünyanın heç bir yerində azərbaycanlıların ailə inistitundan güclüsü yoxdur.
Burada ailələrin çoxu biri-birindən perik düşüb. İllərlə biri-birinin üzünü görmürlər. Ailə müqəddəsliyi olmadığından yaşlıların əksəriyyəti qocalar evlədində ömür sürür. Qadınlar hər şeyi karyerasına qurban verir. Akademik arada yüksəlməkdən ötrü qadınlara kişilərdən artıq çalışmaq gərək olur. Məsələn, çalışdığım akademik arada bir tələbə-doktorant kimi yeganə qadın idim ki, övladlarım vardı. Bunlar qeyri-rəsmi münasibətlərə daha çox üstünlük verirər. Mənlə yaşıd qadınların heç birinin hələ də mükəmməl ailəsi yox idi. Buna görə milli adətlərimizə, mənə tərbiyyə verən valideynlərimə, həyat yoldaşıma minnətdaram.

-Yeri gəlmişkən, ailəniz barəsində danışmağınızı xahiş edirəm.

-Həyat yoldaşım Teymur Hacıyev Bakıda doğulub, o vaxtki Azərbaycan Politexnik İnistitunu bitirib. ABŞ-ın dərman istehsal edən müəssisələrindən birində mühəndis kimi çalışır. İki övladımız var. Böyük qızım Ləyanın 14, kiçik qızım Məryəmin isə 11 yaşı var. Hər ikisi də yaşadığımız tələbə şəhəri Bluminqtonda orta təhsil alırlar. Əlaçıdırlar.

-Yaşadığınız şəhərdə azərbaycanlılar varmı? Onlarla əlaqə saxlayırsınızmı?

-Az da olsa var. Bəli, vaxtaşırı əlaqələrimiz olur. Eləcə də Azərbaycandan buraya gələn tələbələrlə də əlaqə saxlamağa, onlara dəstək olmağa çalışırıq...

-Sonuncu sual. Xaricdə yaşayan həmvətənliləriməzə nə arzulayırsız?

-Bütün hallarda öz kökünə, milli ənənələrimizə, adətlərimizə və əsaən də biri-birinə hörmət nümayiş etdirsinlər. Məqsədə doğru inamla səy göstərsinlər. Çətinliklərdən qorxmaq lazım deyil. Zəhmət heç vaxt nəticəsiz qalmır...


Elman Eldaroğlu,
ABŞ, İndiana
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.07.2017
Vüsal Məmmədovun ETİRAFLARI: “Utandığımdan üzə vurmuram”
17.07.2017
“Səməd Vurğun mənasızın biridir” - Hikmət Hacızadə
17.07.2017
Parlament Assambleyasında ermənilər geri çəkilməyə məcbur oldular - MÜSAHİBƏ
12.07.2017
İlham Tumas: “Bundan sonrakı həyatım onlarındır...“ - MÜSAHİBƏ
12.07.2017
İşdən çıxarılan general: “Oğlumun tərbiyəsinə söz ola bilməz, avtobus sürücüsü var-yox söyüşü söymüşdü” — SENSASİON MÜSAHİBƏ