Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5890

Digər sorğular

Məmləkətin uğursuz kişiləri və ya Uğursuz məmləkətin hamilə kişiləri

14:23  |    01 Mart 2017  |   E-mail  |  Çapa göndər

Təbii proses adətən öz axarı ilə gedir. Çox nadir hallarda yarımçıq qalır. Başa çatmır. Əsaslı müdaxilə olmasa.

Rəfail Tağızadə |

Ağrılı günlərdə əllərim, qollarım quruyur. Beynim iflic olur. Qupquru cəsədə dönürəm. Ən çox da doğulacaq uşağın şikəst olacağını biləndə içimə yığılan ağrılardan yeriyə bilmirəm. Boşala bilmirəm. Ağrıların içində itib batıram. Boğuluram.

Millətin, xalqın, dünyanın hamiləliyindən ən ağrılısı cinsələn kişi olanın hamilə olmasıdı. İçindəki ağrıları boşalda, özündən özünü tam doğa bilmir. Bir dəfə qolsuz. Bir dəfə qıçsız. Bir dəfə başsız. Bir dəfə ağzı tikili. Bir dəfə gözsüz. Bir dəfə cəsarətsiz. Bir dəfə ruhsuz… Sən özün tam olmadığından, doğduğun da sənin kimi yarımçıq olur,- deyərək təzədən içinə qayıdır. Doğuşdan da ağır olur hər dəfə geri qayıtma. Özü də bu formada. Amma xəstə balan kimi ata bilmirsən. Zorən də olsa təzədən o qaranlığın içinə götürürsən. Cəmiyyətin qəbul etmədiyini özünün təzədən qəbul etməyin çox ağır olur. Ağrılı olur.

Prosesdən qabaq öldürülənlər gəlir gözünün qabağına. Doğulmağa hazır olmayan körpənin məcburi doğuşdan sonra eşidilməyən səsi gəlir qulağına. “Mən gəldim”- deyə bilməyən, bu dünyayla ani təması olmayan bu yarımkörpə ruhunu dağıdır. Uşaqların kəsilən qolları səni qolsuz edir. Dərddən oynayan qızların nifrət dolu baxışları bəbəklərini deşir. Kor edir. Səni olanlara baxmağa qoymur. Qocanın taqətsizlik halı, uşağın üzündə donmuş son sevincin sükut cizgiləri səni lal edir. İnsanın-sənin heç nə edə bilməmək acısını yaşayırsan. Ananın gözü qarşısında balasına tuşlanan, içini odlayan güllə sinəndən keçir. Köksünü dağıdır.

Qolları bağlı oğulun gözü önündə anasının, doğmalarının başına gətirilən müsibətlər varlığını sarsıdır. Yox edir səni. Səni səndə kiçildir. Özünə gələ bilmirsən. Bu güzgüsü sınıq məkanda özünə baxa bilmirsən.

Özündə, iç yuvanda bir ölü nöqtədə gizlənmək, itmək istəyirsən. Ölü can kimi. Hər dəfə bu halı görüb, yaşayıb ölürsən içində. Içində nə qədər ölü mən var. Bütövləşə, birləşə bilməyən, biri-birinə acı baxışlarla baxanları necə doğasan bu doğranmış içindən. İşıq ucu görünməyən qaranlıq tunnellə nə qədər belə hamilə getmək olar? Baxdıqca gözün qaralır.

Bu ağrı oturanda da səni ağrıdır. Duranda da. Nə özündən qaça bilirsən. Nə yerə qoya bilirsən. Ölüb qurtarmaq da olmur. “Axı bunu kimsə doğmalıdı” fikri rahat buraxmır səni. Nə qədər, neçə il belə hamilə qalmaq olar? Içindəki səni yandırır. Sən içindəkini. Anasının canından gələn, südünü, qanını soran böyüdükcə anasının qarnını təpikləyib azadlığa çıxmaq istədiyi kimi, o da səndən azadlığa çıxmaq istəyir. İçəridən təpikləyir səni. İçəridən vurulan təpiklər bayırdakılardan çox ağrıdır səni. Üstəlik gəlmək istəyənin qarşısını almağın mənəvi ağrısı nəfəsini kəsir.

Hər dəfə gücənib doğa bilməməkdən bir dəfə ölmək yaxşıdır.

Bir səhra, meydan tapıb, birləşib biryerdə nə itirilən başqa torpaqları doğa bildik, nə də Qarabağı. Hamı hələ də zahılıdı. Biri 20 yanvardan qaldı, biri Xocalıdan, biri başqa işğal günlərindən. Onlar da o qədər çox ki qorunmaq mümkünsüz...

Bu gün bizdə kişilər qeyrətə, namusa, cəsarətə, … hamilədi. Bu ölü ruhla onları doğmaq çox çətindi. Azadlığa hamilə dünyada biz qısırlıqdan hamiləliyə keçdik. Hamilə olduq. Qısırdan hamilə qalanın zahılığı uzun çəkir…



Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
17.10.2018 Qəbri bölünən qardaş
08.03.2018 Ölüləri basdırmağa yer axtarıram...