Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5123

Digər sorğular

14 Fevral sevgi yox, tarixi kütləvi əxlaqsızlıq günüdür

15:39  |    14 Fevral 2017  |   E-mail  |  Çapa göndər

Sevgililər günü hansıdır - İlham-Fərizə Sevgisinin sübutu olan 30 iyun, yoxsa əxlaqsızların iyrənc hərəkətlərlə tarixə yapışdırdığı 14 fevral?

Azərbaycan cəmiyyətində bu məsələdə yekdil fikir hələ də tam formalaşmadığından, tarixə qısa ekskurs etməyə və insanların fikirlərini öyrənməyə çalışdıq. Gəlin görək tarix, məntiq və düşüncələrimiz nə deyir...

İlham və Fərizə... Əslində köklü yaddaşların və təmiz qəlblərin orta yerində əbədilik kök salıblar onlar – öz təmiz və saf sevgiləri ilə birlikdə. Milyonlara sərgilədikləri cəsarətləri ilə, ölümsüzlükləri ilə əbədi olaraq qutsallaşıblar, öz ilahi eşqləri ilə birlikdə ürəkləri fəth ediblər, sevgilərini dastanlara çeviriblər.

2003-cü ildən bu yana onların əbədi sevgisi bir daha əbədiləşdirildi, artıq 8 ildir ki, onların toy tarixi Azərbaycan cəmiyyətinin “Sevgililər Günü”nə çevrilib. Nakam gənclərin qovuşduqları gün – 30 İyun tarixi indi ölkəmizdə sevilərək qeyd edilir. Amma əbədi eşqin qəhrəmanlarından danışmazdan öncə oxuculara hələ də bəziləri tərəfindən qeyd edilən 14 fevral tarixinin özəlliklərindən ( ! ) danışmaq istədik.
Tarixə qısa ekskurs və ya 14 fevral gününün “əhəmiyyəti”...

Məlumdur ki, hər il fevral ayı gələndə bir canlanma olur cəmiyyətdə. Kimi 14 fevral deyilən o günə hazırlaşır, kimi də o günə hazırlaşanları təəssüf və qınaq atəşinə tutur. Düzdür, ikincilər üstünlük təşkil etsə də, müəyyən qism kütlə var ki, beyinlərə olur-olmaz fikirlər yeridir, fikir və düşüncələri tam formalaşmamış gənc və yeniyetmələrin ağlını qarışdırır.

Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Daha çox gənclərin qeyd etdiyi 14 fevral tarixi yaşlı nəsili o qədər də maraqlandırmır. Bunu mağazaların satıcıları da təsdiqləyir. Maraqlıdır, görəsən gənclərin belə həvəslə hazırlaşdıqları 14 fevral haqqında kim nə bilir?

Bununla bağlı “Sağlam Toplum” İctimai Birliyinin əməkdaşları Bakı küçələrində sorğu keçiriblər. Əksəriyyət bu günün tarixi barədə heç nə bilmir, bəziləri də tarix boyu xristianların uydurulmuş nağıllarını danışırlar. Sorğunun nəticələri barədə bir az sonra...

Hələlik isə, bu “Valentin günü”nün tarixi barədə...

“Valentin günü” dünyanın bir sıra ölkələrində 14 fevralda qeyd edilir. Dünya ölkələrində, bu günün həvəskarlarının bir-biri üçün hədiyyələr aldığı və kütləvi qeyd etdiyi faktları danılmazdır. Valentin gününün atributları da var, bunlar ürək şəkilləri və göyərçin fiqurudur. Bəs indi bir çox müsəlman ölkələrində, türk dünyasında belə qeyd edilən bu xristian gününün əhəmiyyəti nədir?

Katolik xristianların "Müqəddəs Valentin" dedikləri və şəxsiyyəti ilə öyündükləri bu keşiş çox müəmmalı bir kimliyə sahibdir. Əslində 14 Fevralın sevgililər günü kimi qeyd edilməsi onun dövründən xeyli öncələrə, təxminən 1500 il əvvələ gedib çıxır. Bunun əsası xristianlığa deyil, əski Roma ənənələrinə dayanır.

Qədim Romada 14 fevral tarixi bütün Roma xalqı üçün isə xüsusi əhəmiyyət kəsb edirdi. Həmin gün inanclarına görə, Roma "Tanrı" və "Tanrıçaları"nın kraliçası olan Junoya duyulan sayğıdan dolayı bayram elan olunurdu. Səhərisi gün isə Lupercalia bayramı başlayırdı. Bu bayram xalqın gənc kütləsi üçün böyük “önəm” daşıyırdı.

Bu “önəm”in səbəbi isə həyatları qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda bir-birləri ilə iyrənc şəkildə əylənmələri idi. Bu “bayram”da hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdı və onlar bayram boyunca ayrılmırdılar. Dini nöqteyi-nəzərdən yanaşsaq, həmin gün minlərlə kişi və qadın Tanrını danaraq əxlaqsızlıqla məşğul olurdu. Yəni bir sözlə 14 Fevral tarixi kütləvi əxlaqsızlıq günüdür.

Bəs bu Valentin kimdir?

Burada belə bir sual meydana çıxır, əgər bu əxlaqsız hərəkətlər Valentindən öncəyə dayanırsa, o zaman Valentin niyə öldürülüb? Yəni 1500 il əvvəlki əxlaqsızlıqlarla Valentinin nə əlaqəsi olub?

Az sonra....


Bu yazını hazırlamazdan öncə mövzunu internetin sosial şəbəkələrindən birində müzakirəyə çıxardım və dostlardan fikir və təkliflərini soruşdum. Doğrudur, əksəriyyət müsbət təpki verdi və dəstəklədi. Amma bir qisim gənc də etiraz etdi.

O etirazlardan bir neçəsi:


1. İstədiyimiz günü qeyd edə bilərik, amma Valentin öz əməli ilə elə bir əsas yaratmayıb ki, kimlərsə burada, pafoslarında onu mənəviyyatsız adlandırsın.

2. Bütun dünyada 14 fevral sevgililər günü kimi qeyd olunur, biz 30 İyunu göstərməklə özümüzü gülünc vəziyyətə salırıq.


3. Hər qeyd olunan günün tarixinə varsaq çox mətləblər ortaya çıxa bilər, amma əsas olan tarixilik və böyük əksəriyyətin fikridir.

4. Elə vətənpərvərsinizsə, torpaqların bir hissəsi işğalda ikən, neçə nəfər hələ də əsirlikdə ikən siz bayram qeyd edirsiniz? Mənə görə, ona görə, buna görə deyil. Valentinin əməllərində mənəviyyatsızlıq görmədim. Görən varsa, izah etsin.
Qərara aldım ki, yazını izahlı şəkildə və faktlara dayanaraq yazım. Qoy oxucular nəticəni özləri çıxarsın.


Valentini edam etdirən imperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqlı və namuslu bir imerator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda yer tapmaqdadır.

O zamanlar Valentin Romada rahib idi. Onun ölümü barədə müxtəlif fərziyyələr var. Bunlardan ən geniş yayılmış olanı və həqiqətə dayananı budur ki, həmin keşiş imperatorun qadağan etməsinə baxmayaraq, artıq keçmişdə qalmış o iyrənc adəti bərpa edib gizli şəkildə qızlarla oğlanları qeyri-qanuni olaraq görüşdürməkdə davam edirmiş, yəni əxlaqsızılığı yayırmış. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və 14 fevralda - məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək, təhqiramiz formada öldürtdürür.

İndi insanlarda belə bir fikir formalaşdırıblar ki, guya Valentin həbsxana rəisinin qızına aşiq olubmuş, ona görə də edam edilib. Bu arada, katoliklər də iddia edir ki, Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb. Amma az öncə qeyd etdiyimiz kimi, tarixdəki daha etibarlı qaynaqlardan əldə etdiyimiz məlumatlara görə isə Valentinin imperator II Kladiusun əxlaqsızlığa qarşı dözümsüz münasibətinin layiqli qurbanı olub.

Bu ənənə tarixin bütün dövrlərində keçərli sayılıb – hər hansı bir idealogiyanı, adəti, ənənəni ləğv etmək, kökündən qoparmaq üçün onun banisini aradan götürmək lazımdır.

Sözügedən qeyri-əxlaqi davranışı aradan götürmək üçün həmin dövrdə də kütləni yönləndirən şəxsi aradan götürmək kifayət idi ki, bu halın qarşısı alınsın, yəni əxlaqsızlıq dayansın. II Kladius da bunu edir, 14 fevral tarixində Valentini təhqiramiz işgəncə ilə öldürtdürür.

Maraqlıdır ki, onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa "Valentini unutma", "Səni sevirəm" deyə məktublar göndərməsi faktı da var. Bu fakt ümumiyyətlə, Valentinin hansısa bir qıza görə öldürüldüyü və yaxud da xristianlığı təbliğ etdiyinə görə edam edildiyi faktlarını şübhə altına alır və onun haqqında söylənən "homoseksualist" ifadəsinin doğruluq dərəcəsini artırır. Axı kişinin kişiyə "səni sevirəm" deməsinə "homoseksualist" sözündən başqa hansı adı vermək olar? Əgər olarsa, hansı adı?

Kimsə deyə bilər ki, Valentini də Tanrı yaradıb, yəni onun hemoseksual olması öz günahı deyil. Tutalım ki, belədir, tutaq ki, o öz hisslərinə qalib gələ bilmir, bunu anlamaq olar. Amma o yalnız öz tərbiyəsini deyil, cəmiyyətin tərbiyyəsini pozmaqla məşğul olub. Yenə kimsə deyə bilər ki, bundan bizə nə, yəni bizim cəmiyyətə nə?
Bax, məsələ də elə burasındadır! Bundan bizə nə? Yəni, bu əxlaqsızlar günündən, bu 14 fevral tarixindən bizə nə? Bəyəm biz əxlaqsızıq? Bəyəm biz xristianıq? Başqa vaxt “Əlhamdülillah, müsəlmanıq” deyib gur-gur guruldayan adamlar niyə qeyd edir bu xristian gününü? Hansı xristian müsəlmanların əlamətdar bir gününü qeyd edir?
Valentinin edamından sonra əxlaqsızlıq səngidi, amma tamamilə dayanmadı. Əvvəllər açıq-aşkarda keçirilən bu “bayram” indi künc-bucaqda gizli şəkildə davam etdirilirdi.

Əxlaqsızlıq gününün “Valentin günü”adı altında açıq-aşkar qeyd edilməsi isə onun ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni Papa Gelasius tərəfindən 496-cı ildə "Lupercalia" bayramının adı Valentinin şərəfinə dəyişdirilir.
Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin "Lupercalia" bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından buna bir çarə axtarırdılar.

Elə bu zaman vaxtilə xristian qəbristanlığında dəfn olunan Valentin yada düşdü və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu tapdılar. Onlar bu bayramın sadəcə və sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı adı olan bir şənlikdə - “Müqəddəs Valentin günü”ndə əylənmələrini, daha doğrusu ənənəvi kütləvi əxlaqsızlığı davam etdirmələrini təmin etdilər. Bununla da həmin bu “Valentin günü” meydana çıxdı. Bir sözlə, Papa Gelasius əxlaqsızlığı rəsmiləşdirdi.

Eşqdir mehrabı uca göylərin, Eşqsiz ey dünya nədir dəyərin?

Təəssüfedici haldır ki, bir-biri ilə müqayisə ediləsi olmayan bu iki günü məcburiyyətdən bir yazıda yerləşdirməli olduq, oxucular asanlıqla fərqi hiss edə bilsin deyə. 30 İyun kimi tərtəmiz bir günümüzü 14 fevralla bərabər tutmaq ağlımızdan belə keçməyib, çünki bu mümkün deyil. Biri məsum bir eşqin günü, biri də sonsuz iyrəncliklərin günü – bərabər tutulması mümkünmü sizcə?
Danılmazdır, İlham-Fərizə sevgisi adi məhəbət olmayıb. Öncə düşünək- biz niyə sevməyə və həyatımızı kiminləsə birləşdirməyə çalışırıq? Fikir vermisinizsə, hər sevən şəxs heç olmasa bir dəfə öz sevgilisinə “ruhumun yarısı” deyə müraciət edir. Təbiidir, çünki öz tayımızı tapmadıqca özümüzü bütöv hiss edə bilmirik, həyatımızı yarımçıq hesab edirik.

Ruhumuzu bötövləşdirən, mənəviyyatımızı gözəlləşdirən, həyatımıza işıq verən Tanrı payımızı tapandan sonra həyat başqa cür görünür gözlərimizə, daha işıqlı, daha nurlu, daha cazibədar... Sevgimizi doya-doya yaşamaq istəyirik, ruhumuzun yarısından mənəvi qida alırıq, eşqdən-sevgidən bihuş oluruq. Doğrudur, bu cür məhəbbət hər kəsə qismət olmur, necə deyərlər bu eşq Tanrının lütfüdür sevdiyi bəndələrinə...

İlham-Fərizə cütlüyü də Tanrının sevimli bəndəsi olub. O cür saf məhəbbət, o cür sadiq həyat yoldaşı İlhama Tanrı hədiyyəsidir bəlkə də. Elə düşünürük ki, İlhamın və Fərizənin ömür hekayətini bilməyən yoxdur. Amma yenə də qısa xülasə...

30 İyun 1989–dan 20 yanvar 1990-a gedən uzun-qısa yol

30 iyun 1989-cu il.. Sərin mehli, bir az da isti yay günü... Bu gün Azərbaycan xalqının tarixinə, ədəbiyyatına və ən əsası qəlblərə İlham və Fərizə dastanını həkk edib. Uşaqlıq dostları olan İlham və Fərizə əsil sevginin simvolu oldu. 30 İyun tarixində onlar həyatlarını əbədilik birləşdirməyə and içdilər – ailə qurdular. Cəmi 6 ay ailə həyatı yaşayan gənclərdən biri- İlham o qara gecənin- 20 Yanvarın qurbanı oldu.. Vətənin dar günündə evində, o soyuq yanvar gecəsində isti sobanın kənarında oturmağı yaraşdırmadı özünə, bayıra atıldı və ilk andaca həyatla vidalaşdı. İlham vətənə olan məhəbbəti uğrunda şəhid oldu.

O vətənə olan eşqinə görə göz yumdu həyata, Fərizə isə vətənin azadlığı uğrunda şəhid olan İlhamın eşqi yolunda həyatına son qoydu. Axı o söz vermişdi ruhunun yarısına, “sənsiz həyat mənə dar” demişdi.

Əgər fikir vermisinizsə, dünyanın müxtəlif dillərində “ər” və “arvad” bir cür deyilir və hamısı da bizim dilimizə tərcümədə hərfi olaraq “ər” və ya “arvad” deyə tərcümə edilir. Amma bizim öz dilimizdə bu anlam “Həyat yoldaşı” adını daşıyır. Həyat yoldaşı....

Fərizə parçalanmış ruhunu birləşdirmək, bütövləşdirmək istədi yenidən. İlhamına, həyat yoldaşına, ruhunun yarısına qovuşmaq üçün onun ölümünün 2-ci günündə sirkə turşusu içdi. Onsuz da İlhamsız dünya gözündə dəyərdən düşmüşdü, hər şey anlamını itirmişdi..... Bu da onun həyatdan köçmədən yazdığı son sətirlər: "Ana, ağlamayın. Mən İlhamsız yaşaya bilmədim. O, mənim gecələr ulduzum, gündüzlər günəşim idi. Sönən günəş, ulduz məni çağırır, salamat qalın"...( ailənin arxivindən-L.M)

Fərizə intihar edəndə hamilə olub, bətnində İlhamın körpəsini gəzdirib. Yazdıqca düşünürəm, Tanrım, o necə böyük ürəyə, necə böyük sevgiyə sahib olub ki, körpəsinə qıymağı da gözə alıb... Bir yandan da düşünürəm, İlahi, görəsən ona qəzəbin tutubmu özünə və körpəsinə qıydığı üçün? Anlamaq çətindir, anlamaq ürək istər, cəsarət istər, məhəbbət istər.

Anlayıram, İlhamsız yaşamağı və körpəsini yaşatmağı gözə ala bilməyib Fərizə... Ruhunun yarısı, həyat yolunda bərabər irəliləməyə and içdiyi yoldaşı olmadan yaşamağı haram bilib özünə... Dünya dəyərsiz görünüb ona... Dillər əzbəri o qəzəl həzin-həzin süzülür qulağıma: “Eşqsiz ey dünya, nədir dəyərin?”

Əksəriyyət 30 İyunu dəstəkləyir!


Bəs 30 İyunun “Sevgililər Günü” kimi qeyd olunması təşəbbüsü kimə məxsusdur? Bəlkə də çoxları bilir bu tarixçəni. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya məxsus olan təşəbbüs 2003-cü ildə irəli sürüldü. Elə ilk gündən də marağa, sevgiyə, bir az da kədərə səbəb oldu. Maraq ondan ötrü idi ki, qeyri-adi bir təşəbbüs idi. Sevgi ondan ötrü idi ki, bu gün bizə dogma idi. Kədər ondan ötrü idi ki, səbəbkarları aramızda deyildi.

Bir az öncə qeyd etdiyimiz kimi, bu yazını hazırladığımız müddətdə əməkdaşlarımız şəhərimizdə sorğu da keçirdilər. Məqsəd insanların hansı günü “Sevgililər Günü” kimi qeyd etdiyini öyrənmək idi. 63 nəfər müxtəlif yaşlı insanlara yaxınlaşan əməkdaşlarımız deyə-gülə qayıtdılar. Aydın idi ki, sorğudan razı qalıblar. Sorğunun nəticəsinə görə fikri öyrənilən 63 nəfər respondentdən 51-i milli “Sevgililər Günü”nü, yəni 30 İyun tarixini qeyd edir. Qürur duyduğumuz cavablardan bir neçəsi;

- Sevinc Paşayeva (23 yaş) – Mən 14 İyun kimi iyrənc bir günü qeyd edənləri heç vaxt başa düşməmişəm və onların təmiz türk olduğuna da həmişə şübhə etmişəm. İlham-Fərizə cütlüyünün evlilik tarixi bizim üçün əsl “Sevgililər Günü”dür və mən də həmin gün sevgilimdən ürək dolusu təbrik alıram.

- Aydın Allahverdiyev (44 yaş) – Bu məsələ çox vacib bir məsələdir, televiziyaların üzərinə böyük iş düşür bu barədə. Öz günümüzü təbliğ etməlidirlər, 30 İyunu anlatmalıdırlar gənclərə. 14 fevrala mənim heç ürəyim isinmirdi, bir-iki il öncə də bu Valentinin kim olduğu barədə maraqlandım, eşitdiklərimdən dəhşətə gəldim. Bizim gənclər indiyədək bu günümü qeyd edib? Əvvəllər mən 14 fevralı qeyd etməmişəm, amma 30 İyun təsis olunandan bəri hər il 30 İyunda xanımıma bir dənə qırmızı gül alıram, kasıbın olanından.

-Səfər Əliyev (31 yaş)
– Hələ evli deyiləm, iki ildir ki, nişanlanlıyam, bu il toy edəcəyik. Sevdiyim qadına hər il 30 İyunu bacardığım kimi yaşatmağa çalışıram, keçən ildən qərara almışıq ki, bu il “Sevgililər Günü”ndə Şəhidlər Xiyabanına gedək, İlham-Fərizəni ziyarət edək.

-Narın Babayeva (51 yaş) – 30 ildi evliyəm, əvvəllər belə şeyləri o qədər də önəmsəməzdik, bəlkə də öz milli günümüz olmayıb, qanımız isinməyib. 5-6 il olar ki, 30 İyunda yoldaşım mənə hədiyyə alır. Heç yadımdan çıxmır, bir dəfə də pulu olmayıb, parkdan gül dərib gətirmişdi mənə. Mən də bacardığımı edirəm, gözəl süfrə açıram.

-Aynur Alıyeva (19 yaş)
– Universitetdə həmişə bu günün özəlliyindən danışırıq, məlumatı olmayanlara 14 fevralı deyil, 30 İyunu qeyd etməyin önəmli olduğunu başa salırıq. Keçən il bütün qrup Şəhidlər Xiyabanına getdik, 4 müəllimimiz də bizimlə idi. Mən bu bayramı hələ ki, sevgili olaraq qeyd etmirəm, amma gələcəkdə sevgilimlə 30 İyunu qeyd etmək istərdim, 14 fevralı yox.

Cəmiyyətin ziyalı təbəqəsinin fikirləri də oxucu kütləsi üçün maraqlı olar deyə tanınmış simaların fikirlərini də öyrəndik. Artıq 8 ildir ki, qeyd edilən “Sevgililər Günü”nün qeyd edilməsini müsbət qiymətləndirən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu, həm milli bayramdır, həm qəhrəmanlıq tariximizdir, həm də sevgi kimi müqəddəs bir hisslə bağlıdır. 14 fevralın bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunmasına təbii yanaşan sosioloq, 30 iyunun sevgililər üçün daha böyük bir bayrama çevrilməsini məqsədəuyğun hal kimi qiymətləndirir.
Onun fikrincə, milli sevgililər gününün daha böyük bir səviyyədə keçirilmə ənənəsi formalaşsa, bu, ölkəmizin də mövqeyinə xoş təəssüratlar gətirər: "Bütün dünya cəmiyyətlərinin hər zaman təmiz sevgiyə ehtiyacı olub. Ətraf aləmdə baş verən neqativ situasiyalarla məhz əsl sevgi vasitəsilə mübarizə aparmaq olar. Odur ki, ürək və ağılın birgə qərar verdiyi bu ülvi hissləri yaşamaqdan çəkinməyin. Elə bu gün - Sevgililər günündə sevginizi bir daha etiraf etməkdən də".

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir: “Azərbaycan ictimaiyyəti və gəncliyi artıq öz seçimini edib və 30 iyunu Milli Sevgililər Günü kimi seçib. Və çox sevinirik ki, qurum və təşkilatlar da bu qərara sayğı ilə yanaşıb 14 fevralda heç bir tədbir keçirmirlər. Əslində biz heç vaxt deməmişik ki, kimsə 14 fevralı bayram etməsin. Bu hər kəsin şəxsi işidir, amma bunu kütləviləşdirmək olmaz”.
Son olaraq

İlahi sevginin ən böyük nümunəsi sevgin və sevdiyin uğruna canını qurban verməkdir. Fərizə İlhamsız bir həyatı yaşaya bilmədi və sevgidən yüksək heç nə olmadığını əyani göstərdi.

Biz hər iki günün tarixçəsindən bəhs etdik. Seçimi sizlərə buraxırıq. İndi özünüz düşünün, bizim günümüz hansıdır? İlham-Fərizə məhəbbətinin sübutu 30 İyun, yoxsa əxlaqsızların iyrənc hərəkətlərlə tarixə yapışdırdığı 14 Fevral?
Düşünməyə dəyər (mi?) ...

P.S. Məqalədə istifadə edilmiş qaynaqlar:
“Oxford University Press” qəzeti, 1997-ci il, 14 fevral buraxılışı
“Centre Daily Times” qəzeti, 2009-cu il, 14 fevral buraxılışı
“New York Times” qəzeti, 1993-cü il, 14 fevral buraxılışı

modern.az

Lalə Mehralı
“Sağlam Toplum” İctimai Birliyinin sədri

[email protected]
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.12.2017
Spiker bəzi deputatlara irad tutub
15.12.2017
Siyavuş Novruzov Sevinc Osmanqızını təxribatçı adlandırdı
15.12.2017
Azərbaycanda daha bir yeni medal təsis edildi
15.12.2017
Eldar Mahmudovun yeni görüntüləri yayıldı - FOTOLAR
15.12.2017
TEDxUNEC-in spikerləri uğura aparan yolu açıqladılar: “Bilik və təhsil”