Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5963

Digər sorğular

Aqil ABBAS: ÖLƏK ÖLDÜYÜMÜZ YERDƏ

17:20  |    31 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Mən sosial şəbəkədə yoxam. Olmağın marağında da deyiləm, mənim sosial şəbəkəm «Ədalət» qəzetidi. Hər gün olmasa da, iki-üç gündən bir birinci səhifədə yeddi-səkkiz «status» paylaşıram. Diqqətli oxucu da mənim yazı üslubumu tanıyır, bilir ki, bu «statusların» müəllifi kimdi.

Aqil ABBAS |

Amma sosial şəbəkəni izləyirəm, əsasən də dost səhifələrini. Və mənim üçün təxminən 20-25 maraqlı şəxs var bu sosial şəbəkələrdə. Bu şəxslərin hadisələrə yanaşmaları orijinaldı və cəfəng şeylərə də qoşulmazlar.

Bunlardan biri də Mehman Muradlıdı. Hadisələrə açıq gözlə yanaşır, ona görə də tez-tez hədəfə tuş gəlir, atəşə tutulur, vətənşüvənliyi də sevmir.

Dünəniydi, ya srağagünüydü bir status paylaşmışdı və qeyd eləmişdi ki, ordumuz Xankəndinin üç kilometrliyinə çatmışdı.

Qarabağın yolunu tanımayan da, Qarabağdan xəbəri olmayan da bu statusu öz şərhləriylə topa tuturdular. Ola bilər ki, onların içində Qarabağ döyüşçüləri də olsun, amma Qarabağda döyüşənlərin hamısı o demək deyil ki, Qarabağı yaxşı tanıyırdılar. Onlar bölgəni, kəndləri tanıya bilərlər, yəni qeyrətlə vuruşan bu oğullar da Qarabağı əl içi kimi tanıya bilməzlər. Və buna görə də onları qınamağa dəyməz.
Məsələn, şərhlərdə oxuyuram ki, Ağdamla Xankəndinin arası 42 kilometrdi. Yaxud Ağdərəylə Xankəndinin arası əlli neçə kilometrdi, Qara Qayayla Xankəndinin arası nə bilim nə qədərdi. Kərkicahanla Xankəndinin arası beş kilometrdi. Yəni qısası, Mehman Muradlını «neprav» çıxarırlar.

Mehman Muradlı özü Tərtərdəndi, Qarabağ döyüşlərinin də canlı şahididi, iştirakçısıdı, Qarabağı da əlinin içi kimi tanıyır.

Əvvəla, Ağdamla Xankəndinin arası 25 kilometrdi. Bilməyənlərin nəzərinə çatdırım ki, şəhərlər arasındakı məsafə bütün dünyada həmin şəhərlərin bir nömrəli poçtlarının arasındakı məsafə ilə ölçülür. Yəni Ağdamın Qarağacısı, Əhmədavarıyla Xankəndinin arası olardı təxminən 18-20 kilometr, Qara Qayayla Xankəndinin arası 13-14 kilometr. 94 gün bizim əlimizdə olan Naxçıvanik kəndi isə Xankəndinə daha yaxın idi. Və bir də bir adi yol var, bir də hava yolu var. Hava yolu təbii ki, qısa olur. Ağdərə ilə də Xankəndinin arası Xaçınçayı boyunca gedən yolu götürəndə təxminən 30-35 kilometrdi.

Yadınızdadırsa, bizim ziyalıların – Kamal Abdullagilin, Fərhad Bədəlbəyligilin Şuşaya səfəri zamanı da həmin yoldan istifadə olunmuşdu.

Mehmanın dediyi həqiqətdir. Amma Fərruxu yadından çıxarıb. Bizim ordumuz Fərruxu azad etmişdi və Fərruxdan da Xankəndini sapandla vurmaq olardı.
Bir tərəfdən də Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin komandirlik etdiyi Qubadlı batalyonu gəlib Ağa körpüsünə dayanmışdı. Ağa körpüsündən də Xankəndinə olan məsafə bir güllə məsafəsindən bir az artıqdı.

Kərkicahan da Xankəndinin, belə demək mümkünsə, Yasamalıdı. Şuşa ilə Xankəndinin arasındakı yol 12 kilometriydi, hava yolu isə 6-7 kilometr. Mən Qarabağın bir xəritəsini cızdım ki, yəni bilməyənlər Mehmanı qınamasın.
Azərbaycan ordusu dinc erməni əhalisi ilə vuruşmurdu. Ağdərəni, digər kəndlərimizi də azad edəndə imkan verirdilər ki, dinc əhali çıxa bilsin kənddən. Bunu Qarabağda döyüşən əsgərlərimizin hansı birindən soruşsanız təsdiqləyə bilər. Erməni separatçıları bəzən öz camaatını canlı sipər kimi istifadə edirdilər, onda dinc əhalidə ölum-itim olurdu.

Yəni Azərbaycan ordusu Xankəndini bombalaya bilərdi, dağıda bilərdi, amma bu yolu tutmadı. Dünya qarışdı işə ki, dinc əhali ilə işiniz olmasın. Ermənilər yalvarır ki, oturaq bir masaya mübahisəmizi həll edək. Və çox təəssüf ki, bizimkilər də buna inandı, ermənilərə nəfəs almağa imkan verdi. Bu tərəfdən də Rusiyanın və başqa dövlətlərin dəstəyi ilə Ermənistan silahlı qüvvələri gücləndirildi. Nəticə də bizə ağır başa gəldi.

O şərhlərdə bir Vəng söhbəti də var. Bizim əsgərlər Vəngi götürdülər, onda mən özüm Tərtərdə, qərargahdaydım, döyüşə də Nəcməddin Sadıqov rəhbərlik edirdi. Amma təəssüf ki, yalan məlumat verilmişdi ki, Kəlbəcər tərəfdəki yüksəkliklər də bizimkilərin əlindədi, Ağdam tərəfdəki yüksəkliklər də. Və dəqiq də deyirəm sizə, Vəngi azad edəndə 20 şəhid vermişdik. Və Vəng azad olunandan sonra məlum oldu ki, yuxarıda qeyd elədiyim yüksəkliklər bizdə deyil. Nəticədə təxminən ovucunun içində olan Vəngdəki balalarımız canlı hədəfə çevrildilər, sağdan-soldan atəş altında qaldılar. Vəngi tərk etməyə məcbur olduq, 20 şəhidlə azad etdiyimiz kəndi daha 60 şəhid verərək tərk elədik.

Savaş başlayandan atəşkəsə qədər Kəlbəcərdən tutmuş Horadizə kimi bütün döyüşlərdə olmuşam. Ayın 15-20 gününü döyüş bölgələrindəydim. Demirəm əlimə avtomat götürüb vuruşmuşam, sözümlə, qələmimlə vuruşmuşam. Sərçə kimi dimdiyimdə su daşımışam səngərlərə. Həmin dövr «Ədalət» qəzetini eləmişdim cəbhə qəzeti, savaş qəzeti. Çox məsələlərdən də xəbərdaram. Müəyyən məqalələrimdə, əsərlərimdə və romanlarımda bildiyim həqiqətlərin bir on faizini də yazmışam. Hamısını yazmaq olmur. Elə həqiqətlər var ki, çox acıdı. O acıları paylaşmaq bəzən lazım olmur. Milləti ruhdan sala bilərsən və bir də millət bəzi insanları qəhrəman bilir, qoy elə qəhrəman olaraq qalsınlar.

Çox güman ki , növbəti yazım Tərtər batalyonundan, daha dəqiq desək, Azərbaycanın Milli Qəhrəmanı, «Qlobus»u azad edəndən sonra elə «Qlobus»da da namərd gülləsindən həlak olmuş dostum Vəzir Orucovdan olacaq.

Aqil ABBAS
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
09.11.2018 Aqil ABBAS:DÖVLƏT FİLARMONİYASININ «MƏRİFƏTİ»
31.07.2018 Aqil ABBAS:Allahverdi Bağırovun məzarı da, başdaşı da ürəklərdədi
28.07.2018 Aqil ABBAS:AĞDAMLI PARTİYAYA NECƏ KEÇDİ VƏ ZARA
04.07.2018 Aqil ABBAS: ŞƏHİDLƏR HAQLARINI HALAL EDİRLƏRMİ?
28.11.2017 HƏKİM EŞŞƏK ƏTİ BUYURUB?!- Aqil Abbasdan ateistlərə cavab