Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5963

Digər sorğular

Aqil Abbas: Dəmiryol xəstəxanası başı dumanlı

20:49  |    18 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

Əslində başı dumanlı yox, başı bəlalı yazmalıydım. Şuşanın dağları yadıma düşdü deyin belə yazdım.

Aqil ABBAS |

Məsələ nədi? Azərbaycan təkcə neft ölkəsi kimi tanınmır. Həm də qərbi şərqə birləşdirən, şimalı cənuba birləşdirən strateji bir nöqtədə yerləşən ölkə kimi tanınır. Bütün yollar Romaya getmir, amma qərbdən şərqə, şimaldan cənuba gedən bütün yolların ən azı əlli faizi Azərbaycandan keçir. Burada da dəmir yolu xüsusi əhəmiyyət kəsb edir.

Son illər dəmir yollarının tikintisi sürətlənmiş, köhnə relslər yeniləri ilə əvəzlənmiş, köhnəlmiş, istifadəyə yararsız hala düşməkdə olan qatarlar və elektrovozlar istismardan çıxarılmış və Avropa standartlarına cavab verəcək elektrovozlarla, qatarlarla əvəzlənmiş, ölkəyə ən müasir vaqonlar gətirilmiş, bir sözlə, bu sahədə ciddi yenidənqurma işləri aparılmış və aparılmaqdadır.
Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatmaq üzrədir, bu il istifadəyə verilməsi gözlənilir. Düzdür, burda bir qədər gecikmələr oldu, bu gecikmələrə də Gürcüstanda və qardaş Türkiyədə işlərin bir qədər ləngiməsi səbəb oldu. Və bu dəmir yolunun tikintisində də əsas güc Azərbaycanın üzərinə düşdü. Və dünyada baş verən böhran da bu vacib layihənin başa çatdırılmasına mane ola bilmədi.
Bu dəmir yolunu təkcə iqtisadi baxımdan qiymətləndirmək düzgün olmazdı. Bu həm də Azərbaycanın dünyada xüsusi bir yeri olduğunun, söz sahibi olduğunun göstəricisidi.

Naxçıvan-Məşhəd reysinin istifadəyə verilməsi iki qonşu ölkənin münasibətlərinin daha da möhkəmlənməsində önəmli rol oynayır.

Şimalı cənubla birləşdirən Astaradan keçən dəmir yolunun da yaxın zamanlarda istifadəyə veriləcəyi gözlənilir.

Görkəmli şair Söhrab Tahirin bir şeirində deyilir:

Mənim qollarımı iynə-sap edin,
Tikin Astaranı biri-birinə.


Şairin az qala 70 il bundan əvvəl dilə gətirdiyi arzusunu Möhtərəm Prezidentimiz İlham Əliyev reallaşdırdı. Astara çayı üzərində tikilən dəmiryol körpüsü ilə Astaranı bir-birinə tikdi.
Bu giriş ondan ötəri idi ki, dəmir yolunun Azərbaycanın həm iqtisadi həyatında, həm də mənəvi dünyasında necə mühüm bir yer tutduğuna bir balaca aydınlıq gətirim.

Məsələ nədi?

On minlərlə insanın çalışdığı bu strateji təşkilatın balansında xəstəxanalar və poliklinikalar fəaliyyət göstərir. Özü də təkcə Bakıda yox, həm də bölgələrdə. Daha böyük vağzalların, stansiyaların yerləşdiyi şəhərlərdə. Özü də bu xəstəxanalar təkcə dəmiryolçulara deyil, eyni zamanda yerləşdiyi ərazinin sakinlərinə də xidmət göstərirdi . Həm də Dəmiryol xəstəxanası ən nümunəvi tibb müəssisələrindən biri idi.

Bu xəstəxanaların fəaliyyət göstərməsi üçün də hər il büdcədən 10-14 milyon manat pul ayrılırdı. Və birdən-birə Maliyyə Nazirliyi Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin xəstəxanalarına və poliklinikalarına ayrılan maliyyəni dayandırdı və büdcədən çıxartdı. Nəticədə xəstəxanalar və poliklinikalar bağlanmaq məcburiyyətində qaldı.

Bu xəstəxanalara müraciət edənlər və müalicə alanlar (minlərlə insan) indi hara müraciət edəcək? Başqa xəstəxanalara? Üz tutduqları xəstəxanaların da yükü nə qədər artacaq, bu müəssisələrin həmin yükü daşımağa gücü çatacaqmı? Onsuz da xəstəxanalarımız bəs deyincə doludur.

Bu xəstəxanalarda təxminən 3500-ə yaxın insan çalışır. Bunlardan 800-ü ali tibb işçisi, yəni həkim, 1400 nəfərdən bir qədər çoxu orta tibb işçiləri, digər yerdə qalanlar isə sanitarlar, xadimələr və texniki işçilərdi.

Və birdən-birə bu qədər insan işsiz qalır. 3000-dən çox adamın işsiz qalması 15000 minə yaxın adamın çörəksiz qalmasıdır, özü də ilin-günün bu vaxtında.
İki məsələyə diqqət yetirək. Dövlət başçısı neçə illərdi səhiyyədə islahatların aparılması və səhiyyənin inkişaf etdirilməsi ilə bağlı çoxsaylı sərəncamlar imzalayır, bu sahəyə xüsusi diqqət göstərir. Son on ildə ölkədə, özü də təkcə Bakıda yox, demək olar ki, bütün bölgələrdə dünya standartlarına cavab verən xəstəxanalar tikilib və tikilməkdədir. Bu xəstəxanalar ən müasir tibb ləvazimatları ilə təchiz olunub. Maddi-texniki bazaları bütün standartlara cavab verir. Artıq bölgələrimizdəki xəstəxanalarda ən ağır cərrahiyyə əməliyyatları (ürək, böyrək, qara ciyər) həyata keçirilir. Bir çox bölgələrimizdə təkcə xəstəxanalar və poliklinikalar deyil, eyni zamanda diaqnostika mərkəzləri də fəaliyyət göstərir ki, bu da bölgələrdə yaşayan əhalinin hər şey üçün Bakıya üz tutmasının, əlavə xərc çəkməsinin qarşısını alır. Eləcə də hörmətli millət vəkilimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə səhiyyənin inkişafına xüsusi diqqət yetirir.

Yəni dövlət başçısının səhiyyəyə bu qədər önəm verdiyi bir vaxtda strateji bir təşkilatın xəstəxanalarının və poliklinikalarının ləğv edilməsi nə qədər məqsədəuyğundur və buna nə ad vermək olar?

İkinci bir məsələ. Dövlət başçısı yeni iş yerlərinin açılmasını ən vacib məsələ kimi gündəmdə saxlayır. Elə bu günlərdə Nazirlər Kabinetinin yekun iclasında da yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqlarını verdi, hökumətin qarşısında bunu mühüm bir vəzifə kimi qoydu.
Yaxşı, belə bir tapşırıqlardan sonra 3000 nəfərdən çox insanın birdən-birə işdən çıxarılmasına nə ad vermək olar?
Deyəcəklər ki, ölkədə iqtisadi böhran var. Əvvəla, dünyada gedən ən ciddi iqtisadi böhran vaxtı Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində biz həmin böhrandan çıxa bildik, daha doğrusu, böhrana düşmədik. Bəli, bu gün də dünyada iqtisadi böhran davam etməkdədi, təbii ki, Azərbaycandan da yan keçmir. Amma inanırıq ki, dövlət başçısının müdrik siyasəti nəticəsində bu böhrandan da itkisiz ötüşəcəyik.

İndiki durumda bu xəstəxanaları və poliklinikaları saxlamaq olardımı? Bəli. Bunun iki yolu vardı, birincisi, bu qurumları Səhiyyə Nazirliyinin balansına vermək olardı. Necə ki vaxtilə Neftçilər Xəstəxanası Səhiyyə Nazirliyinin balansına keçirildi. Həm də bu ilin büdcəsində də Səhiyyə Nazirliyinə kifayət qədər vəsait ayrılıb. Yəni Səhiyyə Nazirliyi onun üçün ayrılan vəsaitin qabağında tum pulu həcmində olan 10 milyon manatı tapa bilərdi.

İkincisi, Maliyyə Nazirliyinin özü də bu məsələni həll edə bilərdi. İkicə il nazirlik bu müəssisələrin saxlanmasına pul ayıra bilərdi, il yarım, iki ildən sonra Azərbaycan Dəmiryolları Səhmdar Cəmiyyəti həmin vəsaiti artıqlaması ilə nazirliyə qaytarardı. Yuxarıda qeyd etdik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən, şimal-cənub dəhlizinin açılmasından, eləcə də Naxçıvan-Məşhəd dəmir yolundan Azərbaycan yüz milyonlarla gəlir əldə edəcək. Bir daha qeyd edirik, bunun üçün ilyarım, iki il vaxt lazımi idi. Onda Azərbaycan Dəmiryolları QSC həmin tibb müəssisələrini öz vəsaiti hesabına da saxlaya bilər.

Nəyisə bağlamaq, ləğv etmək, nəyisə sökmək çox asandı! Qurmaq, tikmək çətindi! Bəzən düz işimizi özümüz badalağa salırıq, sonra bu badalaqdan çıxmaq çox çətin olur.

Hələ ki gec deyil, il bir neçə gündü başlayıb.

Maliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin və Azərbaycan Dəmiryollarının rəhbərləri bunu hətta bir çay süfrəsi arxasında oturub həll edə bilərlər. Əsas söz də Maliyyə Nazirliyinindir.

Hörmətli maliyyə nazirimiz Samir Şərifovdan bu məsələyə bir daha baxmasını xahiş edirik.
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
09.11.2018 Aqil ABBAS:DÖVLƏT FİLARMONİYASININ «MƏRİFƏTİ»
31.07.2018 Aqil ABBAS:Allahverdi Bağırovun məzarı da, başdaşı da ürəklərdədi
28.07.2018 Aqil ABBAS:AĞDAMLI PARTİYAYA NECƏ KEÇDİ VƏ ZARA
04.07.2018 Aqil ABBAS: ŞƏHİDLƏR HAQLARINI HALAL EDİRLƏRMİ?
28.11.2017 HƏKİM EŞŞƏK ƏTİ BUYURUB?!- Aqil Abbasdan ateistlərə cavab