Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4555

Digər sorğular

Səni Laçın-Laçın uduzdum, Vətən...

22:23  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

QAZILER.AZ saytı tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ay işığı" ədəbi məclisinin sədri Ramiz Qusarçaylının “Məğlubiyyət” poemasından bir parçanı oxucularına təqdim edir.

Məğlubiyyət

(Poemadan parça)

Tanrı səni nurdan var eyləmişdi,
Cənnətin gözündə yer eyləmişdi,
Çopur daşını da pir eyləmişdi,
Mən səni qoruya bilmədim, Vətən...

Pozdum miqyasını,
masştabını,
Qoruya bilmədim baş kitabını,
Səni sərhəd-sərhəd uduzdum, Vətən,

Xəritə-xəritə uduzdum səni.
Uduzdum rəngini, boyalarını,
Qədim laylarını uduzdum, Vətən.
Uduzdum dağını, qayalarını,
Sənin çaylarını uduzdum, Vətən.

Getdi Xan Çoban da,
Arpa çayı da,
Daha sel Saranı aparan deyil.
Bir dərə dibində susur Həkəri,
Bu dağı yerindən qoparan deyil...

Mehridə mehr yox,
Sübhanda sübhan,
Ağrının bağrına dağ çəkdim, Vətən.
Daş-daş sızıldayır Alagöz dağı,
Ala gözlərinə ağ çəkdim, Vətən.

Daha Toxluca yox,
Dərələyəz yox,
O güllü yuvanı uduzdum, Vətən.
İçi ağ balıqlı,
qızıl balıqlı
Göyçəni Sevana uduzdum, Vətən...

Səni Alı-Alı uduzdum, Vətən,
Ələsgər-Ələsgər uduzdum səni.
Daha o yerlərdə söz düzənim yox,
Daha İrəvanda xal gəzənim yox,
Sazını uduzdum Sayat Novaya,-
O sazda bizlərdən bir kimsə yoxdu,
O sazda Ağdaban, Ağkilsə yoxdu,
Şəmşirin nəfəsi itib o sazda,
Simlərin min dərdi bitib o sazda...

Harayla Nəbini, səslə Həcəri,
Havalı könlümə yazmışam səni.
Sinəmə sıxmışam Basarkeçəri
Boynumdan saz kimi asmışam, Vətən...

91-in 20 noyabrında
Yığıb aydınları helikopterə
Səni Qarakənddə uduzdum, Vətən,-
Açan da olmadı qara qutunu...

Səni Laçın-Laçın uduzdum, Vətən,
Kəlbəcər-Kəlbəcər uduzdum səni.
Səni naşı-naşı uduzdum, Vətən,
Eybəcər-eybəcər uduzdum səni.

Ağdam Qarabağın “toy otağı”ydı,
O “toy”da başıma nələr gəlmədi,
O toyda Yerini uduzdum sənin,
O toyda Göyünü uduzdum,Vətən,
Dost deyib duz-şörək kəsdiklərinə
“Çörək muzeyi”ni uduzdum,Vətən.

Orda, Daşaltıda daş-qalaq oldum,
Gör səni Şellidə neylədim, Vətən...
Yırtdım ürəyini,
yırtdım üzünü,
Qanlı daşlarını iylədim, Vətən...
Qarğışı tutacaq “Xarı bülbül”ün
Şuşanı bazarlıq eylədim, Vətən...

Bir qarlı-şaxtalı qış axşamında
Xocalı-Xocalı uduzdum səni.
Sənə şirin-şirin nağıl söyləyib
Acılı-acılı uduzdum səni.
Böyüklü-kiçikli uduzdum səni.
Uşaqlı-qocalı uduzdum səni.
Qar üstə səpilən gül balaların
Ana qucağını uduzdum,Vətən.
Bir ahıl kişinin başından düşən
Sənin papağını uduzdum,Vətən.

Qan-qan, ölüm-ölüm uduzdum, səni,
Səni yesir-yesir uduzdum,Vətən...
Qız-qız, gəlin-gəlin uduzdum səni.
Səni əsir-əsir uduzdum,Vətən...

Getməyə üz də yox Kərkicahana,
Kərkidə keyfini uduzdum, Vətən.
Qisas qiyamətə qaldı deyəsən
Mən sənin heyfini uduzdum, Vətən...

Dünyanın abrı yox,
xəcaləti yox,
Hələ xumarlanır xəcilliyinə,
Yaxası erməni əlində qalıb
Hələ də oynayır “dəcəlliyinə”...
ATƏT BMT- nin bic balasıdı,
Bicdən bu yerlərə hay olmaz, Vətən.
Qət etdi...etmədi, uduzan mənəm
Ədalət bu qədər zay olmaz, Vətən.
Şəhidsiz bir günün keçmədi sənin
Bu qədər yas olmaz, vay olmaz, Vətən...
Səni ATƏT-ATƏT uduzdum,Vətən,
BMT-BMT uduzdum səni.
Səni sammit-sammit uduzdum, Vətən,
Qətnamə-qətnamə uduzdum səni...

Ramiz Qusarçaylı
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
29.04.2017
Atəşkəs 120 dəfə pozulub
28.04.2017
Polkovnik ayağını belə itirdi - Qalım günü yazısı
28.04.2017
Moskva danışıqları bitdi - BƏYANAT YAYDILAR
28.04.2017
Atəşkəs 120 dəfə pozulub
27.04.2017
Sarkisyandan mesaj: “Müharibəyə hazır olun“