Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4695

Digər sorğular

Ünvanına yetişməyən məktub

15:11  |    10 Yanvar 2017  |   E-mail  |  Çapa göndər

(hekayə)

1993-cü ilin yazı idi. İlıq nəfəsli, bənövşə qoxulu bahar ürkək-ürkək özünü göstərirdi. Əl-ayaq dəyməyən yerlərdə, kolların dibində, cığırların kənarında körpə, yaşıl otlar cücərirdi. Arabir günəş tənbəl-tənbəl buludların arasından görünür, tez də yoxa çıxırdı. Elə bil müharibənin soyuq nəfəsi yazı qorxudur, gəlişinə mane olurdu.

Kəndimiz döyüş zolağının 10-15 km-də yerləşirdi. Odur ki, kəndin mərkəzində yerləşən ikimərtəbəli məktəb binası hərbi hissənin ixtiyarına verilmişdi. Kənd camaatı hardansa maşın-maşın gələn əsgərlərə xilaskar kimi baxır, onları əziz adamları kimi qarşılayırdı. Tez bir zamanda əhali ilə hərbçilər bir ailənin övladları kimi qaynayıb-qarışırdı. Əsgərlər döyüşə gedəndə bizim kəndin oğulları, qardaşları, ərləri döyüşlərdə, səngərlərdə olan qadınlar, qızlar onların da sağ-salamat qayıtması üçün Allaha dualar edir, həyəcanla onların geri dönməsini gözləyirdilər.

Döyüşdən geri dönən əsgərlər hələ kəndə çatmamış camaat bilirdi ki, itki var, ya yox! Çünki itki olmayanda əsgərlərin şən hay-küyü, səsi oldu-olmadı oxuması, xülasə, xüsusi coşğunluqları uzaqdan bəlli olurdu. Onda camaat dərindən nəfəs alır, azacıq da olsa rahatlanırdılar. Hələ döyüşün uğurlu olduğunu bilən kəndin yeniyetmələri də gedib onlara qoşulur, sevinclərinə şərik olurdular.

Vay o gündən ki, döyüşdən qayıdıb gələn əsgərləri səs-küy əvəzinə lal sükut içində görəydilər. Maşınlar kəndə çatmamış, kənd ağsaqqalları, ağbirçəkləri özlərini məktəbə yetirər, onların dərdlərinə elliklə şərik olduqlarını bildirərdilər. Kənddə hər evdə o şəhid əsgərin yası tutulardı. Artıq bu, bir növ adət halını almışdı. Evlərdə həm də hər kəsin əsgərlərə hörməti, sevgisi yavaş-yavaş qızlarımıza da sirayət etmişdi. İndi kəhrizə “su gətirməyə” lap tez-tez gedirdilər. Elə o, müharibənin qızğın şağlarında kəndimizə “kürəkən” olan əsgərlər də tapılmırdı. Bir neçə qıza nişan gəldi, bir neçəsi əsgərlərə qoşulub qaçdı. Neçə-neçə əsgər ailəsi yarandı. Xülasə, bəzən kədərlə, bəzən sevinclə müharibə günlərini yaşayan kəndimlz öz qayğıları ilə, əkin-səpinlə də məşğul olurdu. Təbii ki, qəlbində qələbə inamını bərkidərək!

Qəflətən iş yoldaşım Rəsmiyyənin: “Az gejikdik, ey, tez gəl!” cingiltisi məni xəyaldan ayırdı. Ay aman, işə getməyi lap unutmuşam!”

İşlədiyim Mədəniyyət evi məktəbdən yalan olmasın 1-2 km o tərəfdə yerləşirdi. Yavaş-yavaş işə yol aldıq. Rəsmiyyə nəsə danışırdı. Fikrim dağınıq olduğundan, onun nə danışdığının fərqinə varmasam da “hə”, “hı” deyib, başımdan edirdim. Yolu yarı eləmişdik ki, qarşı döngədən üç əsgər çıxdı. Səkinin üstündə üz-üzə gəldik. İki əsgər bizə yol vermək üçün kənara çəkildi. (Səki ensiz olduğu üçün). Ortada dayanmış, həm onlardan ucaboy, həm də yaraşıqlı oğlan barmaqlarının arasında tutduğu papirosu yandırmaq üçün o biri əli ilə ciblərini ələk-vələk edərək kibrit axtarırdı. Başı axtarışa qarışdığından yoldan çəkilməyi ağlına da gətirmirdi. Deyəsən kibrit tapdı! Papirosu damağına qoymaq üçün başını qaldırdı. Qəflətən bizi gördü. Bilmirəm onun “mədəniyyətsizliyinə” qarşı hikkəmizimi, ya gözlənilmədən qarşısında iki gözəl qızmı gördü, hər nəsə bərk çaşdı. Çaşdığından papiros qoymaq üçün ayırdığı ağzı da elə aralı qaldı. Yolun ortasında key-key ağzını ayıraraq, yol göstərmədən baxması Rəsmiyyəni cin atına mindirdi. Mən və o biri iki əsgər isə gülməkdən özümüzü saxlaya bilmədik. Bütün bunlar bir neçə saniyənin içərisində baş verdi. Onun yanından ötüb keçsək də, nə mənim pıqqıltım, nə də Rəsmiyyənin hirsi soyumuşdu.

- Ələm ağacı kimi kəsdirib yolu, huşu da kəsmir ki, adam gəlir, qız keçir, elə bil heykəldi! - Birdən sözünə ara verib, təəccüb qarışıq hirslə: “Az, bəs sən niyə gülürsən? Xoşuna gəlir, kəndin içində biri də görə adımız bata? Dədəm də işi maa haram eliyə!?”

Tez gülməyimi kəsib, ciddiləşdim. Döngəni burulub Mədəniyyət evinə sarı dönəndə qeyri-ixtiyari arxaya dönüb baxdım. Deyəsən “heykəl” durduğu yerdən tərpənməmişdi. Rəsmiyyənin yenə də deyinəcəyindən ehtiyatlanaraq, gülüşümü birtəhər gizlətdim.

Mədəniyyət evində Novruz bayramına həsr olunacaq tədbirə hazırlaşırdıq. Məktəblərdən bacarıqlı uşaqları gətirib, onlara oxumağı, rəqs etməyi, səhnəcik göstərməyi öyrədirdik. Saat 5-də işdən çıxanda o qədər yorulmuşdum ki, heç səhərki hadisə yadıma da düşmürdü. Döngəni dönüb asfalt yola çatanda səhərki yaraşıqlı oğlan, yanında isə bir hərbçi tində durub, kimi isə gözləyirdilər. Rəsmiyyə yəqin ki, səhər diqqətlə fikir verməmişdi - deyə tanımadı, heç o tərəfə baxmadı da. (Doğrusu, kənddə o qədər hərbçi vardı ki...). Mən isə oğrunca, ötəri bir nəzər saldım. (Rəsmiyyənin gözündən uzaq). Ürəyimdə isə fikirləşdim: “Nə göyçək oğlandı, Allah bilir hansı ölmüşü gözləyir!”

Rəsmiyyənin səhərki ciddi tənqidini yadıma salıb arxama dönmədən, elə ciddi-ciddi yoluma davam etdim. Həmin səhərdən bir həftə keçmişdi. “Yaraşıqlı” əsgər hər səhər bizdən çox aralı gəlsə də, bizim üçün gəldiyini hiss edirdim. Hər səhər bizi işə, işdən çıxanda isə evə ötürürdü. Kəndin adət-ənənəsini deyəsən yaxşı götürmüşdü. Yol gələndə bizdən aralı gələr, bizə salam verməz, bir kəlmə də söz deməzdi. Ona görə də onun kimi izləməsi hələ heç birimizə agah deyildi. Əvvəl günlər onun bizi izləməsinə Rəsmiyyə əsəbiləşsə də, oğlanın ölçülü-biçili hərəkətlərini görəndən sonra sakitləşdi. Hələ bir arada onun “əməliyyata” gecikdiyini görəndə: “Əsmər, telexronitelsiz mən bu boyda yolu nətəhər gedim, öyrənmişəm ey, telexronitelə” - deyirdi.

Elə bil sözə bənd idi. Qəflətən görünürdü. Mən də: Gözün aydın, ödey, gəlir “telexronitel"in - cavab verirdim. Beləcə, günlər bir-birini əvəz edirdi. Biz də hər gün bir az da olsa bu “yaraşıqlı” əsgərə isinişirdik. Onu özümüzə doğma hesab edirdik. Arada 2-3 gün olmayanda (hissənin döyüşdə olduğunu bilirdik) əməlli-başlı darıxırdıq. Bəzən fikirləşirdim ki, “yaraşıqlı”nı adi vətəndaş paltarında görsəydim, bəlkə də ona qarşı məndə bu qədər rəğbət, fəxr duyğusu olmazdı. O geyim, o paltar onu mənim gözümdə, əsgərə yox, mələyə çevirirdi. Hərdən fikrimdən keçənlər üçün utanırdım. Birdən Rəsmiyyəlik olar? Ona görə də çalışırdım “yaraşıqlı” haqqında az danışam, az fikirləşəm!

Günlərin bir günü Rəsmiyyə xəstələndi. İşə mən tək gedəsi oldum. Səhər yenə həmişəki kimi mədəniyyət evinin döngəsinə qədər gəldi. Döngəyə az qalmış, onun
addımlarını yeyinlətdiyini hiss etdim. Yəqin Rəsmiyyəni soruşacaq!” fikrimdən keçirdim. Həm tək olmağımın həyəcanı, həm də kəndin içində, qohum- əqrəbanın gözü qarşısında kiminləsə görünməyi istəmədiyimə görə mən də addımlarımı tələsitməyə çalışdım. Gecikdim. O, mənə çatdı:

- Sabahınız xeyir!

- ...

- Mənim adım Samirdi. Özüm Bakıdanam! Bəs sizin adınız nədir?

- ...


- Bilmək olar?

Tələsik, bir az da ucadan:

- Yox! - dedim. O da eyni templə:

- Niyə?? - soruşdu.

Bilmədim onun sualına cavab verim, verməyim, gülüm, yoxsa ciddi durum? “Hamısından yaxşı elə cavab verməməkdi. Çıxıb gedər”.

- Həə... demək adını demirsən, demirsən ki?.. Onda belə çıxır ki, istəyirsən, mən hər gün sənə yaxınlaşım, salam-əleykim edim, adıvu soruşum sənin? Bunu istəyirsən? Demək adını buna görə demirsən? - dedi və ciddi nəzərlə üzümə baxdı.
Həyəcandan heç nə fikirləşə bilmirdim, gözüm dörd olmuşdu. Tələsə-tələsə:

- Yox, yox! Adım Əsmərdi! Di get! - deyib məlul-məlul, imdadlı baxışlarla onun üzünə baxdım ki, bəlkə insafa gələ, çıxıb gedə. Bu anda onun üzündə elə bir təbəssüm gördüm ki... neçə illər keçsə də, Samiri o təbəssümlə xatırlayıram.
Həmin ecazkar təbəssümlə düz gözlərimin içinə baxaraq, astaca: “Sən bilirsən səni nə qədər çox sevirəm?” - dedi.


Daha mənim qulaq asacaq halım qalmamışdı. İşə çatanda, ürəyim az qalırd yerindən qopub düşsün. Bilmirdim həyəcandan idi, yoxsa az qala yüyürə-yüyürə gəlməkdən idi, yoxsa indiyə qədər eşitmədiyim sözün təsirindən idi. Özümə güclə gəldim. “Canın yansın Rəsmiyyə, xəstələnməyə ayrı vaxt tapa bilmirdin?” İş yoldaşlarım halımın qarışıq olduğunu görən kimi səbəbini bilməyə çalışdılar. Ürəyim dolu olsa da, heç birinə bir kəlmə də demədim. İşdən çıxanda da gözüm dörd olmuşdu. Amma yolda, irizdə heç kəs yox idi. Heç kim deyəndə ki, yol dolu idi. Samir görünmürdü. Arxayınlaşıb adi günlərdəki kimi yoluma davam etdim. Asfaltı keçib döngəmizə dönmək istəyirdim ki, elə bil yer ayrıldı, Samir yerdən çıxıb qarşımda peyda oldu. Məni od götürdü; “Bu oğlanın deyəsən ağlı şəhərə gedib, eybi yox abrını bükərəm ətəyinə, ağlı başına gələr” fikirləşsəm də, titrətmə məni tutmuşdu. Özümü birtəhər ələ alıb, başladım nə başladım:

- Bura bax, nə düşmüsən arxamca! Zırrama! Bizimkilərdən biri görsə, mən cəhənnəm, səni şikəst edəcəklər. Başı xarab! Bir də dalımca gəlmə! Səhərki sözünə cavab verim! Səndən mənim heç xoşum gəlmir. Bildin! Buna bax, nəyə oxşuyur.
Bunları deyə-deyə fikirləşirdim ki, doğrudan da çox göyçəkdi. Qara çatma qaşları, iri, ala gözləri, ağappaq sifətinə elə bil qələmlə çəkilmişdi. Kaş sözlərim xətrinə dəyməyəydi. Arxamca hər gün, hər gün gələydi. Amma axırıncı sözlərim onu deyəsən bərk tutdu.

- Əsmər, doğrudan məndən xoşun gəlmir?

Mən istəməzdim ki, onu mənə görə təhqir etsinlər, döysünlər qardaşım və ya onun dostları bizi heç nə yox, elə söhbət etdiyimizi görsəydilər, dəqiq bilirdim ki, nə onun üçün, nə də mənim üçün yaxşı olmayacaqdı. Odur ki:

- Yox heç bir qırıq da!! - dedim.

Susdu. Üzümə xeyli mat-mat baxdı, sanki pıçıldayırmış kimi:

- Mən elə bilirdim ki, sən də məni istəyirsən? - dedi. Özümdən asılı olmayaraq məndən təəccüb qarışıq qəribə bir səs də çıxdı:

- Paaa...

- Bağışla, Əsmər, deyəsən mən yanılmışam - deyərək iti addımlarla məndən uzaqlaşdı.

Evə çatana qədər heç nə fikirləşə bilmədim. Pilləkənləri qalxdım, qapıya söykəndim. Bayaqkı epizod dəfələrlə gözümün qarşısında canlandı. Elə peşman
olmuşdum ki, epizod yadıma düşəndə qulağımın dibinə qədər qıpqırmızı qızarırdım və anlayırdım ki, Samir hər şeyə nöqtə qoyub getdi. Məhz bu gün, bu dəqiqə, bu an hiss etdim ki, dansam da, gizlətsəm də mən Samirə qarşı etinasız deyiləm. Özümdə təzə kəşf etdiyim bu hissləri anlamadan məhv etdiyimə peşman olmuşdum. Ağlaya-ağlaya özümə söyürdüm - ağılsız, elə zırrama - sənin özünsən, “nəyə oxşuyur”, özün nəyə oxşuyursan! “Bir qırıq da istəmirəm”. Bəs onda niyə hər gün işə gedəndə-gələndə 1-2 saat güzgünün qabağında qalırsan! Yola çıxanda gözün dörd olur, yaxşı olur saa! Di öl ağla, görüm Samir qayıdacaq. Ay qayıtdı hay! Elə iz qoydun ki, qayıda!” Deyirdim, deyə-deyə kövrəlib ağlayırdım.

Sabahı başıma gələnləri Rəsmiyyəyə danışdım. Məni düz hərəkət etdiyimə inandırdı. Hələ bir təsəlli də verdi, “qayıdacaq!”

Təəssüf ki, aradan 10 gün keçsə də, Samir görünmürdü. Hələ də yollarda gözüm onu axtarırdı. Tapmayanda isə pəjmürdə, dilxor vəziyyətdə peşmançılığımı yaşayırdım. Bir gün işə getməmişdim. Rəsmiyyə işdən gələndə yolüstü bizə döndü.

Sevinə-sevinə:

- Muştuluğumu ver, sənə bir söz deyim!

Elə bil ürəyimə nəsə damdı. Taqətsiz-taqətsiz, güclə:

- De, sən Allah, tez de! - dedim.

- Bu gün Samir mənə yaxınlaşdı. Əlində bir zərf. Əvvəl səni soruşdu, sonra da xahiş etdi ki, məktubu sənə çatdırım. İndi nə verirsən, məktubu verim?

Rəsmiyyənin daha nə deyəcəyini gözləmədim. Özümü çantanın üstünə atdım. Əllərim əsə-əsə zərfi açdım. Zərfin içində bir vərəq və bir ovuc bənövşə vardı: “Salam, Əsmər! Hiss edirdim ki, mənə biganə deyilsən. Ona görə sənin fikrini dilindən eşitmək istədim. Sözlərin qol-qanadımı sındırdısa da fikrimdən dönə bilmədim. Bir neçə gün səni gizlicə izlədim. Əgər səni əvvəlki kimi şən, qayğısız görsəydim, səni unudacağımı özümə söz vermişdim. Əksinə, sənin kədərli olmağın, işə gedəndə də, gələndə də gözlərinin kimisə axtarması, tapmayanda üzündəki o məyusluq, hisslərimin məni aldatmadığını yəqin etdim. Əsmər mən səni sevirəm. Kişi kimi sözümü sənə dedim. Sən də etiraf et. İmza: Sənin “Zırraman”. İndi sevindiyimdən ağlayırdım, gülə-gülə. Rəsmiyyə də mütəəssir oldu. “Az di yaxşı, məni də kövrəltdin, get onnansa cavab yaz”. Rəsmiyyəni qapıya qədər ötürüb, dəftər-qələmi əlimə aldım. “Salam, Samir! Əgər mən elə etməsəydim, mənə də, sənə də zərər gələrdi. Qıymaram ki, mənə görə kimsə sənə əl qaldırsın. Mən sənə inanıram. Sən də öz hisslərinə inan. Sağ ol! Allah səni qorusun!”

Kağızı qatlayıb elə Samirin göndərdiyi zərfə qoydum. Çantamda gizlətdim: “Əgər sabah yolda qarşılaşsaq, özünə verəcəyəm!”

Səhər biz asfalta çatanda məktəbin qarşısı qələbəlik idi. Əsgərlər yük maşınlarında əli silahlı oturub, yola düşmək əmrini gözləyirdilər. Zabitlər ora-bura qaçır, nəsə ucadan danışır, əmrlər verirdilər. Qəflətən ürəyim məngənəyə salınmış quş kimi çırpındı. Dərk etmədiyim bir hissin təsiri ilə utanmağı, qorxunu bir kənara atıb, bir-bir maşınların kuzovlarına diqqətlə baxmağa başladım.

Ürəyimə dammışdı ki, Samir burdadır. Birdən pıçıltımı, yalvarışmı, sevincmi (izah edə bilmirəm), bir titrək səs eşitdim:

- Əsmər!!

Elə bil zabitlər Samirin bu kəlməsinə bənd imişlər. Tərpənmək əmri verildi. Mən tələsik səs gələn tərəfə döndüm. Bir an içində əlimi çantaya saldım. Məktubu
çıxartdım. Üzümü o səmtə tutanda, yerimdən tərpənməyə halım olmadı. Gördüyüm o bir neçə anlıq o gülümsər sifət, gülümsər gözlər, o gülümsər gözlərdən selə dönüb çağlayan yaşlar məni durduğum yerə sanki mıxladı. Maşınlar bizdən uzaqlaşdı, gözdən itdi. Məktub əlimdə qaldı.

Həmin gün 26 mart kəndimiz erməni artilleriyası tərəfindən güclü atəşə tutuldu. Qadınları, qocaları, uşaqları kənddən çıxarıb müvəqqəti qonşu rayonlarda yerləşdirdilər. Anamla mən də qohumlarımızın evində qonaq qalası olduq. Təbii ki, atam, qardaşım kəndin başqa başıpapaqlıları kimi kənddə qalmışdılar. Kəndi ermənilərdən müdafiə etmək üçün!

Bir neçə aydan sonra isə bizim kənd də işğal olundu. El-obamız xarabaza çevrildi. Camaatımız pərən-pərən düşdü. Samirlə əlaqəm tamam kəsildi.

Əvvəllər küsürdüm, inciyirdim, məni axtarmadığına görə onu qınayırdım. Sonralar narahat olmağa başladım. Bir müddət onu unuda bilmədim. Sonra özümü inandırdım ki, istəsəydi tapardı məni. Nisbi sakitlikdi, evlərinə qayıdıb, ailə qurub, məni heç fikirləşmir də. Odur ki, Samirsizliyə yavaş-yavaş öyrənməyə başlayırdım!
O hadisələrdən iki il ötmüşdü. Yenə də yaz ayları idi. Günlərin bir günü Bakıya yaxın qohumlarımgilə qonaq getdim. Qohumumdan məni şəhərin görməli yerləri ilə tanış etməyi xahiş etdim. Xahişimi yerinə yetirdi. Məni bulvara, Qız qalasına, Fəvvarələr meydanına - hər yerə gəzməyə apardı. Dağüstü parka qalxdıq. Şəhidlər Xiyabanını görmək istədiyimi bildirdim. 20 Yanvar şəhidlərinin qəbirlərini ziyarət edə-edə gəlib Qarabağ müharibəsində şəhid olanların məzarına yaxınlaşdıq. Cavan, yaraşıqlı oğlanların məğrur çöhrələrinin bir başdaşından görünməsi məni için-için ağladırdı. Adları oxuya-oxuya sıraların arasında gəzinirdim. Birdən -----ov Samir ----- oğlu 1970-1993.03.26. oxuduğum ad-familiyanın doğmalığı məni qəfil sillə kimi tutdu. Aman Allah! Həmin sifət, həmin gözlər, həmin təbəssüm! Mən indi anladım, Samirin o vaxtkı göz yaşlarını!! Deməyə fürsət tapmadığı, bəlkə də bir kitablıq sözləri baxışları ilə mənə başa salmışdı. Mən anlamamışdım ki, bu, onun son gedişi imiş!
Dönüb qohumumdan bu gün ayın neçəsi olduğunu soruşdum.

- Martın 26-dır......... Sənə nə oldu?.....

İki illik bəndini, bərəsini zorla basıb-bağladığım çeşmənin qarşısı açıldı. Hayqırtı qarışıq ağı mənim Samir üçün son hədiyyəm oldu. Ayrılanda qəbrin üstünə bir parça kağız da qoydum. Bu neçə vaxtdır ki, çantamda gəzdirdiyim, atmağa, cırmağa əlim gəlməyən həmin məktub idi. Ünvanına yetişməyən məktub!

Əntiqə Rəşid

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
26.06.2017
DİQQƏT! Ağcaqanad dərmanları fəsadlara yol aça bilər - VİDEO
26.06.2017
Azərbaycan bayrağı ayaq altına sərilən xalçaya əks olunub - Dövlət atributuna hörmətsizlik? - VİDEO
26.06.2017
“Azadlıq“ qəzetinin redaktoru deportasiya edildi — Məhkəmə qərarı
26.06.2017
Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib - FOTOLAR
26.06.2017
Gəncədə minaatan mərmisi aşkarlanıb - FOTO