Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4823

Digər sorğular

Tikinti şirkəti pul qazanır, köçkünlərin həyatı isə təhlükədədir - Babək prospekti 87 ünvanından reportaj - FOTO

16:47  |    29 Dekabr 2016  |   E-mail  |  Çapa göndər

“Yusifoğlu - inşaat” MMC sahibləri niyə qanunu pozur?

Bakı şəhəri Nizami rayonu Babək prospekti 87 ünvanına çatanda axtardığım binanı binalar arasında miskin görkəmindən tanıdım. Paytaxtın bir çox yerində şəhərin mənzərəsinə yaraşmayan belə binalarda 23 ilə yaxındır öz doğma yurd-yuvasından köçkün düşmüş soydaşlarımız məskunlaşıblar.

Amma yataqxanada cəmi 2-3 saat qalmaq yetər ki, buradakıların yaşadıqlarını yox, əzab-əziyyət çəkdiklərini görəsiniz. O 2-3 saatda gördüklərimi duyduqlarımı, hiss etdiklərimi yazsam, siz də dediklərimizi təsdiq edərsiniz. Ağdam rayonunun Əlağalı kəndindən olan Tamam Zeynalova ilə binanın girişində rastlaşdıq. O, bina haqqında məlumat verərək bildirdi ki, hələ bir neçə il əvvəl Minval.az saytı buradakı köçkünlərin acınacaqlı durumu ilə bağlı geniş bir məqalə və video çəkiliş hazırlayıb, öz saytlarında rus dilində dərc etdirdi. Təəssüf ki, həmin məqalə və video bədnam qonşularımızın əlinə keçdi və onlar da bu məqalədən özlərinə sərf edən şəkildə istifadə etdilər. Dövlətimizə, inkişafımıza istədikləri böhtanları atdılar.



Çox keçmədi bina sakinləri ətrafımıza yığıldı. Uzun illərdi yataqxanadan köçürülmək arzularının bir gün çin çıxacağına inana-inana aradan 23 il keçdiyinə təəssüflərini bildirdilər. Səlahiyyətli təşkilatlara, şəxslərə ünvanladıqları şikayətlərin, müraciətlərin, xahişlərin faydasız olduğunu anlayıb taleləri ilə barışdılar. Bu miskin binada yaşamaq - zillət çəkmək məcburiyyətində qaldılar. Əsəbləri tarım, canları xəstə, ürəkləri sözlə dolu bu insanları ürək ağrısız dinləmək mümkün deyil.



İki balasını “Çadır şəhərciyi” alan ananın ürək parçalayan hekayəti...

Füzuli rayonunun Horadiz kəndindən köçkün düşmüş Tükəzban Hüseynova həyat hekayəsini danışdıqca özü də, onu dinləyənlər də kövrəldi:

- Özümüzə görə, hər bir şəraiti olan ev-eşiyimiz, güllü - çiçəkli, barlı - bərəkətli bağ-bağçamız vardı. 1993-cü ilin avqustunda kəndimiz ermənilər tərəfindən işğal olundu. Camaatımız pərən-pərən düşdü. Biz də İmişli rayonuna pənah gətirdik. Brezentdən olan çadırlarda qalası olduq. Gecələr ilanların, ağcaqanadların, gündüzlər bir-birindən cəmi bir addımda yerləşən çadır sakinlərinin səs-küyü, ah-naləsi nəsibimiz oldu. Elə olurdu, birdən nəinki yeməyə çörək, heç içməyə su da tapmırdıq. Bir tərəfdən də qora bişirən istilər...Həmin vaxt 2 körpə uşağım vardı, biri 2 yaşında, biri 9 aylıq. 2 yaşında olan övladım çadır həyatına öyrəşə bilmədi, qızılca xəstəliyindən vəfat etdi. Ümidimi 9 aylıq övladıma bağladım. Elə həmin vaxtı özüm də şəraitsizlikdən ağır xəstəliyə tutuldum. Ölümlə çarpışırdım. Sağalanda bildim ki, baxımsızlıqdan həmin övladım da dünyasını dəyişib. Daha o çadırda qala bilmədim. Yoldaşımla üz tutduq Bakıya. 1996-cı ildə əvvəlcə bu binanın hamamında, sonra isə kiçik bir otağında məskunlaşdıq. İndi 19 yaşlı bir oğlumuz var. Əsgərlik yaşına çatıb, ən böyük arzusu ordu sıralarında qulluq etməkdi. Təəssüf ki, onu da bu bina xəstə salıb, bronxial astmadır. Hərbi komissarlığa gedir, geri qaytarırlar. Elə qorxuram ki...

“2 övladım var, ikisi də revmatizm xəstəliyinin ağır dərəcəsindən əziyyət çəkirlər”

Kəlbəcər rayonu Çaykənd kəndindən olan Səbinə Məmmədova ümumi mətbəxi, hamamı, ayaqyolunu bizə göstərərək söylədi ki, binanın beşinci mərtəbəsindən birinci mərtəbəsinə qədər bütün divarlar yamyaşıl mamırdır: “Su və kanalizasiya xətləri həyətdəki kanalizasiya quyusuna gəlib çatmır, çünki divar boyu axaraq binanın zirzəmisinə tökülür. 2 övladım var, ikisi də revmatizm xəstəliyinin ağır dərəcəsindən əziyyət çəkirlər. Revmatizmanın dərəcəsini həkimlər 575 və 525 rəqəmləri ilə ölçürlər. Bu o deməkdir ki, övladlarımın onurğası da əyilib və ərimə prosesinə yaxındı. Özüm də bronxial astma xəstəsiyəm. Ümumiyyətlə, burda sağlam adam tapa bilməzsiniz. Ən çox yayılan xəstəliklər isə revmatizm, şəkərli diabet, hipertoniya, bronxial astma və sairədir”.

Füzuli rayonu Aybasanlı kəndindən köçkün düşmüş Aybəniz Əliyeva isə qeyd etdi ki, bina 1960 - 64-cü illərdə tikilib, “Azərneftkimya” Təmir Tikinti Trestinin 1 sayl subaylar yataqxanası kimi istifadəyə verilib. Dövlət Neft şirkətinin, “Qaçqınkom”un xətti ilə bir neçə dəfə kosmetik təmir olunub, döşəməyə linelium deyilən müşəmbə sərilib. Amma su, elektrik, qaz, kanalizasiya xətləri dəyişdirilməyib: “Ona görə də, fəhlələr binadan aralanmamış, kanalizasiya xətlərindən axan çirkab sular təmir olunmuş yerləri viran qoydu”.

Bu qədər ailənin, uşağın, gəncin taleyinə niyə laqeyd yanaşırlar?




Füzuli rayonu Qaraxanbəyli kəndindən olan Fikrət Kərimov Qarabağ müharibəsində vuruşan igidlərimizdən olub. 20 ildən çoxdur ki, ev növbəsində olduğunu, amma bilmədiyi səbəblərdən hələ də haqqı olan evi almadığını söylədi: “Üç övladım, xanımım və mən düz 25 ildir bir otaqda qalırıq. Böyük oğlumun 25 yaşı var , evlənmək vaxtıdır. Kiçik oğlum isə ruhi xəstədir. Yoldaşım da, mən də bir neçə xəstəlikdən əziyyət çəkirik. Nəm çəkmiş divarlar axırımıza çıxıb. Binamız qəzalı vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər, baxdılar, binanın ətrafına da qəza lenti bağlayıb getdilər. Uçub-dağılsa, kim cavabdeh olacaq? Bu qədər ailənin, uşağın, gəncin taleyinə niyə laqeyd yanaşırlar? Hələ də bilmirik ki, bizi bu binadan kim köçürtməlidir?”

Afət Heydərova Füzuli rayonunun Horadiz kəndindən köçkün düşərkən, paytaxtda belə çətinliklərlə üzləşəcəyini heç ağlına da gətirmirdi. Afət xanım söhbətinə elə bu nöqtədən başladı: “Fikrət qardaş düz deyir, binamız uzun illərdi uçmaq təhlükəsi altındadır. İndi isə “Yusifoğlu-inşaat” Məhdud Məsuliyyətli Cəmiyyət binanın 10 addımlığında tikinti işlərinə başlayıb. Yer qazan buldozerlərin, torpaq daşıyan ağır tonnajlı maşınların səsindən artıq bina silkələnməyə başlayıb. Bina silkələndikcə də dəhlizlərin, hamamların, mətbəxlərin, ayaqyollarının beton tavanları parça-parça olub oradan istifadə edənlərin başına tökülür”.

Tikinti şirkəti niyə özbaşınalıq edir, sakinlərin həyatını təhlükəyə atır?




Söhbətə Füzuli şəhərindən köçkün düşmüş Esmira Rüstəmova qoşulur: “Ötən il XI sinif şagirdi olan oğlum İlkin Paşazadənin başına beton hissəcik düşdü, başının həmin hissəsinə tikiş qoyulana qədər qanı kəsmədi. Bu hadisə hələ yaxınlığımızdakı tikinti başlamazdan əvvəl olmuşdu. İndi betonun parçalanıb tökülməsi adi hal alıb. Hamımız yığılıb “Yusifoğlu-inşaat” MMC-nin iş icraçısının yanına getdik. Vəziyyətimizi bildirib, tikintini dayandırmağı xahiş etdik. MMC-nin həmin sözçüsü bizə dedi ki, biz işi dayandırmayacağıq, çünki şirkət istənilən təşkilatlardan icazə alıb. Ümidimiz qaldı Bakı Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etməyə. Az keçmiş yazdığımız şikayət ərizəsinə cavab gəldi. Məlum oldu ki, Bakı Şəhər icra hakimiyyətinin sərəncamı ilə bizim bina da daxil olmaqla bu ərazi “Yusifoğlu-inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılıb. Amma tikinti işlərini başlatmaq üçün ilk öncə sakinlərin buradan köçürülməsi və yataqxananın sökülməsi sərəncamda öz əksini tapıbdır. Şirkət dövlət sərəncamına məhəl qoymadan binanın tikintisini davam etdirməkdə israrlıdır. Şirkətin əməkdaşı Bayram müəllimin sözlərinə görə, tikiləcək 16 mərtəbəli yeni binanın 3-cü mərtəbəsi başa çatmayana qədər şirkət rəhbəri heç bir köçürülməni həyata keçirməyəcəyini söyləyib. FHN-nin yataqxananın ətrafında tikinti işləri aparmaq qadağasına baxmayaraq, ağır tonnajlı maşınlar öz işində, yaşıl mamıra bürünmüş bina isə titrəməyindədir. İndi bilmirik dərdimizi kimə deyək, kim bizi eşidər? Problemlərimizə çarə tapa bilmirik. Ölümümüzü gözümüzün qarşısına alıb, gözləyirik”.

“Bəzi məmur və şirkət rəhbərləri heç prezidentimizin sözünə də əhəmiyyət vermirlər”

Söhbətimizin sonunda Füzuli rayonu Qaraxanbəyli kəndindən olan Fatma Talıbova söylədi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev televiziyada bir çıxışında köçkünləri yeni tikilmiş, amma hələ satılmayan boş evlərdə yerləşdirilmək tövsiyəsini diqqətlə dinlədim və sevindim ki, nə yaxşı ki, qayğımıza qalan var. Görün, indi bəzi məmur və şirkət rəhbərlərinin gözünü pul qazanmaq sevdası necə tutubsa, heç prezidentimizin sözünə də əhəmiyyət vermirlər. Bunu mütləq hörmətli prezidentimizə çatdırmaq lazımdır.”

QAZİLER.AZ
Bahar Baharlı
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.08.2017
3350 tələbə ali məktəbini dəyişmək istəyir
17.08.2017
Sabaha olan hava proqnozu açıqlanıb
16.08.2017
Qarabağ müharibəsi əlillərinə ev verildi
15.08.2017
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb
15.08.2017
Tanınmış jurnalist Rahib Qəribin xanımının yas məclisi avqusun 17-də keçiriləcək